Varislər

 

Ürəyi ovulan adam...

 

 "Varislər"in bugünkü qonağı milli teatrımızın inkişafında misilsiz xidmətləri olan ustad sənətkar, kinomuza, mədəniyyətimizə öz töhfələrini vermiş sevilən insan, gənc aktyor nəslinin yetişməsində ürəklə iştirak edən unudulmaz müəllim, dost, siyasi xadim, Xalq artisti Mikayıl Mirzənin varisi - oğlu Mətin Mirzədir.

 

O, 1947-ci ilin 1 yanvar tarixində Şamaxının Talış kəndində, Şahvələd kişinin ailəsində dünyaya göz açmışdı. Uşaqlığı qədim Şirvan torpaqlarında keçən Mikayıl Mirzənin içi hələ erkən yaşlarından sözlə, şeirlərlə, yazılarla dolu idi. Orta məktəbi bitirdikdən sonra filoloq olmaq arzusu ilə Bakıya üz tutmuşdu, lakin müəyyən səbəblərdən planları dəyişdi, arzuları korrektə olundu və qısa zaman sonra Azərbaycan tamaşaçısı Mikayıl Mirzənin simasında içi sənət eşqilə dolu, ruhu yaratmaq sevdası ilə aşıb-daşan bir sənətkar gördü.

Bu gün o unudulmaz aktyordan, o böyük insandan, gözəl müəllimdən danışacağıq və bu söhbətdə bizə sənətkarın varisi Mətin Mirzə bələdçilik edəcək.

 

- Mətin bəy, xoş gördük. "Varislər" uzun fasilədən sonra ilk söhbətini unudulmaz Mikayıl Mirzə ilə başlayır. Ənənəvi olaraq ilk sualımız Mikayıl Mirzənin doğulub boya-başa çatdığı ailə ilə bağlı olacaq. Kim olub Şahvələd kişi?

 

Qaçaq Şahvələdin oğlu

 

 - Şahvələd kişinin nəsli-kökü şamaxılıdır. Atam da Şamaxının Talış kəndində dünyaya göz açıb. Təəssüf hissi ilə deyim ki, artıq o kənd yoxdur, sadəcə qəbir yerləri qalıb orada. Ötən əsrin 60-cı illərində həmin kənddən Ağsuya böyük köç olub və ondan sonrakı dövrdə də kənd yavaş-yavaş boşalıb.

Şahvələd kişi ötən əsrin əvvəlində - 1900-cü ildə anadan olub. Cümşüd adlı bir qardaşı da olub. Belə deyək də, lap gənc yaşlarından qaçaq həyatı yaşayıb. Çox ağır həyat keçirib. Sovetlərə həmişə nifrət edib. Sonradan kolxozda işləsə də bu nifrəti heç vaxt səngiməyib.

1918-ci il Şamaxı qırğını vaxtı ermənilər Şahvələdin əmisini qundağdakı körpəsi ilə bir yerdə qətlə yetiriblər. Şahvələd gedib onlardan qisasını alıb. Bu, Nuru Paşanın Qafqaz İslam Ordusunun başında Gəncəyə gəldiyi zamana təsadüf edib, Şahvələd kişi də əmisinin qisasını alandan sonra Gəncəyə gedib, könüllü Nuru Paşanın ordusuna qoşulub.

Daha sonra Bakıda Cümhuriyyət qurulub, Şahvələd kişi Cümhuriyyət orusuna qatılıb, inqilab olanda bolşeviklərə qarşı vuruşub. Bolşeviklər hakimiyyətə gələndən sonra Şahvələd kimi adamları bir-bir tapıb cəzalandırırdılar. Babam bolşevik təzyiqlərindən qurtulmaq üçün dağlara çəkilib, qaçaqlara qoşulub. Çox qarışıq dövr olub. Qonşu-qonşunu, qohum-qohumu satırmış...

1941-1945-ci illərin müharibəsində Şahvələdin qardaşı Cümşüd müharibəyə gedib. Bu isə bolşevik ordusunda, qırmızı orduda xidmət etməyə razı olmayıb. Babam kimi bir neçə nəfər də olub, onları həbs edib cərimə batalyonuna göndəriblər. Orada yaralanıb və yenidən rayona qayıdıb. Müharibədən sonra onu həbs etmək istəyiblər, bəxtinə yaxşı, xeyirxah adamlar çıxıb, qoruyublar Şahvələd kişini. Birtəhər yola gətiriblər, kolxozda iş veriblər, yavaş-yavaş öz zəhməti ilə dolanmağa başlayıb. Ağsu dolayları boyu müəyyən meşələrin salınmasında, ağacların əkilməsində birbaşa iştirak edib.

Qardaşı Cümşüd müharibədən qayıtmayıb. Onun bir qızı olub, onu da babam böyüdüb. O da mənim bibim sayılır. Atamgil ailədə dörd qardaş, bir bacı olublar. Atam ailənun kiçik övladı olub.

 

Həssas adamlar

 

Lap ulu babamızın adı Mirzalı imiş. Soyadımız Mirzə də oradan gəlir. Amma onun əsl adı Zal kişi olub. Seyid olduğuna görə "mir" sözönünü əvvələ artırıblar. Bu nəsil-kök Cənubi Azərbaycana, nəcabətə, şah babamız Xətaiyə gedib çıxır. Biz çox həssas adamlarıq, qəribə intuisiyamız var, çox şeyi əvvəlcədən hiss edirik, duyuruq. Mən atdığım hər addımı ürəyimin səsi ilə edirəm. Olara, yaxud olmaza ürəyim qərar verir. Atamda da intuisiya güclü idi. Atamdan başqa, bir əmimiz ali təhsil almışdı, amma böyük əmimiz ali savadlı olmasa da, bilgin adam idi, rusca oxuyurdu, şeirlər yazırdı, hazırcavab idi.

 

Ağsudan teatra

 

- Mətin bəy, Mikayıl Mirzə niyə aktyor oldu? Şeir də yazırdı, məqalə də yazırdı. Onun içi həm də ədəbiyyatla dolu idi. Amma Səməndər Rzayev, Rasim Balayev və Mikayıl Mirzədən sonra Ağsudan milli teatr və kino sənətinə xeyli adam gəldi.

- Mikayılın geniş mütaliəsi var idi. Ola bilsin bu, atasından gəlirdi. Şahvələd kişi folklor bilicisi idi. Xeyli dastan, bayatı, rəvayət bilirdi. Rayon adamları o vaxtlar belə dastanları, rəvayətləri el şənliklərində, toylarda eşidirdilər. Ustadlar gəlirdi elə məclislərə, deyişirdilər, söz savaşına girirdilər. Adamlar da dinləyir, görüb-götürürdülər. Yəni indiki şənliklərdən çox fərqlənirdi o məclislər. İndi toylarda öyrənməli heç nə olmur.

Atam uşaqlıqdan şeir əzbərləməyi sevib. Danşırdı ki, hələ məktəbdə oxuyanda onları pambıq yığmağa aparırmışlar. Pambıqçı qızlar ona deyirmiş ki, Mikayıl, sənin pambıqla işin olmasın. Çıx hündür bir yerə, bizə şeir de. Sənin əvəzinə də pambığı biz yığarıq.

Atam yaxşı saz çalırdı. Yeniyetmə vaxtı tövlənin damında özü üçün bir guşə yaradıb, saatlarla orda saz çalırmış. Ümumiyyətlə, o çox istedadlı adam olub. Yaxşı musiqi duyumu var idi. Yaxşı rəsmlər çəkirdi.

 

Sazı susdurulan adam

 

Bir dəfə qonşuda yas düşüb, atam da balacadı, ağlına gəlməyib ki, yaxınlıqda hüzr yeri var, saz çalmaq olmaz. Əmim onun saz çalmasına əsəbiləşib sazını sındırmışdı. Atam o vaxtdan sazdan ayrı düşüb. Daha heç kəs ona saz almayıb. Amma doymaq bilmədən saz ifalarını dinləyirdi. Mənə vəsiyyəti olmuşdu. Demişdi ki, öləndə qəbrimin üstündə "Yanıq Kərəmi" havası ifa eləsinlər. 

Nəsə... atam orta məktəbi bitirib, Bakıya gələndə atası icazə verməyib. Kəndin işini-gücünü atıb, hara gedirsən, deyib? Atam deyib: "Mən dərdləri ürəyimə doldurub gedirəm kənddən, amma bir gün bura söz sahibi kimi qayıdacağam".

Atam Bakıya gəlib, sənədlərini o vaxtkı pedaqoji institutun Filologiya fakültəsinə verir. Həmin dövrdə rəhmətlik Xəlil Rza da orada işləyirmiş. İmtahan götürənlərdən biri də Xəlil Rza olur. Atam şifahidən əla qiymət alsa da, qrammatikadan kəsilir. Xəlil deyir ki, bu cür şifahi savadı olan adamı kəsmək doğru deyil. Amma kəsilir. Şəhərdə qalıb, işləməyə başlayır. O vaxt Səməndər Rzayev artıq incəsənət institutunda oxuyurmuş. Səməndər atama məsləhət görüb ki, bu istedadla, bu biliklə sən çətinlik çəkmədən incəsənətə daxil ola bilərsən. O vaxt rektor Rahib Hüseynov olub, hamı onu yaxşı adam kimi xatırlayırdı. Beləcə, atam sənədlərini verib, imtahanlardan keçib və incəsənət institutuna daxil olub.

- Təəssüf hissi keçirmirdi ki? İncəsənət onun arzularını içində boğmuşdu axı.

- Yox, təəssüfləndiyini görməmişəm. Amma həmişə deyirdi ki, incəsənətə gəlməsəydim bəlkə də yaxşı bir yazıçı olardım. Rəssamlığa getsəydim bəlkə də yaxşı rəssam olardım.

- Amma bütün həyatı teatrla bağlandı. Az yazdı. Daha çox teatr aktyoru kimi, televiziya tamaşalarının aktyoru kimi yadda qaldı.

- Onun gəncliyi çox ağır keçib. Uzun illər yataqxanada qalmışıq. Yataqxanadan əvvəl isə Mirzəağa Əliyev küçəsində bir rus babulyasının zirzəmi tipli mənzilində kirayədə yaşayıb. Zirzəmi qoxusu, nəmişlik, soyuq və o, elə bir şəraitdə yaşamağa məhkum olub. Allah Süleyman Rüstəmə rəhmət eləsin, mənim üç yaşım olanda birotaqlı mənzil almağımıza kömək eləmişdi.

Danışırdı hərdən, deyirdi, həmin babulyanın evində nimdaş pencək varmış, hərdən soyuq havalarda o pencəyi geyib, instituta gedirmiş. Həm də tədris teatrında fəhlə işləyib, dekorasiyaları qurub.

 

"Aydın" tamaşasının uğuru

 

Bunların kurs tamaşası "Aydın" olub. O tamaşada sonradan tanıdığımız məşhurlar - Mikayıl Mirzə (Aydın), Elmira Şabanova (Gültəkin), Rasim Balayev (Dövlət bəy), Zərnigar Ağakişiyeva (Susanna), Əlabbas Qədirov (Surxay) - rol alıblar. Tamaşa çox böyük əks-səda doğurdu. Bundan sonra Rahib müəllim onu institutda qalıb səhnə danışığından dərs deməyə dəvət edib. Onun kinoda epizodik rolları olub. Həmişə deyədi ki, indiki ağlım olsaydı heç vaxt o rollara çəkilməyə razı olmazdım. O rollara ehtiyac üzündən çəkilmişəm. Amma "Nəsimi" və "Babək" filmlərdində baş rola sınaq çəkilişlərinə dəvət alıb. Tale işidi də... Mən onun kinoda nisbətən böyük rolu kimi Xalq yazıçısı Anarın ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Uzun ömrün akkordları" filmindəki Sarabski obrazını misal çəkə bilərəm.

Atam 70-ci illərdə dublyajda iştirak edib. Xeyli film səsləndirib. Amma teatr onun sənət məbədi oldu. Siz sənəti bilən adamsız, yəqin razılaşarsınız, kino aktyoru bir anda məşhurlaşdıra bilir, teatrda isə aktyor yetişir, formalaşır.

 

Bizim "Günahsız Abdulla"

 

- Mən Mikayıl müəllimin teatrdakı tamaşalarından bir neçəsinə baxmışdım. "Fəryad" tamaşasında oynadığı Zahid, "Od gəlini"ndəki Elxanı indi də yadımdadır. Üstəlik, bir də televiziya üçün çəkilən bir epizod var, C.Cabbarlının yubileyi üçün çəkilib o kadrlar. Elxanla (M.Mirzə) Afşinin (H.Xanızadə) zindanda görüşü. Çox maraqlı kadrlardı. Amma onun televiziyada yaratdığı və hələ də xatirələrdə yaşayan unudulmaz obrazları var. "Günahsız Abdulla"dakı Abdulla mən deyərdim ki, televiziya tariximizin ən uğurlu tamaşalarından biri, Abdulla obrazı da ən möhtəşəm obrazlardandır. "Günahsız Abdulla" Ramiz Həsənoğlu ilə Mikayıl Mirzənin birgə möhürlədiyi şedevrdi. "Topal Teymur"dakı şair Girmani də maraqlı idi.

Davam eləyək. Bir müddət incəsənət institutunda müəllim işlədi, amma sonra getdi. Niyə? İncitdilər onu, yoxsa başqa səbəblər var idi?

 

Ruhən azad insan

 

- Bilirsiniz necədi? Tanıyırdınız da onu, bu adam alov kimiydi, ildırım kimiydi, çılğın idi, ruhuynan əlləşirdi. Sözü üzə deyirdi. Sevənləri qədər, onu sözü üzə deməsinə görə sevməyənləri də var idi. Əksinə, institutda rəhbərliklə, belə deyək də Aslan Aslanovla da, Timuçin Əfəndiyevlə də yaxşı münasibəti var idi. Sadəcə bir məqamda hiss etdi ki, institut onun vaxtını, enerjisini alır, teatrda sənətlə daha ciddi, ürəyi istəyən kimi məşğul olmağa imkanları tükənir. Onun sənətlə bağlı böyük arzuları var idi. Ruhən azad insan idi. Sığışmırdı auditoriya divarları arasına.

Bürokratik əngəlləri qəbul eləyə bilmirdi, çərçivələrə sığmırdı. Balaca-böyük bir-neçə vəzifə də təklif olunmuşdu ona, elə buna görə vəzifəyə də getmirdi. Hətta Milli Məclisin sessiyaları da bəzən yorurdu, bezdirirdi onu.

- Mətin bəy, səksəninci illərin ortalarında akademik teatrda bir qruplaşma yaranmışdı. Teatra rəhbər təyinatı səsvermə ilə aparılırdı. Bu, Qorbaçovun demokratiya siyasətinin bir parçası idi. Bu demokratik ab-hava çox sənətçini bir-birinə düşmən eləmişdi. O vaxt rəhmətlik Məlik Dadaşovla rəhmətlik Həsənağa Turabovun adı hallanmışdı akademik teatra direktor olmağa, səsvermədə Həsənağa Turabaov qalib gəldi və uzun illər teatra rəhbərlik elədi. Mikayıl Mirzə Məlik Dadaşova səs verənlərin arasında olmuşdu. Sonradan onun bu addımı Turabovla münasibətlərinə xələl gətirmədi ki?

- Mikayıl da, Turabov da böyük adamlar idi. Həm də yaxın olmuşdular, münasibətləri var idi. Hər kəs öz mövqeyini sərbəst şəkildə bildirməlidir. Atam Məlik Dadaşovla yaxın idi və təbii ki, öz dostunu müdafiə etməliydi. Turabov da buna dəyər verməliydi və verdi də.

- Mikayıl Mirzə artıq aktyor kimi sənətin zirvəsinə çatdığı vaxt qəfildən siyasətə qoşuldu. Hardan yarandı bu zərurət? Təklif elədilər ki, namizədliyini Milli Məclisə ver, yoxsa özü istədi bunu?

- Yox, onun siyasətə qoşulması artıq zamanın tələbi idi. Vaxt yetişmişdi və o, artıq içindəki alovu sadəcə səhnədə tamaşaçı qarşısında ifadə edə bilmirdi. Daha geniş meydana ehtiyac hiss edirdi. Onun siyasi fəaliyyəti Azadlıq meydanındakı trubunadan başladı. Mən deyərdim ki, onun siyasi fəaliyyəti 70-ci illərdən, Xəlil Rza, Xudu Məmmədov kimi, Bəxtiyar Vahabzadə, Eldar Baxış, Sabir Rüstəmxanlı kimi əqidə dostlarıyla tanışlıqdan başlamışdı. O illərdə "Çənlibel" cəmiyyəti var idi, onlar həmin cəmiyyətə toplaşıb siyasi fikirlərini bölüşürdülər.

 

Azadlıq hərəkatına gedən yol

 

Onları birləşdirən bir məqsəd idi - Azərbaycanı kommunist-bolşevik rejimindən azad etmək, Azərbaycanın müstəqilliyinə nail olmaq. Və buna nail oldular. Hələ 5-6 yaşım olanda məni özüylə aparırdı elə toplantılara. Mən onların emossional, çılğın nitqlərini dəfələrlə canlı-canlı eşitmişəm. Azərbaycanın azad və müstəqil gələcəyi haqqında söhbətlər o məclislərdən ayaq açıb cəmiyyətə transfer olunurdu.

Mikayıl Mirzə təsadüfən bədii qiraət sahəsini seçməmişdi. Bədii qiraət ona meydan verirdi, o seçdiyi mətnlərlə milli-mənəvi ideyaların, azadlıq uğrunda mübarizə ideyasının mesajlarını ötürürdü cəmiyyətə. Bu onun öz seçimi idi. O tribunada bir o özü olurdu, bir də xalq olurdu. Və o, bu yolla deyirdi xalqa sözünü. O, iri-iri mətnləri əzbərləyə bilirdi. Yaddaşı güclü idi. Yaxşı ki, televiziyanın qızıl fonunda onun səsləndirdiyi bir-çox ifalar qorunur.

Müstəqilliyimizin möhkəmlənməsi ona ruh verirdi. Akademik teatrda işləyə-işləyə qısa müddət Bakı Mədəni-Maarif Texnikumuna rəhbərlik elədi. Ondan sonra ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrlər başladı. Hamı bilir ki, böyük Heydər Əliyev həmişə ədəbiyyat, mədəniyyət, incəsənət adamlarına mənəvi dayaq olub, onlara qayğı göstərib. Mikayıl Mirzə də onun qayğısını hiss etdi.

 

Ulu öndərlə iki görüş...

və "Azərbaycan oxusun"

 

90-cı ildə ulu öndər Naxçıvanda olanda Xəlil Rza ilə atam Naxçıvana gedib, Heydər Əliyevlə görüşmüş, onu ziyarət etmişdilər. 92-ci ildə ikinci dəfə görüşmüşdülər ulu öndərlə. Sonradan atam xatirələrində həmin görüşlərlə bağlı geniş yazmışdı. Daha sonra həmin xatirələr atamın "Azərbaycan oxusun" kitabında da yer aldı. Ulu öndər Türkiyədə müalicə olunduğu vaxt atam onun ziyarətinə getmişdi və kitabı Heydər Əliyevə bağışlamışdı. O görüş də atamın yaddaşında xoş xatirə kimi yaşayırdı.

- Özünü daha çox harda sərbəst hiss edirdi, teatrda, yoxsa Milli Məclisdə?

- Evimizdə maqnitofon var idi, hərdən evə gələn dost-tanışların səsini yazırdım ora. Bir dəfə də atamın səsini yazdım. Soruşdum ki, ata, sən teatrda özünü necə hiss edirsən? Güldü. Dedi ki, mən teatrda özümü sən Ağsuda özünü pəyədə hiss elədiyin kimi hiss edirəm. Məncə, hər şey aydındır...

- Mikayıl Mirzə emosional, çılğın adam kimi qalıb xatirimizdə? Bəs sevgidə necə idi? Sevgiyə necə dəyər verirdi? Ömür-gün yoldaşını necə seçmişdi?

- Anamla incəsənət institutunda oxuyarkən tanış olub, sonra ailə qurmuşdular. Ailədə həmişə qarşılıqlı hörmət və sevgi hiss etmişik. Ən əsas o idi ki, onlar bir-birini başa düşürdülər. Atam anamın aktrisa olmasına mane olmuşdu, aktyorluqdan onu Mədəni-maarif fakültəsinə keçirmişdi, amma anam heç vaxt demirdi ki, Mikayıl mənim sənətimə mane oldu.

- Mikayıl Mirzənin ətrafında qadınlar çox idi, ana qısqanmırdı onu?

- Qətiyyən. Anam kiminlə ailə qurduğunu əvvəldən bilirdi və buna çox normal yanaşırdı.

- Mikayıl müəllim deputat olandan sonra yaxınları ilə əvvəlki münasibətini qoruyub saxlaya bildimi? Onun imkanları genişlənmişdi və ətrafında qayğıya ehtiyacı olan dost-tanış az deyildi.

- Atam bacardığı köməyi eləməyə çalışırdı. Ona kömək üçün üz tutan hər kəsin qabağına düşüb kiməsə ağız açmağı, kimdənsə xahiş etməyi özünə kiçiklik saymırdı. Əlbəttə, hər kəsə kömək eləmək mümkün deyildi, elə problemlər var ki, onu həll etmək Mikayılın gücünün, imkanlarının fövqündə idi, amma kimdənsə qaçmaq, kimisə yaxın buraxmamaq onun xasiyyətinə uyğun gəlmirdi. Gücü nəyəsə çatmasa belə, ən azı kiməsə təskinlik verirdi. Mən sizə deyim ki, atamın ürəyinin xəstəliyi də elə o insanlarn dərdlərini dinləməklə, onların dərdlərinə şərik olmaqla başladı və sonra qarşısıalınmaz xəstəliyə çevrildi. Deyim ki, ona hörmət edirdilər. Xahişlərini ən yüksək səviyyədə nəzərə alırdılar, kiməsə görə qaldırdığı problemi yoluna qoymağa kömək edirdilər. 

- Mətin bəy, bildiyim qədərilə ailədə tək oğulsan. Özünü Mikayıl Mirzənin yeganə varisi kimi necə hiss edirsən?

 

Övladından arxayın ata

 

- Mən Mikayıl Mirzənin milli ideoloji mübarizəsinin, ideyalarının varisiyəm. Övlad kimi varis olmaq - bu, mənim seçimim deyil, bu, Yaradanın seçimidir ki, mən Mikayıl Mirzənin ailəsində dünyaya göz açmışam. Özü mənə etiraf etdi, dedi ki, mən səndən arxayınam. Sən layiqli övladsan. Mən bir övlad kimi bu sözləri atamdan eşitdiyim üçün özümü xoşbəxt hiss edirəm.

- Mikayıl Mirzə sağlam görünürdü zahirən. Amma biz onu tez itirdik...

- Hələ gəncliyindən sənətə o qədər enerji, o qədər emosiya sərf etmək, ruhən azad ola-ola mənəviyyat dustağı kimi yaşamaq, sevmədiyin, nifrət etdiyin bir rejimdə - kommunist rejimində yaşamağa məhkum olmaq və nələr... və nələr... Əlbəttə, bütün bunlar adamın ürəyini param-parça eləməliydi və elədi də. Bəlkə də ürəyinə ilk çat qardaşı onun sazını alıb sındıranda düşmüşdü. Sonra həyatda yaşadığı, qarşılaşdığı haqsızlıqlar... Yaşamaq olmur axı... Çətindir...

Almaniyada müalicə olundu, bir müddət Bakıda müalicə aldı, amma dediyim kimi, ürəyi çat-çat idi. Mümkün olmadı onu yaşatmaq. Son anına qədər yanında oldum. Almaniyada onu əməliyyat edən həkim dedi ki, atam belə ürəklə bu vaxta qədər necə yaşaya bilib? Mən ürəyi tikə bilmirəm, ürək ovulur...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.6-7.