Mikayıl Müşfiqin divan

ədəbiyyatı ənənələrinə bağlılığı

 

Təzmin

 

Sovet dövrü Azərbaycan ədəbiyyatının qüdrətli şairi Mikayıl Müşfiq öz gənc yaşıdlarından fərqli olaraq, klassik irsə möhkəm bağlılıqla unikal sənət nümunələri yaradıb. Təsadüfi deyil ki, onun şeirə gətirdiyi forma, məzmun və deyim yeniliklərindən məmnuniyyətlə bəhrələniblər. Bu, ayrıca tədqiq mövzusudur.

Sözün dominant və qiymətli olduğu orta yüzil zamanlarında yetişən söz sahibləri özlərindən əvvəl yaşamış sənətkarlarla qiyabi şəkildə muktəbə yazıb  “bəhsə girmək”, sevimli şairin şeirilə həmahəng söz demək və bununla da adını yaddaşlarda saxlamaq ümid və istəyilə öndər şairin qəzəlini bütövlüklə saxlanmaqla, ona müəyyən əlavələr edirdi. Qəzəlin hər beytinin önünə bir misra artırılanda “təqlis”, iki misra artılanda “tərbi”, üç misra artırılanda “təxmis”, dörd misra əlavə edildikdə “təsdis”, beş misra əlavəsilə “təsbi”, altı misra yükləməklə “təsmin”, yeddi misra çoxaltmaqla “təsti”, səkkiz misra artımıyla “təşir”  yazılır. Qəzəlin konstruksiyasında dəyişiklik edərək beytin misraları arasına daha bir misra əlavə etməklə yaranan təzə şeirə “təştir” deyilir.

İki müəllifin bir-birindən xəbərsiz eyni düşüncəni ifadə etməsi “təvarid” adlanır, söz oğurluğu sayılmır. Başqasının əsərini oğurlamağa, plagiata isə “intihal” deyirlər. “Məsx və səlx” də plagiatın bir növüdür; şair bilərəkdən şeirin bəhrini, təfiləsini dəyişib fikri saxlayır. Şeyx Nizami Gəncəvi belə şairlərdən bezmişdi...

Hansı dildə yazılmasından asılı olmayaraq, Ümumislam ədəbiyyatında bədii ifadə və təsvir vasitələri, hətta məzmun baxımından nəzərə çarpan bir ümumilik mövcuddur. Özündən əvvəlki sənətkarın bəyənilən sözünə şairin sayqıyla nəzirə, təzmin, təxmis... yazması adi hal idi. Bu sırada tərcümə də var. Tərcümə indi anlaşılan mənada deyil, ərəbcə “daşqalaq olunan” rəcim sözündəndir. Başqa cür desək, orta yüzil şairi, sanki o mövzunu daha yaxşı yazacağı iddiasıyla əvvəl yaşamış qüdrətli sənətkarla bəhsə girib təkcə başqa dilə çevirmir, həm də öz əlavələriylə onudaşqalaqedir.

Qüdrətli sözə daha bir ehtiram şəkli var: təzmin. “Təzmin” sözü ərəbcə “zəmn” kökündəndir, nəyisə içinə almaq, ehtiva etmək anlamına gəlir. Bəlağət elminə dair yazılan kitablarda bədii sənət örnəyi kimihüsni – təzmin”, “təzmin və iqtibas”, “təzmin və icazə” mövzuları araşdırılıb.  Divan ədəbiyyatı termini kimi, hansısa şairin beytiniya məzmununu öz yazısında göstərməyi bildirir.

 Mikayıl Müşfiqin əlimizə gəlib çatan əsərləri içərisində iki təzmin nümunəsinə rast gəlirik. Şairin 1931-ci ildə qələmə aldığı “Bəyaz çöllər” poemasının epiqrafında Mövlana Məhəmməd Füzulinin

 

“Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,

Və gər güzgüdən umdum sidq, əksi – müddəa gördüm

 

 beytinə

 

                          “Xayır, bəndən sular dönməz, təbiət pəncəm altında,

                            Baxıb ayineyi-qəlbimdə əksi-aşina gördüm

 

beytini söyləyib. Ötən əsrin 30-cu quruculuq illərinin fəal iştirakçısı üçün bu cür coşqun etiraz təbii idi. Mövlana Məhəmməd Füzulinin böyük irfan yükü daşıyan beytini bu cür şərh etmək olar: “Əgər özümü mənə göstərməyi üçün ətəyini tutub suya yalvarmaq istədim, xahişimi yerinə yetirməyib axıb getdi (Orta yüzillərdə yalvarıb sədəqə istəyən adamlar əyilib ətəkdən tuturdular). Güzgüdən də bu barədə sədaqət umdum, ancaq mənə düşmənimin şəklini göstərdi”. Başqa sözlə, mən bu dünyada öz-özümün düşməniyəm. Dünya nemətlərinə meyil edib İlahi cazibədən çıxanlar, son hesabda peşman olanlardır. İrfan aləmi ilə əks qütbdə duran sovet quruluşunun mənəviyyat sisteminin əhval-ruhiyyəsini tamlığıyla əks etdirən beyt bir epiqraf kimi poemanın mövzu cövhərinə uyğundur.

Müşfiqin ikinci təzmini rəsm sənəti ilə bağlıdır. Hələ yaradıcılığının ilk illərindən şairin təsviri sənətlə maraqlandığını əyani şəkildə göstərən 1927-ci ildə qələmə aldığı “Dilənçi” şeirində bu beytə rast gəlirik:

 

“Acı dolu, əzab dolu, zülüm dolu illərin

Mərhəmətsiz fırçalarla qaralanmış lövhəsi!”

 

ya

 

“Deyirlər ki, Rafael vəcdə gəlib bayılmış

Çağlayınca içində susan o incə tellər.

Röya görürmüş kimi uyqusundan ayılmış,

Yaratdığı şəklə vurulmuşdu o rəssam.

Öz böyük sənətinə özü qalmışdı heyran.

İndi, mən də səninçin şeir yazmağa dursam,

Oluram zülfün kimi xəyalınla pərişan”.

 

     Şeyx Nizami Gəncəvinin “Şərəfnamə”sindəki  Munazireyi  Rumiyan ba Çiniyan dər nəqqaşi” (Rumlu və çinlilərin rəssamlıq yarışı) hekayətinin Mövlana Cəlal əd-Din RumininQisseyi miri kərdəne RumiyanÇiniyan dər elmi-nəqqaşi və surətgiri”(Rəssamlıq elmi və təsvirdə rumlu və çinlilərin yarışma qissəsi) şəklində “Məsnəniyi-mənəvi”də  verilməsi faktının özü  təzmin sənətinə gözəl nümunədir. Bu hekayətdə məqsəd insanın daxilizahiri aləminin eyni sənətkarlıqla  təsvirini təqdim etmənin mümkünsüzlüyünü göstərmək məsələsidir. Çin rəssamları zahiri aləmi gözəl təsvir edib göstərə bilirsə, Rum sənətkarları ruhi sferanı dolğun təqdim edə bilir. M.Müşfiqin  təzmin  şeiribu mövzudadır:

 

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim.

 

Çək onun qaradan qara telini,

Çək, rəssam, çək onun incə belini,

Gözünə çatanda saxla əlini

Can alan gözünü mən özüm çəkim.

 

Çək Tanrı verdiyi gözəl qulunu,

Çək dörd bir yanını, sağı solunu,

Çək onun keçdiyi həyat yolunu

Qoy ayaq izini mən özüm çəkim.

 

Müşfiq farsca bir laədri (müəllifi tanınmayan) beytdəki məzmunu alıb  pardaqlayaraq  bu şeiri ərsəyə gətirib.

 

ای مصور صورت یار مرا بی ناز کش

 

 چون به نازش می رسی بگذار من خود می کشم

 

(Ey mosəvvir, surəti-yare-məra bi naz kəş,

 

 Çun be nazəş mirəsi, beqozar, mən xud mikəşəm.)

 

Tərcüməsi:

 

Ey rəssam, mənim yarımın şəklini nazsız çək,

Elə ki, nazına çatdın, dayan özüm çəkərəm.

 

Qurani-Kərim”in Ali-İmran surəsinin 6-cı ayəsində: “Bətnlərdə sizə istədiyi surəti verən Odur...“. Allah-Təalanın bir adı kimiMüsəvvirrəssam sözü keçir. Əl-Müsəvvir hər şeyə şəkil verən, fərqli görünüşlər  verərək təsvir edən yaratdığı varlıqlara surət can verən anlamındadır. Müsəvvirin (Allahın) surət verdiyi heç bir varlıq  bir-birinə  oxşamaz.

   Bu beytin işlənmə tarixini araşdıranda maraqlı faktlarla üzləşdim. Hələ ki mənə məlum olan ən ilk beyt  böyük özbək şairi Əlişir Nəvaiyə (1441 – 1501)  aiddir. Onun cığatayca (köhnə özbəkcə) yazdığı qəzəlin şah beyti, sonradan bədii deyim nümunəsi kimi dillər əzbəri təqlid örnəyi olub:

 

Ey müsəvvir, tutqalım ol sərvi təsvir itəsin,

Şiveyi rəftarına gəlgəc tədbir itəsin?

 

(Ey rəssam, tatalım ki, o sərvboylu gözəli təsvir edərsən,

 Bəs onun  şivəsinə - nazla göz süzdürməsinə çatanda neyləyəcəksən?).

    Çox cəlbedici deyim nümunəsi kimi farsdilli şeir örnəklərində   rastımıza çıxan bir nümunə; Təbrizdə Məqbərət üş-şüərada dəfn edilən Mövlana Vəcih əd-Din Əbdullah bin Məhəmməd Lisani Şirazi Təbrizi  (1481 – 1542) buyurub:

 

گر مصور صورت آن دلستان خواهد کشید

حیرتی دارم که نازش را چه سان خواهد کشید

 

(Qər mosəvvir surəte - an delsetan xahəd kəşid,

Heyrəti darəm ke, nazəşra çe san xahəd kəşid?)

 

Tərcüməsi:

Hərçənd ki, rəssam o gözəlin şəklini çəkmək istəyir,

Heyrətindəyəm ki, bəs onun nazını necə çəkəcək?

Mövlana Məhəmməd Füzuli (1494 – 1556) elə bu mövzunu bir sənətşünas kimi təqdim edir:

 

Ey müsəvvir, yar timsalinə surət vermədin,

Zülfü rux çəkdin, vəli tabu təravət vermədin.          

 

Portretdə zahiri bənzərliyi vermək rəssam üçün böyük uğur sayılmaz, əsl sənətkarlıq xarakterə uyğun cilvədə, məqamda  təsviri  göstərə bilməkdir.  Zülf (saç), rux (üz) çəkilib, oxşarlığı da var, ancaqtabu təravət”i (istiliyi təzəliyi) olmayan  təsvir naqisdir, cansızdır.

 Dahi riyaziyyatçı, memar, şair, irfan gizli elmlər sahəsinin misilsiz alimi Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbd us-Saməd, Bəha əd-Din ibn İzz əd-Din Harisi Həmədani Amili  (1546 – 1622) bu mövzunu qələmə alıb:

 

Gözəl təsvir edərsən xal ü xətti–dilbəri, əmma

Füsun ü işvəyə gəldikdə, ey Behzad, neylərsən?

 

   I Şah Abbasın (1571 – 1629) İsfahandakı sarayında şeyxül-İslam olmuş Amuli özündən 30-40 il əvvəl elə bu saraydaca kitabxanasının rəisi  vəzifəsində çalışmış İslam şərqinin ən görkəmli ustad rəssamlarından biri Kəmaləddin Behzadın (1455-1536) adını həm bir rəssam rəmzi kimi çəkir. Eyni zamanda gözəlliyin əfsunu, gözsüzdürmə məqamını necə təsvir etmək olar?sualını açıq saxlayır.

 

                                 İstər bəstəkar ol, istər nəqqaş ol,

                                 Şair ol, rəssam ol, heykəltəraş ol.

                                 Yaratdığın şeyi sevərək yarat,

                                 Hamıdan yüksək ol, hamıdan baş ol!

 

Duyğu yarpaqları”nda ruhani sferaya aid olan sənətləri sadalayaraq, istedad göstərib yüksəlməyi tələb edən böyük şairimiz Mikayıl Müşfiq klassik ənənələrə möhkəm bağlı olduğunu   sovet dövründə yaşamasına baxmayaraq, babalarımızın irsindən yeni məzmunlara uyğun yararlanmağı bacardığını ölməz əsərlərilə sübut edib.

 

Hacı Firudin QURBANSOY

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.5.