Keçmişə gələcək naminə  

 

2014-2022-ci illərdə tərcümə işinin vəziyyəti:

Azərbaycan Yazıçılar Birliyinin nəşrləri əsasında

 

Məruzə

 

Əvvəli ötən sayımızda

 

Hörmətli həmkarlar!

İndi isə yalnız AYB-nin nəşrlərində dərc olunan tərcümə mətnlərindən çıxış edərək deyil, (ölkədə çap olunan əksər tərcümə kitabları, saytlarda yerləşdirilən əksər tərcümə mətnləri də nəzərə alaraq) ümumi tendensiyalardan yola çıxaraq bir neçə qənaətimizi bölüşmək istərdik:

- Əgər biz "dünya ədəbiyyatı"nı ortaq ədəbi-estetik meyarlarla tənzimlənən proses kimi götürsək (bu xeyli dərəcə də müşkül, hətta mümkünsüz görünür), onda məlum olar ki, dünya ədəbi prosesinə, qoşula bilməmişik, dünya xalqları ədəbiyyatlarına ciddi nümunələrin timsalında xitabımız ən azı 40-50 il gecikməylə və sistemsiz baş verir;

- Daha çox subyektiv oxucu zövqümüzlə, əsla ədəbiyyatşünaslıq alətləri və yuxarıda söylədiyimiz "çağdaş dünya ədəbiyyatı" prosesini peşəkracasına və sistemli izləyərək deyil, özümüzə xoş gələn mətnləri, yaxud öz ölkəsinin ədəbi mühitində bir o qədər önəmli yer tutmayan, şəxsi əlaqədə olduğumuz, tanıdığımız, yazışdığımız ədəbiyyatçıların mətnlərini çevirməklə məşğul olmuşuq ki, burda da əsas "günahkar" məhz tərcüməçilərdir ;

- Tərcümə edilən mətnlərin statistikadan bəlli olduğu kimi çoxluğuna, "çeşidliliyinə" rəğmən, həmin mətnləri qiymətləndirə bilən aktiv ədəbi tənqid yox səviyyəsindədir;

- Ümumiyyətlə, tərcümə tənqidi və redaktura institutu zəifdir, üstəgəl təklif olunan tərcümələr tərcüməşünaslıq, tərcümənin praktiki və nəzəri prinsipləri baxımından "ələkdən" keçirilməyib (yeri gəlmişkən, bu xüsusda gənc yazıçı və tərcüməçi Təvəkgül Boysunarın "Əkrəm Əylislinin Markesdən etdiyi yalnış tərcümə" məqaləsi (https://kulis.az/xeber/edebi-tenqid/ekrem-eylislinin-markesden-etdiyi-yanlis-tercume-tevekgul-boysunar-yazir-23625) bizim son 10-15 ildə rast gəldiyimiz diqqətəlayiq, peşəkar bir yazıdır, problemə yanaşması, elmiliyi və alicənab üslubu ilə xeyli dərəcədə maraqlıdır; mövzuyla bağlı diqqətəlayiq yazılar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Mərcan Sofiyevanın məruzə dövrünü əhatə edən və institutun hesabat tipli yazıları eyni zamanda tərcümə problemlərinə ardıcıl müraciət edən məqalələri də var.);

- Tərcüməçilərin, nəşrlərin ədəbi mühitə "yeni və ciddi müəlliflər, əsərlər qazandırmaq" yolundakı faydalı iş əmsalı çox aşağıdır;

- Naşirlər (nəşriyyatlar, ədəbi nəşrlərin baş yazarları) tərcüməçilərin zəhmətini layiqincə deyil, hətta minimum qiymətləndirmək sarıdan "ciddi korluq" çəkirlər ki, bu da öz növbəsində oxucu, büdcə, kitab satışı kimi müxtəlif iqtisadi və digər törəmə problemlərlə bağlıdır;

- Tərcüməçi yetişdirən təhsil müəssisələrinin öyrəncilərin bədii tərcümə sahəsinə yönləndirilməsində ciddi boşluqlar vardır; bu sahəni perspektivsiz edir; bu istiqamətdə yalnız təbii və çox vaxtda uğursuz həvəskar istəklərə, təşəbbüslərə bel bağlamalı oluruq;

- Bir çox dünya dillərindən bədii tərcümə ilə məşğul olan mütəxəssislərimiz yox səviyyəsindədir;

- Əvvəlki səbəb isə təbii ki, ikinci dildən tərcümə məsələsini aktuallaşdırır, həvəskar canatımlar çoxalır;

- Müəllif hüquqları məsələsi, eləcə də xüsusən tərcümə kitablarının nəşrində İSBN kimi ciddi problem hələ də və təəssüf ki, aktualdır;

- Şəqli, Qərbli çağdaş dünya ədəbi prosesinə sistemli nəzəri baxış mövcud deyil, ümumiyyətlə, dünya xalqları ədəbiyyatlarının öyrənilməsində retrospektiv və pesrpektiv planda elmi yanaşma zəifdir, nəzəri planda hələ də sovet dövründən qalma "elmi dil və lüğətdən", ədəbiyyatşünaslıq alətlərindən istifadə edirik;

- Və ən nəhayət, naşirlərimiz və tərcüməçilərimiz "dünya ədəbi mühitində" söz sahibi olan nəşriyyatlar və ədəbi nəşrləri (hətta ən yaxın olan Türkiyə ədəbi mühitini, eləcə də 100 ilə yaxın bir müddətdə eyni siyasi və ədəbi coğrafiyada nəfəs aldığımız rus ədəbi həyatını) yetərincəsinə peşəkarlıqla izləmir, onlarla Avropa, ümumdünya statusu qazanmış, eləcə də müxtəlif janrlara görə, yaxud regionlar üzrə bilinən ədəbi müsabiqə və ödüllərin verilmə prosesini, "qısa və uzun siyahıları" saf-çürük etmir, bu mənada əsaslı təşəbbüs göstərə bilmirlər;

Ümumiyyətlə isə həm tərcümə, həm də orijinal yaradıcı ədəbi mühitimiz üçün vacib olan bir məqam da var. Belə ki, biz bir tərəfdən az əvvəl söylədiyim kimi proseslərə gecikməylə xitab ediriksə, digər tərəfdən ədəbi prosesimizin sanki ən "avanqard" hissəsi ilə çağdaş dünya ədəbi cərəyanlarını, bəlkə də "dəb" olan üslubları və meylləri milli ədəbi həyatımıza "idxal" edəndə "copy paste"a və təqlidə yuvarlanırıq. Halbuki heç bir ədəbi cərəyan, üslub, meyl səbəbsiz və bir müəllifin yalnız fərdi zövqü və düşüncəsi səbəbindən yaranmayıb. Məsələn, sürrealizm? Niyə XX yüzillikdə Fransada, İspaniyada və digər Avropa ölkələrində sürrealist şeir pərvəriş tapdı? Eyni zamanda rəssamlıqda və kinematoqrafiyada sürrealist elementlər görünməyə başladı? Avropa niyə fərqli və fövqəl reallığa, üst reallığa can atdı? Yaxud ekzistensializm?! Bu cərəyanlar, "izm"lər həmin ölkələrdə səbəbsiz yaranmayıb, yaxud aktivləşməyib, həm də həmin cəmiyyətlərin diaqnozları kimi təzahür edib. Bu cərəyanlar incəsənətin, ədəbiyyatın həmin cəmiyyətlərə qoyduğu diaqnozları kimi təzahür edibsə, onda niyə bizə aid olmayan diqnozu özümüzə qoymalıyıq? Axı bizim dominant problemlərimiz, bəlalarımız başqadı. Biz özgəsinin "xəstəliyinin" diaqnozunu özümüzə qoymaqla, əslində öz dərdimizi unutmuş, saxtakarlıq və riyakarlıq etmiş olmuruqmu?! Və daha çox tərcümə vasitəsi ilə həmin mətnləri, təfəkkür tərzini öz cəmiyyətimizə ağına-bozuma baxmadan proyeksiya etməklə biz özümüz-özümüzə pislik etmiş olmuruqmu? Bunlar vacib suallardır və ola bilsin ki, hazırkı məruzədə cavabları görməyəcəyik. Amma düşünürük ki, bu problemin fəlsəfəsi araşdırılmalı, nəzəri əsasları tədqiq edilməlidir. Təbii ki, bu sölədiklərimiz özümüzü çağdaş dünyanın bir parçası olmadan görmək və götürmək cəhdi kimi əsla yozulmamalı, belə qəbul edilməməlidir.

 

Birliyin Mərkəzi...

 

İndi isə biz AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin, "Dünya ədəbiyyatı" dərgisinin fəaliyyətindən danışacağıq. 2014-cü ilinin ikinci yarısından Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi özünün yenilənmiş fəaliyyət istiqamətlərini açıqladı: birincisi, çağdaş dünya xalqlarının ədəbiyyatlarının ana dilinə tərcüməsi və nəşri; ikincisi, milli ədəbi nümunələrinin xarici dillərə tərcüməsi.

Birinci istiqamətlə bağlı iş görmək üçün mərkəz əsası 2004-cü ildə qoyulan "Dünya ədəbiyyatı" dərgisinin fəaliyyətini bərpa edərək, onu Xalq yazıçısı Anarın təklifi və dərgi yaradıcı qrupunun da razılığı ilə hər sayını bir xalqın ədəbiyyatına, yaxud bir ədəbi "janra və növə" (eləcə də bir böyük əcnəbi ədibin yaradıcılığına, həmçinin milli ədiblərimizin tərcüməçilik fəaliyyətinə) həsr etməklə, "xüsusi saylar, buraxılışlar" nəşr etməklə başladı. Mərkəzin və dərginin yaradıcı heyəti hər sayı həm oxucular, həm ədiblər, həmçinin ədəbiyyat araşdırıcıları və mütəxəssislər üçün yararlı mənbə etmək, ölkələrin ədəbiyyatlarının dövrlər üzrə mənzərisini yaratmaq, göstərə bilmək, eləcə də "janrlar, növlər və ədəbi fərdlər" üzrə əhatəli ədəbi bilgi vermək niyyətiylə yola çıxdı.

 

18 yaşlı "Dünya ədəbiyyatı"...

 

"Dünya ədəbiyyatı" dərgisi 2014-cü ildə yenilənmiş ilk sayını, 284 səhifəlik, xüsusən XX əsrin ikinci yarısına aid, lap dəqiq desək xüsusən ötən əsrin 60-ci illərindən üzü bu yana, eyni zamanda XXI əsrin başlanğıcı Ukrayna ədəbiyyatını əhatə edən xüsusi buraxılışı (01/2014) nəşr etdi ki, bu buraxılışda da böyük əksəriyyəti ana dilimizə ilk dəfə tərcümə olunan xeyli mətn, ümumilikdə 30-a qədər müəllifin əsəri yer aldı. Vasıl Stus, Vyaçeslav Klokov, Pavlo Movçan, Vasıl Gerasimyuk, Mixail Slaboşpitski, Boris Oleynik, Yuri Andruxoviç, Lyubov Qolota, Yuri Buryak, Sergey Qrabar, Kost Moskalets, Oksana Paxlyovska, Mariya Matios, İqor Pavlyuk, Dmitro Drozdovski, Aleksandr Kabanov, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, Vladimir Kostelman, Yaroslav Melnik, Sergey Jadan, Alyona Malyuqa, Lesya Mudrak, Dmitro Çistyak, Janna Bezpyatçuk, Miroslav Layuk kimi müxtəlif ədəbi nəsillərə mənsub dəyərli ukraynalı yazarların əsərləri - şeir, hekayə, esse və məqalələri bu sayda Azərbaycan oxucusuna təqdim edildi. Həmçinin bu xüsusi buraxılışda "klassik tərcümələr" rubrikasında Ukrayna ədəbiyyatının klassiki, görkəmli şair və rəssam, yazıçı Taras Şevçenkonun Azərbaycan dilinə vaxtilə unudulmaz Əhməd Cavad və Mikayıl Müşfiq tərəfindən çevrilmiş (bu həm də Azərbaycan tərcüməçilik ənənələrinə sayğı idi) şeirləri daxil edildi. Mətnləri dilimizə Səyavuş Məmmədzadə, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı, Qismət, Mətanət Vahid, Könül Həsənqulu, Günel Şamilqızı, Şəfiqə Şəfa tərcümə elədilər. Xüsusi buraxılışda Dmitro Drozdovski və Dmtiro Stusun "Müasir Ukrayna nəsri" və "Taras Şevçenko şəxsiyyəti Ukrayna mədəni məkanında" ədəbiyyatşünaslıq yazıları da yer aldı. Xüsusi buraxılışın əvvəlində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin, Ukrayna parlamentinin deputatı Sergey Tarutanın, Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenkonun təbrik və təqdir məzmunlu məktubları, dərginin baş redaktoru Seyfəddin Hüseynlinin müfəssəl "baş redaktordan" giriş yazısı dərc edildi.

Həmin sayda "Tərcümə təcrübələri" rubrikasında Seyfəddin Hüseynlinin tərcüməsində və təqdimatında Rusiya, ABŞ və Böyük Britaniyanın Dmtiri Merejkovski ("Meymunun pəncəsində") , Cerom Klapka Cerom ("Düşündüyümüzü danışmalıyıqmı...") , Mixail Bulqakov (" Ədəbiyyatın köməyi ilə necə dolanmalı") və Kurt Vonnequt (esse və çıxış) kimi ədbilərinin əsərləri dərc edildi.

Dərgidə materiallar "İcmal", "Proza", "Rakurs", "Poeziya", "Tərcümə təcrübələri", "Məruzə" və başqa rubrika və yarımrubrikalarla təklif olundu ki, əsərləri dərgidə yer alan müəlliflər və tərcüməçilər barədə bioqrafik məlumatlar da sonda təqdim olundu; bu da sonradan dərginin bütün digər saylarında ənənə halını aldı.

Buraxılışda eyni zamanda Səlim Babullaoğlunun "İçəridən baxış: 2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti" adlı geniş məruzəsi də dərc edildi.

2015-ci ildə "Dünya ədəbiyyatı" dərgisinin 320 səhifəlik xüsusən XX əsrin ikinci yarısına vurğu edən, eyni zamanda XXI əsrin başlanğıcını əhatə edən Rusiya buraxılışında (rus ədəbiyyatı xüsusi sayında; 01/2015) əsərləri ana dilimizə ilk dəfə tərcümə olunan xeyli mətnlə yanaşı ümüumilikdə 50-yə qədər müəllifin əsəri yar aldı. Müəlliflər sırasında İlya Erenburq, Yuri Trifonov, Sergey Dovlatov, Aleksandr Fadeyev, Aleksandr Soljenitsın, İosif Brodski, Rimma Kazakova, Vasili Belov, Varlam Şalamov, Vasili Şukşin, Yuri Kazakov, Aleksandr Yaşin, Viktoriya Tokareva, Vasili Aksyonov, Fazil İskəndər, Viktor Pelevin, Roman Sençin, Zaxar Prilepin, Yuz Aleşkovski, Yevgeni Yevtuşenko, Aleksandr Voznesenski, Robert Rojdestvenski, Vladimir Vısotski, Yevgeni Reyn, Bulat Okucava, Vladimir Sokolov, Bella Axmadulina, Nikolay Rubtsov, Vasili Kazantsev, Mixail Sinelnikov, Dmtiri Kuzmin, Gennadi Aygi, Dmitri Priqov, Timur Kibirov, Sergey Qandlevski, Lev Rubinşteyn, Mixail Qronas, Polina Andrukoviç, Andrey Monastrski, Mariya Stepanova, Vsevolod Nekrasov, Aleksandr Yeryomenko, İvan Jdanov, Andrey Sen-Senkov, Nikolay Baytov, Sergey Kruqlov və Sergey Qlovyuk kimi müxtılif çaplı rus ədiblərinin-şair, yazıçı və ədəbiyyatşünaslarını şeir, hekayə, memuar, məktub, məqalə və esseləri dərc edildi. Xalq yazıçısı Anarın "Rus ədəbiyyatı rus xalqının vicdanıdır" adlı maraqlı məqaləsi ilə açılan xüsusi sayda şair Qismətin "Rus postmodernizmi haqda yığcam qeydlər" yazısı da yer aldı. Mətnlər Xalq yazıçısı Anar, Xalq şairi Xəlil Rza, Səyavuş Məmmədzadə, Aslan Qəhrəmanlı, Hüseynbala Mirələmov, Asif Hacıyev, Səlim Babullaoğlu, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qoca Xalid, Azad Yaşar, Seyfəddin Hüseynli, Qismət, Rəbiqə Nazimqızı, Mətanət Vahid, Nəcibə Bağırova, Şəfiqə Şəfa, Könül Həsənqulu, Günel Şamilqızı və Könül Nəhmətovanın tərcüməsində təqdim edildi.

Xüsusi sayda Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi İdarə Heyətinin sədri Namiq Şahpələngovun kiçik "giriş yazıları" vardı.

2016-cı ildə "Dünya ədəbiyyatı" dərgisinin 348 səhifəlik "Dramaturgiya" ("Dünya dramaturgiyası") xüsusi buraxılışı (02/2016) dərginin nəşrə başlamasından sonrakı janrlar üzrə ilk buraxılışdır. Bu buraxılışda Şekspirin "Fırtına", Con Qolsuorsinin "Balaca adam", Atol Fuqardın "Dimetos", Rober Tomanın "Səkkizinci qadın", Mario Varqas Lyosanın "Taknalı xanım", Aleksey Şipanovun "Dayanacaq", Samuel Belkketin "Gəliş-gediş", Ejen İoneskonun "Dörd nəfərlik etüd" pyesləri təqdim olundu. Əsərləri dilimizə ingilis və rus dillərindən Xalq yazıçısı Anar, Kamran Nəzirli, Həmzəli İlyas, Cavanşir Yusifli, Qismət və Həmid Piriyev çevirmişdilər.

Eyni zamanda, xüsusi buraxılışda Səlim Babullaoğlunun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevlə "Biz dünya teatrının uzun inkişaf yolunu çox sürətlə keçməli olmuşuq" başlığı ilə təqdim edilən söhbəti, eləcə də Babullaoğlunun təqdimatında və tərcüməsində fransız sənətşünası Jorj Poltinin "36 dramatik situasiya" ("Dünya ədəbiyyatı bir konspektdə/ Bəşər günahlarının təsnifatı") əsəri dərc edildi.

Bu sayın əlamətdar tərəflərindən biri də "Sözün də su kimi lətafəti var" devizi ilə keçirilən I Bakı Beynəlxalq Poeziya Festivalının (festivalı AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi təşkil etmişdi) materialları, iştirakçı şairlərin- Ataol Bəhramoğlu, Abbasəli Əhmədoğlu, Kamran Rəsulzadə, Marianna Kiyanovksa, Milisa Yeftimiyeviç-Liliç, Tatyana Sivets, Sergey Qlovyuk, Tomi Kontio Kalevinin poetik mətnləri, Cavanşir Yusifli, Yusif Savalan, Kamil Həmidov, Cingiz Abdullayev, Saodat Muhammədova, İmir Məmmədli və Tahirə Cəfərovanın müxtəlif xalqların ədəbiyyatlarında "su mövzusu" ilə bağlı araşdırma yazıları yer alıb. Mətnləri dilimizə Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı, Aytən Heydərova, Yekaterina Paniç, Şəfiqə Şəfa, Günel Şamilqızı tərcümə etmişdilər.

"Tərcümə təcrübələri" rubrikasında yenə də Seyfəddin Hüseynlinin tərcüməsində və təqdimatında Edqar Keret ("İdeala pərəstiş") və İbrahim Samuelin ("Öhö-öhö") əsərləri dərc edildi.

Azərbaycanın, eyni zamanda İslam dünyasının bir parçası olması faktı Azərbaycan dövlətinin uğurlu xarici siyasətində həmişə mühüm yer tutub, ölkəmiz bunu həmişə hiss etdirib və müvafiq beynəlxalq strukturlarla, o cümlədən İSESKO ilə yaxın əməkdaşlıq edib. Bunun bariz nümunəsi kimi ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilmişdi. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2017-ci il Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunmuş və IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil edilmişdir. Keçmiş tarixlə xatırladığımız bu əlamətdar hadisələrə və siyasi xəttə mədəniyyət və ədəbiyyat sahəsində kiçik də olsa öz töhfəsini vermək, bu proseslərlə həmahəng olmaq məqsədi ilə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, mərkəzin nəşri olan "Dünya ədəbiyyatı" dərgisi 2016-cı ildə üzünü islam dünyası xalqlarının ədəbiyyatına, İran və Oman ədəbiyyatına tutur.

"Dünya ədəbiyyatı" dərgisinin 264 səhifəlik İran ədəbiyyatı buraxılışına (01/2016) əsərləri ana dilimizə ilk dəfə və orijinaldan tərcümə olunan, XX əsrə aid və çağdaşlarımız olan ən məşhur iranlı ədiblərin yaradıcılığını əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxil edildi. Mustafa Məsturun "Tanrının ay üzündən öp..." romanı Ariz Tarverdiyevin, Şəhram Kərəminin "Yunis peyğəmbər" pyesi Dilman Şahmərdanlının tərcüməsində verildi. Sadiq Hidayətin, Camal Mirsadiqinin, Əhməd Mahmudun, İbrahim Gülüstanın, Mahmud Dövlətabadinin, Əmin Fəğirinin, Sadiq Çubəkin, Cəlal Ale Əhmədin, Huşəng Gülşirinin, Xosrov Şahaninin, hekayələrini dilimizə Sayman Aruz, Məhəmməd Nuri, Ağabala Mehdiyev, Rəşad Həsənov və Məsiağa Məhəmmədi çevirdilər.

Nima Yuşic, Firidun Müşiri, Jalə İsfahani, Füruğ Fərruxzad, Söhrab Sipehri, Huşəng İbtihac Sayə, Əhməd Şamlu, Mehdi Əxəvani-Salis, Mənuçöhr Atəşi, Nüsrət Rəhmani, Qeysər Əminpur, Şəms Ləngərudi, Simin Behbəhani, Xosrov Gülsürxi, Yədullah Röyayinin poetik əsərləri M.Məhəmmədi, M.Nuri və A.Tarverdiyevin tərcüməsində təqdim olundu. İran-fars ədəbiyyatının bilicilərindən Nüşabə Əlizadənin və Məsiağa Məhəmmədinin bu sayda yer verilmiş məqalələri ("Müasir İran nəsrinə bir nəzər", "Şəhriyar və XX İran ədəbi mühiti") də dərginin məzmun ağırlığını artırır, fars ədəbiyyatının ümumi mənzərəsini görmək məsələsində mühüm rol oynayır. Bu xüsusi buraxılış da dərginin baş redaktoru Seyfəddin Hüseynlinin növbəti "baş redaktordan" yazısı ilə açılırdı.

"Dünya ədəbiyyatı" dərgisinin 2016-cı ildə növbəti sayını, Oman ədəbiyyatı xüsusi buraxılışını (02/2016) dərc etdi. Buraxılışda Oman ədiblərindən Yaqub əl-Xənbəşinin "Gecə səfərləri" romanı, Abdullah ibn Mübarək əl-Battaşinin "Novruz" və Aminə ər-Rabinin "Yuxu" pyesləri, Əzhar Əhməd əl-Harisi, Rahmə əl-Muğeyzəvi, Əli əl-Maməri, Yəhya Salam əl-Munziri, Numeyr bin Salim əs-Səid,Talib əl-Maməri, Süleyman əl-Maməri, Məhəmməd ət-Tavil, Məhəmməd əl-Yəhyayi, İbrahim Səid, Məhəmməd Seyf əl-Rahbi, Xəlifə bin Sultan əl-Abri, Əbdüləziz əl-Farsi, Coxa əl-Harisi, Hamud Suud, Bədr əş-Şidi, Buşra Xəlfan, Əl-Xəttab əl-Məzrui, Hamud əş-Şukeyli, Huda Həmd, Hilal əl-Badi, Nasir Saleh, Seyf ər-Rahbi, Əhməd əl-Fəllahi, Adil əl-Kəlbani, Abdullah əl-Bəluşi, Məhəmməd əl-Harisinin hekayə və esseləri dərc edilib "Poeziya" bölümündə isə Əbu Sufi Səid əl-Omani, Əllamə Məhəmməd əl-Məuli, Raşid əl-Həbsi, Məhəmməd əl-Xədrami, Hilal əl-Busəidi, Yunis əl-Busəidi, Səidə əl-Farisi, Zahir əs-Salimi, Yəhya əl-Ləzami, İshaq əl-Xəncəri, Saleh əl-Amiri, Haşim əş-Şamsi, Hilal əl-Hicri, Xəmis Qələm, Abdullah əl-Areymi, Bədriyyə əl-Vəhibi, Mahmud Həmd, Abdullah Həbib, Aişə əs-Seyfi, Həsən əl-Mətruşinin şeirləri dərc olunub. Azizə əl-Tainin "Oman təhkiyə üslubunun inkişafı", Humeyd bin Amir əl-Hicrinin "Müasir Oman şeirində siyasi düşüncənin ifadə üslubları" məqalələri Oman ədəbiyyatı ilə bağlı nəzəri məsələlərə həsr edilib. Bu sayda təqdim olunan əsərləri İmamverdi Həmidov, Rəşad Həsənov, Aytəkin Qocayeva, Mahir Həmidov, İsmayıl Hüseynov orijinaldan, ərəb dilindən tərcümə ediblər. İlqar Fəhmi və Məcid Əsri isə bir neçə şeiri sətri tərcümə əsasında çeviriblər. Dərgidə yer verilən rəngli şəkillər Oman rəssamlığı və foto sənəti barədə Azərbaycan oxucusunda ümumi təsəvvür yaradılmasına xidmət etdi.

"Dünya ədəbiyyatı" dərgisi 2017-ci ildə üzünü yenidən Qərbə tutur, həmin ilin ilk nəşri İngiltərə ədəbiyyatı xüsusi buraxlışı (01/2017) işıq üzü görür. Dərginin bu sayı Azərbaycan oxucusuna İngiltərə ədəbiyyatını həm tarixi planda, həm də yeni dövrün ədəbi mənzərəsi fonunda ətraflı, sistemli tanımaq imkanı yaradır. Bu sayın "Poeziya" bölümü dahi ingilis ədibi, Nobel mükafatçısı Tomas Sternz Eliotun geniş, ətraflı və dərin təqdimatı ilə əlamətdar sayıla bilər. Burada Eliotun məşhur "Bəhrəsiz torpaq" poeması, poeziya və ədəbi yaradıcılıq haqda iki essesi, "Nobel nitqi" verilib ki, Cavanşir Yusiflinin tərcüməsində təqdim olunan bu silsiləni onun "T.S.Eliot və "Gerontion" şeiri" adlı essesi tamamlayır.

Odenin və Filip Larkinin şeirləri Səlim Babullaoğlunun və Qismətin tərcüməsində təqdim edilib. Doris Lessinq, Hilari Mentel və Ceyms Heydli Çeyzin mətnləri Azad Yaşarın, çağdaş ingilis və dünya ədəbiyyatında ən məşhur imzalardan olan Culian Barnsın "Aqibət duyğusu" romanından yığcam parçalar baş redaktor Seyfəddin Hüseynlinin tərcüməsində təqdim olunu; Seyfəddin Hüseynli eyni zamanda Artur Kanan Doylun "Din - yeni vəhy işığında" essesini və Cerom Klapka Ceromun "Əcnəbiləri niyə sevmirik..." məqaləsini öz tərcüməsində təqdim edib. Hektor Munronun "Sredni Vaştar", Cumpa Lahirinin "Əsl qapıçı" hekayələri, Qrem Qrinin "Paris Revü" üçün müsahibəsi İlahə Əkbərin tərcüməsində, Canet Vintersonun "Qızılaxtaran qadın" hekayəsi Şəfiqə Şəfa, Daniel Defonun "Taun ilindən qeydlər" əsərindən bir parça Rövşən Əhədoğlu, "Dramaturgiya" rubrikasında Oskar Uayldın "İdeal ər" komediyası Kamran Nəzirlinin tərcüməsində oxuculara təklif olunub. Qismətin "Sonrakı peşmanlığa abidə kimi..." adlı essesi və "Filip Larkin- acı-acı gülmək" məqaləsi dərgidəki bəzi bədii materiallara "giriş" kimi olduqca maraqlıdı. Mətnlər ingilis və rus dillərindən tərcümə edilib.

"Dünya ədəbiyyatı" dərgisinin 2017-ci il üçün növbəti sayı (02/2017) bütünlüklə Moldova ədəbiyyatına həsr edilib. Buraxılışda İqor Volnitski, Todur Zanet və Aleksandru Vakulovskinin romanlarından parçalar, Boris Marian, Nikolae Spetaru, Yulian Çokan, Nikolae Rusu, Miroslava Metlyayeva, Lukretsiya Birledyanu, Qriqore Kiper, Anatol Moraru, Andrey Burak, Mariya Pilkin, Klaudiya Partole, Nikolae Popa, Sergey Uzun, Yekaterina Burlak, Vladimir Lorçenkov, Emilian Qalayku-Paun, Vladimir Beşleaqa, Mixaela Perçun, Moni Stanila, Dumitru Krudu, Liliana Armaşu və Vlad Zbırçoqun hekayələri və ya esseləri, Arkadie Suçevyanu, İon Hadırke, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Valeriu Matey, Kelina Trifan, Leo Butnaru, Vasile Romançuk, Teo Kiriak, İrina Nekit, Maria Slyahtitski, Radmila Popoviç, Mila Kurudimova, Liliana Armaşunun şeirləri dərc olunub. Nüfuzlu şair və ədəbiyyatşünas Suçevyanunun dərgidə yer alan məqaləsi çağdaş Moldova poeziyasının mənzərəsinə güzgü tutub. Moldovalı ədiblərin əsərləri "Dünya ədəbiyyatı" dərgisinin oxucularına Azad Yaşar, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Cavanşir Yusifli, Məqsəd Nur, Qismət, İlahə Əkbər, Həmid Piriyev, Pərviz Yusif, Şəfiqə Şəfa, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Səbuhi Şahmursoy, Cavid, Pakizə Zakirova və Gülzarın tərcüməsində, əsasən rus dilindən olmaqla, eyni zamanda qismən rumın dilindən çevrilib.

 

Davamı gələn sayımızda

 

Səlim BABULLAOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.15.