Alp Ər Tonqa-
Turanın qurucusu
Türklərin atası. Əl Biruni onu Tuc ət
Türk (türkün çətiri) adlandırır. Zəki Vəlidi Toğana görə, Əhəməni-kəyanilər
tərəfindən Azərbaycanda öldürülən Alp
Ər Tonqanın qisasını Keyxosrovdan "Amazon-Massaget
oymaqlarını yönəldən" "Turanlı Tomris
xanım elə Azərbaycanda - Araz çayının sahilində"
alıb. Türk tarixinin bilinən,
yazılan ilk hadisələri Azərbaycanda baş verib və
dünyada türk yurdu olaraq görünən ilk Vətən
Azərbaycandır. Azərbaycanın ilk
fatehi isə Alp Ər Tonqadır. Gündoğandan
günbatanadək yayılmış məmləkətində
Ərdəbil, Naxçıvan, Şabran, Gəncə,
Bakı, Qəzvin, Qum, Mərv, Buxara, Turfan, Almalı, Ramitan,
Daşkənd, əski adı Əfrasiyab olan indiki Səmərqənd,
Barçuk, Balasaqun... və özünün Ordu Kənd
adlandırdığı Kaşqar da daxil olmaqla bir çox
şəhərləri Alp Ər Tonqa qurmuşdur. Marağa "yaxınlığında bəzi yerlər
və bir körpü Əfrasiyabın yapısı olaraq
göstərilir". Nerşahinin "Tarixi-Buxara" əsərinə
istinad edən Osman Turan yazırdı ki, "Əfrasiyab
dünyanı fəth etdiyi üçün Xarəzm, Xorasan,
İran və Azərbaycanda da bir sıra şəhərlər
onun tərəfindən qurulmuş və xatirələri
oralarda yaşamışdır". Zəkəriyyə
Qəzviniyə istinadən Zəki Vəlidi Toğan
Şabranın Alp Ər Tonqa tərəfindən paytaxt olaraq
qurulduğunu deyir. Evliya Çələbi isə "Səyahətnamə"sində
Naxçıvan "zamani-qədimdə Şah Əfrasiyab tərəfindən
bina edilmişdir. Bu gün də
atalarının dəfn edildiyi qübbələr mövcuddur.
Onun vaxtında Naxçıvan çox
abadlaşmışdır", - deyir. Deməli,
Naxçıvanda Alp Ər Tonqanın atalarının dəfn
edildiyi qübbələr Evliya Çələbi zamanına,
yəni XVII yüzilə qədər qalırmış... Və təkcə şəhərlər deyil,
Əfrasiyab - Alp Ər Tonqa bütün türklərin mənqəbəvi
atasıdır. Firdovsi "Şahnamə"sindən əlli
il əvvəl qələmə alınmış "Muruc
üz-Zehab" əsərinə istinad edən Osman Turan
yazır: "Ərəb müəllifi Məsudi türklərdən
və türk xaqanlarından bəhs edərkən bir çox
şəhərlərə sahib bulunan çeşidli türk
qövmlərindən, Oğuz, Dokuz Oğuz, Karluk, Gimek, Xəzər
və Barskanlardan, Fərqanə və Daşkənd bölgələrində
oturan uzun boylu və gözəl karluklardan bəhs etdikdən
sonra: - "Əfrasiyab bu türklərin hökmdarı və
xaqanlar xaqanı olub, bütün türk ölkələrinə
hakim idi; digər xanlar ona tabe bulunurdu. İrana
hökm edən Əfrasiyab bu xaqanlara mənsub idi", - deyərkən
Gök Türk (Oğuz) mənşəyini və xanədanını
Əfrasiyaba bağlayırdı". Mete xanı tarix səhnəsinə
çıxaran Hunlar da, Satuq Buğra Xaqanın timsalında
qaraxanlılar da, qaramanlar da, uyğurlar da, səlcuqlular da, xarəzmşahlar
da, yakutlar da, kınık boyu da öz şəcərələrinin
Əfrasiyabdan gəldiyini söyləyirlər. Əbülqazi
Bahadur xan "Şəcərei-Tərakimə" əsərində
yazır: "Səlcuqlular öz ulu babalarını sayaraq,
otuz beşinci nəsildə (onları) Əfrasiyaba
çatdırırdılar". Deməli,
türk tarixində Əfrasiyabın nəslindən olmadan,
"Ali-Əfrasiyab" sayılmadan hər hansı bir
sülalənin hakimiyyət və xanədan qura bilməsi
mümkün hesab edilməyib.
"Troyanın Turana dəxli varmı" yazımdan
sonra Turanın qurucusu Əfrasiyab - Alp Ər Tonqa barədə
yazmağı zəruri hesab etdim. Çünki
Troyanın ardınca Etrusk sivilizasiyasından sonra tarix səhnəsinə
Turan imperatoru Alp Ər Tonqa çıxır.
Assur yazılarında Maduva, pəhləvicədə
Franqrasyan, yunanca Madyes, farscada Əfrasiyabdır. Haqqında ilk məlumatı,
daha doğrusu, Əfrasiyabın Alp Ər Tonqa olduğunu
Kaşqalıdan iki il əvvəl (və
ilk dəfə) Balasağunlu Yusuf soraq verir: "Bu türk
begleri de adı bilgülüg...Tunga Alp Er erdi katı
bilgülüg. Tacikler ayur annı Efrasyab. Bu Efrasyab tutu iller talap". (Bu
türk bəyləri arasında adı məşhur,
iqbalı ayan-bəyan olanı Tunqa Alp Ər idi. O,
yüksək bəyliyə və çox fəzilətlərə
sahib idi; bilgili, anlayışlı və xalqın seçkini
idi. Seçkin, yüksək, yigit adam idi!..
Əfrasiyab axınlar salıb, ölkələr fəth
etmişdir".(Reşit Rahmeti Arat nəşri.
Ankara, 1959).
Türk mifoloji təsəvvüründə Əfrasiyab
sanki yunan Aresi əvəz edir. "Türk Milli
kültürü" əsərində İbrahim
Kafesoğlunun qənaətincə, Əfrasiyab adının
etimolojisi elə savaş tanrısı anlamına gəlir.
Türk Cahan hakimiyyəti, yaxud İran-Turan müharibələri. Zəki Vəlidi Toğan
yazır: "Türk dastanlarında Tonqa Alp Ər, İran
dastanlarında Əfrasiyab adı ilə tanınan qəhrəmanı,
böyük Saka dövlətinin ən şövkətli
dövrünü yaşadan böyük qəhrəman olaraq qəbul
ediyoruz".
Saka
imperatorluğuna xaqanlıq etdiyi illərdə Alp Ər Tonqa, az qala, həm də dünyanın
hökmdarına çevrildi. Xəzəri həm
şimalından, həm də cənubundan dolaşmış
(Z.V.Toğan) ilk fatehimizin hakimiyyət arealı Azərbaycan və
Anadolu da daxil olmaqla Türküstanın içərilərinə
qədər yayılmışdı. Alp
Ər Tonqa Balkanlardan Çin səddinə qədər,
Türküstan və İranı da içərisinə
almaqla Misirədək uzanan bir cahanın imperatoru idi. Qıpçaq
çölləri, Əfqanıstan, Seyhun, Məkkə, Mədinə,
Qüds Alp Ər Tonqanın hakimiyyətini tanıyır.
Çinin də sahibi odur. Assur kralı
Esarhaddon, Misir fironu I Psammetik Alp Ər Tonqa ilə sülh
bağlamağa can atırdı ki, Misir Alp Ər Tonqa
ordularının ayaqları altında qalıb əzilməsin.
Türküstan fəthindən sonra Əfrasiyab
Hindistanın, Suriyanın, Yahudiyanın, Misirin də fatehi
oldu, Urartu dövlətinin cahan səhnəsindən çəkilməsinə
səbəb də Alp Ər Tonqa olmuşdu. Hətta İranı fəth etdiyi və İran
taxtına sahib olduğu illərdə İrana hücum edən
ərəblərlə də savaşmışdı. Hətta
"Şahnamə"nin bir yerində fars
Firdovsi ərəblərə qızaraq, - "Bir zamanlar
çöldə dəvə südü və kərtənkələ
ətiylə keçinən ərəblər işi o qədər
artırdılar ki, Keylərin taclarını istəməyə
başladılar. Tfu, sənin üzünə, ey qəhbə
fələk, tfu",- deyir. Turanlılar
İran taxtını ərəblərdən qorudu, amma buna rəğmən
farslar İran və Turan arasındakı antaqonizmin səbəbi
kimi onu görürlər. Və heç
şübhəsiz ki, bu antaqonizm bir təfəkkür məsələsidir.
Ziddiyyət Mahmud Kaşqarlının Divanı
ilə Firdovsinin "Şahnamə"si arasında da davam
edir. "Şahnamə"nin
aşağıladığı Əfrasiyabı
"Divani-lüğət it türk" yüksəklərdə
dalğalandırır. Amma buna qədər
də bu antaqonizmin özəl bir səbəbi də
olmamış deyil. Çünki Alp Ər Tonqanın
atası Pəşəng "Alp Ər Tonqa atalarının
öcünü almalıdır" deyib oğlunu
İran-Turan müharibəsinə uğurlamışdı və
həmin savaşda Alp Ər Tonqa atalarının
öcünü almış, İran şahı Nuzəri
öldürmüş və İran ölkəsini hakimiyyəti
altına almışdı.
Bu, kəyani İran ölkəsində
turanlıların ilk zəfəriydi. Keyxosrov ondan İran tacını istəyirdi:
"Ey Əfrasiyab... Heç vaxt keçirmədən qalx,
İrandan çıx get. Madam ki, Turan
ölkəsindən çox xoşlanırsan, elə isə
İranda nə işin var sənin? - deyə
yazdığı məktuba Alp Ər Tonqanın verdiyi cavab
Cahan Hakimiyyətinə iddialı Turan imperatorunun
açdığı savaşların tarixi mahiyyətindən
soraq verir: "İranın mənim olmasının ilk səbəbi,
Firidun oğlu Tur soyundan gəlməmdir. İkincisi
isə İranı ərəblərdən
boşaltmamdır". Alp Ər
Tonqanın varisləri sonralar bunu qəznəlilərin,
qızılbaşların, əfşarların, qacarların
simasında İran torpaqlarındakı min illik hakimiyyətləri
ilə təsdiq etdilər.
"Tövrat"da
yəhidilərə və babillilərə
ünvanlanmış belə bir xəbər var: "Quzeydən
bir ordu gəlir. Dünyanın uclarından
böyük bir ulus hərəkətə keçir. Atlara minib gəlirkən, kükrəyən dənizi
andırır səsləri".
Bu sözlərin Sakalara aid olduğu etiraf edilsə də,
heç kəs bu ordunun başındakı hökmdarın
adını xatırlatmır. Heç kəs etiraf
etmir ki, bu ordu Alp Ər Tonqanın ordusudur. Sakaların
hökmdarı odur...
Mahmud
Kaşqarlının Divanında isə belə bir xəbər:
"Barçuk Əfrasiyabın qurduğu şəhərdir...
Əfrasiyab Barçukda Buthünasrın
oğlu Betzeni həbs etmişdi".
Zəki Vəlidi yazır ki, Keyxosrov "babaları
çağında özlərinə tabe olan Şimali
Midiyanı və doğu Anadolunu Sakaların əlindən
almaq üçün qəddaranə planlar qururdu. Dostluq göstərərək
etimadını qazandığı Maduvanı ziyarətə
çağıraraq sərxoş edib, pusquda qoyduğu
qüvvətlərlə hücum edərək Maduva başda
olmaqla, bütün Saka böyüklərini ələ
keçirərək öldürdü". Hadisə miladdan öncə 624-cü ildə baş
verib.
"Anadolu və Azərbaycan fatehi"
adlandırılan Alp Ər Tonqa Keyxosrovun hiyləsinin
qurbanı oldu.
Kaşğarlı Divanındakı ağıda da bu hiylədən
söhbət gedir: "Ödlək yarağ gözətti... Oğrı tuzak uzattı. Bəglər bəgin
azıtdı..." (Fələk fürsət
gözətdi. Gizli hiylə uzatdı.
Bəylər bəyin şaşırtdı).
Hadisənin baş verdiyi məkan fərqli
versiyalarda təqdim olunur. "Avesta"da
Səadət və fərəh ilahəsi Aşi-yə
ünvanlanmış yalvarışlardan aydın olur ki, hadisə
Çayçast gölünün, yəni böyük
ehtimalla ya Urmiya gölü, ya da Göyçə Gölünün
sahilində baş verib. Və Zəki Vəlidi
Toğanın bildirdiyinə görə, indi də "Təbriz
qapılarından biri Əfrasiyabın başının dəfn
olunduğu yer" kimi tanınır... (Təbriz
Alp Ər Tonqa zamanında Tarmakis adlanırdı).
Alp Ər Tonqa öldü. Fars milli düşüncəsində
Əfrasiyab əclaf, hiyləgər və qəddar biri olsa da,
buna rəğmən, türk milli düşüncəsində
onun ölümüylə "zaman zəifləyir, ululuqlar
azalır, zəif və düşkün olan kimsələr
qüvvətlənir..."
Türk tarixində heç vaxt farslardan qurtuluş
günü bayram edilməyib. Ancaq farslar, Zəki Vəlidinin
yazdığına görə, iyunun 26-da türklərdən
qurtuluş gününü tregan bayramı kimi qeyd ediblər.
Alp Ər Tonqanın bayrağı. Əfrasiyab
ordusunun bayrağı qara rəngdədir. Bahəddin
Ögələ görə, qara rəng türklərdə
müqəddəs tutulur. Fuad
Köprülü Turan ordusunun bayraqlarını təsvir edərkən
yazır ki, Əfrasiyabın bayrağının üzərində
qurd təsviri vardı. Orhan Şaik
Gökyaya görə, üzərində qurd təsviri olan
bayraq yalnız Göy Türklərdə və uyğur
xaqanlarında olub. Yenə də Fuad
Köprülüyə görə, türklər
sancağın başına ataları olduğunu iddia etdikləri
Qurdun xatirəsinə hörmətən qızıldan bir Qurd
başı taxarlardı".
Alp Ər
Tonqanın atası Pəşəng. Alp Ər Tonqanın
atası Pəşəngi Zəki Vəlidi Toğan
Peçeneqlərlə əlaqələndirir:
"Peçenek və Gecene eynidir. Beşenek Əfrasiyabın
babasının ismi sayılmış...".
Pəşəng adının fars dilində
etimoloji izahı yoxdur. Nəvaiyə görə
Pəşəng Firudinin nəvəsi, Turun oğludur. "Şahnamə"yə görə Pəşəng
İranı məğlub edən ilk türk
hökmdarıdır.
Alp Ər Tonqanın inancı. Alp Ər Tonqanın
dini inancı nə idi? Onun ölkəsində
insanlar hansı ilahi qüvvəyə tapınırdılar?
Maraqlı sualdır. Amma
cavab birmənalı deyil. 1. Alp Ər Tonqanı özlərinin
əcdadı hesab edən Göytürklər Tək Tanrı
inancında olublar. 2. Uyğurlar ya maniheist, ya da buddist idilər.
3. Sakalar ilahlara tapınırdı. 4. Yenə də ilk müsəlman
dövlətini qurmuş Qaraxanlıların nəzərində
Əfrasiyab Qaraxanlı hökmdarlar sülaləsinin birinci
adamı idi.
Astiaq, yaxud Alp Ər Tonqa. Əfrasiyabın - Alp Ər
Tonqanın Saka imperatorluğuna hakimlik etdiyi dönəmdə
Babilistana Buthünnasr (II Nebukadnezar) krallıq edir, Babil
kralı Nebukadnezarın xanımı Midiya kralı Astiaqın
bacısı idi. Dünyanın yeddi
möcüzəsindən biri sayılan Babil asma bağları
da onun üçün inşa edilmişdi.
Burda bir haşiyə çıxmaq istəyirəm. Əli bəy
Hüseynzadə "Əfrasiyab, yaxud Astiaq ki, Turan və
Midiya padşahı olub, bir aralıq İranın Mazandaran cəhətlərində
də hökumət sürmüşdür", - yazır.
Hüseynzadənin bu təqdiminə
tarixçilər nə üçünsə həssas
yanaşmayıblar və hələ də yanaşmırlar.
Baxmayaraq ki, belə bir qənaət Şəmsəddin Saminin
"Kamus-ül-Alam" kitabında da var: "Əski yunanilərin
Midiya təbir etdikləri və Azərbaycan ilə Mazandaran və
sair o cəhətlərdən ibarət məmləkətin
daha əski İranilər indində Turandan ibarət bulunmuş
olduğu anlaşılır. O tərəflərin mədəni
abidələrini tədqiq edən alimlər əski
Midiyalıların Turani qövmlərdən olduqları
haqqında nəticə hasil etmişlərdi... Bu halda
Əfrasiyabın Astiaqdan ibarət olacağına şübhə
qalmayıb, İran və Turan arasında cərəyan edən
"Şahnamə"də o qədər möhtəşəm
surətdə hekayə olunan macəraların cümləsi
daha əski Persiya ilə Midiya, yəni Fars ilə Azərbaycan
arasında cərəyan etmiş olur".
Astiaqın Əfrasiyablaşması təəccüb
doğurmamalıdır. Yunan qaynaqları şəxsiyyətləri
gözlənilmədən birləşdirib, heç gözlənilmədən
də eyni adamı bir neçə fərqli adama çevirsə
də, hər halda, məsələ ilə bağlı
aşağıdakı qənaətlərə gəlmək
üçün, məncə, heç bir maneə yoxdur.
Sadəcə, elmə və millətə hər
hansı bir faydası olmayan vasvası yanaşmaları bir kənara
qoyub inanmalıyıq ki, Midiya Turan imperatorluğunun -
böyük Saka dövlətinin nüfuz dairəsindəki
ölkələrdən biri olub. Özlərini
Əfrasiyabın (Alp Ər Tonqanın) övladı
sayanların hamısı Şəmsəddin Saminin nişan verdiyi coğrafiyada yaşayır:
"Turan ismi Midiya ilə kifayətlənməyib Türk əqvamıyla
məskun olan bütün şimali Asiyadan bəlkə
Avropanın şimal-şərq hissəsinə də aid
olunmuşdur". İnanmalıyıq ki, Astiaq
özü də türk mənşəlidir. Heredot da, Ksenofot da II Kiri Astiaqın qızı
Mandanın oğlu hesab edirlər. Və Herodotun
yazdığına görə, Astiaqın atası Kiyaksar Alp
Ər Tonqa ilə yaxın dost olub, hətta Maduvanın - Alp
Ər Tonqanın əsgərləri Kiyaksarın əsgərlərinə
döyüş sirlərini öyrədib. Hətta
belə olduğu təqdirdə belə Alp Ər Tonqa Midiya
dövlətinin güclənməsində iştirak edir.
Əhəməni Kir, yəni Keyxosrov ana
babasının - Astiaqın ölkəsində dövlət
çevrilişi edib və Turan Azərbaycanındakı
hakimiyyəti mənimsəyib. Herodot xəbər verir ki,
"Perslər başlarına bir adam
keçincə özlərini çox utandıran med
boyunduruğundan qurtulmaq üçün sevincdən
atıldılar". Aşkar və aydın
yazılıb. Perslər, yaxud farslar
özlərindən olmayan bir qövmün, medlərin və
onların hökmdarının boyunduruğundan
qurtulacaqlarına sevinirlər. Yaxud yenə
də Herodotun "Tarix"ində hakimiyyəti
midiyalılardan almış Perslərin üzərinə gedən
ordunun başında Saka çarı Madi dayanır. Ancaq bunu da Herodot xəbər verir ki, Astiaqın
atası Kiaksar saka hökmdarı Madi (burada Madi
Əfrasiyabdır) və onun sərkərdələrinə
ziyafət verib, sonra da Madini öldürür.
Yuxarıda yazdım ki, Astiaqın Əfrasiyablaşması
təəccüb doğurmamalıdır. Firdovsinin "Şahnamə"si
və Heredotun "Tarix"i arasında şəxsiyyətlərin
və xronolojilərin təqdimində yaranmış xaotik vəziyyəti
Əli bəy Hüseynzadə də bir neçə yerdə
sezmişdi: "İran tarixi sonralar yazılan kitablarda, ələlxüsus
Firdovsinin "Şahnamə"sində şairanə
mübaliğələrə boğulduğu halda haqqında
söhbət gedən sülalə ilə həməsr olan
yunan tarixçiləri tərəfindən daha təbii bir surətdə
zəbt olunmuşdur. Bunların əsərlərini
bugünkü İran tarixçiləri tərcüməyə
qeyrət etməlidirlər. İranın
Keyqubadını, Keykavusunu, Səyavuşunu və Keyxosrovunu
yunan tarixçiləri Kirus və Kambis namları ilə zikr
ediyorlar. Ancaq Kirus Keykavusamı, yoxsa Keyxosrovamı və
Kambis Keykavusamı, yoxsa Keyqubadamı dəlalət etdiyi
göstəriləmiyor. Lakin bəzi hadisə və
adların bənzərliyinə görə, Kambisin Keykavus və
Kirusun Keyxosrov və Astiaqın Əfrasiyab olduğu
anlaşılıyor".
II Kir -
Keyxosrov Maduvanı - Alp Ər Tonqanı hiylə ilə
öldürəndən yüz il sonra tarix
səhnəsində Tomris görünür. İran
dövlətini cahan tarixinin ən böyük imperiyasına
çevirməyi bacaran II Kir (Keyxosrov) Alp Əp Tonqanın
ölümüylə də kifayətlənməmişdi.
Misir fironunu qarşısında diz
çökdürsə də, Babilistanı yerlə-yeksan edəndən
sonra Sakaların sonuna çıxıb Turanı tarix səhnəsindən
silmək üçün uğraşan II Kirin ən çox
qorxduğu qüvvə Tomris idi. Dünyaya
hökm edən Kir səltənətini qorumaq
üçün Tomrisə evlənmək təklif etdi.
Tomris isə m.ö. 529-cu ildə, Herodotun yazdığı
kimi, II Kiri əsir aldı və Azərbaycanda Araz sahillərində
dünyanın bu günə qədər unutmadığı,
hətta Rubens kimi böyük rəssama ilham verən bir hadisəni
törətdi. Yəni Tomris Kirin
başını kəsib onu qan dolu tuluğa atdı.
Herodota görə, "Massagetlərin hökmdarı
dünyasını dəyişmiş hökmdarın
arvadı idi". Amma Heredot onun hansı hökmdarın
qadını olduğunu bildirmir. Tomrisin cahan səhnəsində
görünməsi ilə Alp Ər Tonqanın
ölümü arasında keçən dövr barədə
Zəki Vəlidi yazır: Milad öncəsi "625-ci sənəsində
Sakaların rəhbəri öldürülüb, onların
Ön Asiyadakı hakim vəziyyətinə son verilməsi
hadisəsi ilə 546-cı ildə Kiruşun səfəri
arasında keçən zaman rəfində İranlılar və
Türklər (Sakalar) arasında mücadilə davam
etmişdir". Əlbəttə, Sakaların rəhbəri
Alp Ər Tonqadan massagetlərin başçısı Tomrisə
qədərki dövrdə perslərlə türklər
arasında savaş davam edib, ancaq bu savaşların müddəti
barədə dəqiq fikir söyləmək mümkün
deyil. Çünki xatırlanan müharibələr
mifoloji kəyanilərlə başlayıb tarixi əhəmənilərlə
sona çatır. Tomrisin isə məhz
Alp Ər Tonqanın qatili ilə haqq-hesab çürütməsi
onun Alp Ər Tonqanın yaxın əqrəbası olduğunu
iddia etməyə əsas verir. Keyxosrovun
(II Kirin) başının kəsilərək
öldürülməsi də sırf qan düşmənçiliyinə
işarət kimi anlaşıla bilər.
Heredot massagetlərin günəşə
tapındıqlarını yazır. Bakıda Gürgan kəndində
tapılmış 2500 yaşlı daş
parçasının üzərindəki təsvir - günəşə
boylanan Qurd (canavar) buranın qədim bir massaget, saka, Turan yurdu
olduğunu təsdiq edir. Məsələ
burasındadır ki, sakaların-iskitlərin
tapındığı baş ilahə Tabiti həm də
günəşin hamisiydi. Massagetlər
yalnız Günəşə tapınırdılar. Eyni zamanda, Tabiti mifoloji təsəvvürlərdə
qanadlı canavarlarla bir yerdə qalıb. Oğuz
Xana görə, Günəş Oğuz övladının
bayrağı idi. Qədim Türk hakimiyyət
sülalərində hökmdarların taxtı üzü
Gündoğar səmtinə baxırdı. Türk düşüncəsində isə güc və
qüdrət simvolu sayılan Günəşin doğduğu
tərəf qutsal bilinirdi.
Heredot skiflərdən (saka-iskit) yazarkən onlara
yaxın olan, eyni xüsusiyyətləri paylaşan nevrlər
barədə də fikir bölüşüb. Skitiyada
yaşayan nevrlər ildə bir dəfə (və bir neçə
gün) qurda, canavara çevrilir, sonra yenidən öz əsl
şəkillərinə - insan halına
qayıdırlarmış. Latışev
yazır ki, milad öncəsi IV yüzildə
yaşamış Filostrot vaxtilə Skitiyada nevr adlanan
xalqın hunlardan başqası olmayacağını bildirib.
Əhəmənilər də bizim məmləkətə -
Turana "keşvare qorsar", - yəni "qurd ordusunun
yaşadığı yer", - deyirdilər...
İndi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qorunan Gürgan mənşəli
daş parçası, daşın üzərindəki qurd və
günəş Heredotun (və digər qədim müəlliflərin)
dediklərini 2500 ildən sonra bir daha təsdiq etdi. Bu daş parçası həm də Bakının
dünyadakı ən qədim türk yurdlarından biri
olduğunu sübut edir. "Avesta"da
Frasyak-Əfrasiyabın sarayı Bakuir dağının
altındadır.
Əfrasiyabın - Alp Ər Tonqanın övladları
barədə.
Kaşqarlıya görə, onun Barsgan, Barman, Zəki Vəlidiyə
görə, Alanca, Xalıq Koroğluya görə Qara xan,
Ruyin Xan, şair Dəqiqidən Firdovsiyə keçən
bilgilərə görə isə Ərcasb adlı
oğulları varmış.
Əlişir
Nəvainin "Tarihi-Müluki-Əcəm" əsərində
Ərcasp türk padşahı olaraq
tanıtdırılır: "Arjaps binni Əfrasiyab kim türk padişahı erdi". Zəki Vəlidi Toğan isə Ərcaspı mifdən
tarixə köçürüb, onu Hun hökmdarı olaraq tədqiq
edir.
Nəsillər dəyişir. Alp Ər Tonqadan sonra
oğlu Ərcasp xaqan olur Keyxosrovdan (II Kirdən) sonra isə kəyan
taxtına oğlu Löhrəsb çıxır və səltənətini
Bəlxdən idarə edir. Keyxosrovun
oğlu Löhrəsbi Əfrasiyabın (Alp Ər Tonqanın)
oğlu Ərcasp öldürür. 583-cü ildə
Ərcaspın Bəlxə hücumları sırasında Bəlxdəki
atəşgədədə 77 yaşlı Zərdüştü
qurd dərisinə bürünmüş qurd sifətli
turanlı Rvaxş Tur - Gök Börü Quz - Boz Qurd
öldürür.
Çox düşündürücüdür ki,
şahı da, şahın tapındığı dinin
peyğəmbərini də - Löhrəsbi də, Zərdüştü
də Alp Ər Tonqanın oğlu Ərcasp cəzalandırdı.
Qız qalası. Əfrasiyabın qız
övladının adı Mahmud Kaşqarlıya görə,
Qazdır. Qaynaqlarda onun Menijə adlı
bir qızının da adı keçir. Dəmirçi
Gavənin oğlu Bijenin sevgilsidir. Lakin
Kaşqarlı Divanında yalnız Qaz barədə ətraflı
məlumat verilib. Qaz Səyavuşun
xanımıdır. Qazın adıyla
ünvanlaşan çox yerlər var. Sibir yörəsindəki
Qaz dağı da, Qaz dağının
yaxınlığından axan Qaz çayının da
Əfrasiyabın qızı Qazın adı ilə
bağlı olduğunu Zəki Vəlidi xəbər verir.
Urmiya gölünün
yaxınlığında da saka dönəminə aid edilən
bir Qız qalası vardır. Alp Ər
Tonqa fəth etdiyi, yaxud qurduğu şəhərlərdə
Qazın şərəfinə Qız qalaları tikdirib.
Bir də Bakıda Qız qalası var. Qala nə
üçün Qız qalası adlanır? Qız
qalası ilə bağlı uydurulmuş rəvayəti bir kənara
qoyub əfsanədəki vacib bir detala diqqət yetirək. Heç şübhəsiz, əsl mahiyyəti təhrif
edilmiş həmin əfsanədə Qız qalasını
Bakı xanı öz qızı üçün
tikdiribmiş. Əfrasiyabın - Alp Ər
Tonqanın bir adı da Buku xandır. Buku
xanı tarixə bağışlamış uyğurlar da
özlərini Əfrasiyab nəslindən sayırlar və hətta
Buku Xanın özünün bir başqası deyil, məhz
Alp Ər Tonqa olduğuna inanırlar. "Güveyni
ayrıca xalq arasında Buku xanın Əfrasiyab olmaq üzrə
tələqqi edildiyini", - söyləyir. Doqquzoğuzların və Alp Ər Tonqa mənqəbələrinin
yayıldığı bir sahədə bir uyğur mənqəbəsində
hələ Bukunun Əfrasiyab olmaq üzrə
tanınmasına heyrət etməməlidir", - deyən
Fuad Köprülünün "Türk ədəbiyyatı
tarixi" əsərində yazdığına görə,
Bukunu maniheizmi dövlət dini olaraq qəbul edən Uyğur
xanı olaraq qəbul etmək doğru deyildir. Buku xan o xanın, sülalənin mənqəbəvi
cəddidir". Bu mənada Baku Bukunu
assosiasiya etdiyi kimi Qız Qalası da Əfrasiyabın-Alp
Ər Tonqanın - Buku xanın Qaz üçün Azərbaycan
ərazisində tikdirdiyi qalalardan biri kimi assosiasiya olunur.
Qız qalasını sasanilərə
bağlayanların nə üçün məhz həmin
dönəmdə yaşamış Alp Ər
Tonqanı-Əfrasiyabı, Əfrasiyabın qızı
Qazı unutduqlarını anlamaq olmur. XX yüzildə
heç şübhəsiz, sasani meyilli düşüncənin
ortaya çıxardığı bir əfsanədə təbii
ki, ata öz qızına aşiq ola bilərdi.(İnsest
kəyanilər üçün qeyri-adi hal deyil) Bəlkə
yeni əfsanə yaradanlar Qız qalasını türk mənşəyindən
ayırmaq üçün Buku xanı - Əfrasiyabı
Bakı xanı Qantemir, Əfrasiyabın qızı Qazı isə
Qantemirin qızı Durna ilə əvəz ediblər?
Əfrasiyab amili türklərin həm də şəcərə,
soy məsələsidir və bu məsələyə ilk
sistemli-elmi baxış Oğuz Xanla Alp Ər Tonqanı
(Əfrasiyabı) eyni qəhrəman sayan Osman Turan tərəfindən
gerçəkləşdirilib. Ziya Gökalpın
"Türk Mədəniyyət Tarixi", Nihal Atsızın
"Türk tarixində məsələlər" əsərlərində
Oğuz Xan Tanrıkut Mete ilə birləşir, eyniləşir.
Ziya Gökalp, Osman Turan və Nihal Atsızın timsalında
romantik türk tarix düşüncəsi (Əfrasiyab) Alp
Əp Tonqa, Tanrı Kut Mete ve Oğuz xanın eyni adamlar
olduğunu irəli sürməklə zamanın dərinliklərində
gələcək böyük Turanın bünövrəsini
qoyur. Əslində, onlar Alp Əp Tonqanın
Saka dövrünə (m.ö. VII - m.ö. III), Tanrı Kut
Metenin isə Hunlar çağına (m.ö.III - m.s.216) aid
olduğunu yaxşı bilirdilər. Amma Ziya Gökalp ən
qədim türk dövlətini türklərlə əqrəbalıqları
sabit olsa belə, dövlət təşkilatlarına, mədəniyyətlərinə,
harslarına dair heç bir məlumatın olmadığı
Şumerlərdən, İskitlərdən, Midiyalılardan,
Sakalardan, Hiksoslardan deyil, tarix səhnəsində öz
dövlət təşkilatı ilə, yazılı mətnləri
ilə görünən Orhun türklərindən, hunlardan,
Gök Türklərdən, tukuyelərdən
başlamağın tərəfdarıydı. Türk dövlətinin
tarixini araşdırmaq baxımından Zəki Vəlidi
Toğan bütün müasirlərindən fərqli konsepsiya
irəli sürdü: "Oğuz Əfrasiyabın idarəsində
bir komandan olsa gərək". Onun "Türk
milli dastanının təsnifi" əsərində səsləndirdiyi
hipotez heyrət doğurur. Zəki Vəlidi mifolojidən
tarixə keçid edir: "Dişi qurd tərəfindən bəslənən
ilk türklərin yurdu Isık Göl yaxınlarındakı
Azık Art dağlarıdır. Türkün dörd oğlu
olur və bunlardan Tüngun...oğlu Alp Ər Tonqa Türk
hökmdar sülalələrinin qurucusu olur... Alanca
Qara Xandan sonra məmləkət türk və oğuz və
ya moğol və tatar, - deyə ikiyə ayrılır.
Moğol nəslindən Qara Xanın oğlu Oğuz Xan (və
ya Oğuz Ata) böyük fəthlər yapır... Oğuz
Xandan sonra oğlu Gün Xan hökmdarlığa keçir... Gün Xandan sonra hökmdarlıq Oğuz sülaləsindən
Buğra Xan sülaləsinə keçir. Qaraxanlıların dastana keçmiş şəkli
olan Buğra Xandan sonra olağanüstü bir doğuşla
dünyaya gələn Çingiz başa keçir".
Beləliklə, mifoloji baxımdan əcdad Oğuzdur. Tarix
yönündən isə sülalənin
başlanğıcı, yəni əcdad kultu bütün
türk aləmində - Oğuzlarda da, Qıpçaqlarda da
böyük Saka xaqanı Alp Ər Tonqaya bağlanır.
Haşiyə:
Tarixə bu rakursdan yanaşmaq həm də 2500 il
əvvəl Qarabağda toxunmuş Pazırıq xalçasındakı
saka və oğuz elementlərinin hansı səbəbdən
iç-içə girməsinə aydınlıq gətirərdi.
Çünki 24 oğuz boyunun şifrələndiyi
xalçada təsvir olunan atların üzəngisiz olması
onu saka amili ilə bağlayır. Dünyada
hələlik ən qədim xalça Altay
yaxınlığındakı Pazırıq kurqanından
Rudenkonun tapdığı həmin xalçadır. Xalça təxminən Alp Ər Tonqanın
yaşadığı illərdə toxunub, dediyim kimi, sak-iskit
dövrünün əlamətləri və türk-oğuz
yaddaşının bütün tarixi mərhələləri
ilə əlaqəlidir. Pazırıq
xalçasındakı hədsiz harmoniya və rəmzlər
oğuz ruhludur. Firudin Ağasoğlunun tədqiq etdiyi
xalçadakı döyüşçülərin atları
üzəngisiz olduğuna görə, onlar Hunlardan daha əvvəlki
dövrün, dünyada ilk dəfə atı ram edən, onu əhilləşdirən,
minib çapan, onu bəzən müqəddəs bir varlıq
kimi əziz tutan iskit döyüşçüləri olaraq dəyərləndirilir...
Alp Ər Tonqanın bacısı oğlu və kürəkəni
Səyavuş.
O həm də Keykavusun oğlu və Keyxosrovun atasıdır.
Hüseyn Cavidin eyni adlı əsərində Səyavuş
anasının adını Xubçehr olaraq xatırladır.
Əvvəl "Avesta"ya, sonra da
"Şahnamə"yə görə Səyavuşu
dayısı Əfrasiyab öldürür və bu,
İran-Turan müharibələrinin daha da şiddətlənməsinə
səbəb olur. "Başda həkim
Firdevsi olaraq şu vaqiəyi təsvir edənlər az deyil.
Müəllif də yorğun
duyğularını dinlətmək üzrə şu mevzuya
doqundu və "Şahnamə"yə yaqlaşmaq istərkən
uzaqlaşmış bulundu". Bunu
Hüseyn Cavid "Səyavuş" faciəsinin
epiqrafında yazıb. Cavid həqiqətən
"Şahnamə"yə yaxılaşmaq istərkən
uzaqlaşıb. Səyavuşun
ölümünə qərarı dayısı Əfrasiyabdan
qabaq, atası Keykavus verir. "Səyavuş"
faciəsində İran şahı Keykavus Çin
elçisindən Əfrasiyab barədə fikirlərini
soruşur. Çinin Əfrasiyab - Alp Ər Tonqa
haqqında, dolayısı ilə türklər barədə qənaəti
belədir: "O bir təhlükədir Irana, Çinə, /
Gündən-günə aşıb durur həddini, / Həm
sizə, həm bizə qarşı var kini". İranla
Çin Turana münasibətdə yekdil qənaəti
bölüşür: "Qorqutmaz bizi öylə
fırtına, / Məndən səlam edin Çin xaqanına!
/ Dostluğumuz sağlam, təməlli olsa, /
Altay üfüqləri batar həp yasa". Cavidin "Səyavuş"u geopolitik məqsədlər
daşıyan bir əsərdir. "Avesta"
da, "Şahnamə" də Səyavuşun timsalında,
təkcə Turan üçün deyil, daha çox Azərbaycan
üçün əbədi problem yaradıb. Elə ona
görə də orta əsrlərdən başlayaraq Azərbaycanın
çözülə bilinməyən sirlərindən biri məmləkətimizdə
Əfrasiyab - Alp Ər Tonqa şəcərəsi ilə Kəyan
(fars) və Saka (türk) qanının birgə
daşıyıcısı Səyavuş şəcərəsinin
fitrən bir-birinə uyuşa bilməməsidir. Bu iki qanı etnomədəni simbioz etmək
mümkün deyil. Çünki ortada qan
düşmənliyi var. Bu isə Azərbaycanın Firdovsi tərəfindən
uydurulmuş taleyidir. Xubçehr "pəri
kimi bir oğul doğdu ki, çöhrəsi Azəri heykəlinə
bənzəyirdi" və həmin oğul bir
başqasının deyil, Alp Ər Tonqanın qəzəbinə
gəldi. "Avesta" da, "Şahnamə"
də bunun əsaslı səbəbini göstərmir.
Göstərilən səbəb çox adidir, tarixi Alp Ər
Tonqanın deyil, ədəbi mətnə gətirilmiş
Əfrasiyabın vəsfəsəsidir... Bunu da
"Şahnamə" edib.
Səyavuş hər nə qədər Turan-İran mədəniyyətlərinin
ortaq dəyərlər sistemini birləşdirmək istəmişdirsə
də, hər halda, o, bir İran atəşpərəsti
olaraq ölmüşdü. Mahmud Kaşqarlı
"Divan"ında Səyavuşun qətlgahı barədə
belə bir məlumat var: "Atəşə tapanlar hər sənə
bir gün buraya gəlirlər. Səyavuşun
öldüyü yerin yörəsində ağlarlar, qurbanlar kəsərlər.
Qurban qanını məzarın üzərinə
tökərlər. Görənəkləri
budur". Bartold da "Moğol istilasına qədər
Türküstan" əsərində Narşahiyə istinad
edərək yazır ki, "Əfrasiyabın
öldürdüyü Səyavuş iç kalenin doğu
qapısı yaxınındaydı və atəşpərəstlər
Novruz günü günəş doğmadan öncə burada
bir xoruz qurban edərlərdi. "Məcusi mərsiyələri"
olaraq bilinən və Səyavuş adına
söylənən şərqilər vardı".
"Avesta" da, Firdovsi də etnogenetik mədəniyyət
bağlantılarını deyil, daha çox etnoslar
arasındakı qan davasını tarixiləşdirib və
İranla Turan arasında bugünədək davam edən
gizli-aşkar ideoloji çarpışmaların əbədi təməlini
qoyublar. Azərbaycanın iki siyasi sahilə ayrılması
ilk dəfə Səyavuşun və Əfrasiyabın
timsalında baş verib. Hadisə daha qədim dövrlərdə,
hər halda, Firdovsidən, ən azı, 1700 il əvvəl
baş versə də, dastanlaşmış ixtişaş, ədəbi-tarixi
təfriqə İranda türk Qəznəli xanədanının
meydana çıxdığı dövrdə yenidən
körüklənib, türk siyasi ehtişamı fars ədəbi
ehtişamı ilə "cavablandırılıb". Kəyani Keykavusla Turanlı Xubçehrin oğlu,
farslarla türklərin qarışıq övladı Səyavuş
Turanla İranın əbədi qonşuluğu, əbədi
qohumluğu, əbədi kədəri və əbədi
ziddiyyətidir. Hətta Səyavuş Turan
qızlarının oxuduğu şərqiyə "O incə
səslərin dalğalı sehri // Xatırlatdı bana anam
Xubçehri" deyə nostalji duyğularla yanaşsa belə...
Səyavuş ümumi bir Mədəniyyət
anlayışının içərisində iki
ayrı-ayrı mədəniyyətlərin birləşdirici
rəmzidir. İran-Turan mədəniyyətləri Səyavuşdan
vahid bir mədəniyyət sistemini yarada bilərdi. Rəsulzadə də bu fikirdəydi. Cavid də
Piranın dilindən Əfrasiyaba - Alp Ər Tonqaya bunu təlqin
edirdi: "Bəncə, Səyavuş qızın Firəngizlə
birləşsə, // Birləşir iki ölkə..." "Avesta" və "Şahnamə" buna imkan
vermədi. Siyasi müstəviyə Syavarşanın (Səyavuşun)
Əfrasiyab tərəfindən qətlə yetirilməsi
çıxarıldı...
Zərdüşt və Alp Ər Tonqa. Yuxarıda da
qeyd etdim, Alp Ər Tonqadan sonra oğlu Ərcasp Löhrəsbi
ortadan götürüb. 583-cü ildə
Ərcaspın Bəlxə hücumları sırasında Bəlxdəki
atəşgədədə 77 yaşlı Zərdüştü
qurd dərisinə bürünmüş qurd sifətli
turanlı Rvaxş Tur - turanlı Boz Qurd öldürür.
(Bu, Turanlı bir kahin də ola bilər) Onu da yazdım ki, Əfrasiyabın dövrü həm
də Peyğəmbərlər dövrüdür. Eremeya Peyğəmbərin dövrüdür. Danyal Peyğəmbərin dövrüdür. Zərdüştün dövrüdür. Zərdüşt
məsələsinə bir də bu aspektdən yanaşaq: Təbərinin
Hişam bin Muhamməd əl-Kalbiyə istinad edərək
yazdığına görə Eremey peyğəmbərlə
Zərdüştün, Daniyal peyğəmbərlə
Keyxosrovun arasında müəyyən münasibətlər
var. Yerussəlimdəki məbədin qurulması barədə
qərar Astiaqın süqutundan sonra - II Kirin (Keyxosrov)
zamanında, Daniyal peyğəmbərin Keyxosrova təlqinlərinin
nəticəsində verilib. "Midiya elindəki
Ahameta Qalasında bir tomar bulundu. Tomarın içində
bunlar yazılıydı: "Kral Koreş (II Kir),
krallığının birinci ilində, Tanrının Yerussəlimdəki
Tapınağına ilişkin belə buyruq verdi:
"...bu tapınağın yenidən qurulması
üçün təməl atılsın". (Tövrat). Beləliklə, Yerussəlim
Yaxın Şərq torpaqlarında kəyanilərin-əhəmənilərin-farsların
iltifatı hesabına dünya yəhudilərini öz
başına yığa bilir. Yəhudi məbədinin təməllərini
fars hökmdarı atır...
"Avesta"da balıq yeyənlər
adlandırılan turlar köçəbə iskitlərdir və
bunlar İrandakı atəşpərəst dini həyatın
düşmənidir. Yenə də "Avesta"ya görə,
"ifrit və cin təbəqəsini təmsil edən
Turanlı quldurların başçısı" Franxrasyan
(Əfrasiyab) ən mənfur şəxsdir. "Avesta"nın "Ardvi sure"sindəki
yaştlarda Əfrasiyab, sadəcə, Turun nəslindən gəldiyinə
görə amansızcasına təhqir olunub. Hətta Pəşəng və Əfrasiyabı məğlub
etmək üçün yüz at, min inək, on min qoyun
qurbanı nəzir edilib. . Əli Əbdoli
"Kadusların tarixi" kitabında yazır:
"Avesta"nın, xüsusən, onun Yaşt hissəsində
qeyd edildiyinə görə, turlar Farax-karita (Kaspi) dənizinin
yaxınlığında məskun bir tayfa olmuşlar və
turların məskun olduğu Turan ölkəsinin
başçısı Əfrasiyab da bu bölgədə
torpaqları ələ keçirmək üçün
müharibələr aparmışdır... Bu
coğrafi yerlərin şimalında (türklər yox) yalanpərəst
turlar (turanlılar), Qafqazın arxasındakı saklar sakin idilər".
Rəy verəni və redaktoru İqrar
Əliyevin olduğu və 2002-ci ildə Tehranda nəşr
edilmiş kitabda yazılanlardan bir şey anlamaq olmur. Xəzər Dənizinin yaxınlığında
yalanpərəst turlar sakindir və onların
başçısı Əfrasiyab bu yerlərdə
torpaqları ələ keçirmək üçün
müharibə aparır və onlar türk deyil.
Yenə də
"Avesta"ya görə (bəlkə də "Avesta"nın təhrif olunmuş mətninə görə),
Əfrasiyab-Franxrasyan "yeraltı dünyada yaşayan əclaf,
hiyləgər və qəddar" bir adamdır. Zəki Vəlidi
Toğan yazır ki: "Narşahidə nəql olunan bir
İran rəvayətinə görə, Əfrasiyab
İranın və Zərdüştülüyün tam bir
düşməni idi". Əslinə qalsa,
sakaların dini həyatı barədə günümüzə
gəlib çatan soraqlar sübut edir ki, sakaların baş
ilahı Tabiti atəşin hamisidir, Atəş məbududur.
Deməli, ziddiyyətin kökü dərindədir.
"Avesta" mətnləri turlarla, əfrasiyabla
bağlı dini deyil, ideoloji düşüncəni təmsil
edir. Və bu ideoloji sistem Firdovsiyə qədər
davam edib. Əks təqdirdə, nə
üçün Firdovsi "Şahnamə"də
bütün bunları yazıya almalıydı? Bunu isə
Fuad Köprülü yazır: "Şeyx Əbül Qasim
Gürgani "Şahnamə"ni məcusilərin mədhləri
ilə doldurduğundan dolayı Firdovsinin cənazə
namazını qılmaq istəməmişdi".
XX
yüzilin əvvəllərində milli triadamız irəli
sürüləndə Azərbaycandakı panfarsist qüvvələr
"Həqayiq" qəzetinin səhifələrdində Zərdüşt
amilini yenidən aktuallaşdırdığından Əli bəy
Hüseynzadə buna dərhal reaksiya vermişdi: "farslar...
yenidən Zərdüştü "təqdisə" və
mədəniyyətini əhyaya qalxışdıqca bizim
onlarla heç bir əlaqəmiz olamaz.
"Füyuzat"ın tutduğu yol türklük, müsəlmanlıq
və avropalılıqdır. Yoxsa
farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti
ilə mədəniləşmək deyildir".
Alp Ər Tonqa və Dədə Qorqud. Yazıçıoğlunun
"Selcuqnamə"sindəki: "Doxsan dəridən
kürk olsa topuğunu örtməyən, doqquz dəridən
şebkülah olsa tükügün örtməyən, doxsan
qoyun dovgalıq, on qoyun öyüncük yetməyən, doqquz
yaşar cüngün silküp atan, qıynağında
göktə dutan, at başın yalmırıb bir kəz yudan
Əfrasiyab oğlu Alp Arız bəy"i Orhan Şaiq
Gökyay Dədə Qorqudun kitabındakı Salur Qazanın
dayısı, Kıyan Səlcuqla Basatın atası,
"altmış kırkıl sakallu qocanın ulusu",
"altmış erkec dərisindən kürk eyləsə
topuqlarını örtməyən, altı ögüc dərisindən
külah etsə qulaqlarını örtməyən, qolu budu
hıranca, uzun baldırları incə, Qazan bəyin
dayısı at ağızlı Aruz Qoca"nı Alp Ər
Tonqanın qardaşı Alp Arızla ("Avesta"da və
"Şahnamədə" Əğrirəslə)
qiyaslandırır.
Əgər Alp Arızı Salur Qazanın dayısı
olaraq qəbul etsək, o zaman Salur Qazan Alp Ər Tonqanın nəvəsi,
Basat isə nəticəsi olmalıdır. Bu da Dədə Qorqudun izlərini
1300 il əvvəldə deyil, 2500 il öncələrdə
aramağa zəmin yaradır.
Firdovsiyə görə, guya Alp Ər Tonqa canını
qurtarmaq üçün gölə atılıb. Hətta belə
olmuş olsa belə, bu, qədim türklərin inanc sistemində
su ruhuna etiqad mərhələsi ilə bağlı
olmalıdır. Çünki türklər
əski zamanlarda suda ölməyi şərəfli
ölüm hesab ediblər. Bu baxımdan
Alp Ər Tonqanın ölümdən qaçması Dədə
Qorqudun ölümdən qaçmasına bənzəyir.
Hələ üstəlik, Dədə Qorqud dərya üzərində,
bir səccadə üstündə əlində qopuzuyla
ölümü gözləmişdi... (Orhan
Şaik Gökyay. Dedem Korkudun Kitabı. s.CCXCIII).
Nizami və Alp Ər Tonqa. Azərbaycanda türk
bütövlüyünü parçalamaq, yeni nəslin milli
inamına şübhə toxumları səpmək
üçün boyunlarına düşən missiyanı
bütün hallarda yerinə yetirənlər hətta: "O
aydırsa əgər, biz afitabıq! // O, Keyxosrovdursa, biz
Əfrasiyabıq!" - deyən Nizami Gəncəvidən
və onun Gəncəsindən də qisas alıblar. Qeyd etdiyimiz kimi, tarixlər də şahidlik edir ki, Gəncəni
Əfrasiyab inşa etdirmişdir. Gəncə farsın hər
varında bir türk yoxu arayan alimlərin dediyinə rəğmən,
fars mənşəli xəzinə mənasına
gələn gənc sözündən deyil, Qiyasəddin
Qeybullayevin dediyi kimi, sakların Gəncək tayfasının
adı ilə bağlıdır. Yaxşı
ki, artıq tarixdə səlcuq dövrü
başlanmışdı və elə bu səbəbdəndir
ki, gəncəli, yaxud gəncəkli Nizami özünü
tarixə "Biz Əfrasiyabıq!" - deyə
təqdim etməkdəydi. "Xəzər dağından
Çin suyuna qədər, // Türklərlə doludur
bütün bu yerlər" deyən şairin doğulduğu
və yaşadığı coğrafiya böyük
Turanın bir parçasıdır: "O qurur özünə
yeni bir mənzil. // Gül fəsli yamyaşıl Muğan -
yatağı, // Yay zamanı yeri Ərmən
torpağı". "Biz
Əfrasiyabıq!" sözünü Nizami Məhinbanuya
Muğanda dedizdirir. Məsələ burasındadır
ki, Nizami Muğan kimi Ərmən torpağının da
Əfrasiyab nəslinə aid olduğunu açıq-aşkar
yazıb, ancaq Əfrasiyab yurdunun Azərbaycanla kifayətlənmədiyini
də "İskəndərnamə"dəki bu sözlərilə
ifadə edib: "Əfrasiyab mülkünün varisi erkən
// Başını günəştək ucaltdı Çindən".
Çindən başını günəştək
ucaldan Əfrasiyab mülkünün varisi Çin Xaqanı,
eyni zamanda, həm də Türk Xaqanı və Türk
Şahıdır. Təkcə Turan deyil,
Çin torpaqlarının da Tura verildiyi, onun həm Turan
Şah, həm də Şahi-Çin adlandırılması
Nizaminin diqqət mərkəzindəydi. Nizamidə
Şirinin yaşadığı torpaq Əfrasiyab
övladlarının yurdudur. Xəzər
dağlarından Çin suyuna qədər bütün yerlər,
o cümlədən Ərmən də (bugünkü Ermənistan)
türk Əfrasiyabın torpaqlarıdır. Xəzər dağlarından Çin suyuna qədər
bütün torpaqlar Əfrasiyab-Alp Ər Tonqa
övladlarına aiddir.
Firdovsidən daha çox 1940-cı illərdən
başlayaraq Azərbaycan elminə rəxnə toxumu səpən
Stalin tarixçilərinin yazdığından belə
çıxdı ki, guya bu torpaqlara türklər tarixin orta əsrlərində
gəlib yerləşiblər. Amma ən gözəlini və dəqiqini
Zəki Vəlidi demişdi: "Tarixdən öncəki
çağlarda buranı özünə vətən
qılmış və artıq başqa milli ünsürlərə
qarışıb itməkdə olan türkləri Azərbaycanda
yenidən qüvvətləndirən səlcuqlular oldu". Yəni
Alp Ər Tonqadan 1300 il sonra onun
övladları səlcuqlu axınının hesabına əsl
vətənlərində yenidən qüvvətləndi...
***
Turan tarixi Alp Ər Tonqa ilə başladığı kimi, türk ədəbiyyatı da, yəni ən qədim türk poeziyası da Alp Ər Tonqanın vəsfi ilə başlayır...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.2-4.