O lal
baxışlarda çiçək
bitirsə
Cavab çin yuxutək doğru, gerçəkdir.
Heyran Həsənova 1974-cü il, 6 dekabrda
anadan olub. N.Tusi adına
Azərbaycan Dövlət
Pedaqoji Universitetində
təhsil alıb. Şeir yaradıcılığı
ilə uzun müddət məşğul
olmasına baxmayaraq çox az
çap olunub.
Lirika dəftərindən
Hər gün oxuyuram bu sualı mən
Sənin
yorğun düşmüş
o gözlərindən:
"Nə qədər
sevirsən məni görəsən?"
Bu səssiz, bəzəksiz, bu lal sevgini,
Bəzəksiz-düzəksiz sual sevgini
Gündə neçə kərə dərd eləyirsən?
Bil ki, sevən dil yox, yalnız
ürəkdir,
Sənin
bir baxışın mənə yetirsə,
Suallar-cavablar nəyə gərəkdir?!
O lal baxışlarda çiçək bitirsə
Cavab çin
yuxutək doğru, gerçəkdir.
Qoy sevim gizlicə, qoy sevim dilsiz,
Sev sən də cavabtək səssiz-səmirsiz...
***
Əgər bir gün əlimə qələm alsam,
Doxsanlara qayıtsam, səndən yazacam.
Şaqraq
gülüşündən, ağıllı baxışından,
Gecəni
yarı edən maraqlı söhbətindən,
Bəlkə də heç olmayan,
uydurduğun sevgilindən.
Gecənin qaranlığına qarışan
qara saçlarından,
Bir də oğrun və heyran baxışlarından...
Bəlkə heç yazmasam,
Qatlasam dəftəri,
Unutsam.
Bir daha açmasam
Və ya yenidən yazsam,
"Əziz dost!" - deyə xitab etsəm,
O uzaq səksənlərə
getsəm.
***
Yuxulara yalvardım ki, noolar səni mənə versin,
Gecələrə yalvardım ki, noolar səhər tez gəlməsin.
Mən illərə çox yalvardım, bir olduğum o anlara,
Yalvardım ki, zamanlara geri
dönsün, qanadlansın.
Mən küləyə çox yalvardım, söylədim
ki, əsmə külək -
Çiçəklərdə ətri qalıb...
Mən yağışa çox yalvardım, yağma yağış
Çəmənlərdə izi qalıb...
Ayrılığa çox yalvardım,
dönəcəkdir - ürəyimdə
sözü qalıb,
Yalvardım ki, səni məndən ayırmasın...
Heyran
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.13.