Milli düşüncənin
formalaşması yolları
Loğman Rəşidzadənin
"Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk problemi" adlı dissertasiya işi ilə
bağlı mülahizələr
Hər bir bəşər övladı kimi
yaradıcı insanların da ömür yolları bir-birinə
bənzəmir, hərənin öz taleyi, öz qisməti
olur. On beş yaşından - 1942-ci ildən əmək
fəaliyyətinə doğma Qubadlının kənd məktəbində
müəllimliklə başlayan Əli Məmişov 1950-ci
illərin əvvəllərindən Əli
İldırımoğlu imzası ilə jurnalistlik peşəsinə
üz tutmuş və artıq ötən əsrin
sonlarında Azərbaycan ədəbi aləmində həm
ünlü publisist, həm də tanınmış müqtədir
bir nasir kimi ad-san qazanmışdı. XXI əsrin
ilk çərəyində zəhmətkeş qələminin
məhsulu olan on iki cildlik külliyyatını araya-ərsəyə
gətirən qocaman ədib illərin sınağından
keçən ömür yolunun əxlaqı-mənəvi qənaətlərinin
cəmini sevimli oxucularına ərməğan etmiş oldu.
Burada toplanan bədii və publisistik nümunələrin
hər biri müəllifin zəngin, dolğun həyat təcrübəsinin
ədəbi inikasıdır və bu əsərlərin hər
biri ayrı-ayrılqda tədqiqat süzgəcindən
keçirilməyə, elmi-nəzəri dəyərini
almağa layiqdır.
Loğman
Rəşidzadə filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün təqdim
etdiyi "Əli İldırımoğlu
yaradıcdığında milli-mənəvi özünüdərk
problemi" dissertasiya işi indiki zamanda cəmiyyətimizdə
vətənpərvərlik hisslərinin xüsusi bir ovxar kəsb
etməsi baxımından mövzunun yüksək
aktuallığını şərtləndirir,
yazıçının bizə qalan zəngin ədəbi
irsi içərisindən iddiaçının tədqiqat
seçiminin doğru-düzgünlüyünə dəlalət
edir. Uca məqamlı vətənpərvərlikdən
rişələnən milli-mənəvi dəyərlərimizin
dərki uğrunda bütün şüurlu ömrü boyu
yorulmaz qələm sahibi tək tanınan Əli
İldırımoğlunun yaradıcılığına
üz tutan dissertant, ədibin söz xəzinəsinin
canı-cövhəri olan milli-mənəvi özünüdərk
problemini araşdırma obyeki kimi seçməklə
özünün səriştəli ədəbiyyatşünas
bacarığını əyani nümayiş etdirmiş olur.
Dissertasiyanın əhatəli və dolğun
yazılmış "Giriş"ində mövzunun gərəkliyi,
tədqiqat obyektinin dəyəri və seçim səbəbləri
tutarlı müddəalarla, inandırıcı şəkildə
əsaslandırılmış, ümumən, milli-əxlaqi,
milli-mənəvi örnəklərimizin, vətənsevərlik
qaynaqlarımızın özünüdərk prosesindəki
rolunun Azərbaycan ədəbiyyatında əksi problemləri
yığcam şəkildə
işıqlandırılmışdır. İşin məqsəd
və vəzifələrı müxtəsər şəkildə,
üç bəndlə bəyan edilmiş və nəticədə
Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk probleminin bədii gerçəkliyinin ümumnəzəri
mənzərəsinin yaradılmasına xidmət edəcəyi
göstərilmişdir. Yerindəcə qeyd etmək istərdim
ki, iddiaçı öncədən müəyyənləşdirdiyi
məqsəd və vəzifələrə tədqiqatında tam nail ola bilmişdir.
İşin
tədqiqat metodları konkret, aydın və dəqiq,
mövzunun məzmununa tam uyğundur: tarixi-müqayisəli,
müqayisəli-tipoloji, müqayisəli-təsviri. Müdafiəyə çıxarılan dörd əsas
müddəa dissertasiyanın qarşıya qoyduğu məqsəd
və vəzifələri yerinə yetirmək
üçün tamamilə yetərlidir,
yazıçının əsərlərindəki milli-mənəvi
özünüdərk problemini müasir zaman süzgəcindən
keçirib təhlil etməyə, Əli
İldırımoğlunun əsərlərinin dil, üslub və
bədii vasitələrinin özünəməxsusluqlarını
tutarlı dəlillərlə sübuta yetirməyə
geniş imkanlar verir. Haqlı olaraq,
dissertant öz tədqiqat işinin ən əsas elmi yenilikləri
sırasında Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk probleminin "yüksələn
dinamika üzrə başlıca fəlsəfi konsept səviyyəsinə
qalxmasını üzə çıxarmaq, onun ədəbi-fəlsəfi,
poetik-idraki özəlliklərini müəyyənləşdirmək,
bu konseptin dil, üslub və bədii təsvir vasitələrilə
müəllifin ümdə yaradıcılıq qayəsinə
çevrildiyini aşkarlamaqdan ibarət olduğunu göstərmişdir.
Dissertasiyanın
"Milli-mənəvi özünüdərk probleminin ədəbi
mahiyyəti və Əli İldırımoğlu
yaradıcılığı" adlı ilk fəsli üç
paraqrafdan ibarətdir: "Dünya ədəbiyyatında milli
şüurun formalaşması və inkişafı
yolları", "Azərbaycan bədii düşüncəsində
milli-mənəvi özünüdərk konseptinin təzahür
formaları" və "Əli İldırımoğlu
yaradıcılığında insan konsepsiyası və
özünüdərk probleminin ümumnəzəri
konteksti". Burada tədqiqatçının
Əli İldırımoğlu
yaradıcılığını dünya və Azərbaycan
ədəbiyyatı nəzəri-estetik kontekstində
araşdırma amacı elmi yöndən uğurlu
yanaşmadır və alınan elmi nəticələr tam
inandırıcı, tutumlu, qəbulediləndirlər. Bu
fəsildə müəllifin dünya ədəbiyyatına və
doğma ədəbiyyatımıza dərindən bələdliyi,
mükəmməl elmi-ədəbi, təməl bilgi sahibi
olduğu, araşdırdığı ədibin
yaradıcılığını incəliklərinə qədər
öyrəndiyi, yeri gəldikcə onun əsərlərini
dünya və Azərbaycan ədəbiyyatının kamil ədəbi
örnəklərilə eyni mizan-tərəziyə
çıxarıb, ustuf məharətlə tədqiqi
müqayisələr aparması, qənaətlərini
ustalıqla meydana çıxarmağı,
araşdırdığı milli-mənəvi
özünüdərk probleminin tam aydın mənzərəsini
yarada bilmək bacarığı təqdirəlayiqdir, qürurvericidir,
sevindiricidir.
Son vaxtlar
Sovet əyyamında yaranmış ədəbi örnəklərin
əksəriyyətini kommunist-sosialist siyasi ideyaların təbliğat
nümunələri hesab edənlərin, bu əsərlərin
üstündən zinrik xətt çəkib, lazımsız
cızma-qara kimi unutqanlıq quyusuna quylamaq istəyənlərin,
yetmiş illik bir zamanın humanitar məhsullarının
hamısına ucdantutma siyasi qara yaxanların sayı
bütün postsovet məkanında yaz
yağışından sonra hayxırıb qalxan göbələklərdən
də ötədir. Loğman Rəşidzadənin
bu həssas məsələyə obyektiv, yöndəmli və
qəti münasibəti onun bütün dövrələrin əbəbi
irsinə ehtiyatla, müdrikcəsinə, qədirşünaslıqla
yanaşmağın vacibliyini bir daha vurğulayıb yada
salır, yersiz xətalardan çəkindirmək
üçün xəbərdarlıq edir. "...Lakin bu
əsərlər sırf milli hadisə, xalis milli təfəkkür
və məfkurə nümunələri idi. Zaman, məkan Azərbaycandır,
insanlar da azərbaycanlılar... Zaman öz zəngin,
çoxcəhətli gərdişində, məkan vətən
biçimində, insanlar da daxili zənginliyi, milli sifətində,
özünəxas əxlaqi tamlığında".
Tədqiqat
işinin üç paraqrafdan ibarət olan "Əli
İldırımoğlu nəsrində həyat həqiqətlərinin
bədii və poetik struktur səviyyələri" adlı
ikinci fəslində birbaşa yazıçının həyat
və yaradıcılıq yolunun zəngin faktik
materallarına istinadən onun yüksək vətənpərvərlik
və ölməz milli-mənəvi dəyərliərimizin
sintezindən mayasını tutmuş bədii nəsrinin məğzi-mahiyyəti,
ideya və məzmunu aşkarlanır, milli şüurun, milli
düşüncənin formalaşmasının ana yolları,
sosial-mənəvi məsələlərin müxtəlifliyinin
inikası bəlirlənir, özünüdərk problemi
bütün çalarları ilə, əriş-arğacı
ilə çözülüb
aydınlaşdırılır.
Bənzərsiz
dil və yazı üslubuna malik olan yazıçının
məhz bu sahədə əldə etdiyi qibtədoğuracaq
uğurlar, onun Azərbaycan ədəbiyyatının
inkışafında tutduğu yeri və rolu "Əli
İldırımoğlu nəsrində konseptual məsələlərın
həllı yolları" adlandırılmış iki
paraqraflı üçüncü fəsildə müfəssəl
araşdırma kimi öz əksini tapmışdır. Tədqiqatçının gəldiyi elmi qənaətlər
yazıçının bədii nəsrinə səriştəli
və diqqətli araşdırma tərzilə yanaşmaqdan
meydana gəldiyi üçün qeydsiz-şərtsiz qəbul
edilən dərəcədədir. Fikrimin təsdiqi naminə
dissertasiyadan kiçik bir iqtibas gətirim: "Ədibin əsərlərində
milli-mənəvi özünüdərkin geniş və
mürəkkəb quruluşunda üç məsələ
üstünlük təşkil edir. Birincisi,
xalqın öz keçmişini öyrənərək ona
hörmətlə yanaşma qayğısı; ikincisi, milli dəyərlərin
əsas vasitəsi olan dilin nəsildən-nəslə
sağlam şəkildə ötürülməsi;
üçüncüsü, milli ləyaqətin və milli
şərəfin həmişə uca tutulmasıdır.
Yazıçı bu postulatları zaman-zaman təbliğ
edib şüurlara yeridir, xüsusən, gənclərin bu
ruhda böyüməsi qayğısıyla
yaşayırdı".
Dissertasiyanın "Nəticə" hissəsi həcmcə
əhatəli, məzmunca dolğundur. Tədqiqatda əldə
edilən əksər elmi qənaət və irəli
sürülən mülahizələr burada, əsasən,
öz əksini tapmış, yığcam şəkildə
göstərilmişdir. Tədqiqat
işinin dili olduqca rəvan, anlaşıqlı, yazı
üslubu aydın, qrammatik qaydalara tam uyğundur. Bütün bunlar tədqiqatçının
özünəxas yazı üslubunun
formalaşdığına, püxtə qələm sahibi
olduğuna dəlalət edir.
Dissertasiyanın quruluş baxımından mükəmməlliyini
də xüsusi qeyd etmək istərdim. Yuxarıda qeyd etdiyimiz kimi, iş məzmunlu və tələbə
uyğun yazılmış "Giriş"dən, ikisi
üç paraqraf, biri isə iki paraqrafdan ibarət olan
üç fəsildən, geniş "Nəticə"dən
və "İstifadə edilmiş ədəbiyyat" siyahısından
hasilə gəlmişdir. Fəsillər və
paraqraflar arasındakı məntiqi bağlılıq,
müvazi keçidlər, səlis ardıcıllıq prinsipləri
lazımınca gözlənilmişdir. Materialın
fəsillərdəki həcmində də qənaətbəxş
tarazlıq mövcuddur.
Tədqiqatın yüksək nəzəri səviyyəsi,
orijinal, qeyri-standart elmi qənaətləri danılmaz həqiqətdir. Bu həqiqətlər
inandırıcı elmi nəzəri qənaətlər
işığında reallaşdırılır və təsbit
olunur.
Dissertasiyanın ümumi elmi səviyyəsi qənaətbəxşdir,
müraciət olunan elmi-nəzəri mənbələr
dolğun və mükəmməldir. İddiaçının
mövzu üzrə əsas elmi nəticələrini göstərən
dərc olunmuş işləri dissertasiyanın məzmununu tam
əhatə edir, avtoreferat müvafiq tələblərə
uyğundur.
Elmi işlə diqqətlə tanışlıqdan sonra
gəldiyim yekun qənaət belədir ki,
iddiaçının elmi araşdırması tam uğurlu
alınıb, müəllifin gəldiyi nəticələr məntiqi,
elmi baxımdan qənaətbəxş və
inandırıcıdır.
Bu tədqiqatın həm ədəbiyyatşünaslığımız,
həm də geniş oxucular üçün faydalı
olacağına inanır, onun müəllifi Loğman Rəşidzadəyə
uğurlar diləyirəm.
Abuzər BAĞIROV
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.19.