"Mənim üçün
qızılgül" - tale mətnləri,
yaxud ədəbiyyatla həyat arasında
"Mənim üçün qızılgül"
kitabı Samirə Əşrəfin yazıçı kimi fərdi
keyfiyyətlərinin, bədii ifadə resurslarının
gerçəkləşdiyi məkandır, yaddaş
düşüncəsinin, yaşam təcrübəsinin bədii
mətndə təzahür tapmasıdır. Avtobioqrafik
kodların güclü olduğunu nəzərə alsaq, həm
də tale ilə mücadiləsinin təcəssüm
tapdığı ərazidir. Unutmaqmı?
Həm də unutmaq! Cavanşir Yusiflinin
yazdığı kimi, "Yazmaq unutmaq sənətidir. Amma bizə elə gəlir ki, biz nələrsə
yada düşdükcə, xatirələr canlandıqca
yazmağa başlayırıq. Yazanda hər şeyi arxada
qoyub hər şeyi sürətlə unudursan..."
Samirə Əşrəfin hekayələrində
bütünlükdə faktura müharibəyə köklənsə
belə bütün psixoloji-fizioloji aksiomatikliyi ilə
müharibə amili burada insan xarakterini, insan
yaşantısını bəlirləyən əsas vasitə
kimi çıxış edir. Hətta ən gözlənilməz,
qaçmaq, unutmaq istədiyi (!) situasiyada belə:
"İlahi, bu qədər həngamənin içində Cəbrayılın
alınması haradan ağlıma gəldi?
("Saturasiya")"
Samirənin real planda, ideya və qayə etibarilə bizə
göstərdiyi, bəhs etdiyi, inikas və təcəssüm
etdirməyə çalışdığı və
obrazını yaratdığı zaman, birinci Qarabağ
savaşı ilə başlanan dövrün ardınca gətirdiyi
ağrılar, yaşantılardır. Amma burada nə 1990-cı illərin
sərt həqiqətləri, nə də müstəqillik
uğrunda çarpışmanın gerçək durumu və
çətinlikləri var. Sadəcə keçmişini
itirdiyi torpaqlarda dəfn edən, taleyin axışına
qoşulub gündəlik ağrı və
sarsıntıları ilə baş-başa qalan insanların həyatı:
iflas, məhv olmuş arzular, tükənmişlik, yorğunluq
- hekayələrdəki Qarabağ mövzusu
büsbütün bu müstəvi üzərində qərarlaşmışdır:
"Bozumtul gözlərini üzümə dikib, çoxdan
aralı düşdüyü uzaq keçmişindən təzə
xəbər gözləyirdi. Bilmirəm, bu anda mənim
yadıma düşənləri o da
xatırlayırdımı?...
...Həmişə viran qoyulmuş evimiz, ölüb
getmiş illərimiz, ayağımızın altından qaçmış
torpağımız yadıma düşəndə, onun yerə
sərilmiş əyri-üyrü qaraltısı
gözümün önündə canlanırdı"
("Eybəcər").
Samirənin hekayələrində ən önəmli məqam
hər hansı problemi illüstrə etməməyə
çalışmasıdır, naturadan yayınıb
potensialının yetdiyi hekayəçilik təcrübəsi
və həyat materialı daxilində bədiiyyat yarada bilməsidir. Kitabda müəllifin
əvvəldən axıra - müəyyən irili
xırdalı ştrixlərlə torpaq itkisinə,
qaçqınlıq ağrıları, fəsadlarına
köklənməsi bədii konsepsiya daxilində bütöv
təsir bağışlayır. Amma bu bütövlük
hekayələrin struktur-tipoloji müqayisəsi, motiv səsləşməsi
kontekstində deyil, ümumən funksiyaca eyni bir ahəngsizliyin
müxtəlif məkan və ictimai münasibətlər
koordinatlarında yaşayan insanlardakı əks-sədasını
göstərmək hesabına başa gəlir. Bu hekayələrdə müharibə obrazı məxsusi
məxrəc alır, hərb meydanından, arxa cəbhənin
mənzərələrindən uzaq dünyanı obyektivə
fokuslayaraq, ruhun bütün sosial, psixoloji, ekzistensial varlıq
məqamlarında iştirak edir.
Samirə
Əşrəf bu savaşdakı acı məğlubiyyətimizin
fəsi nəticələrini, yaşatdığı dramatik
olayları bir ailə xronikası üzərində yazır:
ata, ana, bacı, qardaş, əmi, övladları, sinif
yoldaşları, dostlar və s., bir sözlə, bütün
doğma və yad adamlar... Bu insanların hər
biri kitabda müharibə sonu həqiqətlərin -
qaçqınlıq mənzərələri və
acıların, doğurduğu dərin sosial kataklizmlərin mətnə
gətirilməsi baxımından iştirak edirlər.
Hekayələrdə yurdundan-yuvasından perik
düşmüş insanların iztirablarını, sosial təzadlardan
doğan mənəvi ağrılarını yaxından hiss
edir, yarımçıq qalmış ümidlərin
acılarını birlikdə yaşayırıq: "Atam Azərbaycan
dili müəllimi idi. Ancaq o müəllimliyin
daşını atmışdı, daha doğrusu, atmağa məcbur
olmuşdu. O hər axşam evimizin
yaxınlığında yerləşən pekarnidən otuz,
qırx çörək alıb iki iri çantaya
yığar, sonra qardaşımla köməkləşib
metroların birinin qarşısında satardılar. Çörəkləri satandan sonra gecə on ikidə
evə qayıdardılar. Üstəlik
atam hər gün özümüzün də çörək
payını gətirərdi. Amma
dolanışıq yenə də çətin idi ("Müəllimin
ölümü)".
"Müəllimin ölümü" həqiqi dəyəri
ilə yaşayış tərzi arasında uyğunsuzluq olan
obrazın daxilən yaşadığı iflas, son
problematikasını mətnaltı məna və daxili səs
qüdrəti ilə açan mətndir. Ümumiyyətlə,
Samirənin hekayələrinin obrazları üçün iki
səslilik xarakterikdir. Biri ünsiyyətdə,
başqaları ilə söhbətdə meydana çıxan,
biri isə daxildə danışan, obrazın öz "mən"ində
gizlənən və onun həqiqi mahiyyətini meydana
çıxaran səs. "Yapon
yaylığı" hekayəsini götürək. Hekayə demək olar ki, bu səsin
addımbaaddım obrazın davranışında, ruhunda,
yaddaş qatında əsk-səda verməsi üstündədir.
Bəzən adi bir detal, adi bir söz insan həyatının
dərinliyə gömdüyü hisslərini dilləndirib onu
ömrün son pilləkəninə gətirəcək qədər
poetik simvoliklik qazanır. Kitaba layiqli
ön söz yazmış Cavanşir Yusifli hekayələrdəki
daxili səs və əşya-detalların xüsusi mahiyyət
daşıdığını, çox mənalı və
çox funksiyalı olduğunu dəqiq xarakterizə edib.
Bura üçüncü - rəng amilini də əlavə
etmək olar: "Mağazanın qapısının
üstündə, çərçivədə
qırmızı boya ilə "Xatirə" sözü
yazılmışdı. Qırmızı rəngi
xatirələrə heç cür yaraşdıra bilmirdim.
Keçmiş mənim gözümə həmişə
ağ-qara rənglərdə görünürdü. ("Eybəcər")"; yaxud "Boz rəngli
soyuducumun özü ilə gətirdiyi soyuqluq, kölgə məni
ondan uzaqlaşdırır" ("Soyuducumun kölgəsi").
Samirənin hekayələrində əşyalar, səslər,
rənglər və digər başqa işarələrin hər
biri hadisə içində öz simvolik məntiqi olmaqla vacib
süjet funksiyasını yerinə yetirirlər. Və bu
süjet məntiqi qəhrəmanların ömür, tale məntiqini
tamamlayır. Bir yapon yaylığına görə həyatı,
düzəni darmadağın olan jurnalistin
yaşadığı son aqibət kimi: "Günəş
şərqdən çırtlayıb göyün
üzünə qalxanda, Yaqubgilin eyvanından asılan yapon
yaylığı ipdən sürüşüb döşəmədə
uzanıqlı qalan Yaqubun üzünü örtdü"
("Yapon yaylığı"). Yaxud nakam ömrün
metaforası sayıla biləcək "Saturasiya" hekayəsinə
diqqət edək. Bu hekayədəki təhkiyə
texnikası - səs obrazında kodlaşan tale yolu,
şüuraltı axın kimi baş verən yada salma
aktı, səsin xatırlama dalğasında mövcud olan
hadisələr gerçəkliyin sərhədlərini
dağıdan, yaddaşın mistik-ezoterik formasını yeni
biçimdə təqdim edən başlanğıc məqam
olaraq dərk edilir. Danışan qəhrəmanın
düşüncələridir, predmet - qəhrəmanın həyatı.
Keçmiş Samirə Əşrəfin hekayələrindəki
obrazları üçün hər zaman diridir. Zamanın
çağdaş ritmi ilə eyni anda addımlayır, bəzən
önə keçir, geriyə yol olmasa belə irəlidə
də ümidverici nəyinsə qalmadığına işarə
kimi qüvvətli bir cizgi kəsb edir. Obrazlar
da sanki dünənlə sabahın arasında var-gəl edib
heç nəyin əvvəlki kimi olmayacağı,
yaşanmayacağı qənaətini özlərinin
ayılma, özünüdərketmə məqamlarının
gətirdiyi situasiyalarda aydın əks etdirmiş olurlar.
Bəlkə buna görə Samirənin hekayələrində
vidalaşma, ayrılma situasiyasını şərtləndirən
və səciyyələndirən obraz və motivlərə
geniş rast gəlinir. Kitabdakı demək olar ki, bütün
hekayələrdə ayrılma, nisgil, səssiz axan göz
yaşı hakimdir. "Saturasiya"da ananın,
"Müəllimin ölümü" və
"Açılmayan çətir"də atanın,
"Sonuncu yayın sonatası" və "Müharibə
bitən gün"də sevdiyi oğlanın, "Yapon
yaylığı" və "Rektorun
ölümü"ndə qəhrəmanların
ölümü, "Eybəcər"də keçmişi
simvolizə edən sinif yoldaşı ilə vida,
"Dolabın sonuncu siyirməsi"ndə abort edən
ananın içindəki boşluq - hər biri polifunksional
çaları ilə kədər və hüznü motivləndirir.
Bu hüzn və nisgil təhkiyədə də
metafizik aurasını qoruyub saxlayır, ovqat duyğusu
kontekstində əksini tapır. Düzdür, Samirənin
bəzən təhkiyənin ciddi tonuna, hekayənin süjetinə
yumor, replika, istehza, komik çalar qatdığı məqamlar
da olur və qeyd edək ki, mətndə çox ustaca yer alan bu məqamlar hər hansı psixoloji
halın monolit işarəsinə çevrilir. Buna baxmayaraq,
bu gülümsəmə anidən baş tutur, ilğım
kimi yanıb sönür və yerini pərdələnməsi
heç cür mümkün olmayan acı həqiqətlər
tutur: "Sonuncu yayın sonatası" hekayəsi bu mənada,
gülüş və kədərin antitezi olması
baxımından yaxşı material verir. İlk məhəbbət,
ilk duyğu, titrəyiş, sevdiyi oğlan üçün
pianoda mahnı çalmaq bacarığını sərgiləyib
fərəhlənmək arzusu... Qəhrəmanın
bu istəyi valideynlərinin pianonu qonaq otağına deyil,
uşaq otağına qoymaları ilə əngəllənir və
qızın çaldığı musiqinin səsi "dərin
quyu qədər qaranlıq, mübhəm uşaq
otağından" eşidilməz olur. Qəhrəmanın
"qisas planı" işə düşür: "Eybi
yoxdur. Mən indi səndən, bəlkə də səni
sevdiyi üçün nakam qalıb heç kimə ərə
getməyən, bu günə qədər qız qarıyan
Gülarə xalanın da, özümün də
qisasını alaram!
"Dünən pianomun yanından bir məktub
tapmışam. Atamın Gülarə adlı tələbə
yoldaşından gəlmişdi".
Atam dik atıldı. Anam çaydanı zərblə
sobaya çırpdı.
Aman Allah, evimizdə yaradacağım "zəlzələnin"
bu qədər şiddətli olacağını mən də
təxmin etməmişdim.
Atam:
Nə səfehləyirsən? Dur, rədd ol. Dərsə gecikirsən.
Özümü suyu süzülmüş kimi göstərərək
mətbəxi tərk etsəm də, sevincimin hüdudu yox idi. Qisas planımı
müvəffəqiyyətlə yerinə yetirmişdim. Bəli, Əkbər bəy. Sən
götür, mənim pianomu apar, quyunun dibinə tulla. Bütün arzularımın önünə
üç otaqdan hasar çək, mən də bunun
acığını səndə qoyum? Olmaz! Hər kəs
layiq olduğu cəzanı almalıdır!".
Hekayə boyu duyulan bu xəfif təbəssümü, mətnə
estetik həzz aşılayan hazırcavablığı,
zarafat və atmacaları zamanın acı gerçəkliyi
yarıda kəsir. Həyat eşqi, ümid işığı, yaşamaq
sevdası bədbinlik və ümidsizliklə əvəzlənir:
"Gecədən başlayan atışma səhərə
yaxın daha da gücləndi. Anam tez-tələsik
əlinə keçən paltarları kuloka yığır,
atam evimizin və bizim sənədlərimizi
götürürdü.
Mən...
Son dəfə pianom olan otağa keçdim.
Etibarasızlıq göstərdiyim
uşaqlıq dostumun qapağını qaldırdım. Barmaqlarımı pianonun dilləri üzərində
ehmalca gəzdirib, onları sığalladım. Əmin idim ki, titrəyən əllərimin həniri
mənim etibarsızlığımı
bağışladacaqdı. Gələcək
arzularımı, ümidlərimi, bir də ilk sevgimin xatirələrini
pianonun dilləri üzərində gizlədib, qapağı
örtdüm. Bizi gözləyən taksi son dəfə
uzun-uzadı siqnal verdi. Elə bil hardasa nəsə
qırıldı, yarımçıq qaldı..."
Samirənin
kitabında on iki hekayənin hər birində sanki ön plana
çəkilmiş bir əsas obraz var. Torpağı
işğal edilmiş, yurd yerini tərk edib müxtəlif
sığınacaqlara pənah gətirmiş, bu faciədə
uşaqlığını salıb itirmiş,
keçmişin hördüyü yaddaş hasarı
önündə acı və nisgil dolu bir titrəyişlə
daim itirdiklərini soraqlayıb ömrü yola verən bu
obrazla əslində, yazıçının "məni"i
danışır. Ona görə hekayələrdə
obrazın daxili səsi kimi meydana çıxan bir çox
sualların cavabı yoxdur. Çünki
yazıçı üçün bu sualların cavabı məlumdur
artıq. Cavab - zamanın gətirdiyi
iztirablardır, barışmağa məhkum olduğu taleyidir.
Ona görə bu obrazların özü ilə
münaqişəsi, çırpıntısı hiss olunmur.
Sanki hər şeyi həll edib ruhi tarazlıq vəziyyətinı
gəliblər. Bu toxdaqlığı
müəllifin öz qələminə münasibətdə
də qeyd edə bilərik. İllərdir
içində daşıdığı yurd itkisi, daim
ünsiyyətdə olduğu şəhid və qazi ailələri,
onlarla söhbətdən içinə yığılıb
qalan mənəvi-psixoloji yük Samirənin nasir kimi yetişməsində
cəbbəxana rolunu oynayıb. Bura
çalışdığı qəzet və saytlardakı
jurnalistika "üniversiteti"ni də əlavə etsək,
insanlarla canlı təmasının, həyat hadisələrinə
bələdliyinin, yiyələndiyi yazı və dil vərdişlərinin,
eləcə də mütaliə şövqünün onun
bugünkü yazıçı obrazının hasilə gəlməsində
az iş görmədiyini vurğulaya bilərik. Q.Markes
müsahibələrinin birində jurnalist kimi fəaliyyətinin
həyatındakı önəmini belə
vurğulamışdır: "Bir yazıçı kimi
informasiyanı mən həmişə jurnalistikadan
almışam. Jurnalistika mənə gerçəkliklə
daim əlaqə saxlamağa imkan yaradır. Əsl müəllim həyatdır, qalan müəllimlər
onun yanında heç nədir".
Bu mənada, "Mənim üçün
qızılgül" kitabındakı hekayələr,
buradakı hərəkət enerjisi, güclü emosiyaya malik
yığcam epizodlar monolitliyi, detal və təfərrüat
sıçrayışları ilə gələn təhkiyə
yolu Samirənin illərlə qazandığı həyat təcrübəsinin
nəsr formasına çevrilişidir. Bu təcrübənin
daha böyük janrda və təzə bədiiyyatda öz
sözünü deyəcəyinə inamım
böyükdür.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.8-9.