Gözəlmiş tənhalığım
Keçmişin
rəflərində itib-batmış xatirələr
Unutmaq
zəncirini qırıb
Yapışır
darıxmağın yaxasından...
Və
vəhşi vüsalın əlləri
ayrılığın
ayaqlarını qapır...
Tale
xətləri ovucumun qırışlarına hopur
Və
qopur ömrümün əqrəbləri saatdan
Əskilir
təqvimlər.
Dəhlizin
divarlarında son ümid rəqsilə
Tənhalaşır
kölgələr.
İndi
bu qurumuş cümlələr
Vergüllərə
dönən nöqtələrlə
Epiloqda
bitəcək
Sonuncu
səhifədə son sətrinlə...
Neçə
güzgüdə ayaqlarını sındırıb
arxanca qaçdı
baxışlar.
Neçə
ip utandı
zaman
asarkən
Arzuları
boğazından...
Kitabarası
qurudulan kəpənəklərin
ölü gözəlliyi kimi
Gözəldir
təkliyim.
Ehtişam,
İki
şam,
Dörd
divar,
Boş otaq fəlsəfəsi
və köhnə qrammofonda retro...
Təbəssüm gizlənən dolu
qədəh
və Freda kahlo:
"İçimdə qırx
qadın
Qırxı da özgə
Qırxı da digəri".
Ayşən RƏHİM
Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.27.