Qədim rus ədəbiyyatında
antitürk kabusu
Qədim rus ədəbiyyatında türklərə
münasibət prinsipial və ya strateji səviyyəyə
rusların xristian dinini qəbul edərək onu mənəvi,
ideya-estetik hadisəyə çevirmələrilə
başlayır. Məsələnin tarixi kökü isə
ondadır ki, rus-slavyanlar gözlərini açandan özlərini
türklərin - noloves, peçeneq, kuman
adlandırdıqları etnosun əhatəsində
görmüşlər. Və tamamilə
aydındır ki, qədim rus ədəbiyyatının kifayət
qədər böyük məhəbbətlə tərənnüm
etdiyi "Rus torpağı" anlayışı xeyli dərəcədə
şərtidir. Yəni heç olmasa
XI-XIII əsrlərdə onun real xəritəsini təsəvvür
etmək ona görə mümkün deyil ki, ruslarla türklər,
demək olar, eyni coğrafiyada yan-yana, hətta bəzi yerlərdə
iç-içə yaşamışlar.
Professor Telman Cəfərovun (Vəlixanlının)
2020-ci ildə çapdan çıxmış olduqca mükəmməl
"Rus ədəbiyyatı tarixi" (I hissə)
kitabını vərəqləyib qədim rus ədəbiyyatı
mənbələrini bir daha nəzərdən keçirdikcə
qədim rusların türklərə münasibəti barədə
mülahizələrimi məhz bilavasitə ədəbi mənbələrə
istinadən mütəxəssislərlə
bölüşdürmək ehtiyacı hiss etdim. Xüsusi
olaraq bildirməliyəm ki, tələbəlik illərində
bizə qədim rus ədəbiyyatını hörmətli
müəllimimiz Abuzər İsmayılov tədris etmişdi.
O zaman istifadə etmək üçün azərbaycanca, demək
olar ki, heç bir mənbə yox idi, yalnız müəllimin
mühazirədə dediklərini öyrənməklə kifayətləndik.
Universiteti bitirdikdən sonra Abuzər müəllimin
"Qədim rus ədəbiyyatı müntəxəbatı"
(1984) dərs vəsaiti nəşr olundu. Və istər
bu kitabda, istərsə də sonralar qədim rus ədəbiyyatı
mənbələrinin orijinalları ilə tanış
olanda məndə belə bir fikir əmələ gəldi ki,
qədim rusların türklərə münasibəti
onların (qədim rusların) etnik xarakterini, ümumən
etnopsixologiyasını daha mükəmməl şəkildə
anlamaq üçün geniş material verir.
Və
tamamilə təbiidir ki, zəngin tarixi olan rus-türk əlaqələrinin
siyasi, iqtisadi, mədəni və s. mənzərəsinin
formalaşmasında həm rusların, həm də türklərin
etnik xarakteri, etnostrateji maraqları az əhəmiyyət
kəsb etməmişdir. Bu da özünü ən emosional
şəkildə həmin xalqların ədəbiyyatında
göstərir... Lakin müqayisənin (ədəbiyyatşünaslıqda
buna tipoloji müqayisə deyilir) metodoloji çətinliyi
orasındadır ki, qədim rus ədəbiyyatı
dövründə (XI-XVII əsrlər) artıq ümumi bir
türk ədəbiyyatı yox idi, ayrı-ayrı türk
regionlarının (xalqlarının) ədəbiyyatları
var idi ki, qədim rus ədəbiyyatı onların
çoxunun ideya-estetik, poetexnoloji səviyyəsi ilə
müqayisəyə belə gəlmir... Ona
görə də qədim rus ədəbiyyatının, onun
ayrı-ayrı mənbələrinin türklərə
münasibətini, əgər belə demək mümkünsə,
birtərəfli qaydada nəzərdən keçirməyə
məcburuq.
"Ötən
illərin salnaməsi"ndən (XI əsr) başlayaq... Oleqdən sonra hakimiyyətə gələn İqor
haqqında salnamədə deyilir ki, o, "varyaqlardan, ruslardan,
polyan və slavyanlardan, peçeneqlərdən ibarət
böyük bir ordu toplayıb" yunanlar üzərinə
yürüşə gedir. Bolqarlar Bizans imperatoruna belə
bir xəbər göndərirlər ki, "ruslar gəlirlər,
özləri ilə peçeneqləri götürüblər"...
Bundan qorxuya düşən imperator İqora təklif
edir ki, sələfi Oleq kimi o da xərac almaqla kifayətlənib
onun üzərinə gəlməsin. İqor
razılaşır, ancaq peçeneqlərə də
tapşırır ki, bolqarların ölkəsini tutsunlar... Görünür, xəbərçilik etdiklərinə
görə.
İqorla Olqanın oğlu knyaz Svyatoslav 965-ci ildə xəzərlərin
üzərinə yürüş edib onları məğlub
edir.
Peçeneqlər də 968-ci ildə Kiyevi mühasirəyə
alırlar, lakin "özgə torpaqlarında dolaşan"
Svyatoslav qayıdıb peçeneqləri
"çöl"ə qovur... Beləliklə,
birləşən və ayrılan mənafelər bütpərəstlik
dövründə - islamın və xristianlığın
türklər və ruslar arasında yayılmasına qədər
özünü xeyli dərəcədə sərbəst
göstərir, o qədər də davamlı olmur. Lakin ümumdünya dinlərinin qəbulu,
yazılı ədəbiyyatın yayılması, dini təəssübkeşliyin
meydana çıxıb etnik mənəmliyi daha da gücləndirməsi
bir sıra etnopsixoloji tendensiyalar yaradır.
Doğrudur,
XI-XIII əsrlər rus ədəbiyyatı nümunələrində
dini təəssübkeşliyin harada qurtarıb, etnik mənəmliyin
haradan başlandığını müəyyən etmək
çətindir, bununla belə aydın görünür ki, mənbələr
bu təəssübkeşlik-mənəmlik hisslərini nəinki
gizlətmir, hətta o qədər ehtirasla ifadə edirlər
ki, ədəbiyyat ədəbidən çox, patoloji material təsiri
bağışlayır.
Qədim rusların türklərə münasibətinin
ən möhtəşəm abidəsi, yəqin ki,
"İqor yürüşü haqqında dastan"dır. XII əsrin
sonu, XIII əsrin əvvəllərində - monqol-tatar
yürüşləri ərəfəsində
yarandığı güman olunan dastan knyaz İqorun poloveslər
üzərinə uğursuz hücumundan bəhs edir. Və
bu uğursuzluğu İqor əvvəldən hiss eləsə
də, tale onu öz burulğanına salıb aparır:
Rus
torpağı uğrunda
yeritdi qəhrəman
alayını
Poloves torpağına.
İqor
baxıb gördü ki,
Al günəşi
qara bulud örtmüş,
ləşkəri də zülmət içində.
...Knyazın
ağlı çaşdı,
Şeytan azdırdı onu.
Der:
"İstərəm görəm ana Donu,
Poloves çölünün ucunda.
Süngümü parlatmaq istərəm.
Sizinlə,
rusiçlər, əzizlərim,
ya dəli
başımı qoymalıyam,
ya da
tuğulğamla
Don suyunu başıma çəkməliyəm".
"İqor
yürüşü" bütün məğlubiyyət
dastanları üçün tamamilə səciyyəvi olan
bir tərzdə rusların "qələbələri"
ilə başlanır:
Cümə
günü obaşdannan
kafir
alaylarını basıb yendilər,
səpələnib ox kimi bozqırlara
poloves
qızların yesir etdilər,
qumaşın arısını, altun-axça yağmaladılar.
Ancaq
yazıya pozu yoxdur... Rus yürüşü ilk
növbədə, işğalçı səciyyə
daşıdığına görə məğlubiyyətə
məhkumdur. Və burada "xristianlıq"ın
"kafirlik"lə qarşı-qarşıya gəlməsi
hər nə qədər "dindar"lığa
üstünlük versə də, dastanın "yol xəritəsi"ni
"qəzavü-qədər" - "İqorun yuxusu"
müəyyən edir:
Ertəsi
gün obaşdannan
qanlı
şəfəqlər xəbər verir dan yerindən,
qara
bulud qalxır dəryadan
dörd
günəşüzlünü örtməyə,
çaxnaşır qara şimşəklər -
olacaq
möhkəm tufan!
Əlbəttə,
dörd günəşüzlünün biri İqor, biri
qardaşı Vsevolod, biri oğlu Vladimir, biri də
qardaşı oğlu Svyatoslavdır... Yeri gəlmişkən
deyək ki, "Dastan"ın professor Rüstəm Kamal tərəfindən
edilən tərcüməsi ümumən mükəmməl
olsa da, bəzi qüsurları da var ki, onlardan ən çox
diqqəti cəlb edəni "Dədə Qorqud"
üçün səciyyəvi olan sözlərin, ifadələrin
buraya bol-bol tətbiqidir. Əlbəttə, tamamilə fərqli
ideya-estetik (və mədəni!) məkanlarda
formalaşmış dastanların bu cür eyni metaforik nitq məcrasına
salınması, bir tərəfdən, mexaniki təsir
bağışlayırsa, digər tərəfdən,
"İqor yürüşü"nü "Dədə
Qorqud"un dilində danışdırmaqla onun öz dilinin nədən
ibarət olduğunu təsəvvür etməyə imkan
vermir... Fikrimizcə, "Dədə
Qorqud"la "İqor yürüşü"nün eyni
etnik-mədəni mühitin (sistemin) məhsulu olması təsəvvürünü
də artıq köhnəlmiş hesab etmək
üçün ciddi əsaslar vardır.
Dastanın əsas ideyasının monqol-tatar
hücumları ərəfəsində Rus knyazları
arasındakı təfriqənin pislənməsindən ibarət
olduğu deyilir. Və dastanda belə bir ideya, doğrudan da, kifayət qədər
açıq kontekstlə təqdim olunur:
Çün
yola getmədi qardaş qardaşla:
"O mənimdir,
bu mənimdir!"
Hər
özündən deyən knyaz
təkəbbürlük, mənlik edib
bir-birinə divan tutdu.
Yağılar
töküldü hər tərəfdən
Rus
torpağına...
Lakin məsələ burasındadır ki, İqorun
öz drujinası ilə Poloves torpağına
yürüşü bütünlüklə
işğalçılıqdır, onun Rus
torpağının müdafiəsi anlayışına
heç bir dəxli yoxdur. Ona görə də
işğalçının başına gələn
"müsibətlər"in aşağıdakı mənzərə-miqyası
kədərləndirici yox, ibrətamizdir:
Ey
şahin, düşüb şikar dalınca
ucdun
uzağa - dəryaya.
İqorun
igid alayı dirilməz daha!
Rus
torpağı şivənli-vaylı;
quruldu
matəmlər,
alışdı şamlar...
Rus
xanımları ağlaşdılar, bozlaşdılar...
Hətta gəlişigözəl deyilmiş
"knyazların didişdiyini görüncə yağılar
axıb gəldi" sözləri də dastandakı
işğalçılıq ehtirasına haqq qazandırmaq
iqtidarında deyil.
Və məlum
olur ki, rusların poloveslər üzərinə bu cür
yürüşləri mütəmadi xarakter
daşımışdır:
Ataları
Svyatoslav,
böyük Kiyev knyazı
zəhmiylə, hikkəsiylə
bol ləşkəriylə
poladüz qılıncı ilə yağıları
Poloves
torpağına girib
təpələri, yarğanları tapdayıb,
çayları, gölləri bulandırıb
qara yel
kimi yerindən qopartdı
dinsiz
Kobyakı
sayagəlməz kafir alaylarından!..
Və bu,
o Svyatoslavdır ki, oğullarını - İqorla Vsevolodu
uğursuz yürüşlərinə görə
"ağarmış başımı dərdə soxdunuz
durduğum yerdə" deyə məzəmmət edir... Dastan müəllifi isə bütün Rus
knyazlarını birləşib Rus torpağı eşqinə
poloves hakimi Könçakı öldürməyə
çağırır. Və narahat olur ki, knyazlar
bir-birinin qanına susayıblar...
Dastanda işğalçılıq, xüsusilə qarətçilik
(və bununla ad çıxarmaq, şöhrət qazanmaq) nə
qədər realdırsa, "Rus torpağı uğrunda",
yaxud "xristianlar yolunda" savaşmaq o qədər
boğazdan yuxarı səslənir.
Ötəri bir müqayisə aparsaq görərik ki,
"Dədə Qorqud"da da müsəlman oğuzlar kafirlər
üzərinə vaxtaşırı yürüş edirlər. Ancaq burada son dərəcə
mükəmməl əsaslar var... Birincisi, bu, türklərin
(oğuzların) tarixi missiyası olan islam
fütuhatıdır ki, "kafirlərin kilsəsini
yıxıb yerində məscid yapmaq"a xidmət edir. İkincisi, oğuzların kafirlər üzərinə
yürüşü onların hansısa namərd hərəkətləri
müqabilində baş verir. Üçüncüsü,
türk gənci kafir elinə yağmaya yox, bəzən
qız almağa, ailə qurmağa gedir və s. Çoxlu
sayda bu cür fərqlər isə göstərir ki,
"İqor yürüşü haqqında dastan" "Dədə
Qorqud" qədər mükəmməl təfəkkürün
məhsulu deyil.
Rus
eposunun (və qədim rus ədəbiyyatının) "tərcümeyi-hal"ı
ilə tanış olmayan bir ədəbiyyatşünas
belə düşünə bilər ki, "İqor
yürüşü haqqında dastan" bir və ya bir
neçə müəllifin yaradıcılıq imkanları
hüdudundan kənara çıxmayan, rus epos təfəkkürünü
bütövlükdə ehtiva etməyən əsərdir.
Lakin rus ədəbiyyatı tarixi ilə az-çox tanış olan ədəbiyyatşünas
üçünsə tamamilə aydındır ki,
"İqor yürüşü" bu ədəbiyyatın
məhz səciyyəvi hadisəsidir.
XIII-XIV əsrlər ümumən rus tarixinin olduğu
kimi, rus ədəbiyyatı tarixinin də monqol-tatar
dövrüdür. Elə bir dövrdür ki, əsrlər
keçdikcə nə rus ədəbiyyatının, nə də
rus xalqının yaddaşından nəinki silinməmiş, əksinə,
yeni ideyalar, motivlərlə "zənginləşmişdir".
Lakin monqol-tatarların monqollarmı, türklərmi
olduğu barədə aydın bir qənaət hələ də
yoxdur. Daha çox belə
düşünülür ki, guya bu xalq - monqol-tatarlar
artıq heç bir iz qoymadan tarix səhnəsini tərk
etmişlər. Halbuki bundan da mənasız
bir qənaətə gəlmək mümkün deyil.
Qədim
rus ədəbiyyatının türklərə münasibətinin
ən "parlaq" nümunələrindən biri
"Batının Ryazanı dağıtması haqqında
povest"dir ki, burada monqol-tatar hücumunun ilk illərindən
bəhs olunur. Rus imperiya
tarixşünaslığı həmişə sübut etməyə
çalışıb ki, monqol-tatarlar (yəni kimlər?)
XIII əsrin 30-cu illərində hücum edərək qədim
Rus dövlətini (?) əsarət altına almışlar... Əlbəttə, hər hansı imperiyanın öz
tarixi barədə "mif"lər uydurması tamamilə təbiidir.
Lakin bu "mifologiya" müəyyən siyasi məntiqə
uyğun olmalıdır... Heç bir tərəddüd
etmədən demək olar ki, I Pyotra qədər Rusiya tarixinin
"məntiq"i, əgər belə demək olarsa,
"qeyri-səlis" məntiqdir.
Monqol-tatarların kimlərdən ibarət olduğunu qədim
rus ədəbiyyatının ayırd edə bilməməsi
onun günahı deyil. Əslində, ətrafa lazımi səviyyədə
ayıq analitik münasibət üçün ruslarda belə
bir intellektual imkan az olmuşdur... Məğlubiyyətin
səbəblərinə gəldikdə isə povest müəllifi
düşmənin gücünü həddindən artıq
şişirdir: "Knyazlar şücaət və qəhrəmanlıqla
vuruşurdular... Batı xan qorxuya düşdü...
Batının döyüşçülərinin
sayı-hesabı yox idi... Bir rus
döyüşçüsü mini ilə, ikisi isə on mini
ilə vuruşmalı oldu".
Batını əxlaqsızlıqda, namussuzluqda ittiham edən
müəllif hər halda onu da anlamamış deyil ki, məsələ
Batıda deyil.
Monqol-tatar adlandırdığı axın elə
bir qüvvədir ki, qarşısına çıxanı
süpürüb aparacaqdı. Lakin mömin bir xristian
kimi bunu da düşmənin gücü ilə yox, rusların
hansısa "günahlar"ı ilə izah edir:
"Böyük knyaz Georgi İnqvareviç,
qardaşları Murom knyazı David İnqvareviç, Kolomensk
knyazı Qleb İnqvareviç və onların qardaşı
Pronsk knyazı Vsevolod burada həlak oldular. Çoxlu
yerli knyaz, sarsılmaz sərkərdələr, igid və cəsur
döyüşçülər, Ryazanın ən
yaxşı qoçaqları ölüm badəsini birlikdə
içdilər. Onlardan heç kəs
qayıtmadı və meyitləri döyüş meydanında
qaldı. Günahlarımıza görə
Allah bizə bu yolu qismət elədi. Knyaz Oleq
İnqvareviç isə ölümcül halda əsir
alındı"... Görəsən, mətndə bir
neçə dəfə təkrarlanan
"günahlarımıza görə"nin hansısa bir
gerçək mənası varmı?..
Fikrimizcə, var: bu, "xristian kartı"nı
işə salmaq, xristian təəssübkeşliyini hərəkətə
gətirməkdən ibarətdir: "Məlun Batı xan
çoxlu xristian qanının
axıdıldığını görüb daha da
azğınlaşdı, rus torpağını
bütünlüklə əsarət altına almaq, xristian
dinini məhv etmək və müqəddəs kilsələri
dağıtmaq arzusu ilə Suzdal və Vladimir şəhərlərinə
getdi"... Lakin Ryazan əyanlarından Yevpati
Kolovrat adlı birisi kiçik bir qoşunla Batının
arxasınca düşüb Suzdalda ona çatır. Və
guya qəflətən ordugaha hücum edib monqol-tatarları
qırmağa başlayır... Povest müəllifi
düşməndən "intiqam"ını belə
alır: "Yevpati və onun döyüşçüləri
onları elə amansızlıqla doğradılar ki, hətta
qılıncları belə kütləşdi. Ona görə
rus döyüşçüləri tatarların
qılınclarını götürüb rəhmsizcəsinə
onları çapdılar"... Tatarlar Yevpatini
çətinliklə öldürürlər. Batı
xan qəhrəmanın meyitinə baxıb deyir: "Sən
kiçik drujinanla məni möhkəmcə silkələdin,
qüdrətli ordumun tanınmış pəhləvanlarına
qalib gəldin... Əgər beləsi məndə xidmət etsəydi,
onu ürəyimin başında saxlayardım!".
Və monqol-tatar hökmdarı bu sözləri deməklə
də kifayətlənməyib Yevpatinin meyitini
drujinasının sağ qalmış əsgərlərinə
verib onları azad edir... Göründüyü
kimi, istər həmin sətirlər, istərsə də knyaz
İnqvar İnqvareviçin Ryazana dönüb atası
İnqvar Svyatoslaviçin taxtında əyləşməsi,
böyük kədər müqabilində, əlbəttə,
kiçik bir təskinlikdir.
Povest "vətən və xristian dini yolunda həlak olanlara
bir xatirə olaraq" qələmə
alınmışdır.
Əlbəttə,
hər bir xalqın tarixində həm qələbə, həm
də məğlubiyyət səhnələri var, ancaq
heç bir şübhə yoxdur ki, epos nə qədər
çox olsa da, məğlubiyyətlər üzərindən
keçib məhz qələbəni tərənnüm edir...
Ruslarla türklərin, eləcə də başqa xalqların
çoxəsrlik münasibətlərində də birincilərin
qürur duya biləcəkləri məqamlar az
deyil, ancaq qədim rus eposu barədə inamla danışmaq
olmur. Və əslində, belə bir epos, demək olar ki,
yoxdur...
Məlum olduğu kimi, "Zadonşina" 1380-ci ildə
baş vermiş Kulikovo döyüşünün ədəbi-tarixi
əks-sədası olub XIV əsrin sonu, XV əsrin əvvəllərinə
aid edilir.
Əsər belə başlayır: "Böyük knyaz Dmitri
İvanoviç, qardaşı knyaz Vladimir Andreyeviç sərkərdələri
ilə birlikdə Mikula Andreyeviçin evində ziyafətdə
idi. O dedi: qardaşlar, bizə xəbər veriblər ki, Mamay
xan Rusiya üzərinə gəlir, artıq sürətlə
axan Donun sahilində durub bizim torpağımıza, Zalesskaya
hücum etmək istəyir". Və
tatarların hücumu kifayət qədər obrazlı bir dillə
təqdim olunur. Lakin dərhal diqqəti cəlb edir ki, bu
obrazlılıq rus yox, türk dilinin hadisəsidir ki, ruscaya
kalka edilmişdir: "Don və Dnepr mənsəbindən
buraya boz qurdlar axışıb gəldi, Meç
çayı üzərində dayanaraq sürü ilə
ulamağa başladılar, buradan da Rusiya torpağına soxulmaq
istəyirdilər. Yox, bunlar boz qurdlar deyildi, məlun
tatarlar idi - əldə silah bütün Rusiyanı
döyüş meydanına çevirmək istəyirdilər.
Onda Meç çayında qazlar qaqqıldamağa, qu
quşları isə qanadları ilə suyu döyəcləməyə
başladı.
Yox, bu nə qaz qaqqıldaması, nə də qu
quşlarının qanadları ilə suyu döyməsi idi;
bu, məlun Mamay idi ki, qoşunlarını Rusiya
torpağına gətirmişdi"...
Kulikovo çölündəki döyüşdə
(1380) Mamay xanın qoşunu məğlub olur. Və "Zadonşina"
bundan böyük həyəcanla bəhs edir: "... Zəhmli buludlar qarşılaşdı, tez-tez
ildırım çaxdı, gurultu meydana gəldi. Bu, Rusiya oğullarının mənfur tatarlardan
intiqam aldığını xəbər verirdi. Rus döyüşçülərinin qızıla
tutulmuş yaraqları gözləri
qamaşdırırdı. Rus
knyazlarının polad qılıncları müsəlman dəbilqələrinə
dəyərək gurultu qoparırdı".
Müəllifin tatarlarla müsəlmanları eyniləşdirməsi
o deməkdir ki, Çingiz xanın (monqol-tatarların) XIII əsrdəki
bütpərəst xələfləri XIV əsrdə
artıq müsəlmandırlar. Və təbii ki, xristianların
büddistlərə münasibəti ilə müsəlmanlara
münasibətində fərq olmalıdır...
"Zadonşina"nın bəzi obrazları isə, həqiqətən,
rus bədii təfəkkürünün məhsuludur:
"Kulikovo çölündə nərildəyən vəhşi
öküzlər deyildi, müqəddəs Don sahilində
yaralanmış rus knyazları, boyarlar, böyük knyazın
sərkərdələri və Belozer knyazları fəryad
qoparmışdılar. Burada Feyodor Semyonoviç, Timofey
Valuyeviç, Semyon Mixayloviç və başqaları tatarlar
tərəfindən doğranmışdılar"... Və qəribədir
ki, rusların bu "möhtəşəm" qələbəsi
də döyüşdə həlak olanların
("doğrananların") arvadlarının "kədərli
göz yaşları" tökərək ağı deməsilə
daha çox yadda qalır... "Kolomna qadınları
ağlaya-ağlaya belə deyirdilər: "Moskva, Moskva, ey iti
sürətli çay, sən nə üçün
dalğaların üstündə bizim ərlərimizi
qıpçaq torpağına aparıb
çıxartdın?". Və onu da əlavə
edirlər ki, "Ey böyük knyaz, avarlarınla Dneprin
qarşısını kəsib dəbilqələrinlə
Donun suyunu atıb qurtara bilərsənmi? Tatar
meyitlərindən bənd vura bilərsənmi?
Böyük knyaz, Oka çayını elə bağla ki, bir
daha məlunlar bizim torpaqlara ayaq basmasın, çünki ərlərimiz
döyüşdən beziblər!".
Göründüyü
kimi, "Zadonşina"nın da vətənin
- Rus torpağının coğrafiyası (hüdudları!)
barədəki təsəvvürləri olduqca
yayğındır. Haraların poloves, yaxud
qıpçaqların, haraların isə rusların nəzarətində
olduğunu demək çətindir. Və
məsələyə son dərəcə emosional yanaşan qədim
rus ədəbiyyatı yaradıcılarının "Rus
torpağı" deyib mədh etdiyi məkanın
kordinatları çox təxminidir. Yalnız
ayrı-ayrı şəhərlər - Kiyev, Novqorod, Vladimir,
Ryazan və s. şübhə doğurmur.
Ruslar qalib gəlirlər. Və bu qələbə,
şübhəsiz, Mamay xan üçün gözlənilməz
idi. Nə baş verirdi?.. Çingiz
xan (və onun nəslinin) XIII əsrin 20-ci, 30-cu illərindən
başlayan dövrü (150 il!) başa
çatırdı... Tarix Əmir Teymurun
yürüşlərini gözləməkdə idi. O
Əmir Teymurun ki, Çingiz xanın övladları ilə
münasibətləri yaxşı deyildi.
Və
"Zadonşina" haqlıdır ki, "artıq tatar
torpağı fəlakət və qəm-qüssə içərisində
inildəməyə başlamışdı. Onların
xanlarının rus torpağına getməyə nə
arzuları, nə də həvəsləri qalmış, qaba
hərəkət etməyə əhvalları tamam
pozulmuşdu. Artıq rus oğulları
tatarların ipək parçalarını, at və
yaraqlarını, öküz və dəvələrini, şərab,
qənd və cəvahirlərini
yığışdırıb arvadlarına
aparırdılar. Artıq rus qadınları
tatarların qızıllarını cingildədirdilər"...
Mamayın ruslar üzərinə uğursuz
yürüşünün şahidi olan genuyalılar ki
Krımda məskunlaşmışdılar, ona deyirlər: Sən
Batı qədər güclü orduya malik deyilsən ki,
rusları öz iradənə tabe edə biləsən... Təbii ki, düz deyirdilər. Və əslində,
Mamayın düşünülməmiş hərəkətləri
(və məğlubiyyəti!) imkan verdi ki,
ruslar XIV əsrdə "Rus torpağı" deyəndə
XIII əsrdəkindən daha geniş ərazini nəzərdə
tutsunlar. Bu isə ondan irəli gəlirdi ki,
türklərin diferensiasiyası prosesi güclənmişdi.
Və bir-birilə ciddi siyasi münaqişə
halında olan türk dövlətləri meydana
çıxırdı.
XV əsrdə rus tarixinin ən önəmli hadisələrindən
biri - Moskva çarlığının müxtəlif vasitələrlə
(iqtisadi, diplomatik, hərbi və s.) güclənməsi, mərkəzləşmiş
Rus dövlətinin yaranması prosesi başlayır. Pravoslavlığın
mərkəzi olmağa çoxdan iddia edən Moskva, nəhayət
ki, bu missiyaya yiyələnir.
"Çarqradın alınması haqqında
povest" göstərir ki, qədim rus ədəbiyyatı
yalnız ruslarla bilavasitə təmasdakı
poloves-qıpçaq çölündə baş verənləri
yox, Osmanlı dövlətinin hərəkətlərini də
bu və ya digər dərəcədə izləyirmiş. Hər şeydən əvvəl
ona görə ki, Osmanlı türkləri artıq beynəlxalq
münasibətlərə təsir göstərmək səlahiyyəti
olan güclü bir dövlət qurmuşdular... Xristian (yunan-rus) xəfiyyəsi Nestor İskəndərin
qələmə aldığı "povest"də hər
nə qədər Konstantinopolu müdafiə edənlərin təəssübkeşliyi
özünü büruzə versə də, türklərin qələbəsinin
təsviri qaçılmaz olmuşdur. Lakin
bu qələbə haradasa rusların işinə də
yaramış, Konstantinopoldan sonra, pravoslavlığın mərkəzi
olaraq, Moskvanın nüfuzu yüksəlməyə
başlamışdır.
İvan Peresvetovun "Sultan Mehmet haqqında rəvayət"
əsəri də qədim rus ədəbiyyatının
Osmanlı hökmdarı Mehmet Fatehə münasibətini əks
etdirir. "Rəvayət"də
göstərilir ki, Konstantinopolu fəth edəndən sonra
Sultan Mehmet yunanların (Bizansın) dövlət idarəçiliyi
"fəlsəfə"sini dərindən mənimsəyərək
öz hakimiyyətində əsas götürmüş, guya hətta
xristian dininə xüsusi rəğbətlə yanaşaraq
demişdi ki, "xristian dininə bərabər Allahın
başqa bir dini yoxdur!".
"Rəvayət"
müəllifi Çar Qroznının qızğın tərəfdarı
olduğu üçün deyir ki, yunanlar artıq
"ümidlərini Allaha və Rusiya
çarlığına, atamız rus çarına
bağlayırlar"...
"Kazan tarixi", yaxud "Kazan salnaməsi",
görünür, qədim rus ədəbiyyatının
(hakimiyyətinin) tatarlara (türklərə) münasibətinin
artıq açıq işğalçılıq
dövrünə qədəm qoyduğunu göstərir. Və bəzi strateji
mülahizələrimizi söyləməmişdən əvvəl
"Tarix"in, yaxud "Salnamə"nin
mətnini nəzərdən keçirək... Müəllif
(onun hətta bilavasitə İvan Qroznının özü
olduğu deyilir!) Kazanın işğalı
üçün "əsaslar" uyduraraq söhbətə
onun tarixinə böhtan atmaqla başlayır: "Ey iman əhli,
illər boyu kazanlıların və çeremis (marilər nəzərdə
tutulur - N.C.) tərəfindən pravoslav xristianların
başına gətirilən, Batı zülmündən də
betər olan həmən böyük bəlaları kim təsvir edə bilər?! Batı ildırım
sürətilə qara alovlu kösöv kimi xristianları atəşə
tutub ütərək darmadağın etsə də,
qılıncdan keçirsə də Rus torpağından bircə
dəfə gəlib keçdi... Kazanlılarla
belə olmadı, onlar bizim torpaqdan (iddiaya baxın! -
N.C.), öz çarları ilə birgə zaman-zaman onu qarət
edib adamları əsir götürdülər, rusları
taxıl kimi biçərək, odun kimi qıraraq xristianlara
göz açmağa imkan vermədən qanlarını su
kimi dərələrə axıtdılar"...
Böhtan
hər cür mənəvi-əxlaqi əndazəni
aşır: "...Kazanlılar müsəlmanlığı
qəbul etməkdən boyun qaçırmış ruslardan
çəkinir, onların böyük sayda Kazanda qalmasına
yol vermir, bütün Kazan vilayətində yalnız
qadınları və qızları, yeniyetmələri
saxlayırdılar ki, Kazan, Misir israillilərlə dolan kimi,
ruslarla dolmasın, onların sayı artıb kazanlıların
özlərini buradan sıxışdırmasınlar. Buna
görə də onlar rusları xaricilərə satır,
bundan böyük pullar əldə edib
varlanırdılar"... Və böhtan uydurmaya keçir -
guya Kazan xanının Sibirdən olan xəstə arvadı ona
hansısa mistik qüvvənin təsiri ilə öncədəngörməlik
də edibmiş: "... Səndən sonra bu şəhərdə
Kazan çarları olmayacaq, dinimiz də qalmayacaq, burada
müqəddəs din bərqərar olacaq, şəhər rus
hökmdarının əlinə keçəcək"... "Tarix", yaxud "Salnamə" mətni ilə
tanışlıq göstərir ki, Kazanın və
kazanlıların bu cür amansız təhqiri elə bir
düşmənçilik (nifrət!) hissiyyatından irəli
gələ bilər ki, o, ən azı bir neçə əsrdir
davam edir. Və o da aydın duyulur ki,
sözügedən düşmənçilik (nifrət!)
yalnız Kazan və kazanlılarla məhdudlaşmır.
Həqiqət
naminə deməliyik ki, əsərdə ümumtürk tarixi
üçün heç də az səciyyəvi
olmayan bir cəhət xeyli dərəcədə təfərrüatı
ilə təqdim olunmuşdur. Kazanın işğal edilməsindən
kədərlənən türk (Osmanlı) sultanı Noqay
Ordasına elçilər göndərərək xahiş
edir ki, "Moskva çarı və böyük knyazın
hücumunu dəf etmək üçün bir ürək kimi
kazanlılarla birləşin, onlarla qonşuluqda qərarlaşdığınıza
görə böyük və qədim dinimiz uğrunda bir
olun... O, dinimizə qarşı güclü mübarizə
aparır və onun kökünü kəsmək niyyətindədir.
Bu məni bərk qüssələndirir və
ondan qorxuram ki, Kazanın başına gələnlər
tezliklə sizin də başınıza gələ. Bir-birinizlə vuruşa-vuruşa məhv olursuz,
tezliklə bütün ordalarınız boş qalacaq".
Ancaq bu
peyğəmbərcəsinə verilmiş məsləhət əvəzinə
noqay böyükləri Osmanlı sultanına belə bir yekəbaş
cavab verirlər: "Ey böyük çar-sultan, sən
öz dərdini çək, bizə görə narahat olma: sən
bizə padşah deyilsən, biz sənin himayəndə
yaşamırıq, bizdən uzaqlarda dənizlər
arxasında yaşayırsan, güclü və zəngin olaraq
hər şeyə maliksən, bizim ehtiyaclarımızdan xəbərsizsən.
Bizsə kasıbıq, güclə
dolanırıq, Moskva çarı torpağımızı
lazımi mallarla doldurmasa, bir gün də dolana bilmərik.
Belə bir xeyirxahlığa görə biz
kazanlılara qarşı ona hər cür kömək
göstərməyə borcluyuq. Dilimiz və dinimiz bir
olsa da, xainliyinə və ikiüzlülüyünə
gözə kazanlılara dəstək ola
bilmərik". Və sözlərini bu cür bitirirlər:
"Biz doğru seçim eləmək niyyətindəyik:
çarlar çarına qarşı baş qaldırsan, təkcə
kazanlılara qarşı deyil, elə sənin özünlə
də vuruşarıq".
Kazanlılar isə bütün pravokasiyalara rəğmən
rus çarına tabe olmaq istəmirlər. Və mənbə,
görünür, obyektiv məlumat verir ki, "bir
kazanlıya qarşı əlli rus vuruşurdu". Ona görə də ruslar qalib gəlib Kazanı qan
çanağına döndərdilər, məscidləri
dağıdıb yerində kilsələr tikdilər,
"çar və böyük knyaz, hakimiyyəti altında
olan torpaqlardan, kənd və şəhərlərdən
varlı insanları Kazana köçürtdü və şəhəri
əvvəlkindən də on dəfə çox öz
adamları ilə doldurdu". Və beləliklə,
Kazan rus torpağına çevrildi, ya çevrilmədi, bu,
mübahisəlidir, ancaq heç bir şübhə yoxdur ki,
Moskva Rus dövləti öz hüdudlarını genişləndirmək,
qonşu əraziləri (və xalqları) müxtəlif
yollarla (və tək-tək!) zəbt edib "xalqlar həbsxanası"
yaratmaq sahəsində tezliklə "zəngin" təcrübə
qazandı... "Kazan tarixi", yaxud "Kazan
salnaməsi", əslində, Moskva ətrafında
formalaşmaqda olan yeni rus dövlətinin özünəməxsus
bir manifestidir. Və o, açıq şəkildə
göstərir ki, bu dövlət öz ərazilərini
genişləndirmək üçün heç bir vasitəyə
müraciət eləməkdən imtina etməyəcəkdir.
Başlıcası isə, öz məqsədinə
çatmaq üçün ictimai fikrin ən humanist
forması olan ədəbiyyatı da özünün ən
müxtəlif janrlarında alətə çevirəcəkdir.
Qədim
rus ədəbiyyatının (və əgər belə demək
mümkünsə, qədim rusların) türklərə
münasibəti barəsindəki söhbəti "Kazan
tarixi", yaxud "Kazan salnaməsi" ilə
yekunlaşdırmaq olardı, ancaq düşünürük
ki, XVII əsrin təxminən ortalarına aid şərti
olaraq "Azovun mühasirəsi" adlandıra biləcəyimiz
povestdə elə məqamlar var ki, həmin münasibət
haqqındakı təsəvvürü xeyli dərəcə
zənginləşdirir.
Əhvalat
ondan ibarətdir ki, 1637-ci ildə Don kazakları
Azov şəhərini hiylə ilə ələ keçirirlər.
Türk (Osmanlı) ordusu şəhəri
mühasirə etsə də, geri qaytara bilmir. Və bu
zaman Sultanın adamlarının Don kazakları
ilə apardıqları danışıqlar çar hakimiyyətinə
arxalanıb Osmanlıya qarşı saymamazlıq edən
kazakların hansı yuvanın quşu olduqlarını anlamaq
baxımından əhəmiyyətlidir... Şəhəri
geri qaytarmağı tələb edən türklər onlara
belə müraciət edirlər: "...Ay avara haramzadalar,
axı siz öz gözlərinizlə görürsünüz
ki, əlahəzrətin saysız-hesabsız
döyüşçüləri böyük kazak
çöllərini necə bürümüşdür... Sizə
xəbərdarlıq edirik, Moskva çarlığından - nə
çarın özündən, nə də rus xalqından
sizə kömək edən olmayacaq"... Cavabında isə
kazaklar deyirlər: "Ay hədsiz lovğa və qəddar
barbarlar!.. Bəlkə, dəniz
arxasında sizin hökmdarın
qızıl-gümüşü tükəndiyindən biz
kazaklara qarşı, qanlı kəndli kaftanımızdan
ötrü özünün dörd paşasını
göndərmiş?.. Siz isə
Türkiyə hökmdarının adından ona xidmət etməyi
buyurur və bizə çoxlu var-dövlət vəd edirsiniz.
Biz isə Allah bəndəsiyik,
hökmdarımız Moskva çarının nökərləriyik,
əqidə etibarilə pravoslav xristianlarıyıq.
Axı necə ola bilər ki, biz bu
işıqlı və gələcək dünyanı qoyub,
kafir türk hökmdarına qulluq edək. Biz zülmətə
getmək istəmirik!..". Və son sözləri də bu olur ki, "Azov şəhəri
altında siz minlərlə türk
döyüşçüsünü qurban versəniz də,
onu biz kazakların əlindən heç vaxt ala bilməyəcəksiniz!
Onu biz nökərlərin əlindən
yalnız bütün Rusiyanın vahid hökmdarı,
böyük knyaz Mixaylo Fedoroviç ala bilər. Əgər o istəsə şəhəri siz
köpəklərə verər. Onda Azov
şəhəri sizin olar. Hökmdar iradəsinə nə
demək olar?".
Nəhayət,
Don kazakları Rusiya çarından
xahiş edirlər ki, "Azov şəhərini öz ərazisinə
daxil etsin". Və beləliklə, mənbə
- "Azovun mühasirəsi" bütün ədəbi- bədii
əhəmiyyəti ilə birlikdə rus dövlətinin
işğalçılıq siyasətinə xidmət edən
ideoloji sənəddir.
Buraya qədər deyilənlərdən mühüm hesab etdiyimiz bir neçə nəticəyə gələ bilərik... Birincisi odur ki, XI-XVII əsrləri əhatə edən qədim rus ədəbiyyatı qonşu etnosların məskunlaşmış olduğu əraziləri zəbt edərək coğrafiyasını genişləndirmək məqsədlərini özünün etnik xarakterinə çevirmiş bir xalqın, get-gedə işğalçılıq ehtirasları daha da güclənən bir dövlətin ədəbiyyatıdır... İkincisi, bu ədəbiyyat "kafirlər"ə məhz xudbin iddialardan irəli gələn xristian-pravoslav nifrəti ilə doludur... Və nəhayət, üçüncüsü, rusların yalnız ictimai-siyasi baxımdan deyil, ədəbi səviyyədə də türklərə bəslədikləri barışmaz münasibətin tarixi göstərir ki, Avrasiya nəzəriyyəsi, bir az realist olmağa çalışsaq, ciddi söhbətə oxşamır...
Nizami
CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.16-18.