Həqiqətin himayəçiləri
Məhəmməd Füzulinin
"Rindü-Zahid" əsəri haqqında
Oğlum Onura ithaf edirəm...
İnsan
bir ömür boyu bir neçə dildə danışır;
körpə ikən bədən ehtiyaclarının dilində,
uşaqkən arzuların dilində, gənc ikən
ehtirasların dilində, orta yaşda həyat həvəsinin
dilində, qocalarkən təcrübələrin dilində,
müdrik ikənsə qismən "Allahın dili"ndə.
Olur ki, neçə-neçə,
nəsil-nəsil insanlar bəzən bir dildən başqa dilə
keçid etmədən həyatdan köçürlər.
Atalar-oğullar problemi, nəsillərin bir-birini anlamaqda
çətinlik çəkməsi məhz kimin (atanın,
yaxud oğulun!) hansı dildə danışması məsələsindən
qaynaqlanır. Yaşamaq, həm də həyatın
özü isə danışmaq deməkdir.
Yaşayırsansa, hansısa dildə danışmalısan. Məhəmməd
Füzuli "Rindü-Zahid" əsərində, məncə, məhz bu amili - kimin hansı dildə
danışması məsələsini önə çəkir.
Ona görə də əsər söhbət, sual-cavab, dialoq
üzərində qurulub. Rindin və Zahidin keçdiyi həyat
yolları onların danışdıqları dillərlə
görünür.
İnsan əməlləriylə
də danışır. Qədim yunan-roma mədəniyyətində
dialoq aparıcı janrlardan idi. Çünki Allahın sirri
olan insanı qismən də olsa çözməyin yolu onu
danışdırmaqda - dilinin altından çıxarmaqda
idi.
Zahidanə dünya
Zahid
dünya təcrübəsini təmsil edir. O, dünyanın
dili ilə danışır. Valideynlərimiz bizimlə
dünyanın dili ilə söhbətləşir.
Dünyanın dili valideynlərin keçmişidir, onların
təcrübəsidir. Biz isə valideynlərimizlə gələcəyimizin
dili ilə danışırıq. Nəticədə onlar təcrübələrinə
əsaslanaraq, gələcəyin, yəni hələ olmayan
zamanın xəyalından bizi qorumağa
çalışırlar. Çünki rindlər də
vaxtı ilə gələcəklərinin qurbanı olublar.
İnsan qurban verib əvəzində təcrübə
qazanır. Zahidlərin qurban olduqları gələcəklər
rindlər üçün keçmişdir. Rind
yaşamadığı keçmişə qurban getmək istəmir,
Zahid inanmadığı gələcəyə. Bu gün isə
onlar üçün keçmişlə gələcəyin
arasındakı döyüş meydanıdır. Qocalar
keçmişlə, cavanlar gələcəklə silahlanırlar.
Nəsillər təzələndikcə nə keçmiş
bitir, nə gələcək sona çatır. Ona görə
də nəsillər arasındakı problem qiyamət
gününə qədər davam edəcək. Onlar yalnız
Allahın iradəsi qarşısında tərki-silah ola bilərlər.
Hər kəsin öz məntiqi
Dünyanı
onun öz məntiqi ilə anlamayanda həyatın rəngləri
bir-birinə qarışır, yaşamın ilmələri
bir-birinə dolaşır. Mövlana Cəmaləddin Ruminin
"Məsnəvi"sində belə bir hekayət var ki, bir
gün dalğa minlərlə dəniz ilbizini eyni anda sahilə
atır. Sahildə dayanmış bir adam da onlardan bir neçəsini
götürüb dənizə atanda biri soruşur ki, dalğa
onların minlərləsini bircə dalğa ilə sahilə
tullayır. Sən onlardan birini yenidən dənizə atmaqla nə
dəyişəcək? Sahildəki adam cavab verir ki, sənin
üçün heç nə dəyişməyəcək,
mənim üçün də heç nə dəyişməyəcək,
ancaq bunun üçün - əlindəki ilbizi göstərərək
deyir, - çox şey dəyişəcək. Yəni həyata
nəyisə, yaxud kimisə xilas etmək nəzəri ilə
baxanda ömür fərqli anlam qazanır, yaşayırsan ki,
başqasını yaşadasan, yaxşı yaşayırsan
ki, kimisə də daha yaxşı yaşadasan. Yəni
dünya nihilistlərin "dünya mənə görə
var, mən olmayacağamsa cəhənnəmə
dağılsın" diktəsi ilə yox, "mən varam
ki, sən də olasan" qayğısına görə bərqərardır.
Əks halda, dünya öz mehvərindən qopardı və
burada məntiq yox, qəlbin diktəsi, tələbi hökm
edir. Kim ki haçansa öz missiyasının başa
çatacağına inanır, o kəs çox zaman əbədiyyət
heç nə verə bilmir. Dahi Nizami yazır ki:
Nə atəş
bilir ki, yandırıcıdır,
Nə də
su bilir ki, dirilik saçır.
Yəni
onlar - atəş də, su da öz missiyalarını anlamırlar,
yəni su qarşısına məqsəd qoysaydı tükənərdi,
haçansa gücü azalardı. Su, daim var olaraq İlahinin
dünyanı qorumaq missiyasını yerinə yetirir. Sanki su
Tanrının dünyanı qoruyan əsgərlərindən
biridir. İnsan həyatı öz missiyası kontekstində
anlayanda isə o çox şeyi puç sayır və əksər
peşələrin qüsurlu tərəflərini
görür. Zahid o, öz peşəsinə sadəcə
öz missiyasını reallaşdırmaq kimi baxır. Rind də
məhz bu amilə görə ona təklif olunan səlahiyyətləri
ilə dünyaya xeyir verə bilməyəcəyini
düşünür:
- Zahid oğluna
tapşırır ki, ticarətlə məşğul ol. Rind
deyir ki, al-ver edəndə gərək xalqın
satacağına ehtiyacının artmasını diləyəsən
və daim aldığının qiymətini artırasan. Yəni
malı həqiqi dəyərindən artığına satasan
və özün də o artıqla dolanasan. Alverçinin məqsədi
xalqı aldatmaq olduğu üçün daim çox əziyyət
çəkir, az rahatlıq görür.
- Zahid
oğluna tövsiyə edir ki, sənətkarlıq öyrən,
Rind atasının məsləhətinə cavab olaraq deyir ki,
sənətkar bir iş üçün səhərdən
axşamacan çalışır. Gecə də
gündüzün yorğunluğu ilə yatır. Belə
adam dünyadan nə kam ala bilər ki?
Zahid
oğlu Rində deyir ki, elm öyrən. Rind isə yenə
yayınır, Onun fikrincə, elm elə bir şeydir ki, onun
sonu yoxdur. İnsan axırı olmayan işlə məşğul
olanda Allaha yox, özünə inanır. Ona görə alimlər
özündən müştəbehdirlər. Ancaq bəzən
heç bir savadı olmayan insanların Allaha təvəkkül
edərək necə arxayın olduqlarını görürəm.
Rindin
dediklərində həqiqət payı çoxdur. Ancaq o həqiqət
fərdlərin həqiqətidir, cəmiyyətin və
dünyanın yox. Dünya insan taleləri tamamilə fərqli
olsaydı, onda hər kəs müstəsna peşə sahibi
kimi özünə yer tutar, bir-birinin yolunu davam etdirməzdi.
Amma reallıqda dünya tarixi elə təkrarların tarixidir.
Və taleyin təkrarlanması Zahidə aydındır. Və
o da aydındır ki, əgər talelər təkrarlanırsa,
deməli, dünyada sən nə birincisən, nə də
axırıncı. Sən sadəcə sonsuz təkrarların
içərisində özünə yer etməlisən.
Əks təqdirdə, yaşamaq üçün olan həvəsin
şam kimi sönəcək. İnsan öz aləmində
özünü müstəsna hüquqlar tanıdıqca o, bəşəri
missiyasını itirir. Dünya bizə görə var, biz də
dünyaya görə mövcuduq. Bizsiz bütün canlılar
anlamsız olar, bütün varlıqlar olmasa isə bizim həyatımız
öz mənasından xeyli şey itirər. Dünya bizim var
olmağımız üçün, biz dünyanın
yaşaması üçün səy etməliyik. Ölməz
Füzuli yazır ki: "İstənlənləri əldə
etmək qüdrəti və bəxtin qapılarını
açmaq ixtiyarı hamıya bərabər verilmiş və
"bilənlər ilə bilməyənlər bərabər
ola bilərmi" təşfiqini
eşitdirməklə və "insan üçün səylərdən
başqa bir şey yoxdur" xəbərdarlığı
mövcidincə onların huş qılağı açılıbdır.
Ta heç kəs özünü zillət töhmətini
yaranışa istinad etməsin, istək yolunda bir bəhanə
tapıb səy etməkdən əlini çəkməsin". Rind həyatın
sonsuz təkrarlardan ibarət olduğunu anlayır deyə
oğlunu həyatı boyunca hansısa bir işin qulpundan
yapışmağa çağırır. Oğlu isə həyatdan
aralıda dayanmağı üstün sayır. Ona görə
də onların inandıqları həqiqətlər bir
neçə yerə parçalanır.
Odu sudan qoruyan
Devid Cerom
Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin
ideyası müəyyən məqamlarda Füzulinin "Rindü-Zahid"
əsərinin qayəsi ilə oxşardır. Əlbəttə,
Selincer dahi Füzulinin yazdıqlarını
oxumamışdı. Selincerin qəhrəmanı Holden Kolfild cəmiyyətdə
özünə yer tapa, məşğul olacağı sənət
seçə bilmir. Bir-bir bütün sənətlərin,
peşələrin mənfi tərəflərini aşkarlayır
və sonda qərara gəlir ki, dünyada ən təmiz
iş, təmənnasız məşğuliyyət, peşə
çovdarlıqda yıxılmaq üzrə olan
uşaqları ölüm təhlükəsindən
qorumaqdır. Çünki uşaqlar hansısa məqsədin
yox, öz istəkləri üçün
qaçışırlar. Deməli, uşaqların
timsalında arzularının dalınca gedən pak
insanları qorumaq, bəlalardan hifz eləmək
lazımdır.
Zahid də
Rində bir neçə peşəyə yiyələnməyi
məsləhət verir, Rind həmin sənətlərin naqis
cəhətlərini bir-bir vurğulayır. Hər iki əsərdə
əsas ideyalardan biri budur ki, məşğul olduğumuz sənətlər,
peşələr bizi günaha batmağa sövq edir. Biz
hansısa işlər naminə çalışdıqca, istədik-istəmədik
günah peşəkarlarına çevrilirik.
Qazandığımız təcrübələr bizə
günaha batmaq üçün əlavə imkanlar
açır. Selincerin fikrincə, təmiz olan ancaq uşaqlardır,
uçurum isə onların böyüyüb sahib
olacaqları sənətlər, yiyələnəcəkləri
peşələrdir. Rind də düşünür ki, həyatın
verdiyi şansları, imkanları peşələrimizlə əldə
edirik. Peşələr günaha açılan
qapılardır. Hər kəs həmin qapılardan birindən
keçib hansısa sənətin yiyəsi olur. Yaşamaq istəyimiz,
sonra isə daha yaxşı yaşamaq arzumuz sanki hər
birimizin kürəyindən itələyə-itələyə
hansısa bir günah qapısından içəri salır.
Və beləcə hər dəfə bir uşaq
yıxılır...
Məğrurluq pilləsi
Əsərin
girişində Füzulinin belə bir rübaisi var:
İlahi,
sən məni məğrur zahid etmə,
Səndən
uzaq olan bir rind də etmə.
Bununla da
dini anlayan insanın bəzən Allahı
anlamadığına işarə edir. İnsanlar bəzən
din yolunda getdiklərinə görə özlərini cənnətlik
sayırlar və bu müştəbehlikdən doğan
aldanışa inanırlar. Lev Tolstoy "İvan
İliçin ölümü" əsərində qəhrəmanı
çara xidmətdən uzaqlaşıb kilsəyə ona
görə çəkilir ki, bununla çardan daha
böyük olan Allaha xidmət etdiyini nəzərə
çatdırsın. Və
sonra küçədə kimsəsiz uşaqlara yardım edən
bir qadını görəndə anlayır ki, həmin
qadın Xudaya daha artıq bağlıdır, nəinki o -
keşiş. Allaha eqo naminə yox, sidqi-qəlblə
bağlı olmalısan. Bu qızıl ortanı tapanlar ən
səadətli insanlar olur, yerdə qalanlar isə öz mənəviyyatlarını
həyat yarışlarındakı cıdır atları kimi
durmadan çapır, yolları yoran atlar sayaq mənəvən
həkdən salırlar. Əmir Teymurun qoşunu keçən
yerlərdə həmişə yorulub ölmüş at
leşləri qalarmış, uzaq ərazilərdəki fəthlərə
tablamayan at cəmdəkləri Teymurun dörd nala çapan
ordusunun qəsdən qoyulmuş izlərindən
sayılırmış. İnsan gərək öz arzusu naminə
durmadan çapıb öz aqibətini yollarda
çürümüş at cəmdəklərinə tən
etməyə, arada dayana, dünyaya, öz qəlbinə
boylana. Rind ilə Zahid arasındakı Qızıl ortanı
özü üçün mənəvi dayanacaq seçə
bilə... Hüzur da, ürək rahatlığı da o
nöqtədədir...
Rindin
yolu
Əsər
irəlilədikcə Rindin həqiqətləri güclənir:
Zahid deyir ki, sənə bu qədər əziyyət çəkdim,
ancaq mənə oxşamadın. Rind söyləyir ki, insanlar
arasındakı fərq Allahın hökmüdür. Əgər
oğul alim atadan savadlı olsa, deyəcəklər ki,
atasından çox bilir. Belədə oğulun savadı
atasının cahilliyini sübut etməkdən başqa nə
işə yarayır ki?
Zahid deyir
ki, bu dünya əzablar dünyasıdır. Bu dünyada əzab
çək ki, axirətdə rahatlıq görəsən.
Rind cavab verir ki, hər kim ki, deyir dünya
yaradılışdan pisdir, o demək istəyir ki, bundan
yaxşısını yaratmaq lazımdır. Bu isə
Allahın ziddinə getməkdir.
Zahid deyir
ki, şahları mədh et, Rind deyir ki, dünyanı Allah
yaradıbsa, məxluqun başqa bir məxluqa ibadəti məqbul
deyil. Zahidin imtinaları yalnız gəncliklə bağlı
deyil, irfan yolunu tutması ilə əlaqəlidir.
Oğul bəzən
atanın susduqlarından doğulur. Ona görə
övladı susdurmaq, sözünü kəsmək,
arzularının qarşısına keçmək olmur. Hər
kəs övladı ilə öz varlığında
gerçəkləşdirə bilmədiyi arzularına
qovuşmaq istəyir. Sanki övladın həyatı
atanın uzanan ömrün vasitəçisidir. Övlad isə
vasitəçi yox, məqsəd olmaq istəyir. Valideyn
övladı ilə bəzən yolu kəsişəndə
deyil, yolu ayrılanda qovuşur. Rind məscidə, Zahid meyxanəyə
getmək istəyir. Əgər onların hər ikisi meyxanəyə,
yaxud məscidə getsələr, deməli, ruhən
ayrılığa düçar olacaqlar, deməli,
ortalıqda qeyri-səmimi münasibət yaranacaq. Ata oğulun
gedib qayıtdığı qürbətdir, oğul atanın
üz tutduğu qürbət. Ata içəri, oğul
çölə baxır. Rind ilə Zahidi sevgisi ayırır.
Ayrılıq isə qovuşdurur.
Anlayış adamlar...
Rind və Zahid əgər
insandırsa, Rindlik və Zahidlik isə
anlayışlardır. Yəni hər insan hansısa
anlayışın ifadəsidir. Elə insan var ki, şərin,
yaxud xeyirin insan cildindəki ifadəsidir. Yəni əməlimiz
bizi anlayışa, mahiyyətə çevirir, əsl
adımızı əməlimiz şərtiləşdirir.
Rind dini
ismarış kimi qəbul edir. Yəni Allahın kəlamları
onun tapşırıqlarıdır. Zahid isə
Tanrının tapşırıqlarını insana təqdim
edilən şanslar kimi qavrayır. Yəni cənnət və
cəhənnəm insana təqdim edilən şanslardır və
insan onlardan Allah naminə istifadə etməlidir. Ona görə
də Zahid tələbkardır. Çünki insan
şansını dəyərləndirmək imkanına sahib
olarkən tələbkar olur. Tələb əməllərə
və nəticələrə verilən hökmdür.
Məscid və meyxanə ziddiyyəti
Məsciddəkilər də bəzən
Allaha xidmətləri ilə öyünürlər, Füzuli
onları "qürur sərxoşu" adlandırır,
meyxanədə isə insan səhvlərini dilə gətirirlər.
Məhz bu məqamda meyxanə məsciddən Tanrıya daha
yaxın məqamdır. Çünki səhvlərin
etirafı insanın hesab günündən əvvəl
özünü ittiham etməsidir.
Əgər insan öz günahını etiraf edə
bilmirsə, məscid onun üçün riya təkkəsidir,
ikiüzlülük sığınacağıdır. Məscid
insanların gizləndiyi yer yox, Allahın hüzuruna
çıxdıqları məkan olmalıdır. Riyakar
insanlar məscidə gizlənməyə gedirlər, əslində
onlar Allahın evində Allahdan qaçmağa, ondan uzaq
olmağa çalışırlar. Səmimi insanlar isə
meyxanədə belə özlərini Allahın hüzurunda
hiss edirlər. Rind ilə Zahidin mübarizəsi həm də
məkanın şərtiliyini göstərir.
Qovuşan yollar...
Zahid zahirin,
Rind isə batinin dilidir. Ona görə Rindin səsi
torpağın dərinliyindən, zahidin səsi yerin
üstündən gəlir. Rind qəlbin, Zahid ağlın həqiqətlərini
müdafiə edir. Onlar hər ikisi haqlıdırlar. Rindlik və
zahidlik ortaq nöqtədə gözəldir.
Rind meyvədir,
Zahid isə o meyvəni əmələ gətirən ağac.
Meyvə ağacdan ayrılsa da onun yaxınına
düşür. Ona görə Rind də Zahiddən çox
uzaqlaşa bilməz. İnsanın Allaha qovuşması
üçün ömrü, daha sonra isə axirət həyatı
var. Həm Rind, həm də Zahid hazırcavabdırlar.
Çünki onlar hər iki dünyanın haqq-hesabını
çək-çevir edirlər, araşdırırlar. Müəmmaları
özləri gün işığına
çıxarırlar. Onlar dünyanı araşdıraraq, əslində,
özlərini kəşf edirlər. Rindin sualı Zahidi,
Zahidin sualı Rindi düşündürür. Hər
övlad valideynə Tanrının və dünyanın
sualıdır. Rind ilə Zahid iki fərqli ruhi vəziyyətdir.
Sonuncu birgəlik
Əslində,
ata da, oğul da eyni adamdır. Cavanlıq da, qocalıq da bir
ömrün dövrləridir. Rind də, Zahid də bir
insandır. Valideynlər cahilliyini öz ömründə,
müdrikliyini övladının həyatında
yaşayır. İnsan fiziki olaraq heç zaman özündən
kənarda mövcud ola bilmir. İnsan öz canını daim
öz bədəninin içərisində görür.
Övlad vasitəsilə insan varlığını ilk dəfə
kənardan müşahidə edir.
Ölüb öz ömrünü axirətə
bağışlayırsan, övladın sağ qalmaqla bu
dünyada da mövcudluğun davam edir. Yəni övlad vasitəsilə
hər iki dünyada mövcud olursan. İnsan ona
üfürülən nəfəslə özü var olur,
övlada üfürdüyü nəfəslə
dünyanı var edir. İnsan dünyanı var etdikcə məsuliyyəti
artır. Füzuli "Rindü-Zahid"i - atalar və
oğullar əsəri göstərir ki, Rind ilə Zahid səyahətə
çıxır. Onların əqidələri başqa olsa
da yolları birdir. Çünki Allaha gedən yol eynidir.
Ölümün hamını bərabərləşdirməsi
də bu amillə bağlıdır.
Dünyanı
başa vurub axirətə, axirətə çatıb aqibətə
qovuşmaq haqqında yox, yol haqqında düşünməlisən.
Rind dünya, Zahid axirət haqqında düşünür,
arifin dərdi isə yoldur. Çünki Allahla
görüş yolun sonunda - səfərin nəticəsində
baş tutur. Dünyanı başa vurmaq Rindin, axirətə
çatmaq Zahidin arzusudur. Arifin arzusu isə yoldur, o yol
dünyadan da, axirətdən də keçir və Allah o
yolun hər qarışındadır.
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.24-25.