Ömürdən bir an...
(Esse)
Deyirlər, insan həyatı anlardan ibarətdi. Geriyə qayıtmayan
anlardan. Bu anlar olmasa, həyatın
mənası olardımı
heç? Zaman keçdikcə
xatirəyə dönən
anları yada saldıqda onların gerçəkmi, fantaziyamı,
yoxsa yaddaşımızdan
silinməyən şirin
yuxumu olduğunu düşünür və
bəzən də buna inanırıq. Bəlkə insan həyatının hansısa nağıla bənzər bir bölümünü özü-özünə
qısqandığından doğur bu yanıltmaclar?
Bəs, yeri göyə yaxınlaşdıran bir duyğunu yaşayan zaman onun bir
də təkrarlanmayacağını
düşünmək günah
olmazmı? Belədirsə mən niyə bu qədər günaha batıram? Hec bəxtəvərlikdən kövrələn,
gözlərinin yaşında
boğulan görmüsünüzmü?
Görən özünə
qəsd edən insan olurmu ki,
balı zəhərsiz yeyə bilməsin? Bəli, o gün indi
yazdıqlarımı yaşayırdım
gölün kənarında.
Üzük qaşı kimi meşənin ortasında yerləşən gölün
qonağı olmuşdum. İllər öncəsi
məktəbli olanda da ailəlikcə gəlmişdik bura. Onda gövdəsinə sökəndiyim
bu ağacın kölgəsi məni özümdən gizlədə
bilməzdi. Bir də ki, onda
özüm-özümdən küsməmişdim hələ...
Qəribə hisslər yasayırdım. Sevinc, həyəcan,
rahatlıq qarışıq
narahatlıq. Elə
bil icimdən gələn, ancaq özüm eşidə bildiyim bir səs
mənə: "Son görüşündü
göllə, gözlərin
doyunca bax, əksini içinə at,
xatirələrində yaşat"
- deyirdi.
Bədənimdən üşütmə keçdi,
dərindən köks
ötürdüm. Ağlağan körpələr kimi nəfəsim də köksümdən qırıla-qırıla
gəldi.
- Gəl gör burda kim
var?
Aslanın səsi məni elə bil yuxudan
oyatdı. O, az
qala gölə girəcəkmiş kimi əyilib elə böyük məhəbbətlə
nəyəsə baxırdı
ki, məni da maraq tutdu.
Gölə yaxınlaşanda iki qurbağanın üz-üzə durub bir-birinə baxdıqlarını
gördüm. Heç yerlərindən
tərpənmirdilər. Elə bil donmuşdular. Biz də bir-birimizə
baxdıq və bərkdən güldük.
Nəyə güldüyümün səbəbini heç özüm də bilmirdim. Bəlkə
qurbağaları özümüzə
bəzətdiyim üçün,
bilmirəm...
- Gedək, bir qismət yemək yeyək, - deyib Aslan əlimdən tutdu.
Qaça-qaça gölün üstündəki
kababxanaya doğru yönəldik. Qaçırdıqmı onda, ya uçurduqmu, bilmirəm?
Ancaq elə bil uşaq
idik, illərin sığalı nə ağarmış saçlarımıza,
nə də dibinə kədər çökmüş gözlərimizə
çəkilməmişdi. Diqqətimi gənc gürcü qızı çəkdi,
gözlərindən həyat
eşqi yağırdı
bu gözəlin.
Doğru deyirlər ki, cavanlıq gözəllikdi... Bir azdan
o gözəl bizim oturduğumuz masaya yaxınlaşıb gürcü
dilində nə sifariş etmək istədiyimizi soruşdu.
Öz dilindən başqa, başqa dildə danışa bilmədiyini
anlatdı. Onun dilində
danışdığımı görüb sevindi. Sifarişimizi qəbul edib
gah mənə, gah Aslana baxıb
gülümsədi.
- Bizim
mahnılar xoşunuza gəlirmi? - deyib əda
ilə boynunu əydi. Mən onun dediklərini
Aslana tərcümə
etdim. Aslan öz dilimizdə qıza: "Musiqinin dili, milləti olmur, gözəl!" - desə də,
qız elə bil tərcüməsiz anlamış kimi razılıq əlaməti
olaraq başını
oynatdı.
Aslan mənə
baxıb gülümsəyirdi,
mən də ona baxırdım, amma həmin an elə bil qəhər
boğazıma kəndir
salıb boğacaqdı
məni. Bu məqamda
bir melodiya səsləndi, ən çox sevdiyim gürcü mahnısı,
"Ramdeni malodine"
(Nə zamandı səni gözləyirdim).
Musiqinin məni tutduğunu görüb Aslan işarə ilə bildirdi ki, səsini
qaldır. Mahnının səsinə sanki meşədəki quşlar
da səs verir, ağacların yarpaqları da bu musiqinin ritmində
tərpənirdi. Qeyri-ixtiyari
yerimdən qalxıb Aslana yaxınlaşdım,
o da durdu, qollarımı boynuna dolayıb onun gülümsər baxışlı
gözlərinə baxaraq
astadan oxumağa başladım...
Rəqs etsək də, elə bil yerimizdən
tərpənmirdik, torpaq
idi ayaqlarımızın
altında tərpənən,
elə bil meşə idi başımıza fırlanan,
elə bil gölün şəffaf suyu idi əksi
gözlərimizə çökən. Baxışlarımız bir-birinə ilişib qalmışdı, səslənən
musiqinin hər sözü sanki bu lal baxışlarımızdan
oxunurdu. İlahi,
necə də xoşbəxt idim o an, xoşbəxt olduğum qədər də bədbəxt!..
Mahnı bitdi. Biz bayaq göldə bir-birinə baxan qurbağalar kimi donub qalmışdıq.
Mənim qollarım onun boynunda, onun baxışları isə mənim baxışlarımda...
Gülnarə ACALOVA
Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.27.