"Yalnız kitab yazmaq deyil, kitab

oxumaq da fiziki fəaliyyətdir."

 

Pol Osterin “Believer” jurnalına müsahibəsi

 

Pol Oster: "Mən əlimlə yazıram və qələm sözləri kağıza cızır. Hətta yazılan sözlərin səsini də eşidirəm. Yazdıqca beynimdə eşitdiyim musiqini tuta biləcək cümlələr qurmağa çalışıram"

Pol Oster 1947-ci il fevralın 3-də ABŞ-da, Nyu-Cersi ştatının Nyuark şəhərində, Polşa əsilli, orta səviyyəli yəhudi ailəsində anadan olub. Nyu-Cersi və Nyuarkda böyüyən yazar, Məplivudda Kolumbiya Liseyini bitirib. On iki yaşından, dövrünün önəmli tərcüməçilərindən biri olan yaxın qohumunun kitablarını oxuyaraq ədəbiyyata böyük maraq göstərib. Kolumbiya Universitetində ingilis, fransız və italyan ədəbiyyatı üzrə təhsilini tamamlayan yazar sonrakı illərdə Fransada yaşayıb. Bu müddət ərzində öz qələmini sınamağa başlayıb. Yazmağa başladığı ilk illərdə Pol Benjamin adı ilə detektiv janrda bir roman çap etdirib. Ədəbiyyat aləminə şeirləri ilə qədəm qoyan yazar, daha sonra uzunmüddətli prosesə başlayacaq romançı kimliyindən əvvəl; "Şüşə Şəhər" (1985), "Qarabasmalar" (1986) və "Qıfıllı Otaq" (1986) əsərlərindən ibarət Nyu-York trilogiyasından başlayaraq 80-ci illərdə ardıcıl yazdığı əsərləri ilə məşhurlaşır. Yazarın ən məşhur əsərləri arasında "Yalnızlığın kəşfi", "İllüziyalar Kitabı", "Qırmızı Dəftər", "Leviathan", "Vəhy Gecəsi", "Duman", "Görünməyən", "Yüksəklikdən Qorxma", "Yazı Otağında Səfərlər", "Qaranlıqdakı Adam" və b. əsərlərini qeyd etmək olar.

Amerika doğumlu olan yazar Avropada daha çox sevilir. Ekzistensial fəlsəfəyə yeni perspektiv, yeni baxış bucağı, yeni çıxış nöqtəsi və tamamilə yeni izah gətirib. Amerikada yaşayan yazarın əsərləri iyirmidən çox dilə tərcümə edilib. P.Oster qısa müddət ərzində "mütləq oxunmalı yazarlar" siyahısında özünə yer edib. Yazar oxucularına hər şeyin mümkün olduğuna inandırmaq baxımından usta hesab olunur.

2006-cı ildə İspaniyanın mühüm mükafatlarından olan Asturias Mükafatını ədəbiyyat sahəsində Pol Oster qazanıb. Yazarın "Tüstü", "Gömgöy Üz" adlı ssenariləri məşhur rejissor Veyn Vanq tərəfindən filmə çəkilib. Daha sonra "Lulu Körpüdə" adlı kitabını da, həm ssenarist, həm də rejissor olaraq özü ekranlaşdırıb.

Hazırda həyat yoldaşı, yazar Siri Hustvedt və iki övladı ilə birlikdə Nyu-Yorkda, Bruklində yaşayır.

Amerikalı yazar Conatan Letemin "Believer" üçün hazırladığı Pol Osterlə olan müsahibəsini təqdim edirik.

 

I. Musiqi

 

Conatan Letem: - Mən bura gəlməmişdən əvvəl nə edirdin?

Pol Oster: - Hərgünkü işlərimi. Səhər durub qəzet oxudum. Bir fincan çay içdim. Sonra da yaxınlıqda yerləşən balaca mənzilimə gedib, təxminən altı saat işlədim. Sonra bir az işim vardı. Anam iki il əvvəl vəfat edib, onun əmlakı ilə bağlı görməli olduğum son bir iş vardı - imzamalı olduğum sığorta borcu kimi bir şey. Buna görə də bəzi sənədlərə möhür vurdurmaq üçün notariusa getdim, sonra da bunları poçtla vəkilə göndərib evə qayıtdım. Qızımın qiymət kağızına baxdım. Sonra yuxarı qalxıb çoxlu ödəniş etdim. Məncə, adi gündü. Kitab üzərində işləmək və gündəlik darıxdırıcı işlərlə məşğul olmağın qarışığı olan adi bir gün.

C.L: - Mənimçün altı, ya da beş saat yazmaq həddindən artıq çoxdur. Bu qədər uzun yaza bildiyim vaxt başqa şeylər daha cəlbedici gəlir, necə deyim, xilaskar kimi görünür. Amma yazmağa başlamazdan əvvəl görüləcək başqa işlər varsa...

P.O: - Hə, bu dəhşətdir.

C.L: - Dəhşətlidir.

P.O: - Roman yazmağın - həm fiziki, həm də zehni olaraq - insanı bütünlüklə içinə çəkən bir təcrübə olduğunu başa düşdüm. Ritmi qoruyub saxlamaq, diqqətimi yazdığım yazıya cəmləmək üçün hər gün yazmalıyam. Mümkün olanda, hətta bazar günləri belə yazıram. Əgər o gün heç bir ailə işi yoxdursa, ən azından, səhərlər işləyirəm. Səyahət edəndə tamamilə dağılıram. Əgər iki həftəlik getmişəmsə, əvvəlki işin ritminə qayıtmaq üçün mənə, demək olar ki, bir həftə lazım olur.

C.L: - "Fiziki" sözünü bəyənirəm. Mənim də davamlılıqla bağlı bu cür fetişim var. Özümə konkret səhifə, söz sayı və ya vaxt limiti qoymuram. Mənim yeganə fetişim hər gün işləməkdir. Roman yaxşı davam edəndə onun fiziki keyfiyyəti də olur. Onun atletik komponenti var. Siz sürəti qorumağa çalışır, ardıcıl davam edirsiniz.

P.O: - Yazmaq mənim üçün fiziki bir şeydir. Mən həmişə sözlərin beynimdən deyil, bədənimdən çıxdığını hiss edirəm. Mən əlimlə yazıram və qələm sözləri kağıza cızır. Mən, hətta yazılan sözlərin səsini də eşidirəm. Yazdıqca beynimdə eşitdiyim musiqini tuta biləcək cümlələr qurmağa çalışıram. Musiqini tam istədiyiniz kimi əldə etmək üçün çox işləmək, yazmaq, təkrar-təkrar yazmaq lazımdır. Bu musiqi fiziki gücdür. Təkcə kitab yazmaq deyil, kitab oxumaq da fiziki fəaliyyətdir. Dilin ritmlərində bədənin ritmlərinə uyğun gələn bir şey var. Diqqətli oxucu kitabdakı ifadə edilə bilməyən mənaları öz bədənində tapır. Düşünürəm ki, çoxlarının bədii ədəbiyyatdan anlamadığı budur. Şeir musiqili olmalıdır. Amma insanlar nəsri başa düşmürlər. Onlar faktiki məlumatları ötürən, qeyri-ciddi, funksional cümlələrlə yazılan, qəzet tipli yazıları oxumağa o qədər öyrəşiblər ki, bu xətdən kənara çıxa bilmirlər.

C.L: - Bu, reklamın yaratdığı şiddətli narahatlıqla əlaqədardır, əsasən əsəri ümumiləşdirmək istəyidir. Nəticə, istər-istəməz qeyri-musiqili bir şey olur. Sanki cəsədi götürmüsən, sonra konturlarını çəkib, məzmununu təsvir etmisən.

P.O: - Bilmirəm niyə dünya bu qədər dəyişib ki, indi yazıçıların ictimaiyyət qarşısına çıxıb öz yaradıcılığı haqqında danışması gözlənilir. Bu mənə çox çətin görünür. Bununla belə, adam nəşriyyatlarına, kitabını satmağa çalışan insanlara qarşı müəyyən məsuliyyət hiss edir.

Kitabın harda təbliğ olunacağına özüm qərar verməyə çalışıram. Mən bunu çox tez-tez etmirəm. Arabir meydana çıxıram və bunu yaxşı niyyətlə edirəm. Sonra bir müddətlik yenə tək qalacağıma ümid edirəm. Məsələn, "Peyğəmbərlik gecəsi" romanım üçün təşkil olunan kitab turlarına çıxmaqdan imtina etdim. Bunu edəcək gücüm yox idi.

C.L: - Kazuo İşiquro bu barədə gülməli şəkildə danışır, sanki bütün müəlliflər yekdilliklə buna razılıq verməklə nəhəng, konsensual səhvə yol verirlər. Bu, "Məhbusun Dilemması" kimidir, sonra bu səhvi birlikdə davam etdirməyə qərar veririk. Birimiz kitab turuna çıxırsa, demək hamımız tura çıxmalıyıq. Amma hamı imtina etsə...

P.O: - O, böyük təcrübəsindən yola çıxaraq danışır. Mən bildiyim qədər, heç kimin etmədiyi bir şeyi edib. İki ilə yaxın davam edən kitab turuna çıxıb. Hər yerə, dünyada kitabının nəşr edildiyi hər ölkəyə gedib. Axırda az qala öləcəkdi.

C.L: - Siz "Təsəllisizlər"i oxumusunuz?

P.O: - Oxumaq istədim.

C.L: - Yaşayan yazıçıya aid ən sevdiyim romanlardan biridir. Bir pianoçunun heç vaxt baş tutmayan solo konsert üçün şəhərə gəlməsinin epik Kafkavari hekayəsindən bəhs edir. Kitabın qısa təsvirlərindən biri belə ola bilər: bu, kitab turuna çıxan müəllifin indiyə qədər yazılmış ən uzun və ən acı şikayətidir.

P.O: - Kafkanın gündəliklərində böyük giriş var, o, ictimai oxunuş edən xəyali  yazıçını təsvir edir. Filankəs səhnədədir, insanlar narahat olur, sıxılır. "Bir hekayə də" deyir, "bircə hekayə"... İnsanlar qalxıb getməyə başlayırlar, bir-bir qapını vurub gedirlər. Hamı gedənə və yazıçı kürsüdə tək qalaraq boş otağa kitab oxuyana qədər, "axırıncıdır, axırıncı oxuyuram" deyib yalvarmağa davam edir.

 

II. Film

 

C.L: - Deyəsən, roman yazmaqla ilkin münasibətini bərpa edə bilmisən. Son iki romanında aydın olan konsentrasiya dərəcəsindən və artıq yeni romana başlayıb dərinliklərə getdiyini deməyindən anlayıram bunu, yaxşı xəbərdir.

P.O: - Bəli, dərinliklərinə qədər.

C.L: - Romanın tələb etdiyi eksklüzivlik haqqında fikirlərinlə həmişə həmfikirəm. Ona görə də kino dünyasında xoşbəxt olduğun illər maraqlı gəlir, bunlar haqqında bilmək istədiklərim var. Geri çəkilməli olduğunu hiss etdin?

P.O: - Kino biznesinə təsadüfən daxil oldum. Kinoya həmişə ehtiraslı sevgim olub, hətta on doqquz-iyirmi yaşım olanda rejissor olmağı düşünmüşəm. Kino üçün lazımi keyfiyyətlərə sahib olmadığım üçün bu yolu getmədim. O vaxtlar hədsiz utancaq idim. Adamların qarşısında danışa bilmirdim və belə düşündüm: "Sakit, bayquş kimi tənhalığı sevən biri olsam aktyorlarla, heyətlə və b. ünsiyyət qura bilməyəcəm". Beləcə, bu fikirdən vaz keçdim. Sonra ironik şəkildə, romanlar çap etməyə başlayandan sonra kino biznesinə qarışdım, çünki adamlar məni kitabların ssenari haqları, orijinal ssenarilər üçün axtarmağa başladılar və nəhayət ki, tora düşdüm.

C.L: - Son romanlarında kinodan bədii ədəbiyyata doğru incə nüanslı dönüş müəyyən etmişəm. Son iki kitabında rəssamlar təsvir edilmişdi. "İllüziyalar Kitabı"nda baş qəhrəman kinorejissordur və personajın filmlərinə dair uzun və çox gözəl təsvirlər var. "Peyğəmbərlik gecəsi"ndə əsas qəhrəmanın romançı olduğunu və onun davam etməkdə olduğu romanını oxuyuruq. Maraqlandığın şeylərdə dəyişiklik olduğunu deyə bilərik?

P.O: - İcazə verin, buna bir az aydınlıq gətirim. Film çəkdiyim illərdə heç vaxt romandan vaz keçdiyimi düşünməmişəm. Veyn Vanqın iki filmi iki ilimi aldı. Möhtəşəm təcrübə idi. Ən böyük ləzzətlərdən biri bir müddət otağımdan çıxıb insanlarla işləmək və yeni düşüncə tərzinə beynimi açmaqdı.

"Körpüdəki Lulu"da hadisələr belə oldu. Mən Vim Venders üçün ssenari yazdım, lakin problem yarandı; filmin rejissorluğunu edə bilmədi. Onun təkidi ilə mən bu işi öz öhdəmə götürmək qərarına gəldim. Bir anın içində ömrümün iki il yarımı getdi. Amma bu həm də unikal təcrübə idi, bunu etdiyimə görə şadam. Sonra film çəkməkdən qat-qat yorucu olan tanıtım turu başladı. Kitab turlarının çətin olduğunu düşünürsən. Amma filmlər öldürücüdür. Yaponiyada iki gündə qırx müsahibə verdiyimi xatırlayıram, bir-birinin ardınca uzun söhbətlər. Çox yorulmuşdum, xəstələndim, xəstəxanaya düşdüm. Onda bir qərar verdim. Film çəkməkdən nə qədər həzz alsam da, işi dərk etməyə başlasam da, bunun tam ştatlı bir iş olduğunu gördüm. Bu, hobbi kimi məşğul olacaq bir şey deyil. Film çəkməyə davam etmək üçün yazmağı dayandırmalı idim, bundan söz belə gedə bilməzdi. Etməli olduğumun roman yazmaq olduğu mövzusunda fikrimdə heç bir şübhə yox idi. Beləliklə, heç bir peşmanlıq çəkmədən çox xoşbəxt şəkildə film sektorundan uzaqlaşdım. Mən artıq kino sənayesində deyiləm.

Amma "İllüziyalar Kitabı"na, Hektor Manna və onun kino karyerasına qayıtsaq, Hektor kino sektoruna qarışmamışdan çox əvvəl beynimdə doğulmuşdu. Səksəninci illərin sonu, ya da doxsanıncı illərin əvvəlində o, kostyumu, qara bığıyla tamamilə bu obrazda ağlıma gəlmişdi, onunla nə edəcəyimi bilmirdim. Bir ara oturub onun səssiz filmləri haqqında hekayə kitabı yazacaqdım - hər hekayə üçün fərqli bir film. İndiki roman şəklini alana qədər illərlə beynimdə o hekayə ilə dolaşdım. Adamlar "Bu, Osterin film dünyasına daxil olması nəticəsində yarandı" deyirlər, amma əslində bütün bunlardan çox əvvəl yaranıb.

Kino biznesindəki bu kiçik macəra haqqında deyiləcək son şey budur ki, bu yaşlarda - qırx yaşımın ortalarından danışıram - çox az adam yeni bir şey öyrənmək şansı qazanır. Əvvəllər sınamadığınız bir şeyi sınaqdan keçirmək baxımdan mənimçün yaxşı təcrübə oldu. Beş il roman yazmamağım yaxşı oldu. Həmin dövrdə yazdığım yeganə nəsr əsəri pul haqqında kiçik avtobioqrafik essem (Hand To Mouth) oldu.

C.L: - Mən də indi bununla məşğulam. Yetkinlik həyatımda roman yazmaqla bağlı ən uzun fasilənin ortasındayam. On səkkiz yaşımdan roman yazmağa başlamışam.

P.O: - Mən də.

C.L: - Əlbəttə ki, yaxşı deyildilər, amma o vaxtdan bəri yazmaqdan bu qədər uzaqlaşmamışdım. Mən on iki il ərzində inanılmaz dərəcədə reklam etdim və sonra iki kitab - bir qısa hekayə və bir esse - üzərində işlədim.

P.O: - Bunda utanılası şey yoxdur.

C.L: - Təşəkkür edirəm. Amma kluba gəlib butsunu geyinərək qaçmağa öyrəşmiş idmançının bədənini düşünün. İyirmi ildir bu məşqə vərdiş etmiş yazıçı orqanizmi üçün də belədir...

P.O: - Elədir, zəiflədir.

C.L: - Bəli, zəiflədir. Bir az bezdiricidir. Mənim heç nədən utanmadan şirin ambisiya hissi olan bir yazıçı dostum var. Bir az Tolstoyla boks yarışına çıxan Norman Meyler kimi bir adamdı. O məni daima narahat edən bir şey dedi: "Keçmişə baxsan, görərsən ki, bir neçə istisna olmaqla, romançılar otuz beş ilə əlli beş yaşları arasında ən uğurlu dövrlərini yaşayırlar. Gənclik enerjisi ilə təcrübənin kəsişdiyi dövrdür bu". Mən isə qırx yaşlarımın əvvəlindən bir neçə ili artıq kənara qoymuşam.

P.O: - Sənə rahatlıq gətirəcəksə deyim ki, mən sənətdə heç bir qayda-qanun olmadığına inanan biriyəm. Hər kəsin yolu fərqlidir. Bir gün Fransadakı naşirim mənə dedi ki, bir yazıçının iyirmi yaşı var və bu müddət ərzində onun ən yaxşı əsərləri yazılıb. Mən buna o qədər də inanmıram. Maraqlısı odur ki, işləməmək çox asandır. Bəli, yazmaq zərurətdir və çox vaxt zövqdür, lakin bəzən böyük bir yük və dəhşətli mübarizə də ola bilər.

C.L: - Bunu eşitdiyimə şadam.

P.O: - Mənim vəziyyətim belədir, mən mütləq otağa girib Co Luis ilə on raund keçirməyə hazır bir boksçu hissi ilə stolumda oturmuram. Otağa barmaqlarımın ucunda daxil oluram. Sonraya keçirirəm, təxirə salıram. O vaxt üçün etməməli olduğum kiçik işlərlə məşğul oluram. Yavaş-yavaş gəlib qapıdan gizlicə çıxıram. Əlimdə hazır doldurulmuş silahla otağa girmirəm. Elə etsəydim, yəqin ki, öz ayağımdan vurardım.

 

III. Yer

 

C.L: - Balaca mənzilinə gedəcəyini deyəndə ağlıma başqa fikir gəlmişdi. Ümid edirəm ki, çox gözəl evinin olduğunu deməyimə etiraz etməzsən. Fantaziyalarımda heç vaxt çıxmaq istəmədiyim bir evdir. Bu evdə gözəl bir iş otağı olardı, orada yazardım. Əslində, iş otağını elə təşkil etmisən ki, evdən gizlicə çölə çıxa biləsən. Bu qaçaq, xərçəngvari hərəkət sayəsində yazıçı inkişaf edir.

P.O: - Bir az mürəkkəbdir. Biz uşaqlarla birlikdə balaca mənzildə yaşayanda iş yerim yox idi, ona görə də özümə kiçik bir studiya tapdım. Altı-yeddi il orada işlədim, sonra bu evi aldıq. Əvvəllər aşağıda kirayəçilər var idi, lakin bir müddət sonra onlar getdi və mən işimi bura köçürmək qərarına gəldim. Bir müddət aşağı mərtəbədə çox rahat işlədim. Amma keçən il evlərin təmirinə başlanılıb. Bizi podratçılar, dülgərlər, santexniklər, elektriklər və boyaçılar həddindən çox "narahat etməyə" başladılar. Gah qapı döyüldü, gah zəng gəldi. Gördüm ki, diqqətimi toplaya bilmirəm. Bəlkə də, köhnə iş tərzimə qayıtmalıyam deyə düşündüm. Təxminən doqquz ay əvvəl məhəllədə kiçik bir mənzil tapdım, çox yaxşı çıxdı. Möhtəşəm evdir. Bu, Sirinin (Osterin həyat yoldaşı Siri Hustvedt) gözəl estetika hissinin, harmoniya və nizam yaradan mükəmməl gözünün məhsuludur. Amma düşünürəm ki, daha kobud, daha qarışıq mühitdə işləmək mənim üçün daha yaxşıdır. Mən həmişə bir növ Kaliban (tər. V.Şekspirin qəhrəmanlarından biri) olmuşam. Özümü boş yerdə daha xoşbəxt hiss edirəm.

C.L: - Mənimçünsə bu belədir, deyəsən, yerlə bağlı əlaqəni xoşlayıram. İnsanlar haqlı olaraq Bruklinə, bura aid yazmaq üçün qayıtdığımı düşünürlər, amma maraqlı fakt odur ki, mən Bruklin haqqında kitablarımın çoxunu Torontoda, Saratoqa Sprinqsdə, ya da alman otellərinin lobilərində yazmışam. Deyəsən, Bruklin haqqında bir az uzaqdan, keçmişə baxaraq, onun həsrətini çəkərək daha yaxşı yazıram.

P.O: - Coys və Dublin kimi. Təsadüfə bax ki, mən də hazırda Bruklin haqqında yazıram. Sonuncu kitab "Peyğəmbərlik gecəsi" iyirmi iki il əvvəlki Bruklin haqqında idi. Hazırda bugünkü Bruklindən yazıram. Sənə yeni romanımın adını deyə bilərəm, çünki dəyişdirmək fikrində deyiləm: "Bruklin Axmaqlıqları" (The Brooklyn Follies). Bu, bir növ komediya yazmaq cəhdidir. Əvvəllər girmədiyim sahədir, yazdığım hər sözə şübhə ilə yanaşıram, çox əylənirəm və buna baxmayaraq, nəhayət, ortaya maraqlı bir şey çıxaracağımı düşünürəm. Ən azından belə ümid edirəm.

C.L: - Səbirsizliklə gözləyirəm.

P.O: - İnsan özünü təəccübləndirməyə çalışır. Əvvəllər etdiklərinizin əksinə getməyə çalışırsınız. Bütün əvvəlki işlərini yandırıb məhv etmək istəyirsən; hər yeni layihə ilə özünüzü yenidən kəşf etmək istəyirsiniz. Məncə, bir şey vərdiş halına gələndə sənətkarı öldürür. Özünə meydan oxumalı və nailiyyətlərinin üzərində dayanmamalı, keçmişdə etdiklərin barədə düşünməməlisən. Bir şey bitən kimi dərhal başqa şeylə məşğul olmağa başlayıram. Burası dəqiqdir ki, dünya, yazmağa hər oturanda fərqli yanaşma ilə ələ ala biləcəyiniz qədər böyük və maraqlıdır.

C.L: - Bütün hallarda, sənin səsin sonda özünəməxsus olacaq. Beləliklə, öz əvvəlki əsərlərini görməzlikdən gəlmək cəhdlərinə baxmayaraq, kitabların birlik içində olacaq.

P.O: - Mütləq, çünki özünüzdən qaçmaq cəhdləriniz faydasızdır. Kəşf etdiyiniz tək şey özünüz və köhnə vəsvəsələrinizdir. Öz düşüncə tərzinizi manyakca təkrar edirsiniz. Amma yenə də cəhd edin. Düşünürəm ki, bu cəhd müəyyən hörmətə layiqdir.

C.L: - Gülürəm, çünki nəhayət, yeni romana başlamağa hazırlaşanda əmin olduğum yeganə şey tərk etdiyim, yenidən etməkdən imtina etdiyim şeylərdir. Bruklin mövzusundan qaçıram. Valideynlər və uşaqlar haqqında yazmaqdan çəkinirəm. Mən də başa düşdüm ki, hər kitab nə qədər fərqli olduğunu düşünsəm də, ölümcül risklər daşıyır. Məsələn, bir adam başqa bir adama silah çəkə bilər. Buna görə də özümü emosional risklərlə məhdudlaşdırmağa qərar verdim.

P.O: - Bəli, düzdür. İndiyə qədərki sərhədlərinizi dərk etdikdən sonra onları genişləndirmək şansınız var. Hər bir sənətkarın hüdudları var. Heç kim hər şeyi edə bilməz. Mümkün deyil. Sənətin gözəl tərəfi odur ki, o, müəyyən bir məkanı, fiziki və zehni məkanı əhatə edir. Hər səhifəyə bütün dünyanı yerləşdirməyə çalışsanız, xaos yaradacaqsınız. İncəsənət, haqqında danışmalı olduğunuz tək şeyə diqqətinizi cəmləyə biləsiniz deyə, demək olar ki, hər şeyi atmaqdan ibarətdir.

 

2005

 

Hazırladı: Nilufər HACILI

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.30-31