Heyrətləndirmək bacarığı
Fəxrəddin Teyyubu 80-ci illərdən tanıyıram. O illərdə bu təvazökar və səmimi şairin "Ulduz" jurnalında, "Ədəbiyyat
qəzeti"ndə ara-sıra
dərc olunan şeirlərini maraqla oxumuşam. Lakin bir ara,
rəhmətlik Əhəd
Muxtarın "Tənbəl
şair" adlandırdığı
Fəxrəddin Teyyubun
imzası mətbuatda çox nadir hallarda görünməyə başladı.
Müəyyən zaman
fasiləsindən sonra
bu "tənbəl şair" fəallaşmağa,
müxtəlif ədəbi
orqanlarda yeni-yeni, həm də məzmunlu-mənalı şeirləri
ilə çıxış
etməyə başladı...
"Həsrətin ünvanı", "Kölgəm
mənim yol yoldaşım", "Mən
səninlə barışmaram"
kimi maraqlı şeir kitabları ilə oxucularının görüşünə gəldi.
Mən həmişə
düşünmüşəm ki, sözün cövhəri fikir və duyğudursa qanadı səmimiyyətdir. Səmimi olmayan
ədəbi nümunə,
xüsusən şeir
oxucunu duyğulandıra
və düşündürə
bilməz. Bu baxımdan deyə bilərəm ki, Fəxrəddin Teyyub nədən, kimdən yazırsa yazsın misralarında içdən
gələn səmimiyyətin
şahidi oluruq. Elə bu yaxınlarda işıq üzü görmüş "Ruhların
sevinən günü"
("Elm və təhsil",
Bakı, 2021) adlı şeirlər toplusunda olduğu kimi.
Şair
özü də öz xarakterinə yaxşı bələd olduğu üçün
belə yazır:
Düz yolda ömrümü vermişəm yelə,
Yatıb ürəyimdə arzum, niyyətim.
Tanrının mənimlə işi
yox hələ,
Məni öldürəcək səmimiyyətim.
"Məni öldürəcək"
İncəsənətin bütün sahələri,
o cümlədən ədəbiyyat
da əslində heyrətləndirmək bacarığına
hesablanıb. Bu bacarıq, bu istedad olmayanda
auditoriyan boş qalır... Heyrətləndirmək üçün yersiz "kəşflərə",
əndirəbadi epitet
və təşbihlərə,
ağlasığmaz metafora
və mübaligələrə
ehtiyac yoxdur. Qandan və gendən gəlib sözə hopan səmimiyyət bəs edir.
Bütün şairlər dərddən,
kədərdən yetərincə
yazıb, ondan qaçmağın yollarını
arayıblar. Fəxrəddin Teyyub isə görün kədərlə
bağlı necə düşünür:
Dünyanın zəmisi ayrı
biçimdə,
Ruzim qaçaq
düşüb, çörəyim
gəlmir.
Kirayənişindi kədər içimdə,
Küçəyə atmağa ürəyim gəlmir.
"Dərd sərhəd tanımır"
Gözəl deyimdir. Kədəri kirayənişinə bənzətmək tapıntıdır.
Onu (yəni kədəri) küçəyə atmağa
ürəyi gəlməyən
şair içindəki
kədərə Tanrı
payı kimi baxıb onunla üz-üzə, baş-başa
qalmağından gileylənmir.
Bax, bu da
öncə vurğuladığım
səmimiyyətdən gəlir...
Fəxrəddin Teyyubun mövzu çevrəsi nisbətən
məhdud görünsə
də o, predmetə, obyektə məxsusi yanaşması və poetik baxışı ilə bu "darısqallıqdan" çıxa
bilir. Ana, təbiət,
vətən, əsgər...
sevgili haqqında yazılan bu şeirlərin hər biri təkrarçılıqdan
uzaq, şairin fərdi dünyaduyumunun və özünəxas üslubunun məhsullarıdır.
Ağrılar, acılar duman,
çən kimi,
Soyuğa, şaxtaya dözmək çətindi.
Uşaq
anasını gözləyən
kimi
Ağaclar baharı gözləyir indi.
"Qış"
Uşaq öz anasını gözlədiyi sayaq ağacların baharı gözləməsi yeni bir istiarədir. Bu, həm də insanın təbiətə
canlı və insani yanaşmasıdır.
Ümumiyyətlə, F.Teyyubun təbiət
mövzusundakı şeirlərində
daha çox ağacla ünsiyyəti gördüm. "Kitabi-Dədə
Qorqud", "Manas",
"Maaday-Qara" kimi
dastanlarımızda diqqəti
çəkən ağac
kultu var. Ağac eşidən, görən,
canlı və müqəddəs varlıq
kimi əzizlənir. Müəllifin lirik məni də öz bağındakı ağaclara elə kult səviyyəsində yanaşır...
Hər səhər dayanıb baxıram sənə,
Nə gözəl
boyun var, ərik ağacı.
Necə
də doğmasan, əzizsən mənə,
Gəl bir az dərdləşək, ay ağac
bacı.
"Ərik ağacı"
Ərik ağacı ilə həmsöhbət olmaq istəyi, ona "ağac bacı" deyə müraciət etməsi ağaca canlı varlıq kimi yanaşmanın poetik təzahürüdür. Bu məqamlar
ömründə bir ağac əkməyən,
lakin, yaş gövdəli ağacları
doğrayıb yerində
ev, obyekt
tikən haramzadaları
xatırlayırsan. Düşünməsinlər ki, ağacın
ahı tutmur. Ulu babalarımız bunu bildiklərindən ağaca sitayiş ediblər... "Kitabi-Dədə
Qorqud"dakı tez-tez
təkrarlanan alxışlardan
birini xatırlayaq:
Köklü uca dağların
yıxılmasın!
Kölgəlik iri ağacın
kəsilməsin!
Allah verən ümidin üzülməsin!
Fəxrəddin Teyyub Cənub bölgəsində - Lənkəranın
Şıxəkəran kəndində
doğulub. Üstündə
ərsəyə yetdiyi
füsunkar torpağın
gözəlliklərini uşaq
yaddaşına köçürən
və bu yaşında yeri gəldikcə "xərcləyən"
şairin el-obayla, kənd-kəsəklə, zümrüd
meşələr, göy
biçənəklərlə bağlı şeirlərindən
təbiətin ətri
gəlir. Hərdən
də o yerlər üçün darıxan
insanın içdən
gələn bir etirafı ilə üzləşirik:
Bəzən basır məni
xəcalət təri,
Qələmdi, varaqdı yarağım mənim.
Şəhərə dəyişdim biçənəkləri,
Pas atıb dəryazım,
orağım mənim.
"Şıxəkəran, ana
kəndim"
İstər ana kəndə,
istərsə də anaya həsr etdiyi
şeirlərdə müəllif
hiss və duyğularına
rəng qatmır, yaşantılarını naturadan,
olduğu kimi verir. Bu məqamda yardımçı məcazlara
ehtiyac qalmır:
Min dəfə demişəm,
yenə deyirəm:
Ölümdü, itimdi adı dünyanın.
Nə qədər dərd çəkər sinə,
deyirəm,
Ana, sənsiz qaçıb
dadı dünyanın.
"Saçımı tumarlasaydın"
Beləliklə, Fəxrəddin Teyyubun oxuculara yeni təqdim olunan bu kitabına yığcam da olsa bir nəzər
yetirdik. Ümidvaram ki, bu kitab saf hisslərin,
səmimi və kövrək duyğuların
toplusu kimi mənim qədər sizi də duyğulandıracaq.
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.19.