XX əsr yəhudi şeiri - Səlim Babullaoğlunun təqdimatında

 

Raxel Bluvşteyn

 

Raxel Bluvşteyn - 1890-cı ildə Saratovda anadan olub. Uşaqlığı gəncliyi Poltavada keçib. Yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb. 1909-cu ildə Rusiyanı tərk edərək indiki İsrail dövlətinin Rehovot şəhərinə köçüb. 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb geri qayıda bilməyib. Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Vərəm xəstəliyinə yoluxub. Elə ən yaxşı şeirlərini bu zaman - tənha ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb. Bu dövrdə bədii tərcümə ilə ciddi məşğul olub. Şeirlərinə çoxlu mahnılar qoşulub. İsrailin milli şairəsi olaraq qəbul edilir. 1931-ci ildə Təl-Əvivdə vəfat edib.

 

***

 

Titrək əllərinlə sığal çəkəndə

saçıma, istidən üşüdüm, dondum,

çəkilməz dərdlərin məngənəsində

qaldım, qəfil kədər ruhuma qondu.

 

Bizdən yer üzündə biri-birinə

göydəki ulduzlar daha yaxınmış,

içək badəmizi, enək dibinə -

tale yazısını beləcə yazmış.

 

***

 

şirin misralar,

xoş kəlmələr

yazmadım adına

gözəl vətənim.

O çay kənarında

o palıd ki var,

mən əkdim,

o izlər mənimdir, mənim.

 

Bilirəm, ay anam,

yoxdur bir şübhə -

qızının sovqatı

yaman kəmdir, kəm.

Bir azca qəhqəhə -

günəş doğanda,

Bir azca göz yaşı -

bədbəxtliyindən.

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.28.