İraq türkman poeziyasına bir baxış  

 

Bu il Azərbaycan yazıçılarının növbəti qurultayının keçirilməsi nəzərdə tutulub. Bu münasibətlə oxucuları və Birliyin üzvlərini çağdaş İraq Türkman şairlərinin yaradıcılığı ilə tanış etmək qərarına gəldim. Onların bəzisi Birliyimizin fəxri üzvüdür. Ta qədim zamanlardan tükənməz enerji mənbəyi "Kitabi-Dədə Qorqud" üstündə bərqərar olan klassik əruz və heca vəznli şeirlər iraqlı soydaşlarımızın poeziyasını bəzəyir.

Kərküklü şair Şeyxoğlu (XVIII) mahnı tərzində yeddi hecalı şeirlər yazmışdır:

 

Gəl bu gönlüm aldı, al.

Məni çaya saldı, al.

Nə Firona səltənət

Nə Haruna qaldı mal.

 

XIX əsrdə isə əruzun görkəmli ustadlarından biri Nevrəs-i Salis qoşmanın yaddaqalan nümunələrini yaratmışdır:

 

Bir maral itirdim gözləri ceyran,

Görənlər özünə olurdu heyran.

Cigəri yaralı, sinəsi biryan,

Getdi dərdli-dərdli maral gəlmədi.

 

İraq Türkman poeziyasını yaradanlar üç qismə bölünür: Əruzda yazanlar, milli heca vəznində yazanlar və sərbəstdə yazan şairlər.

Kərküklü tədqiqatçı Əta Tərzibaşının 13 cildlik "Kərkük şairləri" və 3 cildlik "Ərbil şairləri" kitablarında yer alan 226 şairin, eləcə də Şəmsəddin Küzəçinin 2 cildlik "Kərkük şairləri" ("İraq Türkman şairləri") kitabında keçən 170 tanınmış şairin həyat və yaradıcılıqları üzərində tədqiqat apararkən qəribə bir mənzərənin şahidi oldum. Məlum oldu ki, sərbəst şeir ilk dəfə 1940-cı ildə Əhməd adlı bir gənc tərəfindən yazılıb:

 

Yollar qir (asfalt)

Asman bulut.

Sağ-sol sögüt ağacı.

Sular axan arx boyunda

Əglən sevgilim, əglən.

 

XX əsrin 60-70-ci illərində sərbəst şeir yazanların sayı çoxaldı və əruzda yazanların sayı azalmağa başladı. İndi yaşı səksəni keçən görkəmli şair Salah Növrəsin bir dənə də olsun əruzda yazılan şeiri yoxdur. Şair obrazlı şəkildə "Şeirim" adlı əsərində buna eyham vurur: "Yelkən açmaz orta çağın bəhrinə".

Şair və alim, prof.Dr. Şakir Sabir qardaşı Əkrəm Kərküklüyə məsləhət görürdü ki, əruzdan əl çəksin, milli heca vəznli və sərbəst şeirlər yazsın, çağdaş və milli əsərlər ortaya qoysun.

Bu münasibətlə qardaşına "At" adlı şeir də həsr etmişdi. Şeirdən onun məqsəd və məramını açıqca göstərən səkkiz misranı təqdim edirik:

 

At bülbülü, at qönçəyi, at bağbanla tikanı,

Sus, ah etmə, gönül yaxma, unut düzmə yalanı.

Dəlli olma, çölə düşmə, yaşlar tökmə sevgidən,

Tökülən yaş suya bənzər, su yadlamaz al-qanı.

 

Ceyran gözü, çınar boyu, yaylı qaşı fırlat at!

İnci dişi, al yanağı, nar məməyi heçə sat!

Ərəbcə, farsca boğmuş doğma dilini, at, qardaş,

Yabançının dilin alma, dil bozanla et savaş...

 

Lakin əks mövqedə dayananlar da az deyildir. Etiraf edək ki, klassik poeziya tərəfdarlarının əksəriyyəti günü bu gün sərbəst şeiri qəbul etmirlər. Şair Osman Məzlum sərbəst şeiri "töküntü", "söz yığımı" adlandırırdı.

Şair Seyfəddin Biravçı sərbəst şeiri "sərbəst cizgi" adlandırır və yazırdı:

- Sərbəstmi yazırsan?

- Şair deyilsən.

Maraqlıdır ki, o, təvazökarlıq edərək özünü də şair hesab etmirdi:

 

Mənə şair demə, günahdır, suçdur,

Füzuli diksinər, səndən inciyər.

 

Bu məsələ ilə bağlı bütün yazarlar nüfuzlu söz sahibi Əta Tərzibaşının fikrini bilmək istəyirdi. Əta bəy qəti şəkildə bəyan etdi: "Mən əvvəllər klassik və heca vəznli şeirlərlə müqayisədə sərbəst şeiri "Özbaşına şeir" adlandırırdım. Lakin Əbdülxaliq Bayatlının sərbəst şeirləri mənə başqa bir zövq verdi. Bayatlı əsərlərini zaman və zəminə görə ayarlandıra bilən usta şairdir".

Bunu, Əbdülxalıq Bayatlının hələ 1968-ci ildə "Ulduz" jurnalında çap etdirdiyim "Böyük eşq" və "Ay havar" şeirləri ilə bərabər, Əli Saibin, Nəsrin Ərbilin, Nihad Ağqoyunlu və bir çox başqa şairlərin sərbəst şeirlərindən də görmək olur.

İraqlı soydaşlarımızın əsl şairlərinin yazdığı sərbəst şeirlər günümüzdə aparıcı yer tutur.

İraq Türkman poeziyasında məzmun və ideyanı poetik formalar daxilində ifadə etmək üstünlük təşkil edir. Şair Əbdülxalıq Bayatlının "Ay havar" şeirində olduğu kimi:

 

Mövsümlər dəyişikdir,

Kimi qış, kimi bahar.

İnsanlar başqa-başqa,

Kimi düşman, kimi yar.

Niyyətlər ayrı-ayrı,

Kimi şərəf, kimi ar.

Ürəklər çeşid-çeşid,

Kimi geniş, kimi dar.

Qadınlar şəkil-şəkil,

Kimi atəş, kimi qar.

Meyvələr rəngli-rəngli,

Kimi armud, kimi nar.

Ömürlər türlü-türlü,

Kimi ziyan, kimi kar.

Heyvanlar biçim-biçim,

Kimi quzu, kimi mar.

Bitkilər də rəngarəng,

Kimi çiçək, kimi xar.

Və dərtlər əskik olmaz

Biri yoxsa, biri var.

Bu dünya çox əcaib

Mən çaş qaldım, ay havar!

 

Əli Saib 1962-ci ildən etibarən ömrünün sonuna qədər (1985) kədərli həyat keçirmiş, vəzinsiz, qafiyəsiz şeirlər yazmışdır. Oğlu İhsan 1960-cı ildə ABŞ-a oxumağa getmiş, İraqda baş verən siyasi hadisələr ucbatından bir daha vətəninə dönə bilməmişdi. Şairin ürəkləri dağlayan "Hanı sən" şeiri bu münasibətlə yazılmışdır:

 

Oxşarkən, qoxlarkən, öpərkən səni mən

Sarılırdın, taxılırdın boynuma yaramazca.

Hanı sən?

Gəldi vaxtın, daxil oldun okula

Keçdi illər saysızca, oxumaqla boyuna...

Hanı sən?

Uzaqlardasan imdi! Üfüqlərdən uzaq

Arxanda buraxdın sən iki həsrət...

Hanı sən?

Aramızda var köpürən azğın dənizlər,

Aşılmaz dağlar, izsiz çöllər, yalçın qayalar...

Hanı sən?

Artıq hər anım oldu bir il,

Quru canda hər nəfəsim bir həsrət...

Hanı sən?

Firqətin qurbanıdır anan sənin

Dedi içdən son dəmində: Gəlmədi İhsan

Hanı sən?

 

Yaradıcılığına ustad Əta Tərzibaşının yüksək qiymət verdiyi Əbdülxalıq Bayatlının "Böyük eşq" və "Bizim köy" şeirləri sərbəstdə yazan bizim şairlərə də nümunə və örnək olmaq baxımından seçilir. Burada məna öz yerində, qafiyə sıralanması da yer alır və oxucunu heyran edir.

 

Eşqlər var

İnsanı dənizə bağlar.

İnsanı dağlar.

Eşqlər var,

Yana-yana

İnsanı

İnsana bağlar.

Eşqlər var

Zəhərdən acı

Ama baş tacı

Eşqlər var

çeşid-çeşid.

Eşqlərin

kimisi böyük,

kimisi kiçik.

Ama Kərkükün eşqi

Həpsindən böyük.

 

Bizim köy

 

Yıllar... Yıllar öncə!

Şimşəkli bir gecə

Toprağı kiraç,

İnsanları füqara,

Heyvanı ac

Bir köydə doğuldum,

Adı Yengicə.

Yengicədə anam

Allahın hər axşamı

Ya yavan əkmək,

Ya  soğan əkmək,

Ya ayran əkmək

İlə qarşılardı şamı.

Bu zalım... bu zalım fələk

Neçə dəfə ağlatdı anamı!

Ama hər şeyə rəğmən

Bugün də... bu gün də...       

Yengicədə körpə bəbəklər

Dil açarlar;

İncədən incə

Qonuşmaya başlarlar

Öztürkçə.

 

Əruz və heca vəznlərdə yazılmış şeirləri fərqləndirən cəhətlər vardır və onlar yetərincədir. Əruzda yazılan şeirlərdə daha çox hikmətdən, fəlsəfədən, məntiqdən, fani dünyadan, güldən, bülbüldən və s. söz açılır.

Hecada yazılan şeirlərdə də gülə, bülbülə, sevgi-məhəbbətə həsr olunan şeirlər az deyil. Lakin heca vəznli şeirlərdə daha çox Türkman elinin tarixindən, kənd və şəhərlərindən, görkəmli şəxsiyyətlərindən, adət-ənənələrindən, etnoqrafiyasından, ictimai həyatından, təbiətindən, fauna və florasından, xalqın tale yüklü dərdlərindən, üz vermiş bəlalarından bəhs edilir.

Şair Mustafa Dəndən dördcə misrada böyük mətləblərdən söz açır:

 

Qanunumuz sağır (kar), dilsiz (lal),

Fəryad edər suçlu-suçsuz.

Bu ölkədə yaşamaq zor,

Hər şey baha, ölüm ucuz.

 

Göründüyü kimi bu şeirdə hər misra səkkiz hecadan ibarətdir. Bu şeir şəklinə Azərbaycanda "Gəraylı" janrı deyilir. Qasım bəy Zakirdən göstərdiyimiz misralar "Gəraylı" üstündədir:

 

Qəm evində var olalı,

Eşqə giriftar olalı.

Yarımadıq yar olalı,

Nə mən səndən, nə sən məndən.

 

İraqlı soydaşlarımızda "gəraylı" janrı geniş yayılsa da, onlarda gəraylı məfhumu yoxdur. Qafiyə sistemi qoşmalardakı kimi olduğundan gəraylıya qoşma tərzi deyirlər. Məhəmməd İzzət Xəttatın "gəraylı" üstündə yazılmış iki bəndini burada verməyi münasib bildik:

 

Heç almadım muradımı,

Dinləməz kimsə dadımı.

Fələk qırmış qanadımı,

Yuvası yox bir quş kimi.

Bu dünyaya gəldim naçar,

Bin bir dərdə oldum düçar.

Vurğun gönül! Bu da geçər,

Yağmur, bulutlu qış kimi.

 

İraqlı soydaşlarımızda "Xalq şairi" fəxri ad yoxdur. Lakin sadə xalq dilində yazan şairlərə xalq şairi deyirlər.

Əta Tərzibaşının göstərdiyi kimi, İraq Türkman şairlərinin bir qismi, ən çox da xalq şairləri şeirlərini Azərbaycan ləhcəsində yazırlar. Onların şeirlərində, demək olar ki, oxucularımızın anlamadığı sözə təsadüf edilmir.

Bunu Ömər Zeynəlin satirik "Yalançı dərvişlər dastanəsi"ndən də görürük:

 

Mənə deyərlər dərviş,

Əlimdən gəlməz sağ iş.

Çürük işlər üzündən

Nə yaz billəm, nə də qış.

 

Əldə təsbeh gəzərəm,

Yalan-palan düzərəm.

Axmaq olan kimsəyçün

Bir də dua yazaram.

 

Çiyinə allam kürküm,

Yana əyərəm börküm.

Dünyanı sellər alsa

Nə qorxum var, nə hürküm.

 

Bülbül kimin saynaram,

Hər bir ipdə oynaram.

Vaxtsız xoruzlar kimin

Gecə yarsı baynaram.

 

Qonaram daldan-dala,

Zurnalar çala-çala.

Çəkkicim durmaz çaxar

Həm mixa, həm də nala.

 

Bu şeirdə təsadüf edilən və sırf Azərbaycan dilində olan mənə deyərlər, üzündən, sağ, billəm, yalan-palan, dua, çiyin, börk, hürkü, saynamaq, baynamaq (banlamaq) və s. sözlərin kitabda Osmanlı türkcəsində hansı sözlə ifadə olunduğu göstərilir.

1955-ci ildə Tuzxurmatuda anadan olan, 1977-ci ildə ərəb dilində Bağdad Universitetinin Fizika fakültəsini bitirən, cəmi bir şeir kitabı çıxan Hanı Sahib Həsənoğlunun şeiri də deyilənləri tamamilə təsdiq edir:

 

Nə mən, nə də sən

 

Mən səni sevdim,

Sən məni sevdin,

Nə mən deyə bildim,

Nə də sən dedin.

Baxışla bilirdin,

Baxışla bilirdim,

Yaxında, uzaqda,

Baharda, qışda,

Sevincdə, yasda,

Sənsiz ürək dinmədi.

Mənsiz sən necə dindin?

 

Görkəmli şair Əsəd Naib (1897-1992) bütün fəsillərə şeir həsr edərək onların fərqli ovqatını məharətlə izah etmişdir. Payızla bağlı şeirinin ikicə bəndində insanın nikbin durumunu münasib poetik intonasiyada verə bilmişdir:

 

Mövsümlərin ən incəsi,

Həm gündüzü, həm gecəsi

Könüllərin əyləncəsi

Güz vaxtıdır iştə, baxın.

Hər kəs deyər gözlər aydın.

 

Nəşələnir bağ-bağçalar,

Nur saçarkən Ay gecələr

Başlar artıq əyləncələr

Al Vahiddən dəstə çiçək.

"Söz verib sabah gələcək".

 

Mətndən çıxış edərək deyə bilərik ki, 1-ci bənddə işlənən "gözlər aydın" ifadəsi hədəfə düz dəyir. İraqda insanlar 4-5 ay 40-50 dərəcə istidə evdən çıxa bilmirlər. Payız gələndə bir-birinə gözaydınlığı verir, gəzintiyə çıxır, əylənir və nəşələnirlər.

Şeirin son bəndində müəllif soydaşlarımızın görkəmli müğənnisi Əbdülvahid Küzəçinin oxuduğu Azərbaycan mahnısına işarə edərək ondan bəhrələndiyini dilə gətirmişdir.

Soydaşlarımızın poeziyasının al-əlvanlığı o yerə gəlib çatır ki, bəzən şeirin hansı vəzndə yazıldığının fərqinə belə varmırsan. Sədulla Müftinin 12 bənddən ibarət, həyatın acılı-şirinli, ibrətamiz anlarından söz açan "Keçmiş ola" şeirində olduğu kimi:

 

Bir kiçik yavru idim, bilməz idim sağ-solumu,

Rəhbərim olmasa, çoxluq şaşırırdım yolumu.

Kimsə qıymazdı acıtsın məni, bursun qolumu

Nə gözəl çağ idi!.. Artıq o zaman keçmiş ola!

 

İraq Türkman poeziya aləmində diqqət çəkən bir cəhəti də qeyd etmək lazımdır. Qələm sahibləri, görkəmli şəxsiyyətlər dünyasını dəyişəndə mütləq ağı yazırlar. Ağılar poetik gücü, insanı haldan-hala salması ilə fərqlənir. Ağılar əruzda da, hecada da yazılır. Görkəmli şair Əli Maarufoğlu (1927-2018) dünyasını dəyişəndə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əsəd Ərbil yazdı:

 

Acı xəbər ulaşdı bizim məhzun Ərbilə

Əli Maaruf köç etdi, bir də gəlməz Ərbilə.

Matəmi Tuzda oldu, gec dedilər Ərbilə.

Türkmaneli yasdadır, Ərbil, Kərkük, Tuz ağlar.

Bülbül ötməz yas tutub, gül açmaz quru bağlar.

 

İraq Türkman poeziyası üzərində tədqiqat apararkən maraqlı bir məsələ ilə də qarşılaşdım.

Əruz vəznində yazan şairlərin bir çoxu milli poeziyamız heca vəznində və sərbəstdə şeir yazmayıblar. Hecada yazan şairlərin bir çoxu əruzda və sərbəstdə şeir yazmayıblar. Eləcə də sərbəst şeir yazan şairlərin bir çoxu nə əruza, nə də heca vəzninə müraciət ediblər. Lakin bütün şairlər xoyrat - bayatı yazıblar. Onlar cinaslı bayatılara xoyrat, cinassızlara maanı deyirlər. Xoyratların 1-ci sətri 2-3-4-5 hecadan, yerdə qalan üç misranın hər biri yeddi hecadan ibarət olur. Bu bizdə də belədir. Təəssüf ki, vaxtilə tədqiqatçılarımız xoyratın 1-ci misrasında "Eləmi", "Mən aşiq" kimi sözlər əlavə etməklə xoyratı bayatıya - maaniyə çevirmişdilər. Kərkük xoyratları ölkəmizdə geniş yayılandan sonra alimlərimiz bu nöqsanı düzəltdilər. Aşıq yaradıcılığında da geniş yayılan cinaslı bayatıların 1-ci misrası 2-3-4-5 hecadan ibarət olur.

Heyrətamiz poetik gücü və zənginliyi ilə seçilən, İraq Türkman poeziyasının zirvəsi hesab edilən xoyratlar iraqlı soydaşlarımızın folklorunun və yazılı ədəbiyyatının lirik növünün ən geniş yayılan və bədii cəhətdən ən kamil janrıdır. Xoyratların poetik imkanları sahilsiz ümmana bənzəyir:

 

"Tərəzin əyiləndə, hər gələn bir daş atar",

"Yetim yanağı bilir, göz yaşı necə dağlar",

"Mən miskin olduğumçün,

            üstümə qudurdu qəm",

"Üzündə göz izi var, sənə kim baxdı, yarım",

"Yemiş bulbul bağrını, çıxmış ağzı qanlı gül",

"Bilmirəm haralıyam, torpağım, daşım qərib"

s.

Çəkinmədən deyə bilərik ki, İraq Türkman ellərində yaşayan soydaşlarımızın poeziyası elə bir ümmana bənzəyir ki, bir dəfə ona baş vuran qəvvasa dönür, bir daha ondan ayrılmaq iqtidarında olmur. Məmnunluqla pıçıldayır: "Bu sevda ölüncədi".

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.12-13.