Aleksandr
İsayeviç Soljenitsın (1918-2008) - görkəmli rus
nasiri, dramaturqu, esseçisi, publisisti, şairi, ictimai-siyasi
xadimi və Rusiya Elmlər Akademiyasının üzvü olub.
1970-ci il
üçün ədəbiyyat üzrə Nobel
mükafatı laureatı seçilib. Bundan əlavə,
yazarın yaradıcılığı Templton
ödülünə, Fransız Akademiyasının əxlaq və
siyasət elmləri üzrə Böyük mükafatına
layiq görülüb.
Başlıca əsərləri:
"QULAQ arxipelaqı", "İlk dövrədə",
"Qırmızı çarx", "Matryonanın həyəti",
"İvan Denisoviçin həyatından bir gün" və
"Xərçəng korpusu".
Heyif
Anna Modestovnanın o arayışı alacağı idarədəkilər nahar fasiləsinə çıxmışdı. Bu, ürəkaçan bir şey olmasa da, gözləməyinə dəyərdi: həm naharın sonuna cəmi on beş dəqiqə qalırdı, həm də özünün çıxdığı fasilə bu seçim üçün əlverişliydi.
Pilləkən qəfəsində gözləmək istəməyən Anna Modestovna küçəyə çıxdı.
Oktyabr ayının son günləri idi deyə, hava nəmli olsa da adamı üşütmürdü. Bütün gecəni və səhərdən bəri yağan yağış təzəcə kəsmişdi. Asfaltda yığılan duru çamur yoldan keçənlərin üstünə sıçramasın deyə, bəzi minik maşınları yavaşca sürüb keçir, bəziləri isə buna zərrəcə məhəl qoymurdu. Küçənin tən ortasıyla, həm də ona qismən yüksək ərazidə bomboz rəngdə bir bulvar uzanırdı. Bunu görən Anna Modestovna da həmin səmtə üz tutdu.
Bulvarda isə nə yaxınlıqda, nə də uzaqlarda bir kimsə gözə dəyirdi. Yağış gölməçələrini adlayaraq, narın qumların üstüylə irəliləsəydi, islanmaq təhlükəsi nisbətən azalardı. Ağacların dibində qalaqlanan qəhvəyi rəngli islaq xəzəllər torpağın üzərində qalın bir örtüyə çevrilmişdi. Xəzəllərin yaxın həndəvərində sanki xəfif bir qoxu dəyirdi adamın burnuna - anlamaq olmurdu ki, bu, yarpaqların həyatda ikən verə bilmədikləri son nəfəsləridir, yoxsa ilk çürümənin nişanəsi. İstənilən halda xiyabanın hər iki cinahından qalxan bu xəfif çürüntü qoxusu adama xoş gəlirdi.
Külək heç əsmirdi deyə, Anna bir ara ayaq saxladı: bu qara-qəhvəyi rəngli, nəmli budaqlar, xollar, daha kiçicik dallar, bütün bu uzantılar və tumurcuqlar hamılıqla gələn ilə qalasıydı. Bütün bu sadalananların üzəri çiskinli gün ucbatından sonsuz sayda və ağ-gümüşü rəngli muncuğabənzər damlalarla örtülüydü. Bunlar yağışdan sonra budaqların hamar səthinə çökən rütubət idi: ruzgar bir azca yatan kimi bunlar da bir yerə toplaşaraq əvvəlcə damcılar halına gəlmiş, sonra isə aşağıdakı kiçik budaqların yuvarlaq uclarında və alt budaqların sallanan qismlərində puçurlanmışdılar.
Yığdığı çətiri də çantasını tutan qoluna keçirən Anna əvvəlcə əlcəklərini taxdı, sonra isə əlini o sırğalanan damlaların altında gəzdirməklə, onları budaqlardan sıyırmağa başladı. Bunu ehtiyatla etdiyi zaman damlalar tam şəkildə onun barmağının üstünə qonurdu, o ara xəfifcə yastılansalar da, üzüaşağı dığırlanıb getmirdilər. Belədə barmağının ucundakı halqavarı naxışları o, bir zərrəbinlə baxarmış kimi daha iri və aydın görə bilirdi.
Özündən altdakı şeyi göstərən belə bir damla eyni vaxtda özündən üstdəki şeyləri də əks etdirə bilirdi, çünki o, həm də kürə biçimli bir güzgü idi. Damlanın buludlu səmanı əks etdirən qisminin altında, - hə, hə, orada! - o, paltosunun qaralan çiyinlərini, toxunma papaq qoyduğu başını, bir də başı üstdə yüksələn budaqların sımsıx şəbəkəsini görə bilirdi.
Get-gedə Anya daha iri damlalar tapmağa girişir, onları gah dırnağı, gah da barmağının ucuyla budaqlardan endirirdi. Qəfildən o, sərt ayaq səsləri eşitdi, özünə yox, bəlkə də azyaşlı oğluna yaraşacaq bir işlə məşğul olmasından xəcalətə qapılaraq, tez əlini yanına saldı.
Ancaq yoldan keçən adam nə
Anna Modestovnanın bu əyləncəsinə bir diqqət
yetirdi, nə də onun özünü gördü: belə
adamlar küçədə, olsa-olsa, ya boş taksini sezərlər,
ya da siqaret satılan
köşkü. Təhsilli birinə bənzəyən bu
cavan oğlanın əlində tutduğu şit sarı rəngli çanta ağzınacan doluydu, əynində
yumşaq yun parçadan ala-bula palto, başında isə fətir
kimi yastılanan, tiftikli bir papaq vardı. Gənc yaşına
rəğmən, üzündən dərin inam və qələbə
hissi oxunan insanlara ancaq paytaxtda rast gəlmək mümkün
idi. Anna Modestovna bu
tip insanlara bələd idi və onlardan ehtiyat edirdi.
Əyləncəsindən soyuyub, o, nisbətən irəliyə
getdi və mavi dirəklər üzərində yüksələn
qəzet lövhəsinin qarşısında ayaq saxladı. Şüşənin
altındakı "Trud" qəzeti qiraət məqsədilə
o üzlü-bu üzlü olmaqla lövhəyə
vurulmuşdu. Çərçivədəki
şüşənin bir küncü qopub
düşdüyündən qəzetin yarısı
islanmış, şüşə isə içəridən
narın şeh təbəqəsiylə
örtülmüşdü. Qəzetin məhz
həmin qismində, yəni ətək hissədə verilən
"Çu çayı vadisinin yeni həyatı"
başlığı Anna Modestovnanın diqqətini
özünə kilidlədi.
Bu çayın adı və özü ona yad deyildi,
çünki vaxtilə orada, Semireçyedə
doğulmuşdu. Əlcəyi ilə şüşəni
silən Anna Modestovna məqaləni diqqətlə oxumağa
girişdi.
Müəllif yazıda hər şeyi yerli-yataqlı təsvir
eləmişdi. Moskva aerodromunda təyyarəyə necə
mindiyinin təsvirindən sonra o vurğulayırdı ki, tutqun
havaya rəğmən, bütün sərnişinlərə
yüksək əhval-ruhiyyə hakim imiş. Bunun ardınca o, göyərtədəki
yoldaşlarından, kimin və hansı məqsədlə
oraya uçduğundan, hətta stüardessadan da ötəri
söz açmışdı. Sonra isə
Frunze aerodromunda yerə enmələrindən, oradakı
günəşli havaya uyğun olaraq, hamının xeyli şən
ovqatından bəhs eləyirdi.
Ən nəhayət, müxbir özünün Çu
çayının axdığı vadi boyunca səyahətə
necə çıxmasından söz edirdi. Görülən
hidrotexniki işlər, yeraltı suların ərazidən kənara
axıdılması, hidrostansiyalar, sulama kanalları barədə
terminlərdən gen-bol yararlanaraq, hekayətini davam etdirən
müxbir vaxtilə susuz bir səhranın becərilən və
münbit əraziyə necə çevrilməsindən, kolxoz
tarlalarından yığılan məhsulun bolluğundan
ağızdolusu bəhs edirdi.
Sonluqda isə
yazırdı:
"Ancaq çox az insanın xəbəri var ki, təbiətin
bütöv bir guşəsinin bu cür genişmiqyaslı və
qətiyyətlə yenidən qurulması işi xeyli əvvəllər
planlanıbdır. Mühəndislərimiz vadinin geoloji
süxurlarını, yeraltı su rejimini hərtərəfli
qaydada və təkrar araşdırıblar. Daha öncəki,
böyükmiqyaslı və gərgin hesablamalara əsaslanan
bu layihə hələ qırx il əvvəl,
yəni 1912-ci ildə istedadlı rus hidroqrafı və
hidrotexniki Modest Aleksandroviç V. tərəfindən
tamamlanıb və əsaslandırılıb. Onu
da vurğulayaq ki, bu sahədə ilk işləri apararkən
o, hətta öz həyatını da gözgörəsi riskə
atıbmış".
Bu sətirləri oxuyan Anna Modestovnanın nə
tükü tərpəndi, nə də könlü
açıldı - xəstəliyə yoluxma ərəfəsindəki
biri kimi həm daxili, həm də zahiri bir titrəmə onun
bütün varlığına hakim kəsildi. Sonuncu abzası yaxşı
görə bilməkdən ötrü o, həm önə əyildi,
həm də şüşəni sildi ki, bu sətirləri dəqiq
oxuya bilsin:
"Ancaq hər cür yeniliyə qənim kəsilən
çar quruluşu sadə xalqın mənafeyinə xidmət
etmirdi deyə, mühəndisin layihələri o dövrdə
öz tətbiqini tapa bilmədi. Zaman ötdü və Torpaq işləri
departamentində yatan bütün bu layihələrin üzəri
qalın bir toz qatıyla örtüldü, alimin
apardığı qazma işlərinə isə ara verildi.
(Məqaləni müxbir aşağıdakı sözlərlə
bitirmişdi).
Heyif!
Heyif ki, o gənc alim öz təşəbbüskarlığının,
öz parlaq ideyalarının bar verdiyi bu günləri görə
bilmədi! İndi tanınmaz bir görkəm alan bu vadinin
mövcud görünüşünə o, heyranlıq
duymadı!".
İçini
bir qorxu hissi çalxalayan Anya az sonra nə
edəcəyini artıq dəqiq bilirdi: hə, qəzeti bu
lövhədən qoparasıydı o! Əvvəlcə
oğrun-oğrun sağa, sonra isə sol cinaha nəzər
saldı: bulvarda bir kimsə yox idi, xeyli uzaqlarda isə bir
kişinin kürəyi idi gözə dəyən. Hər nə
qədər xoşagəlməz və ləyaqətsiz bir hərəkət
olsa da...
Üst tərəfdən vurulan üç sancaq
saxlayırdı bu qəzeti. Anya əlini
şüşədəki dəlikdən içəri
saldı. Yağışdan
islandığı üçün qəzetin üst qismi bir
göz qırpımındaca nəmli kağız
yumağına dönməklə, yerindən qopdu. Barmaqlarının ucunda durmaqla, Anya çətinliklə
də olsa, orta sancağa qədər əlini uzatdı və
xəfifcə tərpətməklə onu da qopartdı.
Üçüncü, yəni daha uzaqdakı sancağa qədər
uzanmaq isə tamamilə imkansız idi: buna görə də
Anya qəzeti sadəcə dartmağı uyğun bildi. Yerindən tamamilə qopan qəzet artıq onun əlinə
keçmişdi.
Elə həmin
an qadının arxa tərəfində kəskin
və qırıq-qırıq milisioner fiti səsləndi.
Anya onsuz
da qorxaq-ürkək biri idi və milisioner
fıştırığından da, özünə dəxli
oldu-olmadı, həmişə diksinərdi: buna görə də
indi əli yanıbmış kimi, tez geri qanrıldı və
boş qalan əlini də tez-tələsik çərçivədən
bayıra çıxartdı...
Qaçmaq həm gec idi, həm də bunu özünə
yaraşdırmazdı. Əynindəki yaş bürüncək sayəsində
daha da iri görünən, başlığını isə
geri atan, ucaboy milis nəfəri xiyabanla yox, bulvarın
hasarındakı və qadının daha öncə heç
sezmədiyi ara yerdən keçməklə,
düz ona tərəf gəlməkdə idi.
Aralarında
bəlli bir məsafə varkən kişi ona
heç nə demədi. Təmkinlə
qadına yanaşdı. Əvvəlcə
üstdən-aşağı Anna Modestovnanı, sonra
şüşənin ardında salxıb-büzüşən
qəzeti, daha sonra təkrar Anna Modestovnanı zənlə
süzdü.
Kişi ondan xeyli hündür idi. Enli burnuna, allanan
çöhrəsinə və əllərinə baxanda onun
necə sağlam biri olduğu anlaşılırdı - belə
adam insanları yanğından xilas edə,
silahsız-zadsız da hər kəsi zərərsizləşdirə
bilərdi.
Səsini
yüksəltməyə bir hacət duymayan milisioner xəbər
aldı:
- Neyləyirsiniz
belə, vətəndaş? Yoxsa iyirmi beş rubl cərimə
ödəmək keçir könlünüzdən?..
(Eh,
kaş cərimə ilə iş bitəydi! Qadın
qorxurdu ki, birdən bu əməli daha betər şəkildə
cəzalandırılar!)
- ...Yoxsa siz bu camaatın qəzet oxumasına
qarşısınız?
(Bax, bax, hələ!)
- Yox,
canım! O nə sözdür?! Əsla! Məni əfv edin! - deyən Anna Modestovna hər nə cürsə
dil-ağız eləməyə başladı. - Təqsirimi
boynuma alıram. Əgər icazə versəydiniz... hətta qəzeti
əvvəlki yerindən də asardım...
Yox, əşşi,
bu kişi indi icazə versəydi belə,
yarısı islaq, bir ucu isə sallaq vəziyyətdə olan
o qəzeti əvvəlki yerindən asmaq heç mümkün
görünmürdü.
Qərarını bildirməyən milisioner hələ
də üstdən-aşağı onu süzürdü.
Növbəyə
çoxdan çıxan bu kişi
yağışda curumbul islanmışdı, indi bu
qadını o qəzetlə birlikdə şöbəyə
aparmaq, protokol tərtib olunana qədər
üst-başını qurutmaq heç də pis olmazdı. Ancaq o, bu davranışın əsl səbəbini
anlamağa çalışırdı. Zövqlə
geyinmiş, orta yaşlarda biri idi bu xanım və sərxoş
da deyildi.
Qadın isə onu süzür, kəsiləcək cəzanı
gözləyirdi.
- Axı
o qəzetdə sizin könlünüzə nə
yatmışdı belə?
- Orada
atam barədə yazıblar! - deyən
qadın gah çətirinin dəstəyini, gah
çantasını, gah da çıxartdığı əlcəkləri
köksünə sıxaraq, üzrxahlığa
başladı. Şüşədən içəri
dürtərkən, əlini qanatdığından da hələlik
bixəbər idi.
Məhz
indi kişi məsələni anladı,
qanayan o barmağa acıyaraq başını buladı:
- Tənqid
edirlər onu?.. Bəyəm
bircə qəzeti cırmaqla bu işə əncam çəkmək
olar?!
- Yox! Yox,
yox! Əksinə, onu tərifləyirlər!
(Deyəsən,
adam amansız biri deyildi!)
Məhz bu məqamda qadın barmağındakı kəsiyi
gördü və qanı sormağa başladı. Bunu edərkən
gözlərini milisionerin iri və sadəlövh üzündən
də çəkmirdi. Kişinin kip dodaqları güclə
aralandı:
- Niyə
belə edirsiniz ki? Yoxsa gedib, köşkdən qəzet
ala bilmirsiniz?!
Barmağını
cəld dodaqlarından ayıran qadın qəzetin hələlik
vitrində asılı duran digər yarısını nişan verdi:
- Siz hələ
bir onun tarixinə baxın da. Üç
gündür yeniləmirlər onu. İndi
həmin sayı mən haradan tapacam ki?!
Qəzetin tarixinə göz atan milisioner təkrar
dönüb qadına baxdı. Sonra isə çərçivənin
dibinə düşən qəzeti süzüb,
köksünü ötürdü:
- Biz
protokol tərtib etməli və sizdən cərimə məbləği
almalıydıq... Nə isə, qoy bu, axırıncı dəfə
olsun, heç kəs görməmiş siz əlüstü o
qəzeti götürüb gedin...
- Oh, sağ olun! Təşəkkürlər! Necə
də nəcibmişsiniz! Minnətdaram! - deyə
hüdüləyən Anna Modestovna yenə az əvvəlki
kimi qismən təzim elədi, qismən də
büzüşmüş bir hal aldı. Bayaqdan
bəri dəsmal bağlamağa hazırlaşdığı
və bir barmağı qızaran əlini çevikliklə
şüşədəki dəlikdən içəri
saldı, ucundan yapışdığı qəzeti bircə kərə
dartmaqla, şüşənin ardından çıxartdı.
- Təşəkkürlər!
Anna qəzeti açıb-gərdi, islaq kənarına rəğmən,
sərbəst qalan əliylə onu qatlayıb, bükdü. Daha bir sayqı dolu və xəfif
təzim etməklə dedi:
- Təşəkkür
edirəm sizə! Bunun ata-anam üçün necə
böyük dəyər daşıdığını siz
heç təsəvvürünüzə də gətirməzsiniz!
İndi gedə bilərəm?
Böyrü
ona tərəf duran kişi
başını tərpətdi.
Və bayaq bu küçəyə niyə gəldiyini
unudan və iti addımlarla buradan uzaqlaşan qadın indi həm
o tələsik qatladığı qəzeti köksünə
sıxır, həm də ara-sıra barmağındakı kəsiyi
sorurdu.
Birbaşa anasının yanına qaçacaqdı o! Yazını əlüstü və birlikdə oxuyacaqdılar! Atasının daimi yaşayış yeri təyin olunandan sonra anası onun yanına yollanacaq, bu qəzeti də ona məhz özü çatdıracaqdı.
Müxbir bütün olanlardan xəbərsizmiş! Əgər önəmli məqamlardan agah olsaydı, bu yazını əsla qələmə almazdı! Heç redaksiya heyəti də bu xüsusu bilmirmiş, yoxsa bunun çapına göz yummazdı! Gənc təşəbbüskar - budur, o bu günü də gördü! Öz parlaq ideyalarının gerçəkləşəcəyi günə qədər yaşadı, ona kəsilən ölüm hökmü ləğv olunduğu üçün iyirmi il boyu türmədə və ölüm düşərgələrində saxlanıldı. İndi, yəni daimi sürgün yerinə köçürülmə ərəfəsində, bu kişi özünün Çu çayı vadisinə göndərilməsi ilə bağlı şəxsən Beriyaya müraciət məktubu yazmışdı. Ancaq onu həmin yerə göndərməmişdilər və indi heç komendatura da bilmirdi ki, bu vecəyaramaz qocanı hara dürtsün: axı ona tapşırılacaq heç bir iş tapılmırdı, pensiyaya çıxmasına isə hələ ço-o-x vardı.
Aleksandr Soljenitsın
Tərcümə:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.10-11.