Həsrətəm
Ürəyimdə həsrətim var,
qəmim var,
Araz üstə
yelkən açmış
gəmim var.
O sahildə qardaşım var, əmim var,
Neçə vaxtdır üzlərinə
həsrətəm...
O sahildən bir qız mənə baxıbdır,
Gözlərindən qəlbimə nur axıbdır,
Od-alovsuz
yandırıbdır, yaxıbdır,
Oda salan gözlərinə həsrətəm...
Vətən dərdi dərdimizin
əzəli,
"Heydər baba" gözəllərin gözəli,
Bir dastandır hər şeiri, hər qəzəli,
Şəhriyarın sözlərinə
həsrətəm...
Təbrizimə heç bir şəhər tay olmaz,
Arazımtək yer üzündə
çay olmaz,
Torpağımdan bir ovuc da pay olmaz,
Dağlarına, düzlərinə həsrətəm...
Ana yurdum, dinlə, sənə sözüm var,
Səbirlisən səndə hədsiz
dözüm var...
Bir atəşsən, alovun var, közün var
Kül altında közlərinə
həsrətəm...
Ana dilim dərə keçir, dağ aşır
Nəğmələri bir-birinə yaraşır,
Şəhriyarın Bəxtiyarla yanaşı
Bu torpaqda izlərinə həsrətəm...
De ki
De ki, sevmirəm onu,
Yalan danış adımdan...
De ki, çoxdandır səni
Çıxarıbdır yadından,
Yalan danış adımdan...
De ki, rahatdır indi
Daha heç səni anmır,
Unudub artıq səni
Daha alışıb-yanmır...
Sevgi gözləmə daha
O vəfasız adamdan,
Yalan danış adımdan...
De ki, dərd çəkmir
daha
Unudub olanları,
Ümidi
Allahadır
Faş olub yalanları...
De ki, çox bəxtəvərdir
Feyz alır bu dünyanın
Ləzzətindən, dadından
Yalan danış adımdan...
Amma söyləmə ona
Gördüyün bu halımı...
Dərdimi, məlalımı
Pəjmürdə əhvalımı...
Adsız şeir
İçərdik eşqin badəsin
Gecədən sabaha kimi...
Əzəl gündən yol
gəlirik
Savabdan günaha
kimi.
Tufanı
var, yağışı
var,
Enişi
var, yoxuşu var,
Təbiətin naxışı var
Yarpaqdan
budağa kimi...
Kədəri bol-bol çəkirəm
Ölümümə qol çəkirəm.
Mühəndistək yol çəkirəm
Dodaqdan dodağa kimi...
Sevənlər görüşəndə
Dünya
nura bürünər,
Hər yan gözəl görünər,
Hicran yerdə sürünər
Sevənlər görüşəndə...
Ürək yanar, alışar
Qəm sevinclə barışar,
Təkcə gözlər danışar
Sevənlər görüşəndə...
Vüsal
sevinc gətirər
Daşlar
çiçək bitirər,
Qocalar köks ötürər
Sevənlər görüşəndə...
***
Qışın şaxtasında üşüyən
çiçək,
Gəl səni balamtək bağrıma basım...
Kim səni qoxlamış, sonra da atmış,
Danış, dərdlərinə mən qulaq asım...
***
Sənin
qədəmlərin dəyən
torpağı
Öpüb qoyacağam gözüm üstünə.
Yorulub kədərli düşüncələrdən
Başımı qoyacam dizin üstünə...
Mənimlə aranı saz eyləmisən
Qışımı döndərib yaz eyləmisən,
Guya ki, nazını az eyləmisən,
Yenə naz qoyursan nazın
üstünə.
Mənim
şeirlərim al-əlvan,
rəng-rəng
Söz deyən olmayıb sözüm üstünə,
Mənə dünya boyda bir vərəq verin
Dərdimi-sərimi yazım üstünə...
***
Bir ana qarğışı tutub yolları
Əriyib
yolların torpağı,
daşı
Bu yollar aparıb ər oğulları
Bu yollar aparıb əri, qardaşı...
Həsrət gözlərini yığıb
yollardan
Bu qədər ağlama, Ana,
ay Ana,
Yolların xəbəri yox
oğullardan
Yolları qarğıma, Ana, ay Ana...
Yolların günahı de, varmı
görən
Nə deyək
cəbhəyə gedən
qatara?
Yolların qüdrəti çatarmı
görən
Gedən oğulları geri qaytara?
Yollarla insanlar gələr, gedər də
Ana var min sevinc dərər yollardan
Oğul
şəhid olar müharibədə
Analar günahı görər yollarda...
İllər ötüşsə də
ana gözləri
Hələ yollardadır, hələ
gözləyir,
Duyuram qəlbindən keçən
sözləri:
- Məni tək qoymazlar, gələrlər,
deyir...
Əli ƏLİBƏYLİ
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.25.