Xoşbəxtliyin ortaqları
Bayırda
son ilin, bəlkə də, ən gözəl qarı
yağırdı. Sakit, lopa-lopa. Sanki hardasa dünyanın ən
gözəl musiqisi çalınırdı. Mətbəxin pəncərəsindən
görünən mənzərəyə çaydanın
zümzüməsi dəm tuturdu.
Qonşu ər-arvad
yenə dava etməyə başlamışdı. Dava yenə
yavaş-yavaş, şair demiş, vüsət almış, qəfildən
kükrəyib qonşuluq sərhədlərini
aşmışdı. Yenə həmişəki kimi
bütün sözlər açıq-aydın eşidilirdi.
Söhbət hansısa üç manatdan gedirdi - hansısa
Çinarəyə kontur şəklində yüklənmiş
üç manatdan.
Arvad
ittiham edir, ər and içirdi, daha doğrusu,
yalançını söyürdü: "məfailün, məfailün,
failün...".
Sonra
rollar dəyişir, indi də kişi hansısa Aytaca kontur
şəklində yüklənmiş beş manata görə
ittiham edir, qadın and içirdi, daha doğrusu,
yalançıya qarğış yağdırırdı:
"failatün, failatün, failün...
...Bayırda
qəşəng qar yağırdı, çaydan çox
sentimentalcasına dızıldayırdı, ər-arvad mətbəxdə
qarşı-qarşıya oturub gözəl bir çay
içmək şansını qaçırırdı.
Anlamaq istəmirdilər ki, təkcə bir-birinin puluna deyil, həm
də xoşbəxtliyinə ortaqdılar.
Qadın
adamın əsəblərinə işləyən səsiylə
bütün keçmişin arxivini açıb
tökmüşdü. Bu dəfə əruzun həzəc bəhrində:
-
Yadındadı? - ("Deyildim mən sənə mail, sən
etdin əqlimi zail").
Kişi
kobud səslə sərbəst vəzndə cavab verirdi:
- Yalana
bax, sevgilim, tellərindən incəmi?
Çaydan
heca vəznində dızıldayırdı: "Sənsiz belə
havaların ləzzəti yoxdu, dostum".
Bir
sözlə, Adəmlə Həvvanın alma üstündəki
dueti davam edirdi. Təbiət isə min illərdir olduğu
kimi, inadla susurdu.
Qonşu ər-arvad
elə dalaşırdı ki, elə bil bir daha
barışmayacaqdı.
Amma bir
azdan barışacaqdılar. Hadisələr yüksələn
xətt üzrə inkişaf edib, kulminasiya nöqtəsinə
çatanda kişi qapını çırpıb gedəcəkdi.
Qadın da guya fikrini dağıtmaq üçün mahnı
oxumağa başlayacaq, sonra səsi kəsiləcəkdi.
Axşam kişi qayıdacaq, heç nə olmamış kimi
şirin söhbətə başlayacaqdılar. Hər yanı
qəhqəhələri götürəcəkdi.
Amma son on
ilin ən gözəl qarı kəsəcəkdi, çox
güman.
Səhər
ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.29.