...Gəlir xəyalıma o köhnə Bakı,

Keçən əsrdəki, doxsanlardakı.

Nə alov qülləsi, nə göydələn var,

Bir sakit şəhərdi, bir sadə bulvar.

 

bir bir qız var, gerçək, həqiqət,

Gözündə parıltı, üzündə heyrət.

Hələ sədaqəti yağmalanmamış,

Hələ məhəbbəti damğalanmamış.

 

Hələ qırığı yox qanadlarının,

Hələ buxovu yox inadlarının.

Qaçır ayaqları yerdən üzülü,

Bilmir yollarına torlar düzülüb.

 

Bilmir hansı yoldan yönə dönsün,

Səksənir, ürpənir, bağrı yarılır.

Görəsən, birinci kim "şah" deyəcək,

Atlarmı, fillərmi, piyadalarmı?!

 

Bilmir bu şəhərdə neçəyədi,

Axı sevinc satıb qəm alasıdı.

Bilmir azadlığın qiyməti nədi,

Bimir ki, canını kim alasıdı.

 

Kim nişan alıbdı, xəbəri yoxdu,

Şaqraq gülüşünə kim toy tutacaq,

Körpə  sevincinin qatili kimdi,

Kim qamış ölçəcək boyuna, bilmir.

(Çox pis oyunçudu, oyunu bilmir).

 

Ona deyən yoxdu, kiri, qızcığaz,

Burda bu nəğməni oxumaq olmaz.

Diksinər bu yoldan keçən adamlar,

Burda səs karları, rəng korları var.

(Qara fiqurların hər tonları var).

 

Burda istiqanlı olmaq da günah,

Vampiri çox olur isti qanların.

Bilmir ki, gözünü sildiyi timsah,

Ağlayır yedikcə öz qurbanların.

 

Ona elə gəlir, göydədi tanrı,

Ona elə gəlir, hamı adamdı.

Ona deyən yoxdu, eh bu aləmin,

Yeyəni adamdı, yemi adamdı.

 

...Gəlir xəyalıma o köhnə Bakı,

Keçən əsrdəki, doxsanlardakı.

alov qülləsi, göydələn var,

Bir sakit şəhərdi, bir sadə bulvar..

bir bir qız var...

 

Səhər ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.21.