Tərsinə çevrilmiş
dünya
Devid Qrossmanın "Bir at bara
girir" romanı üzərinə notlar
Göz
yaşları içində gülüş...
Devid Qrossmanın
"Bir at bara girir" romanını oxuyub bitirincə ağlıma gələn
ilk fikir bu oldu. Holokost soyqırımından sağ çıxmış
Dov Qrinşteyn İsraildə gecə stəndapı nümayiş
etdirir. Uşaqlığını, hərbi düşərgədə
başına gələnləri
xatırlayır. Bu benefis bir aktyorun
monoloqundan daha çox iztirabın tarixçəsinə çevrilir.
Qəhqəhələrlə müşayiət olunan iztirabın...
Məzhəkə üslubunda təqdim olunan bu faciəvi
həyat hekayəti Dovun timsalında Holokost qurbanlarının düşdüyü uçurumun
tarixçəsidir. Dov bu müdrikliyin bədəlini
hələ uşaq ikən ödəyib.
Müdriklik onun daxilindədir,
üzünə taxdığı
təlxək maskası
isə onu sığortalayır. Valideynlərindən onun canında heç nə qalmayıb.
"Həyat
belə qurulub. Adamlar plan qurur, Allah onu puç edir".
Dovun həyatını
bu ikicə cümlə dəqiqliyi ilə ifadə edir. "Həyatımı
danışsam, roman olar".
Bu sözləri çoxlarından eşitmişik.
D.Qrossman
bu təcrübəni
sınaqdan keçirmiş
yazıçıdır. O, məkanın atmosferini ustalıqla təsvir edir və oxucunun
nəbzini tutmağı
bacarır. Eynilə Dov da müxtəlif tryuklarla auditoriyanı idarə edir. O, iztirablarına
bəzən lağ edir, özünə ironiyanın son həddinə
qədər gedib çıxır. Sarkazm onun
ən güclü silahıdır.
Dovun bəzən
anlamsız görünən
səfsəfələri onun
uşaqlıqda aldığı
travmalardan qaynaqlanır. Uşaqlıq xatirələri onu qarabaqara izləyir. Atası düşmənlərlə üz-üzə
gəlməmək üçün
onu uşaq bağçasına hər
gün müxtəlif
yollarla aparıb-gətirirmiş.
Qeyri-stabil həyat marşrutu
obrazın şüurunda
sürüşkənlik yaradır.
Yazıçı stəndapı roman müstəvisinə köçürür
və mətndə süjeti quran sanki yazıçı deyil, Dovun özüdür.
Müəllif dağınıq hekayəsini bütün zamanlara və məkanlara səpələmir.
Hadisələr lokal müstəvidə
cərəyan edir.
Zaman və məkan özünü Dovun nəqletməsində tapır.
Narrativ trayektoriyada keçmişlə
bu gün qovuşur. Süjet üfüqi deyil,
şaquli xətt üzrə davam edir. Dov həyatının romanını şifahi şəkildə nəql edir. Və danışdıqca olmuşların mahiyyəti
dinləyicilər üçün
açılır. Keçmişini öz içinə yığmış və
məzəli şəkildə
auditoriyaya ötürən
Dov Holokost soyqırımının nişanələrini
öz psixikasında daşıyır.
Bu auditoriyanın içində
Dovun uşaqlığının
şahidləri var. Onlardan
biri Ali Məhkəmənin
hakimi Avişay Lazardır. İndi yerlər dəyişik
düşüb; Dov səhnədə hakim ədasıyla
danışır. Əsərdə bütün detallar ustalıqla işlənib.
Bu stəndapı vicdan hesabatı da adlandırmaq olar. Dovun valideynlərinə münasibəti, valideynlərinin
ona münasibəti, ata ilə ananın
ər-arvad ölçüsünə
sığmayan davranışları
oxucuya qəribə təsir bağışlayır.
Dov bu qəribəliklərin övladıdır.
Əsər gücünü ironiyadan alır, keçmişlə
bu gün arasında var-gəl edən yazıçı
retrospektivlə perspektivi
üz-üzə gətirir. Qəhqəhə doğuran lətifələr
tamaşaçının başına
bomba kimi yağır. Dov sanki
eqosunun üzərindən
yük maşını
kimi keçir, onu yerlə bir edir. Adamlar gülür, qəşş
edir. Gülüş həm də
özünümüdafiədir. Sərt gerçəklərin komediya
variantı bu adamları çaşdırıb,
onlar öz içlərindəki sarsıntını
büruzə verməmək
üçün gülürlər.
Dov onların acizliyindən ləzzət alır; toplumun deqradasiyasında bu adamların hər birinin payı var.
Zehnin və müəzzəm hafizənin
şəkillənməsi Dovu
sanki yenidən yaradır. Həyat onu zibil topası kimi həbs düşərgəsinə
atır, o öz küllərindən doğulur.
İndi öz həyatının limanındadır və məşəqqətli ömrün
vacib epizodlarını
təxəyyülünün gücüylə yenidən
canlandırır. Bu obraz mənə Pol Osterin "Yüksəklik qorxusu"
romanının balaca qəhrəmanı Uayltı
xatırladır. Küçələrdə
dilənən yetim bir uşaq təsadüfən
bir ustayla tanış olur və usta
onu dayısından pulla alır. Usta ona boşluqda dayanmağı öyrədir,
ətraf boşluqlarla
doludur, sən havada qalmağı bacarmalısan. Bu, İsa Məsihin suda yeriməsi kimi möcüzəvi haldır. Həyatda qalmaq üçün
bu boşluqlardan adlamalısan. Bu mistik üsul onun həyatda qalması üçün
yeganə yoldur. Talesiz bir uşaq fiziki
və mənəvi ağrılardan keçib
bu qabiliyyətə yiyələnir. Dovla Uayltı
tale qohumluğu birləşdirir.
Dov, İmre
Kertezin təbirincə
desək, soyqırım
təlxəyidir. "Talesiz"
romanının qəhrəmanını
xatırlayın. İnsanlar ölümə
elə gedirlər ki, sanki bir
qapıdan daxil olub daha maraqlı
bir dünyaya adlayırlar. Yazıçı cümlələri sıxıb
bütün duyğuları
sözlərin canından
çıxarır. Sözlər
sanki paslı mismar kimi cırıltı
ilə mətnin içindən qopur və mətndə o sözlərin yeri mismar yerləri kimi qaralır. İmre Kertezin qəhrəmanı
da əsir düşərgəsindən sağ
çıxmış xoşbəxtlərdəndir.
Əsir düşərgəsi, qaz
kameraları və xoşbəxtlik. Bir-birindən o qədər uzaq anlayışlardır ki, bu sözlərin bir-birinin yanında dayanması belə əcaib görünür.
Kertezin yazıçı məntiqi
bu ziddiyyəti bir-birilə barışdırır.
Müəllif bədii
mətnin təməl
qanununa riayət edir: heç nəyi izah etmir, sadəcə, göstərir.
Devid Qrossman da "göstərən"
yazıçılardandır. Dovun infantil
libidosu biədəb lətifələr formasında
özünü büruzə
verir. Sevgi onun gənc
ömründə didərgin
həyatı yaşayıb,
ürəyində yurd
salmağa macal tapmayıb. O, valideynlərini
belə anlamaqda çətinlik çəkir.
Onlar haqqında danışarkən
sanki qatı dumana düşmüş
bir yolçuya çevrilir, çaşqın
vəziyyətdə döyüküb
qalır və özünü xilas etmək üçün epataj və lətifələrlə baş
qatır. Bu məqamlarda onu yol hərəkəti qaydalarını bilməyən
xam sürücüyə
də bənzətmək
olar. Amma hazırlıqlı oxucu onun bu
qaydaları bilərəkdən
pozduğunun fərqinə
varır. Dov içində
olduğu zamanı tərsinə çevirib göstərir. Necə ki,
uşaqlıqda evdə
əlləri üstündə
gəzirdi. Danışdıqları tərsinə çevrilmiş
dünyanın görüntüləridir.
Bununla da o, öz yaşam
şaqulunu yaradır.
Axı yaşamaq üçün
ona bir istinad
nöqtəsi lazımdır.
Dov yaşamın inersiyasını
kökündən laxladır.
Bu məqamda o, öz həyatının restavratorudur.
Buker mükafatına
layiq görülmüş
"Bir at bara girir" əsəri bütün parametrləriylə
yeni roman estetikasında
yazılmış bir
romandır. Səhnədə andeqraund və
üst level toqquşur,
həyat parçalara
bölünür. Mövcud olmaq
üçün isə
bütöv olmaq lazımdır.
Auditoriya tərsinə çevrilmiş
dünyada özünü
itirmək təhlükəsiylə
üz-üzə qalır. Çoxu zalı
tərk edir.
Netanya heç vaxt belə bir hadisənin
şahidi olmamışdı...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 9
iyul.- S.9.