Yaddaş ağrıları
Sənədli xatirə-romandan
parça
İstanbuldan gələn təyyarə Bakı hava
limanına təzəcə enmişdi. Sərnişinlər
səs-küylə qapının ağzına toplaşıb,
açılacağını gözləyirdilər. Bələdçi qadının səsini eşidən
camaatın arasında bir canlanma yarandı. Ortaboylu, qarayanız bir qadın kirpiklərindən
yaş süzə-süzə körpəsini sinəsinə
basıb "yol verin, yol verin" - deyə-deyə irəliləyirdi.
Gah da ürəyində. - Ya Rəbbim,
çata biləcəyikmi? - deyə
pıçıldayırdı. O, nə ətrafdakıları
görür, nə də eşidirdi. Zənbil kimi balaca
uşaq nənnisini əlində götürən həyat
yoldaşı narazılıqla üz-gözünü
turşudan sərnişinlərdən tez-tez üzr istəyir,
səssiz-səmirsiz onun dalınca insan topasını yara-yara
gedir, gah da çığırıb az
qala göyərən körpəni sakitləşdirirdi. Camaat nə isə ciddi bir hadisə baş verdiyini bu
cavan ər-arvadın sifətindən başa
düşdükləri üçün sükutla aralanıb
onlara yol verirdilər. Uşağa görə
pasport qeydiyyatı olan yoxlama məntəqəsində də
onları çox ləngitmədilər. Gətirdikləri
bağlamalara da məhəl qoymadan özlərini
çıxış qapısına atdılar. Körpə də nə isə acı bir xəbər
duyurmuş kimi dil-boğaza qoymur, aramsız
qışqırır, ovunmaq bilmirdi.
- Yox,
ürəyimə damıb ki, bəd bir xəbər eşidəcəm,
- deyə beynindən keçirdi Fərəh. O, bunu
anasının telefonda titrəyən səsindən,
bacısının qəhər dolu
danışığından hiss eləmişdi.
"Bircə o bəd xəbər olmasın, Allah. Onu
özümə bağışlaya bilmərəm. Axı, iki ay bundan öncə Avropanın ən
yaxşı həkimlərinə göstərmişdim onu.
Ümid dolu cavablar almışdıq. Bir ay öncə Belgiyanın, Almaniyanın görkəmli
yerlərini bizimlə bərabər gəzmişdi? Anamızın narahatlığını
görüb. Heç yerim
ağrımır - demişdi. Fəxrlə
qulluğunda dururdum. Övlad
qayğısından, kürəkənin hörmət-izzətindən
danışdığını eşidib rahat nəfəs
almışdım. Övlada bundan artıq hədiyyə
nə ola bilər" - deyə
düşünüb sevinmişdim.
Evə çatanda ətrafda heç bir hüzn əlaməti
olmadığını görüb yeddinci mərtəbəyə
birnəfəsə qalxdılar. Qapıda onu
qarşılayan bacısının üzündəki kədərdən
hər şey ona aydın oldu. Səsi
boğazına tıxanıb qaldı. Nəsə
soruşmağa taqəti çatmadı. Göz
yaşlarını boğub özünü atasının
otağına atdı. Elə bil iki gün bundan qabaq:
- Mən
lap yaxşıyam, qızım. Yeddinci nəvəmi
görmək arzum olub. Onu mənə
çatdır - deyən atasının tanınmaz görkəmindən
qorxdu.
Həkimlər uşağın 3 ayı olmamış təyyarəyə
minməyə icazə vermirdilər - deyə çox əzab
çəkirdi, Fərəh. Deyirlər ailədə ilk, bir də
sonbeşik uşaq şirin olur. Amma ata Fərəhin
ağlına, bacarığına görə onu çox
sevirdi. Hamıdan kiçik olsa da
bütün məsələlərdə, onunla
hesablaşırdı. İndi onu
yandıran atasının sonuncu nəvəsini gözdolusu
görə bilməməsi idi.
Zorla kirpiklərini qaldırıb atasının
solğun üzünə, sönməkdə olan zəif, son
şüasını ətrafa salan şam kimi öləziyən
gözlərinə baxdı. Gözlərində həyat
əlaməti qalmamışdı. Ətrafındakı
qohum-qardaşa, dörd qız balasına, ömür-gün
yoldaşına dünəndən bəri bir kəlmə
söz də deməmişdi. Körpə
səsinə gözlərini açdı. İlahi, o gözlərdə nə qədər həyat
eşqi, yaşamaq həvəsi vardı. Əllərini
uzadıb yeddinci, son nəvəsini qucağına aldı,
qızının alnından öpüb, kürəkənə
əl verdi. "Oxxayyy" -
deyə ətrafı həsrətlə süzdü. Bir neçə dəqiqədə elə bil
Tanrı ona dünyalarca güc-qüvvət vermişdi.
Kənarda dayanıb aramsız göz yaşı tökən
52 illik ömür-gün yoldaşını, ürək
dostunu gördü.
- Mənə
elə soyuq baxma, səni nə qədər sevdiyimi
yaxşı bilirsən. Mən yaşayacam,
ağlama. Səninlə hələ
çox söz-söhbətimiz olacaq. Nəvələrin
çoxluğunda adam heç ölərmi?
Sonra əlinin işarəsi ilə onu yaxına
çağırdı. Ətrafdakılara məhəl qoymadan
qolunu boynuna dolayıb alnından öpdü.
Bu, onun 52 illik ömür yoldaşı ilə son
vidası, axır görüşü idi. Ağrılardan
qıvrıla-qıvrıla barmaqlarını sıxıb
yumruğunu düyümlədi. Nə isə
yenə deməyə çalışdı. Gözləri uzaqlara zilləndi. Xeyli
duruxdu. Heç kəs səsini
çıxartmırdı. Onun nə isə
vəsiyyət edəcəyini güman edib dinmirdilər.
Böyük nəvəsi Hüseyn (o, Azərbaycanın
Strasburq şəhərindəki səfirliyində diplomat
işləyirdi) başının üstündə oturub
tez-tez alnının tərini silir, "baba, mən burdayam,
yanındayam" - deyə sanki ürək-dirək verirdi. Heç kəsin gözləmədiyi
halda başını yastıqdan qovzayıb:
-
"Yaşasın, vətən" - dedi.
Otaqdakıların hamısı heyrətlə bir-birinə
baxdı. Bunun nə demək olduğunu kəsdirə bilmirdi.
Neçə illərdi torpaq, yurd həsrəti
çəkən, yaxın, doğmalarını yad qəbiristanlıqlarda
dəfn eləyən bir oğulun, vətəndaş qeyrətli
insanın son nəfəsdə dediyi sözə təkcə mən
heyrətlənmədim. Sultanlar
oylağı, ziyalılar ordusu yaradan qədim Soltanlı kəndində
uyuyan ata-babalarının ruhuna qovuşmaq arzusunu dəfələrlə
eşitmişdim.
***
Deyirlər,
hər kəsin iki vətəni var. Biri hamıya ümumi
ünvan olan böyük vətən, biri də göz
açıb havasını udduğun, suyu, çörəyi
ilə böyüdüyün, uşaqlığının, gəncliyinin
izin saxlayan vətəndən qopan kiçik bir məkandı.
Səsin dağlarında, ayaq izlərin
torpağında qalan doğma yurddur ki, səni zaman-zaman
ağladır, maqnit kimi özünə çəkir. Anamızın layla çaldığı eyvan,
atamızın dəhrə sancdığı ağac, hər
gün əyilib gözündən içdiyi kəhrizlər,
bulaqlar nə qədər əziz, nə qədər doğma
olur insana. Hüseyn Məhərrəm
oğlunun son arzusu, istəyi də elə bu idi. Ölüm ayağında da o kiçik vətən,
atalı-analı çayları, kövrək gəncliyi,
şıltaq uşaqlığı idi onu çəkirdi.
Deyirlər, ömrün son anlarında torpaq
adamın ayağından çəkir.
İnstitutdakı çətin işinə baxmayaraq uşaq
kimi hər gəlib-gedəndən soraqlayırdı doğma kəndini,
İran tərəfdən baxıb Arazın lap
qırağında, Xudafərinə söykənən
Soltanlının daşının-torpağının da talan
olduğunu eşitdi. Bax elə o gün Hüseynin iç
dünyası sökülüb dağıldı. Ümidləri qırılıb içinə
töküldü. Əvvəllər tez-tez dilinə gətirdiyi
şeirimdən bir bəndini ürəkyanğısı ilə
dedi:
...Dərd
bağrımı sökür yaman,
Gözlə qübar çökür, yaman.
Torpaq məni
çəkir yaman,
Bizim ellər yerindəmi?
Ondan sonra əlimə qələm almayacağımı
dönə-dönə desəm də, özüm özümə
etibarsız çıxdım. Onsuz
yaşadığım hər günün
ağrılarını kağıza tökməyə ehtiyac
duydum.
İnsan qəribə məxluqdur. Nə qədər
əzab, məhrumiyyətlər görür-görsün, yenə
yaşamaq istəyir. Yaşamadığı
günlər, aylar, hətta anlar üçün
yaşayır. Bir danılmaz həqiqət
də var ki, insan öz ömrünün ssenarisini yaza bilmir,
alnına İlahidən yazılanı özü poza bilmir.
Alın yazısını, tale qismətini istədiyi
səmtə yönəltmək qabiliyyətinə malik deyil.
Alın yazısını ancaq öz
yaşadığı qədər poza bilər ki, onun da son
ucu ölümdür.
Bir
insanın yanıb-yandırdığı,
günahlı-günahsız, sevincli, kədərli
anlarından yazmağı onunla 52 il nəfəs-nəfəsə,
çiyin-çiyinə sevincini kədərini qoşa
yaşayan bir adam yaza bilər.
Böyük bir ailənin, elmin ağır
yükünü çiynində daşıyan bir dostun,
qayğıkeş atanın, sədaqətli ərin
ömür yolundan danışmaq nə qədər çətin
olsa da özümə borc bilirəm. Bu borcu ürək
ağrısı, çiyin yükü kimi özümlə o
dünyaya daşımaq istəmirəm. Sadəcə
olaraq o böyük ürəkli insanın, təvazökar
alimin, öz bilik, bacarığı ilə elmdə
özünə yol seçib, sadə mühəndislikdən
elmlər doktoru, professorluğa qədər yüksələn
bir tədqiqatçı pedaqoqdan yazmaq mənə çətin
və ağırdır. Yuxarıda dediyim
kimi, borcumdu. Bir şeirimdə dediyim kimi:
Tanrı
qismətini gətirsək yada,
Bir ömür vərini biçmək çətindi.
Borclu
yaşasaq da biz bu dünyada,
Borc altda
dünyadan köçmək çətindi...
Hüseynov Hüseyn Məhərrəm oğlu 1937-ci ildə
Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Orta məktəbin
ən nümunəvi şagirdi kimi müəllimlərini
heyran qoyub. Filologiya elmləri doktoru, professor Qəzənfər
Kazımov məclislərdə danışanda (onlar on il bir skamyada oturublar) deyir ki, sinifdə çətin
məsələ-misalı həll eləyə bilməyəndə
Hüseynə müraciət edərdi. Hüseyn
onu elə bacarıqla həll eləyirdi ki, onu kəşf edən
Nyuton da elə asanlıqla həll edə bilməzdi (zarafatla).
Sadə kəndli oğlu sənayenin ən çətin
sahəsi olan neft-qaz yataq axtarışı və kəşfiyyatı
üzrə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat
fakültəsinə qəbul olur. İnstitutda oxuyarkən
dövrün ən ali təqaüdü
sayılan Stalin təqaüdünü alır. Sonralar neft sənayesinin
ən çətin sahələrində: "Nargin",
"Qum" adalarında Bibiheybət neft yataqlarında işlədi.
1967-ci ildən ömrünün sonunadək (3
noyabr, 2012) həyatını bu instituta bağladı. Fakültədə aspirant, dosent, professor kimi işlədi.
On səkkiz dərs vəsaiti, 9 dərslik 150
elmi məqalə müəllifi idi. Rusiyanın müxtəlif
institutlarında, Əfqanıstanda, Çinin Pekin
şəhərində elmi konfranslarda mühazirələr
oxudu. ADNA-nın Elmi Şurasının və Azərbaycan
Respublikası Prezident Aparatı yanında Ali Attestasiya
Komissiyasının "Yer elmləri" üzrə ekspert
şurasının üzvü olub, işinə məsuliyyətlə
yanaşdı. Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 18 noyabr tarixli 1202 nömrəli Sərəncamı ilə
"Tərəqqi" medalı ilə təltif olundu.
Qeyri-şərtsiz deyərdim ki, Hüseyn müəllim
öz sənətinin vurğunu - fanatı idi. Evdə
etirazına baxmayaraq, qızlarının
üçünü (Leyla, Lalə və Gülnarəni)
öz ardınca çəkib mühəndis sənətinə
yiyələndirdi. Sonbeşik Fərəh
isə ADU-nun sosialogiya və sonra Beynəlxalq münasibətlər
fakültəsini bitirdi. Öz sənətini
öyrətməkdən həzz alardı Hüseyn. Bununla bahəm bədii ədəbiyyatı çox
sevirdi. Dərin hafizəyə, möhkəm
yaddaşa malik idi. H.Arifin, S.Vurğunun
şeirlərini əzbər deyərdi. Aşıq-şair
Qurbanini çox sevərdi. Aşıq sənətinin,
sazın vurğunu idi. Bir dəfə səhər-səhər
aşıq Şakir "Nə bağ bildi, nə də
bağban" mahnısını elə şövqlə
oxuyurdu ki, Hüseynin üzü bulud kimi tutuldu.
Əlini
bərkdən dizinə çırpdı...
- Səndən
xahiş edirəm, "Bizim eldə nə bağ qaldı, nə
də bağban" adlı bir şeir yaz - dedi. Arzusunu yerinə yetirdim. Evdə
elə o şeirini zümzümə edərdi.
1977-ci ilin oktyabrından 1980-ci ilin yayına qədər
Əfqanıstana işləməyə göndərildi. Kabil Politexnik
İnstitutunda mühazirə oxuyurdu. Üç il ərzində yad ölkədə neft-qaz
axtarışı sənətini elə sevdirmişdi ki,
sonralar bir çox tələbələri Azərbaycana
oxumağa gəldilər. Əfqan və
hindistanlı müsəlman tələbələri ona Ustad
deyirdilər.
Sovet bolşevik qoşunları 1979-cu ilin dekabrında qəflətən
Əfqanıstan torpağına girəndə çətin
günlər, anlar keçirdi, Hüseyn. Mənsub
olduğu xalqın, təmsil elədiyi dövlətin nümayəndəsi
kimi borcunu yerinə yetirdi. Sovet-bolşevik
rejiminə nifrət ən son həddə
çatmışdı. Adicə bir
çörək ala bilmədiyimiz vaxtlarda tələbələri
onu çörək və ərzaqla təmin edirdi. Sovetlərdən gedən qeyri-müsəlman
xalqların nümayəndələrinə də kömək
eləyirdi. Elə bir vəziyyət
yaranmışdı ki, hər kəsə ailə-uşağını
qorumaq üçün göstəriş verilmişdi. Hüseyn müəllim çiynində avtomat gecələr
keşik çəkir, gündüz dərs deyirdi. Təmkinini pozub, bizi qorxutmamaq üçün həyəcanını
bildirmirdi. İki körpəsini, həyat
yoldaşını ruhdan düşməyə qoymurdu. Partiya tapşırığını yerinə yetirəndə
məsuliyyət göstərdiyi kimi, 1990-cı ildə də
partiya biletini oda atıb yandıranda tərəddüd etmədi.
Yadımdadır, 1980-ci ilin fevral-mart ayları
Kabildə vəziyyət çox ağır idi. Sovetlərdən gələn (şurəvilər
deyirdilər bizə) bir vətəndaş kimi bizi
ölümlə hədələyirdilər. Xüsusən, "basmaçı"
adlandırılan özbək, türkmənlərin nəvə-nəticələri
şurəvilərə nifrət bəsləyirdilər.
Bir növ, ata-babalarının qisasını
almaq üçün nəyə desən hazır idilər.
Bu ərəfədə partiyanın bir görüşü
oldu, bildirildi
ki, kimin əsəbləri dözmürsə ölkədən
çıxıb gedə bilər. Bu göstərişi
qəbul edənləri vətəndə nə gözləyir
bilirdik. Onda da Hüseyn mənsub olduğu
dövlətə, partiyaya olan sadiqliyini itirmədi. Odun-alovun içində tələbələri Məzarı-Şərif
şəhərinə yaxın "Şiferqan" neft
yataqlarına təcrübəyə aparanda onunla əvvəlcədən
vidalaşmışdıq. 1990-cı il
Bakı qırğınından çox sarsıldı. Belə bir dövlətə, belə bir orduya bəslədiyi
hisslər üçün özünü çox
qınadı, sarsıldı. Ömrünün
axırına qədər yurd, torpaq ağrısı ilə
yaşadı. Didərgin ellərin,
dağılan xanimanların dərdini çəkə-çəkə
içində ağladı. Üç
qardaş, bir ana, bir bacısını itirdi. Vətən deyə-deyə ağlını belə
itirən anasının dərdini içində çəkdi.
Son ümidi onun özünün doğma torpaqda
uyuması idi. Deyirlər, son ümid qırılanda adam yaşaya bilmir, sınır, sındıqca
kiçilir, kiçildikcə məhv olur. Sən
özünü sınıb kiçilməyə qoymadın,
Hüseyn. Sən kiçilmək
üçün yox, ucalmaq üçün
yaranmışdın. Odur ki, son nəfəsində:
"Yaşasın Vətən!" deyib gözlərində
vətən həsrəti çox sevdiyin torpağın
qucağına getdin.
Bu qəribə ölüm bizi yandırdığı
kimi, ürəyimizi iftixar hissi ilə döyündürdü. Sən bizimlə
yox, torpaqla, vətənlə vidalaşdın. Torpağa
olan məhəbbətini Fransanın Strasburq şəhərindəki
səfirliyində diplomat işləyən, öz
adının daşıyıcısı Hüseynə, Xəzər
Universitetinin tələbəsi olan, indi arxitektor işləyən
ən çox sevdiyin Rufatına, Abbasa, Nərminəyə,
Mayaya, dörd qız övladına qoyub getdin. Torpağa
sığındın, anan Leylinin qucağına
sığınan kimi. Bax elə onda səni
qucağına alan torpağa
qısqandım. Ürəyimdən bir neçə
misra qopdu.
- Bilsən
necə sıxır sənsizlik məni,
Yuvası dağılan bir quş kimiyəm.
Nə yerəm,
nə göyəm, yurdsuz məkansız
Bilmirəm
kölgəyəm, xəyalam nəyəm...
İlk dəfə olaraq bu şeiri sənsiz yazdım. Çünki
hər şeirimin, roman, povestimin ilk oxucusu, ilk rəy bildirəni
sən idin.
Sənin şeirlərini oxuya-oxuya "mən də, deyəsən,
şair olacam" - deyirdin.
1993-cü
ilin bizə qara gələn yayında Xudafərindən o taya
adlayıb erməni faşistlərindən can qurtaran
ana-bacılarımızın başına gələn dəhşətlərdən,
erməni vandalizminin çirkin əməllərindən bəhs
edən "Arazdan gələn səs" romanımı
oxuyanda acı-acı ağlamışdım. Səni
heç vaxt belə ağlayan görməmişdim.
Özünü ələ alıb: "Tarix haqqı nahaqdan
ayıracaq, bulanan sularımız yenə durulacaq,
haqqımız özümüzə qayıdacaq" - deyə
özünə gümrahlıq verib məni toxtatdın.
İlk qələm təcrübəm olan "Duyğu
yarpaqları" kitabımın əlyazması
Əfqanıstanda tələf olanda, namizədlik işim
yarımçıq qalanda (Əfqanıstana getdiyimiz
üçün), əlimə bir də qələm almayacam
deyəndə eyni tərzdə məni ruhdan düşməyə
qoymadın. Yenidən ədəbi aləmə
qayıtmağımın səbəbkarı yenə sən
oldun. Həyatın çətin
yollarını qoşa keçəndə qolumdan tutdun,
insanları, insanlığı sevməyi səndən öyrəndim.
Bir əlim qələmdə biri övlad, nəvə
beşiyində qızlarımıza ana, nəvələrimizə
nənə oldum. Həyatda nə
qazandımsa sənin qayğın, nəvazişin sayəsində
oldu.
...Dedin,
göz yaşına dəyməz, bu dünya,
Hamını
bir gözdə bilməz, bu dünya
Onu sevməyəni,
sevməz bu dünya,
Dünyanı
sevməyi səndən öyrəndim...
Sən özün də yaxşılardan öyrənib
öyrətməyi sevirdin. Odur ki, ardınca
böyük bir müəllim-tələbə ordusu məzarlığa
səni yola salırdı. Onlar
ömrünü təmənnasız yandıra-yandıra
yetişdirdiyin ardıcılların idi. Elmin
yolunda qarşına bədxahlar da çıxırdı.
Onlar qaratikan kimi yolunun üstündə bitirdilər.
Aspirant, dissertantlarının elmi işinə
mane olurdular. O qaratikan kolları elə indi də elmin, təhsilin
qabağını kəsir, səriştəsiz, elmdən
çox da baş açmayanları irəli çəkirdilər.
Dözə bilmirdin. Haqqın
tapdalandığını gördükcə sarsılıb
ürək ağrısı keçirirdin.
2012-ci ilin ilk dərs günü həm də sənin
doğum günün idi. Bayramsayağı geyinmişdin.
Ağrılardan qıvrıla-qıvrıla auditoriyaya o il ilk və son dəfə girirdin. Kollektiv süfrə açıb sənin doğum
gününü qeyd edirdilər.
Rektorun təbrikini sənə yetirdilər. Məni də özünlə
aparmışdın... Nə isə elə bil mənsiz
öləcəyindən ehtiyatlanırdın. Çox kövrəlmişdin. Hamı
gizli-gizli ağlayırdı. O əlli iki il
işlədiyin bir məbədlə sonuncu
görüşünə kövrəlmişdin. Ölüm bir reallıq olsa da bu reallıqla
barışa bilmirik. O da bir həqiqətdir ki,
ölüm bəzən son hədd olmur. Adam var
yaşamaq xatirinə yaşayır. Özündən
sonra tez unudulur. Hüseyn müəllim
ömürdən sonra ömür qazanan insan idi. Xoşbəxt o adamdır ki, cismini ruhuna girov
qoyduğu dünyada əbədilik qazanır.
-
Bütün insanlar həyata gəlir eyni cür,
Həyatdan gedir başqa cür.
Biri
yaşamaq üçün,
Biri
dünya dərdlərini daşımaq üçün
yaşayır
Biri az, biri çox, yaşamaq payı alır,
Ölümdən
sonra az adam qalır.
Həyatın
da mənası elə az adamların cərgəsində
olsaq deyilmi?
Hüseyn
Məhərrəm oğlu az qalan adamlardan
oldu.
Deyirlər, ruh gözəgörünməzdi. Mən belə düşünməzdim. Hər kəsin ruhu onun işində, əməlində, xeyirxahlığında, yazıb-yaratdığında əbədiləşir. Ölümdən sonra da yaddaşlarda qalır. Hüseyn müəllim aspirant, dosent, Geologiya Mineralogiya elmləri doktoru, fakültə dekanı, kafedra müdiri kimi yox, işi əməli ilə yaddaşlarda əbədi yaşayacaq.
Şövkət
Zərin Horovlu
Ədəbiyyat qəzeti.- 2022.- 9
iyul.- S.20-21.