Alpay Azər: "Fitri istedadsızların
iddiası mənə
çatmır..."
"Fikir bucağı"
- Alpay müəllim, bir neçə
hekayənizi oxudum, hekayələrinizin dili çox
aydındır və rahat da oxunur. Ümumiyyətlə, hekayənin
səliqəli, rahat oxunaqlı və aydın olması
üçün hansı məsələlər
labüddür?
- "Essevari fikirlər"də də
yazmışdım ki, mənə görə
yazıçılar bir neçə kateqoriyaya
bölünür: var üslubçu yazıçılar, var
süjetçi yazıçılar, bir də var fəlsəfi
təfəkkürlü yazıçılar. Təbii ki, burada
üslubçu yazıçı fəlsəfi təfəkkürlü
də ola bilər. Məsələn,
deyək, Nobokov. Nobokovun nəsri ilə tanış
olanda görürük ki, müəllifin həm gözəl
üslubu var, həm də gözəl fəlsəfi təfəkkürü.
Yaxud Azərbaycan ədəbiyyatından
Mövlud Süleymanlını deyə bilərik. Gözəl üslubçudur, gözəl
süjetçidir, amma mən deyə bilmərəm ki,
Mövlud Süleymanlı fəlsəfi təfəkkürlü
yazıçıdır. Mən
özümü daha çox süjetçi
yazıçılar kateqoriyasına aid edirəm. Belə ki, daima yazılarımda müxtəlif hadisələr
qururam, gənc yazarlarla da söhbətlərimdə xüsusilə
bir məqamı qeyd edirəm ki, əgər
yazıçının təxəyyülü yoxdursa,
ümumiyyətlə nəsrdən söhbət gedə bilməz.
Təxəyyül nəsrin "dəmir
qanunudur". Əgər təxəyyül
yoxdursa, nəsr yazmağın məntiqi və mənası
yoxdur. Çox nadir hallarda hadisə o qədər
maraqlı olur ki, sən sadəcə onu götürüb
yazırsan. Bu da həmişə belə
olmur. Ona görə də hər hansı
bir hadisəni biz görürük, o bizim beynimizdə oturur və
biz təxəyyülümüzü işə
salırıq. Bununla bağlı yazıçılar da
mənə bildiriblər ki, yazılarımda
axıcılıq var. Bir dəfə gənc yazar dostumuz Təvəkkül
Boysunar da mənə bildirdi ki, siz üslubçu
yazıçısınız, dedim yox, mən süjetli
yazıçıyam. Bununla bağlı
müzakirəmiz də olmuşdu.
- Ədəbi mühitdə
mövcud olan "qruplaşma" və müxtəlif cəbhələrdən
təmsil olunmalarla bağlı nə
düşünürsünüz?
- Bu barədə
mən bir dəfə feysbukda status yazmışdım. Yazmışdım ki, ədəbi mühitdə
"dəstəbazlıq" var. Əgər bu dəstəbazlıq
adekvatdırsa, yəni istedada adekvatdırsa, burda hər
hansı bir nöqsan görmürəm. Bunun
mənfi tərəfi nədir, deməli, ifrat təvazökarlar,
istedadları olduqları halda kənarda qalırlar. Məsələn, Nicat Məmmədov adlı bir gənc
yazıçı var, dünya çapında yazısı
olan bir imzadır. Ancaq onu tanıyanlar ədəbi
mühitdə olan imzalardı. Nədənsə,
onun haqqında yazmırlar. O, şair-esseistdir, mən rus
ədəbi mühiti ilə tanışam, əlaqələrim
var. Deməli, özünü təsdiq etmiş ciddi qələm
adamları ondan rəy almaq üçün
yazılarını ona göndərir. Məsələn,
İsraildə yaşayan, Sumqayıtda anadan olan rus
yazıçısı Aleksandr Liçevski. Yəni bu məqamda ifrat təvazökarlıq məhz
ədəbi qruplaşmalar fonunda öz zərərini göstərir.
- Azərbaycan nəsrində olan təkrarçılıqdan
və mövzu baxımından kasadçılıqdan nə
deyə bilərsiniz? Bu barədə nə
düşünürsünüz?
-
Ümumiyyətlə, eyni mövzudan, eyni mühitdən
çox yazılanda, o mətn hətta güclü bir mətn
olsa belə, o mətn bezdirici olur. Nə qədər
eyni mövzulardan yazmaq olar?! Ancaq elə
müəlliflər də var ki, mövzu etibarilə hər
zaman seçilirlər. Məsələn, Ataqam. Ataqam
Afrika həyatında o qədər gözəl bir mövzu
tapıb yazır ki... Sənan İsmayılov
var, son vaxtlar elmi-fantastika mövzusunda yazır. Onun da fərqli yanaşması var. Fransada yaşayan
Şamxal Həsənov maraqlı imzadır. Aslan Quliyev rus dünya mühitindən çox
yazır. Daha sonra İlham Əzizov
maraqlı mövzularda mətnlər yazır.
- Müasir ədəbi mətnlərin
dili ilə bağlı nə deyə bilərsiniz?
- Sözsüz
ki, bu gün Cəlil Məmmədquluzadə üslubunda, lap elə
Mövlud Süleymanlı üslubunda yazılan mətnlər
qıcıq doğura bilər. Buna təqlidçilik
də deyilə bilər. Ancaq xüsusi bir
üslubu olmayan, yeni bir mövzu ətrafında yazan biri əlbəttə
maraq doğuracaq. Mövzu yeni
olmalıdır, təkrarçılıqdan uzaq
olmalıdır. Bu zaman mətnin dili də
önə çıxır. Mətnin dili
axıcı və aydın olmalıdır ki, daha çox
oxucu tərəfindən qəbullansın. Dil önəmlidir, burada, təbii ki, zəngin
mütaliə bacarığını da qeyd etmək
lazımdır.
- Ədəbi proseslə bağlı
fikirlərinizi bilmək istərdik...
- Ədəbi proseslərlə bağlı silsilə
müsahibələr hazırlayırdım. Lakin təəssüf
ki, bir neçə nəfər bu proseslə bağlı
fikirlərini bölüşmədi və ya sualları
cavablandırıb yollamadılar. Ədəbi proses bir
neçə müstəvidə olur. İlk növbədə
əsərlər yazılır, poeziya, nəsr, esseistika və
s. Bu, ədəbi prosesin bir qoludur. Bir də var
yazılan əsərlərə adekvat reaksiya - tənqidçilər,
ədəbiyyatşünaslar tərəfindən olan reaksiya.
Ədəbi proses keçən onillikdə daha çox
intensiv idi, daha çox müsabiqələr keçirilirdi. Müzakirələr olurdu, məsələn, Oxu
zalı layihəsində roman müzakirəsi keçirilirdi.
Bu bir ədəbi hadisə idi. Milli kitab
mükafatı və s. Bu onillikdə isə hadisələr
müəyyən qədər səngiyib. Amma
tam olaraq aradan qalxmayıb. Belə bir fikir də söyləyirlər
ki, ədəbi proses ölüb. Ədəbi proses nə vaxt
ölə bilər? Heç kim
yazmasın, şeir yazılmasın, hekayə yazılmasın
və s.
- Ədəbi proseslərin
bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Konkret
olaraq, "Ədəbiyyat qəzeti" ilə bağlı
demək istəyirəm. Mən qəzeti izləyirəm,
çıxan hekayələri oxuyuram. İstərdim
ki, qəzetdə tənqidi yazılara daha çox yer
ayrılsın, düzdür, tənqidə yer ayrılır,
ancaq daha çox tənqidlə bağlı yazılara yer
ayrılsa, düşünürəm ki, daha yaxşı olar.
Ümumiyyətlə, qəzet maraqlı
çıxır, bu öz yerində, həm də
yaşlı yazıçıların tənqid olunmasına
da yer ayrılmasını istərdim. Təbii
ki, əsaslı tənqid olmaq şərtilə. Bir də belə bir təklif edərdim ki,
yaradıcılıq imkanlarını stimullaşdırmaq
üçün daha çox müsabiqələr
keçirilsin.
- Müsabiqələrin obyektivliyi
ilə bağlı nə düşünürsünüz?
-
Müsabiqələrin keçirilməsi ilə bağlı,
məsələn, hekayələrlə bağlı müsabiqədə
bir sıra hekayələri oxudum, qismən ədalətli idi. Aydın məsələdir ki, dünyanın
heç bir yerində müsabiqələr tam ədalətli və
şəffaf keçirilmir. Mən bir dəfə
bu barədə yazmışdım. Yazmışdım
ki, axı ədəbi müsabiqə boks
yarışı deyil ki, sən orda hansısa zərbələrdən
sonra xalları hesablaya biləsən. Konkret bir
riyazi hesablama yoxdur, ona görə də nisbidir. Bu barədə yeri gəlmişkən bir məsələni
deyim ki, müsabiqələrlə bağlı kodeks
hazırlamaq istəyirəm. Məsələn, deyək
ki, tapşırılmalar olmamalıdır, zənglər
olmamalıdır, dostluq münasibətləri üzərində
qurulmamalıdır və s. Mətnə qiymət verilməlidir
və müəllifin adı anonim olmalıdır, istər
şeir, istərsə də hekayə olsun, fərq etməz.
- Ədəbi tənqidlə
bağlı fikirlərinizi bilmək istərdik... Ədəbi tənqiddə aşırı istifadə
olunan terminlərlə bağlı nə deyə bilərsiniz?
-
Düzdür, mən tam olaraq ədəbi tənqidi izləmirəm.
Ancaq tənqidinə inandığım tənqidçilər
var. Məsələn, Cavanşir Yusiflini demək istərdim.
Ola bilsin, terminlərlə bağlı onu nəzərdə
tutursunuz... Cavanşir Yusifli daha çox publika
üçün yox, elə ədəbiyyat adamları
üçün yazır. Elnarə Akimova
maraqlı tənqidçidir. Elnarə
xanımın tənqidi daha aydın, daha
anlaşılandır bu mənada. Hətta
buna elmi-populyar üslub da demək olar, sırf akademik deyil.
İradə Musayeva tənqiddən çəkinmir.
Nə dərəcədə obyektiv və ya
qeyri-obyektiv olduğunu deyə bilmərəm. Ancaq bu da təqdirəlayiq haldır ki, tənqiddən
çəkinmir.
- Kitab satışı ilə
bağlı durumu necə qiymətləndirirsiniz? Gənc yazarlar kitab satışından necə qazanc
əldə edə bilərlər?
- Mən
bunu bir neçə dəfə qeyd etmişəm. Xüsusilə gənc yazarlarla bağlı. Yazıçılığa, ümumiyyətlə
yaradıcılığa bioloji varlığın təminatçısı
kimi baxmayın, özünüzə sənət tapın,
sonra yazıçılıqla ikinci planda məşğul
olun. O sovet dövründə elə idi ki, hər
yazılan mətnə qonorar yazılırdı və bununla
da yazıçı öz dolanışığını təmin
etmiş olurdu. Poemaya görə maşın verirdilər,
yazılara görə ev verirdilər, bu
qaldı keçmiş dövrdə... Mən
sizə deyim ki, bu, Avropa ölkələrində də belədir.
İsraildə olanda bir görüşdə mənə
dedilər ki, burda da elə deyil. Ümumiyyətlə,
yazıçılıq bir sənət deyil. Yaşamaq üçün yazıçılıq
sənətini seçmək doğru deyil. O zaman nə
etməli? Dövlət müsabiqələr təşkil
etməlidir. İndi Mədəniyyət
Nazirliyi müəyyən işlər görmək istəyir.
Bu yaxınlarda iclas keçirildi, mən də
orda iştirak edirdim. Mükafatların
adları, qonorar məbləğinin artırılması ilə
bağlı fikirlər səsləndi.
- Tərcümə sahəsində
görülən işləri necə qiymətləndirirsiniz?
- Mən
ingilis və rus dillərini bildiyim üçün daha
çox elə orijinaldan oxumağa üstünlük verirəm.
Məsələn, Təvəkkül
Boysunarın tərcümələrini çox bəyənirəm.
Onun Şervod Andersonun hekayələrinin tərcümələri
uğurludur. Yeri gəlmişkən, onun tərcümələri
də qiymətləndirildi, Tərcümə mərkəzi tərəfindən
mükafata layiq görüldü. Nəriman
Əbdülrəhmanlının rus dilindən olan tərcümələrinə
baxmışam, pis deyil, yaxşıdı. Vilayət Hacıyevin tərcümələrini
yüksək qiymətləndirirəm. Fürsətdən
istifadə edib demək istəyirəm ki, tərcümələrlə
bağlı işləri dövlət öz üzərinə
götürsə yaxşı olar. Marsel
Prustun "İtirilmiş zamanın axtarışında"
silsiləsinin tərcüməsi olsa yaxşı olar. Bu barədə bir dəfə Cavanşir Yusifli
demişdi ki, tərcüməyə başlayıb, sonradan o
işə dəstək olmadı, deyəsən, qaldı.
Əlbəttə, bu işdə həm də
yaxşı qonorar olmalıdır.
- Yazıçı
üçün mütaliə yaradıcılıq
baxımından hansı rola malikdir?
- Bir məsələ
var ki, bu, yaradıcılığın dəmir qanunudur,
mütaliə mütləq vacibdir. İstedad, zəhmət,
mütaliə. Bu üç komponent bir
arada olmalıdır. Çünki
mütaliə olmadan, insan öz qüsurlarını görə
bilmir. Yaxud da dəfələrlə işlənmiş
mövzularda orijinallıq göstərə bilməyəcəksən
və s. Sistemli mütaliə olsa, daha yaxşı olar.
- Alpay müəllim, cəmiyyətdə
ziyalı kimdir sualı tez-tez verilir. Sizcə,
ziyalı kimdir?
-
Ümumi olaraq belə bir fikir var ki, ziyalı ictimai həqiqəti,
millətin həqiqətini deyə bilən adama deyilir. Burada yazıçılara daha çox
fokuslanılır. O da yəqin ki, "söz"lə
bağlıdır. Yazıçı yazır,
rejissor göstərir, aktyor oynayır. Hərçənd,
orda da söz elementləri var. Görünür, bu baxımdan
ədəbiyyatın üzərinə böyük iş
düşür. Əgər sən əsərində
bunu deyə bilirsənsə, niyə əməlində bunu
göstərməyəsən?! Ancaq belə
bir fikir də var, yazıçı ilk növbədə mətni
ilə məşğul olmalıdır. Bu məqamda
yazıçı ziyalı ola da bilər,
olmaya da. O, ziyalılığı seçə də bilər,
seçməyə də... Bəlkə də
paradoksal səslənəcək, amma mənə görə
Çingiz Aytmatov ziyalı deyil. Bunun da
öz səbəbləri var, ancaq böyük yazıçıdır.
- Ədəbi adlar, titullar
nə dərəcədə doğru yanaşmadı?
- Mənim
münasibətim adlarla, titullarla bağlı normaldır. Bu məsələyə
bir az tənqidlə yanaşırlar. Deyirlər ki, ümumiyyətlə adları ləğv
eləmək lazımdır. Sistemli şəkildə
özünü təsdiqləmiş imzalara "Xalq
yazıçısı" və ya "Xalq şairi"
titulunun verilməsi normaldır. Hə, o "Xalq
yazıçısı" adına
layiqdir, ya yox, bu başqa məsələdir. Bəlkə
burda düşünmək olar ki, "Xalq
yazıçısı" həm də ziyalı olsa
yaxşı olar. Çünki burada
"xalq" sözü var. Fransanın özündə də
belə titullar var. Məsələn, "legioner" titulu.
Yəni burada böyük bir qüsur yoxdur.
Əsas məsələ layiq olub olmamaq məsələsidir.
- Mərhum yazıçı,
atanız Azər Abdullanın yazıçı kimi
yaradıcılığınıza təsiri olubmu?
- Atam nəsrdə
özünü təsdiqləmiş imzalardan idi. "Qəmərlidən keçən qatar",
"Gül yağışı" kimi əsərlər
şişirtmədən deyə bilərəm ki, Azərbaycan
ədəbiyyatının şah əsərləridir. Mənə təsiri olubmu, yox. Belə
deyək, genetik olaraq, yazıçı kimi, əlbəttə,
təsiri var. Ancaq sırf yaradıcılıq
baxımından mənə təsiri olmayıb. Biz başqa mövzularda yazmışıq. Həmçinin fərqli üslub və təhkiyələrdə
yazmışıq. Onda daha çox poetik nəsrdə,
o həm də şair idi, məndə isə poetik nəsr
deyil. Onu da qeyd edim ki, mənim ilk hekayələrimdə
onun redaktələri olub.
- Belə bir deyim var: "Gərək
yazıçının, şairin taleyi də gətirsin".
Bu haqda nə deyə bilərsiniz?
- Belə
deyək, bu gün ədəbi mətbu orqanlar çoxdur. Yəni yazılarını çap etdirmək
üçün alternativlər var. Rəhmətlik atam deyirdi
ki, o vaxt "Azərbaycan" jurnalında bir müəllifin
yazısı çıxırdısa, bu böyük bir hadisə
sayılırdı. Yəni alternativ o zaman
çox deyildi. Məsələn,
Əliabbas bizim gözəl yazıçımızdır,
ancaq haqsızlıqla üzləşib. "Ulduz"
jurnalında onu çap etməyiblər o vaxt. Burada
zövq məsələsi də ola bilər,
qısqanclıq məsələsi də. Amma
indi istedadsız da yazıları ilə çıxa bilir,
istedadlı da. Fitri istedadsızların
iddiası mənə çatmır.
- Yazı mətbəxinizdən
danışa bilərsinizmi? Necə yazırsınız,
yazı prosesində hər hansı bir plan qurursunuzmu?
- Bununla
bağlı "Essevari fikirlər"də
yazmışdım. Daima məndə olan enerjini
tükədirəm, yazı prosesində. Yazmamaq
olmur, qaldı ki, onu necə həyata keçirmək olur?
Hər gün yazıram, ya da redaktə edirəm.
Elə gün olmur ki, yazmayıb. Kafedə daha çox yazı prosesi mənə
rahatdır. Qələmlə yazıram,
bir kolleksiyam da var. Ağ kağızda yazdıqca enerji
alıram. İkinci romana başlamışam, bir az tənbəllik edirəm. Görünür,
roman tam oturmayıb beynimdə.
- Çox sağ
olun, Azər müəllim. Maraqlı cavablar
üçün.
- Sağ
olun, mən də sizə təşəkkür edirəm.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.16-17.