Gülüşün şeirdisə,

baxışların bəstədir

 

Əminəm... Siz kitabı oxuyandan sonra eynən mənim kimi sərf etdiyiz vaxta təəssüflənməyəcəksiniz. Əksinə...

Aypara Ayxan kimi istedadlı şairi tanımağımıza görə, əslində, sosial şəbəkələrəmi minnətdarıq, bilmirəm... Amma onu bilirəm ki, bu şəbəkələr olmasaydı da tanıyacaqdıq, bəlkə bir az gec... Amma indi bunlara ehtiyac yoxdur. Aypara Ayxan imzası son illər Azərbaycan oxucusuna çox şey deyir. Şeirləri ölkə mətbuatında, eləcə Türkiyədə nəşr olunan qəzet jurnallarda dərc olunur, televiziya radiolarda səsləndirilir. Bir neçə şeirinə Türkiyədə mahnı bəstələnib.

Bunlar sözümün bir tərəfi...                                                                                  

Əsas tərəf kitab olan tərəfdir... Rəssam ailəsində dünyaya göz açmağındandırmı, deyə bilmərəm, amma rənglərin yaratdığı harmoniyanı sözlə görə bilir Aypara. Onun sözlə yaratdıqlarını sanki rənglərin ağuşunda görürsən. bir həzinlik çulğayır səni. Elə bil söz, rəng səsin əhatəsindəsən. Musiqisi özündə olan bir nəğməni dinləyirsən sanki:

 

Gülüşün şeirdisə,

Baxışların bəstədir.

Ağlım sənə aludə,

Könlüm sənlə xəstədir.

 

Doğrudan da... Ayparanın təbirincə desək, Tanrının yaratdığı ən böyük əsər qadındır. üstəlik yaratmaq gücü, yaratmaq eşqi bir Tanrıda, bir qadında var:

 

Qəlbimə möhürlənib

Üçcə hecalıq adın.

Tanrımın şah əsəri,

Ey büsbütün eşq-qadın!

 

Amma bəzən Tanrının şah əsəri olan qadın taleyin amansız gərdişi nəticəsində tufandan, alovdan keçməli olur, çöhrəsinə hopdurulan qəm, kədər bir ömür yol yoldaşı olur:

 

Talemi gülmədi üzünə söylə,

bu payız təki baxışlar, qadın?

Qəmmi lövbər saldı gözünə söylə,

Yağdı ürəyinə yağışlar qadın?

 

Aypara Ayxanın şeirlərinin ən böyük özəlliyi ondadır ki, həyatı var olduğu qədər, olduğu kimi təsvir edir, özü həyat həqiqətlərini bədii həqiqətə çevirməklə. Vüsal da, hicran da eyni sevgi ilə vəsf olunur onun şeirlərində. Hicran bəlaqarışıq gəlməyindən asılı olmayaraq, gözəl misralara çevrilir. Şeirlərində Ayparanın haqlı qənaətinə görə, hicranın, həsrətin ürəyi yerindən oynatma gücü, vallah vüsaldan üstündür:

 

Qəlbini çarmıxa çək, hisslərin olsun edam,

O qürurun da əlbət əyiləcək qəddi var.

Heç əziyyət çəkib divarlar hörmə, adam,

Onsuz da aramızda keçilməz Çin səddi var.

 

Həsrətin özünü sevgi ilə yazanda gözəl olur, elə Aypara Ayxan yazdığı kimi... Bunu danmaq olmaz. Çünki bədii həqiqətdir. Aradakı Çin səddi boyda bir keçilməz ayrılığı olan bir sevgi yalanı qəbul etməz. Hər şey öz adı ilə çağırılanda gözəldir. Yaş da o yaş deyil ki, olmayacaqlara inanasan:

 

Yerdən göyə deyil səbrimin boyu,

Gedənlər bilir çəkir qalan.

Nağıl dinləyəcək yaşda deyiləm,

Uyduram özümə gündə bir yalan.

 

Həsrətin yaratdıqlarının (elə yaşatdıqlarının da) gücü qədərmiş, İlahi!!! Aypara da elə bunu yazır:

 

İndi ömrümdə yoxsan, bitsə sənli anlar,

Xatirələr hələ təzədirlər, tərdilər...

xoşbəxtdirlər indi səni görən insanlar,

Çiynindəki mələklər necə bəxtəvərdilər...

 

Bəxtəvərliyə bax... Hər şey xatirələrin ağuşundadır. Adamı həsrət danışdırır... Amma həsrətinə mübtəla olduğunu görənləri bəxtəvər sayır şair. gözəl bəxtəvərlikdir... Çünki bu həsrəti yaradn da sevgidir.

Onsuz da taleyi viran olmuş bir sevgini heç ilə ovutmaq olmaz. Hətta o sevginin özü geri qayıtsa belə. Özündən xatirəsi gözəl olur vədəsiz paramparça olan sevginin. Dağılan hər şey viranlıq yaradır:

 

Sevinclərim gilə-gilə,

Dərdlər artır ildən-ilə,

Hər gün ruhumda zəlzələ,

İçim viranlıq kimidir...

 

Viranlıqdan sonra isə tək bir şey qalır - Tanrı dərgahına gedən yol:

 

Ən içdən duamı etdiyim zaman,

Baş qoyub səcdənə getdiyim zaman,

Eşqinlə kül olub bitdiyim zaman,

Məni dərgahına götür, Allahım!

 

isə... Bu balaca topluda cəm olan şeirlərin bir qismi Türkiyə tükcəsindədir. Bir millət, iki dövlət prizmasından yanaşanda qəbulediləndir.

Baxmayaraq ki, mən bir oxucusu olaraq Aypara Ayxanın kitabını çıxmamışdan əvvəl oxudum, amma kitab halında bir oxuyacam. Çünki şeirlər hər dəfə adama yeni gəlir...

Kitabdakı şeirlərin hamısı haqqında danışsaq, oxucunun kitabı oxumaq haqqına girmiş olarıq. Ona görə siz Aypara Ayxanın bu kitabı ilə baş-başa qalın... Dediklərimə əmin olacaqsınız.

 

Vasif Süleyman

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.21.