Fərziyyələr, arqumentlər
və fakt
XIII əsrdən
Türk ədəbiyyatında Fars ədəbiyyatının təsiri
ilə müstəqil olaraq görülməyə başlanan
Gül və Bülbül mövzusu, Türk dünyası və
Türk mədəniyyəti üçün hər zaman
aktual olmuş, İznikli Bekayi, Gazi Giray xan, Məhəmməd
Əbu Salahi və b. şair və yazıçılar
Gül-Bülbül mövzulu əsərlər qələmə
almışlar. İsmail Hikmət Ertaylan, Gazi
Giray xan haqqındakı tədqiqatında Giray xanın
"Gül ü Bülbül" əsərindən qısa
da olsa bəhs etmişdir. Mənbələrdə islam
filosofu Fazil İrəvaninin də "Qızılgül və
Bülbül" adlı əsəri olduğundan, Xocens Markar
Geğamyanın Fazil İrəvaninin "Qızılgül və
Bülbül" povestinin üzünü erməni əlifbası
ilə köçürüb Sankt-Peterburqda öz adına
eyni ildə (1812), eyni vaxtda, eyni şəhərdə -
Sank-Peterburqda, iki dildə, fərqli adlarla nəşr etdirməsindən
("Qızılgül və bülbül haqqında əxlaqi
roman" (erməni dilində), "Qızılgül və
bülbül haqqında alleqorik povest" (rus dilində) və
Osmanlı tarixçisi Hammer tərəfindən tərcümə
və nəşr edildiyindən də bəhs edilir. Mənbələrə
görə, 1812-ci ildə Peterburqda iki dildə nəşr
edilən "başıbəlalı"
"Qızılgül və Bülbül"ü Xocens
Markarın orijinal əsəri kimi, Avropada, fransız və
alman dillərində dönə-dönə çap
edilmişdir. Əsəri fransız dilinə Le
Vayya de Floribal (bəzi mənbələrdə La Vayyan De
Floribal), alman dilinə Hammer (Joseph von Hammer-Purgstall) tərcümə
etmişdir". Az vaxtda məşhurlaşan
əsər 1826-cı ildə Parisdə, 1832-33-cü ildə
Almaniyada yüksək tirajla nəşr olunmuş, Arşak
Çobanyan 1900-cü ildə əsəri xaricdə
yaşayan ermənilərin ləhcəsinə çevirib,
"Anahid" jurnalının birinci nömrəsindən
başlayaraq hissə-hissə dərc etmişdir. Jurnalın 1-ci sayından 11-ci sayına qədər
hissə-hissə verilən, maraqla oxunan əsər
güclü əks-səda doğurur. Çobanyanın
keçmişin ən yaxşı bədii əsərlərinin
parlaq nümunəsi adlandırdığı əsərin
sonu jurnalın 12-ci nömrəsində dərc edilir.
Sonuncu səhifədə (249) Arşak Çobanyanın
"Qızılgül və bülbül"ün mənbəyi"
başlığı altında verdiyi kiçik bir yazı
böyük sensasiya yaradır: "1892-ci ildə fransız tədqiqatçısı
Şarl Jorjenin yeni bir əsəri çapdan
çıxmışdır. Əsərin müəllifi alman
türkoloqu Josef von Hammerin alman dilinə tərcümə
etdiyi "Qızılgül və Bübül"
haqqında söhbət açır və Arşak
Çobanyan "Qızılgül və bülbül" əsərinin
erməni Xocens Markar Geğamyanın yox, Fazil və ya Fazili
adlı bir türk şairinin, Fazil İrəvaninin əsəri
olduğundan bəhs edir. Bunu etiraf və təsdiq
edən ermənilərin özləri, Arşak Çobanyan
olur". Jurnalda yayınladığı əsərin
müəllifinin əvvəl Şarl Jorje, sonra Josef von Hammer,
daha sonra Fazil və ya Fazili olduğundan bəhs edən Cobanyan
müəllifləri qarışdırır, halbuki Hammerin tərcümə
etdiyi əsərlə Geğamyanın tərcümə etdiyi
əsər başqa-başqa əsərlərdir.
Geğamyanın
tərcümə etdiyi, orijinalı Matenadaranda-Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda
saxlanıldığı ehtimal edilən
"Qızılgül və Bülbül"ün müəllifi
Fazil İrəvanidir. F.İrəvaninin
"Qızılgül və Bülbül" əsərini
mənimsəyən ermənilər, dəfələrlə
erməni müəllifin əsəri kimi çap etdirmişlər.
Məsələn, 1950-ci ildə, Freznada (ABŞ) redaktor Vahe
Hayk "Qızılgül və Bülbül"ün
"Anahid"də dərc olunmuş variantını erməni
müəllifin əsəri kimi təqdim etmişdir. Əslində, nə ermənilərin
plagiatlığı ilk deyil, nə də eyni taleyi yaşayan əsərlərimiz.
"1916-cı ildə Sədrak Maqalyan adlı bir daşnak
Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan"ını erməni dilinə tərcümə
edərək Eriksyanın teatrında erməni dilində
tamaşaya qoyur. Tamaşanın uğur
qazandığını görüb, sonralar afişalarda
Üzeyir bəyin adını göstərmir, əsəri
Amerikaya aparıb öz əsəri kimi təqdim edir.
Əsərin müəllifinin kimliyini bilən bir Amerika
ziyalısı, professor Okorkov 1924-cü ildə Nyu-Yorkdan
Üzeyir bəyə məktub yazır: "Sizin
"Arşın mal alan" burda hər yerdə
və hər yanda göstərilir. Sizin əsəriniz
Amerikada olduqca böyük müvəffəqiyyətə
malikdir. Hansısa bir Maqalyan
operettanızı özününkü kimi qələmə
verir və çox böyük məbləğdə pul
qazanır. Maqalyan o qədər varlanmışdır ki,
özünə böyük bir imarət tikdirmiş və
onun frontonunda iri hərflərlə "Arşın mal alan" sözlərini
yazdırmışdır". Anlaşılan,
"ermənilərin qədim ədəbiyyatından qalanlar
bu xalqın mənəvi həyatının əks etdirilməsinə
xidmət etməyə yaramır" (Arşak Çobanyan).
Özlərinin yarada bilmədiklərini daha asan
yolla əldə etməyə çalışan ermənilərin
bunun üçün hər cür fitnəkarlığa əl
atmaları faktdır və zamanında qiymətli əlyazmalarımızın
bir qismini mənimsəmişlər. Erməni
tarixçisi Tadevos Hakopyan 1971-ci ildə nəşr olunan
"Yerevanın tarixi. 1500-1800-cü illər" kitabının
283-cü səhifəsində yazır: "1923-cü ildə
İrəvandakı məscidlərdən və kilsələrdən
əlyazmalar toplanaraq Eçmiədzin (Üç müəzzin)
kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Məscidlərdə
saxlanılan əlyazmalar əsasən, ərəb və fars dillərində idi. Onların
böyük əksəriyyəti "Quran" və müsəlman
dininə aid idi. Həmçinin əlyazmalar içərisində
ərəb və fars qrafikası ilə
dünyəvi məzmunlu şeirlər və bədii
yaradıcılıq nümunələri olmuşdu. Evlərdə saxlanılan əlyazmalarda tarixə aid
qiymətli məlumatlar var idi" (sitat N.Mustafanın
"İrəvan şəhəri" kitabından (s.114)
alınmışdır). Camilərdən
yığılan qiymətli kitabların içərisində
Şərq tarixinə, dini elmlərə dair əsərlərin
müəllifi və İrəvandakı Göy məscidin
baş axundu olmuş Fazil İrəvaninin də bədii və
elmi əsərlərinin olduğu şübhəsizdir. Qiymətli əlyazmaların mənəvi sərvətimizə
göz dikən ermənilərin əlində toplanması, bu əsərlərin
ortaya çıxarılmasını çətinləşdirir.
Onlar yalnız İrəvandakı məscidlərdəki
əlyazmalarımızı deyil, harada olmasından
asılı olmayaraq mənəvi sərvətlərimizi
Matenadaranda toplamışlar. Məsələn,
Cahanşah Həqiqinin bir müddət Türkiyə
sultanlarının saray kitabxanasında saxlanan, II Sultan Hamidin
hökmranlığı dövründə saraydan yoxa
çıxan, sonralar İsgəndəriyyə kitabxanasına
verilən, oradan Londona aparılaraq izi itirilən
"Divan"ının sorağı Amerikada yaşayan
Harutyun Hazaryan adlı erməninin kitabxanasından gəlmişdir.
Hazaryanın vəsiyyətinə görə, 1961-ci ildə ərəb,
fars, Azərbaycan və türk dillərində 270 ədəd
çox qiymətli əlyazma kitablarla birlikdə, Mirzə
Cahanşah Həqiqinin öz xətti ilə
yazıldığı qeyd edilən "Divan"ı da
İrəvan Dövlət Universitetinə göndərilmişdir.
Həqiqinin farsca 78, azərbaycanca 61 qəzəli
və 16 rubaisi toplanmış "Divan"ı şairin 500
illiyi ərəfəsində, İrəvan Pedaqoji
İnstitutunun müəllimi, mərhum alim Lətif
Hüseynzadə tərəfindən 1966-cı ildə
aşkar edilərək 12500 nüsxə tirajla kitab şəklində
çap edilir".
Mənbələrdə Fazil İrəvaninin
"Qızılgül və Bülbül"ünün bir
nevi Mirzə Şəfi "taleyini" xatırlatmasından
da bəhs edilir. Azərbaycan və fars dillərini
Vazehin rəhbərliyi altında öyrənən alman şərqşünası
Bodenştendtin də özü ilə Almaniyaya
apardığı "Hikmət açarı" dəftərini
mənimsəməsi faktdır. Bodenştedt Mirzə Şəfinin
"Hikmət açarı" adlı şeir dəftərini
götürərək Tiflisdən gedəndə (1847) "Gül
və Bülbül" əsəri Almaniyada ard-arda iki dəfə
böyük tirajla nəşr edilmişdi (1834).
Maraqlıdır, hər iki əsər də 18 il
aralığı ilə Almaniyada nəşr olunmuşdu. Bu
faktlar belə bir hadisənin Fazil İrəvaninin
"Qızılgül və Bülbül" əsərinin
başına gətirilə biləcəyi fikrini
inandırıcı etsə də, əslində J.V.Hammerin tərcümə
və nəşr etdiyi "Gül ü Bülbül" das
ist Ros und Nachtigall", A.Çobanyanın "Anahid"
jurnalında verdiyi əsər Fazil İrəvaninin
"Qızılgül və Bülbül" povesti deyil. Cobanyanın Hammerin tərcüməsi ilə, Geğamyanın
tərcüməsini eyniləşdirməsinə baxmayaraq
bunlar başqa-başqa əsərlərdir.
X.M.Geğamyanın tərcümə edib Sankt-Peterburqda iki dildə
və fərqli adlarla; "Qızılgül və
bülbül haqqında əxlaqi roman" (erməni dilində),
"Qızılgül və bülbül haqqında alleqorik povest"
(rus dilində) nəşr etdiyi əsər islam filosofu Fazil
İrəvaninin "Qızılgül və
Bülbül" povesti, Hammerin tərcümə və nəşr
etdiyi əsər isə türk şairi Fəzlinin əsəridir.
Osmanlı tarixçisi Hammer və Markar
Geğamyan türk dilini çox gözəl bilirmiş.
Geğamyan "1819-cu ildə Peterburqda İsa
peyğəmbər haqqında "Əhdi-Əqidi" ermənicədən
türkcəyə çox sərbəst şəkildə
çevirib, erməni şriftləri ilə Hovser
Hovannesyanın mətbəəsində çap
etdirmişdir".
Nə Fazil İrəvaninin Matenadaranda saxlanılan
"Qızılgül və Bülbül" povestinin əlyazması,
nə də Geğamyanın nəşr etdiyi kitablar əlimizdə
olmadığından bu barədə qəti fikir söyləmək
mümkün deyil. Amma mənbələrdə, Geğamyanın iki dildə
tərcümə və nəşr etdiyi əsərin F.İrəvaninin
"Qızılgül və Bülbül" əsərinin
tərcüməsi olduğundan, hətta bəzi mənbələrdə
bir az da irəli gedilərək, heç bir araşdırma
aparılmadan "Qızılgül və
Bülbül"ün baş qəhrəmanlarının
adını olduğu kimi saxlamasından: Şah Novruz,
Şahbahar, Gülnarə", "qəhrəmanlarının
adları, təsvir olunan hadisələr əsərin müəllifinin
Fazil İrəvaniyə aid olduğunu bir daha təsdiq
edir", - şəklində təhlilə cəlb edilir. Hətta
bəhs etdiyimiz mənbələrdən birinin "Ədəbiyyat
siyahısı"nda "Fazlı, Gül ü Bülbül,
Akademi Kitabevi, İzmir 2002" kimi verilən əsər
yalnışlıqla Fazil İrəvaniyə aid edilir. Halbuki məqalənin "Ədəbiyyat
siyahısı"nda verilən əsər XVI əsr türk
şairi Fazlı Karaya aiddir.
Məsələni araşdırmaq üçün
J.F.Hammerin tərcüməsinin dijital nüsxəsini əldə
etdiyimizdə Fazil İrəvaninin "Qızılgül və
Bülbül" əsərinin tərcüməsini əldə
etdiyimizi zənn edib çox sevinmişdik. Məqsədimiz əski əlifba
ilə yazılan əsəri latın əlifbasına
çevirərək elmi ictimaiyyətə təqdim etmək,
oxucuların ixtiyarına verməkdi. Xoşbəxtlikdən
Hammer tərcümə ilə yanaşı, əsərin əlyazmasının
orjinalını da verdiyi nüsxə buna imkan verirdi. Lakin əsərin titul vərəqində müəllifin
və əsərin adı Fazlı Kara "Gül ü
Bülbül" açıq-aydın göstərilmişdir.
Əsər 1832-33-cü ildə deyil, 1834-cü
ildə nəşr edilmişdir. Əski əlifbadan
latın əlifbasına çevirib oxucuların istifadəsinə
vermək istədiyimiz kitabın yalnız bir səhifəsini
latın əlifbasına çevirdik, tam halda çevrilməsinə
ehtiyac qalmadı, çünki əsər Fazil İrəvaninin
deyil, Fazlı Karanın "Gül ü Bülbül" əsəri
idi və Türkiyədə yetərincə
araşdırılıb nəşr olunmuşdur.
Düşünürük
ki, bu yanlışlığı aradan qaldırmaq
üçün Qərb tədqiqatçıları tərəfindən
yüksək dəyərləndirilən və
günümüzədək gəlib çatan "Gül
ü Bülbül" məsnəvisinin məzmunu və
müəllifi Kara Fazlı haqqında məlumat vermək
maraqlı və məqsədəuyğun olar.
Fazlı Kara (1520-1564) Osmanlı ədəbiyyatının
klassikləri arasında "Gül ü Bülbül" məsnəvisi
ilə adını əbədiləşdirənlərdən
ən məşhurudur. Əsl adı bəzi mənbələrdə
"Məhmət, bəzi mənbələrdə isə
Əli olaraq gedir. Lakin "şairin adının Məhmət
Əli ola biləcəyi ehtimalı
yüksəkdir. Qaraşın olduğu
üçün Kara (Qara) Fazlı deyə
çağırılmışdır. İstanbulda
bir saraç (yəhərçi) ailəsində
doğulduğu üçün Saraçzadə ləqəbi
ilə də tanınmışdır. "Üsküplü
şair Riyazidən ədəbiyyat dərsi almış, fars
dilini öyrənmiş" Fazlı, eyni zamanda Xəlvəti
təriqətinin üzvü olmuş, Zərifi Həsən
Əfəndinin yanında təsəvvüfi düşüncə
ilə yetişmişdi. Şair Zatinin tələbəsi
olan Fazlı, müəlliminin Sultan Süleymanın 1530-cü
ildə düzənlədiyi məşhur bir sünnət
düyünündə təqdim edilməsi ilə şöhrət
qazanmış, sonra sıra ilə Şahzadə Məhmət,
Şahzadə Mustafa və II.Səlimin divan katibi
(reisülküttab) olmuşdur. Təzkirəçilər
sitayişlə bəhs etdiyi Fazlının "Divan"ı
olduğundan, "Divan"ının, ideal bir mürəttib
və mükəmməl divanın ən başında
olması gərəkən bir dibacə ilə
başlamasından" ("Eşar-ı kesireye malik sahib-i
tab u kabil-i şan ve müellif-i kitab u divan…" Lətifi) bəhs edirlər. Lakin
Fazlının günümüzədək gəlib çatan
yeganə əsəri "Gül ü Bülbül" məsnəvisidir.
Əsər mətninin elmi nəşrinin hazırlanması məqsədilə
Gəncay Zavotçu, Nəzahat Öztəkin və
qarşılaşdırmalı olaraq Mustafa Özkan,
Nilüfer Tanç, Zavotçu Gəncay, Öztəkin kimi tədqiqatçılar
tərəfindən tədqiq edilmişdir. Əsərin
J.V.Hammer tərəfindən alman dilinə tərcümə
edilib nəşr edilməsi, E.J.Gibbin Batıdakı bənzərləri
ilə müqayisə edib çox bəyənməsi, De
Sugnynun əsərin bəzi bölümlərini fransız
dilinə çevirməsi, ayrıca Dora D`istrianın da
"Osmanlılarda şeir" adlı kitabında Gül
ü Bülbül?ə ayırdığı bölüm və
s. əsərin dəyərinə dəyər
qatmışdı. Bir-birinin təkrarı
olduğu rahatlıqla ifadə edilə bilən ədəbiyyat
tarixi kitablarında (eyni ilə Fazil İrəvaninin
"Qızılgül və Bülbül" əsəri
haqqındakı fikirlər kimi) Fazlının "Gül
ü Bülbül"ü haqqında Qərb
araşdırmaçıları yüksək fikir
bildirmişlər.
Şair, "Gül ü Bülbül" məsnəvisini
Sultan Süleyman Qanuninin oğlu Şahzadə Mustafaya ithaf
etmişdir. Əsərdə Gül və Bülbülün
cinsiyyətindən bəhs edilmir. Hətta bir
şahın oğlu olan Gülün Sultan Süleyman Qanuninin
oğlu Şahzadə Mustafa, dərviş huylu
Bülbülün isə şairin özü (Gülə-Mustafaya
aşiq Çarvadaroğludur), Gülün məclisindəki
çiçəklərin Şahzadənin dostları, nədimləri
ola bilməsi, düşüncəsində
olanlar da var. Əfsanədən fərqli olaraq hər kəs
şahın oğlu olan Gülə aşiqdir. Xüsusən
də dərviş huylu Bülbül. Kara
Fazlının "Gül ü Bülbül" məsnəvisinin
məzmununda Şahzadə Mustafanın kədərli taleyi ilə
üst-üstə düşən məqamlar yox deyil. Gül - Şahzadə Mustafa, Bülbül isə
Şahzadəyə aşiq və sədaqətli, daima itaətində
duran və sevərək uğrunda döyüşən
Çarvadaroğludur. Yəni Gül də,
Bülbül də eyni cinsə məxsusdur. Taxt-tac uğrunda Şahzadə Mustafanın
başına gətirilənlər və bu yolda onu sevənlərin
olduğu və Çarvadaroğlunun bunların başında
gəldiyi məlum həqiqətdir.
Təriqət
mənsubu olan Fazlı Kara "Gül ü
Bülbül"ü "Bismillah"la başlayır və
hər hərfi "Bismillah"dakı bir çiçəyə
bənzədir:
"Qəddi-bismillah
oldu, eylə niqah
Gülbəni-gülşən kəlamüllah.
Gülşən
can ilə zibadır
Bülbül dil ilə qüyadır.
Oldu hər
hərfi bir qüli-rəngin
Buldu zinətilə
gülşən din.
"Ba"si
baği-bədayənin biridir
Gülşən cənnətimin güli-təridir.
"Mim"i
üstündə "sin"sultanı
Qönçə ağzında jalə dəndanı.
"Əlif"i
sərvi-baği rəhmətdir
Qönçeyi-zanbaği hidayətdir.
"Zam"i
kəmənduh al dövlət var
Oldu
bağ ona da zülfi-nigar".
(Bu,
Hammerin tərcümə etdiyi nüsxədən latın əlifbasına çevirdiyimiz bir səhifədir)
Məsnəvidə bir bağ təsvir edilir. Rum ölkəsinə hakim
olan Bahar şah hədsiz dərəcədə gözəl
olan oğlu Gülü, təhsilini bitirdikdən sonra
Gülşən şəhərinə vali təyin edir və
Lalə, Nərgiz, Süsən, Sünbül, Sərvi,
İrmaq, Məltəm və Jaləni onun ixtiyarına verir. Gül yardımçıları ilə birlikdə
İrmaq kənarında əylənirkən birdən suda
üzünün əksini görür və ona məftun olur.
Məltəmi çağıraraq aləmdə
onun kimi bir gözəlin olub-olmadığını öyrənməsini
əmr edir. Məltəm bütün
dünyanı gəzir, ancaq Gül kimi bir gözələ
rast gəlmir. Beləcə, gəzib-dolaşırkən
bir gün həzin-həzin ötən Bülbülə rast gəlir.
Aşiq Bülbül dərd içində inləyib
durur, amma kimin üçün yandığını
özü də bilmir. Məltəm
Gülün gözəlliyindən bəhs edincə
Bülbül ona aşıq olur. Məltəm
Bülbülü bu sevdadan vaz keçirməyə
çalışsa da, müvəffəq ola
bilmir. Məltəm Bülbüldən
ayrılaraq Gülün yanına qayıdır, gördüklərini
ona anladır. Bu zaman Bülbül də
eşq dərdindən xəstələnib yatağa
düşür. Sonunda sevdiyinin yanına
getməyə qərar verir. Yolda İrmaqla
rastlaşır. İrmaq bu yolçuluqda
Bülbülə klavuzluq edir. Nəhayət,
Gülşən şəhərinə yetişirlər.
Burada İrmaq Bülbülü Sərvilə tanış
edir. Sərv daha öncə Bülbülün
babasının yanında çalışdığı
üçün Bülbülü tanıyır və ona
ehtiram göstərib başı üstündə yer verir.
Sərvin başı üstündə oturan
Bülbül yanıqlı-yanıqlı Gülə
anlatmağa çalışır, amma dərdini kimsə
anlamır. Qaranlıq gecəyə səslənir,
Ay doğunca dərdini ona xitab edir, səhər
açılınca dərdini Gülə anlatması
üçün Günəşə səslənir. Heç birinin faydası olmayınca üzünü
Haqqa çevirib ona yalvarır. Bundan sonra
Gül Bülbülün fəryadını duyur və
maraqlanır. Nərgis vasitəsilə səsin sahibinin kim olduğunu öyrənincə
susmasını istəyir. Bu dəfə
Bülbül dərdini içinə atıb səssizcə
inləyir. Bir gecə Gül Gülşəndə
əylənərkən uzaqdan onu seyr edir. Sonunda
dayanamayıb Gülə bir məktub yazır və Nərgizlə
ona göndərir. Gül bu məktuba vəsli
müjdələyən bir məktubla cavab verir. Bu xəbəri
alan Bülbül sevinclə ötməyə
başlayır. Ancaq qısqanc və fitnəkar
Süsən həmən Tikanın yanına gedir. Tikan Bülbülü yaralayıb təhdid edir və
Gülşəndən uzaqlaşdırır. Bunu öyrənən Gül Tikana hirslənir,
Bülbülə yaxşı rəftar etməsini söyləyir.
Buna görə Tikan Şah Bahara gedib şikayət
edir. Şah Bahar bülbülü
yaxaladıb bir qəfəsə həbs edir. Bu zaman Şərqdən Şah Təmmuz adlı bir
hökmdar Gülşən şəhərinə hücum
edib, onu almaq istəyir. Öncə Badi Səmum
ilə Bahar Şahı təhdid edir, sonra komandanlarından
Şəmsi-Münir gələrək Gülşən şəhərini
qəsb edir. Bahar Şah Gülü də
götürüb bilinməyən bir tərəfə
qaçır. Şah Təmmuz da öz
ölkəsinə qayıdır. Bir
müddətdən sonra şimaldan gələn Hazan Şah
Gülşəni boş görüb oraya yerləşir.
Ancaq o da Gülşənə daimi olaraq sahib ola
bilmir. Məğribdən gələn Şah
Şita Gülşəni hakimiyyətinə alır. Bahar Şah güneydə əqrəbası olan
Novruzun yanına getmişdi. Bir müddət
sonra Novruzla birləşib təkrar Gülşənə
hücum edir və ona sahib olur. Bahar Şah
yenidən Gülşənin hökmdarı olur. Gülşən əhli yenə əvvəlki kimi
zövqü-səfa sürməyə başlayır. Bu arada Gül Bülbülü xatırlayıb ona Məltəm
vasitəsilə xəbər göndərib artıq qəm
çəkməməsini, vəslə layiq olduğunun
müjdəsini göndərir. Qəfəs
içində inləyən Bülbül bunu eşidincə
çox sevinir. Sonra Gül də
Bülbülü görməyə gəlib onun yenidən
Gülşənə dönməsini təmin edir. Gülşənə dönən Bülbül yenidən
Sərvdə yerləşir. Gül məclisinə
Bülbülü də dəvət edib eyşü-işrət
edir. Beləcə, Gül ilə
Bülbül birləşir. Təəssüf
ki, fani dünyada bu vüsal da daimi olmur. Bütün
gəlib-keçənlər kimi, Gül və Bülbül də
bəxtin gətirməməzliyinə uğrayaraq fanilər qəfiləsinə
qatılırlar".
Əsərdə şair şəxsləşdirdiyi hər
bir qəhrəmanın mücərrəd bir məfhumun
qarşılığı olduğunu bildirir. Gül ruhu, Bülbül
könülü, Gülşən təni (bədəni), Nərgiz
gözü, Məltəm nəfsi, Sərv doğruluğu,
İrmaq saflığı, Jalə şevqi, Süsən
igidliyi, Bənövşə sadəliyi, Lalə əbədi
sevgini, Sünbül həsədi, Tikan kin və kibri, Şah Təmmuz
qəzəbi, Hazan Şah şəhvəti, Şah Şita fəsadı,
Novruz Şah can aləmindəki aydınlığı ifadə
etməkdədir. Əsər, üslub və ruh
etibarilə orijinaldır, dili sadədir. Bunu şair
özü belə ifadə edir:
Kimseden
istiare itmemişem,
Kimse getdüği yola getmemişem.
Her ne ise eğer hata vü sevab
Akl-i pakümden oldu fethül-bab.
Əsərin
Tanrıya müraciət hissəsində; "Cilve
kıldın cemail-i hübandan,/Zahir
etdün cemalüni andan/Ayn-ı aşıkdan oldun ey Kadir,
/Yine kendü cemalüne nazır" -yazan təriqət (Xəlvəti)
mənsubu şair, İran və Türk ədəbiyyatında
çoxdan bəri söylənən təsəvvüf
inancına yeni bir ifadə vermiş; hər yerdə ilahi
gözəlliyi aramaqda olduğunu sadə bir dillə bəyan
etmişdir:
"Mescide
sanma hayr içün varuram
Ru-yı dildarı seyr içün varuram.
Və ya;
Seni görsün ne yana baksa gözüm
Olsun ismin senin dilimde sözüm.
Fazlının,
sevgiliyə gülə xitabı:
Beni redd
etme şefkat et ey gül
Güle
lazım değil midir bulbul".
"Füzulinin
"Leyli və Məcnun"'unu xatırladan əsərdə
çox bəzəkli, çox obrazlı feerique (pəri) səhnələri;
insan kimi göstərilən (şəxsləndirilən) ney və çəng kimi qamışlar;
gül, bənövşə, nərgiz, süsən və lalə
kimi çiçəklər; nəsim və sərv kimi
varlıqlar, həmçinin sevinc və səfa məclisləri
təsvir edilmişdir:
"Kıldılar
yine işrete ahenk
Yine geldi
figane nay ile çenk
Ehl-i
bağ aldı saz ele saf saf
Gonce ney tutdu naz ile gül def
Hem
benefşe eline çeng aldı
Bülbül
afaka velvele saldı
Aldı
siüsen eline müsikar
Kobuzun Lale aldı tutdı kenar.
İçdller cam-ü nabü
lezzet ile
Öpdüler
lal-1 yari fursat ile
BülbüI
olub safa ile sermest
Nale
eylerdi şevk ile peyvest
Gülden
erüb dımağa büy-ı vefa
Mes t elub şevk ile iderdi sada.
Verüp
el çün zamanede fursat
İkilik
gitdl buldılar vahdet
Bir yere
geldi aşk maşuk
Cümle
bir oldı sabık u mesbük
Subha-dek ayşı
nuş edüb elhak
Verdiler bezm-i lşrete revnak".
(Nümunələr
N.S.Banarlının "Rəsmli Türk ədəbiyyatı"ndan
alınmışdır)
Təsəvvüfdə bədən keçici, ruh
ölümsüzdür. Fazlı Kara təsəvvüfdən fərqli
olaraq məsnəvisini hər şeyin keçici olduğunu
vurğulayaraq bitirir. Ancaq ruhun
ölümsüzlüyündən bəhs etmir.
Beləliklə,
Osmanlı tarixçisi J.V.Hammer tərəfindən 1834-cü
ildə "Gül ü Bülbül, das ist Ros und
Nachtigall" adıyla alman dilinə çevrilib nəşr
edilən, bəzi parçaları şərqşünas
E.J.W.Gibb tərəfindən ingilis dilinə, De Sugny tərəfindən
fransız dilinə tərcümə və nəşr
edilmiş "Gül ü Bülbül" əsərinin
müəllifi Fazil İrəvani yox, XVI əsrdə
yaşamış türk şairi Fazlı Karadır. Əsərin müəllifinin adı Fazlı Kara və
əski əlifba ilə yazılmış əlyazma nüsxəsi
J.V.Hammerin nəşr etdiyi kitabda olduğu kimi verilmişdir.
Digər tərəfdən, Arşak Çobanyanın xaricdə
yaşayan ermənilərin ləhcəsinə çevrib,
"Anahid" jurnalının birinci nömrəsindən
başlayaraq hissə-hissə dərc etdiyi (jurnalın 1-ci
sayından 11-ci sayına qədər), sonu 1900-cü ildə
jurnalın 12-ci nömrəsində dərc edilən və
sonuncu səhifədə (249) "Qızılgül və
Bülbül"ün mənbəyi"
başlığı altında verilən sensasion xəbərin
Fazlı Karanın "Gül ü Bülbül" əsərinə
aid olması ehtimalı güclüdür.
Hammerin Osmanlı tarixçisi, 6 cildlik "Osmanlı
şeir tarixi" kitabının müəllifi W.Gibbin fikirlərini
nəzərə alaraq deyə bilərik ki, Hammerin tərcümə
və nəşr etdiyi "Gül ü Bülbül" məsnəvisi
Fazlı Karaya aiddir. F.Karanın əsəri janr etibarilə məsnəvidir.
Mənbələrdə,
heç bir araşdırma aparılmadan "Gül ü
Bülbül" əsərinin Fazil İrəvaniyə aid
olduğu, "başıbəlalı"
"Qızılgül və Bülbül"ün Le Vayya de
Floribal tərəfindən fransız dilinə çevirilib
Parisdə (1826) nəşr edilən, az vaxtda şöhrətlənən
əsərin çox keçmədən Jözef Von Hammer tərəfindən
alman dilinə çevirilərək iki dəfə;
1832-1833-cü ildə yüksək trajla nəşr
olunması təkrarlanmışdır. Böyük
etimalla əsərlərin (Gül və Bülbül) və
müəlliflərin (Fazlı-Fazil) adlarındakı bənzərlik
də yanlışlığa səbəbiyyət vermişdi.
Halbuki J.V.Hammerin tərcüməsindən bəhs
edən tədqiqatçılar ən azından müasir
dövrümüzdə texnologiyanın bizə verdiyi
üstünlüklərdən yararlanıb əsərin
dijital nüxsəsini (PDF) əldə edə bilərdilər.
O zaman bu yanlışlıq mənbələrdə dəfələrlə
təkrarlanıb tirajlanmazdı.
Beləliklə, J.V.Hammerin tərcümə və nəşr
etdiyi "Gül ü Bülbül" əsəri XVI əsr
Türk şairi Fazlı Karanın əsəridir. Fazlı
Karanın "Gül ü Bülbül" məsnəvisi
istər Türk təzkirəçiləri, istərsə də
Qərb tədqiqatçıları tərəfindən bu
mövzuda yazılan, ən çox təqdir olunan və
araşdırılan, haqqında tədqiqat aparılan əsərlərdəndir.
Hammerin tərcümə və nəşr etdiyi
əsər Geğamyanın tərcümə etdiyi və
Sankt- Peterburqda iki dildə nəşr edilən (1812)
"Qızılgül və Bülbül" əsəri
deyil. F.İrəvaninin əlyazması qədim yurd
yerimiz olan İrəvanda - Matenadaranda saxlanılan, Sankt-Peterburqda
iki dildə nəşr edilən (1812) "Qızılgül
və Bülbül" əsərinin Rusiya arxivlərində
axtarılması daha məqsədəuyğundur və
yalnız yöndə aparılan araşdırmalar Fazil İrəvaninin
"Qızılgül və Bülbül" əsərinin
əldə olunmasına vəsilə ola bilər. Fikrimizcə,
bundan sonrakı araşdırmalar Fazlı Karanın J.V.Hammer tərəfindən
tərcümə və nəşr edilən "Gül ü
Bülbül" əsəri üzərində deyil,
Peterburqda nəşr edilən əsərlər üzərində,
Le De Vayya, Freznan nəşrləri, əgər bunlar varsa,
qarşılaşdırmalı şəkildə
aparılmalıdır. Çünki adları çəkilən
bu əsərlər fərqli tərcümələr də ola bilər (Hammer və Geğamyanın tərcümələri
kimi). Hammerin tərcüməsi Fazlı Karanın olduğu
kimi, digər tərcümələr də Fazil İrəvaninin
əsəri ola bilər. Bu səbəbdən
görkəmli alim, ictimai və siyasi xadim Qafqazın II
Şeyxülislamı Fazil İrəvaninin zəngin elmi irsinin
və bədii yaradıcılığının
araşdırılması vacibdir.
Lütviyyə
ƏSGƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.22-23.