Zəfərin Amili  

 

Hər şey onunla başladı ki, Xalisə xanımın Vətən müharibəsi haqqında qeydləri sosial şəbəkədə təsadüfən qarşıma çıxdı. Maraqla oxuduğum kiçik bir statusda qəribə enerji duydum. Bir qadının müharibə yaşantılarının səsi qulağıma dəydi və onun simasında şəhid analarını, xanımlarını, qızlarını düşündüm... Xalisə yəqin ki, yaşadıqlarını kitaba çevirməyi düşünmürdü. Onun yazdığı qısa bir mətndə tarixin müxtəlif dövrlərində faciələrə sinə gərən Azərbaycan qadınının həm ağrı-acısını, həm də məğrurluğunu, yenilməz ruhunu görmüşdüm. Düşündüm ki, Vətən müharibəsi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda şəhid analarının, xanımlarının daxili dünyasının açılması, yaşantılarının gələcək nəsillərə çatdırılması üçün bu ruhda yazılan kitabdan daha gözəl abidə ola bilməz. Vətən müharibəsində qazandığımız Zəfərin daxili qatlarının aydınlığa qovuşması üçün məhz belə bir abidə olmalıdır. Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, xalqımızın birliyi, sosial-psixoloji durumunun bu kitabda əks olunacağına inam məni tərk etmirdi.

Xalisəni tanımırdım, özüm üçün onun simasında Azərbaycan qadının tarixi yenilməz obrazını canlandırırdım. Tədbirlərin birində ona belə bir kitabın yazılması barədə fikrimi bildirdim. Onun heç vaxt kitab yazmaq fikrində olmadığını anladım. O, hər nə qədər tərəddüd etsə də, belə bir kitabın ərsəyə gəlməsi üçün lazım olan gücün onda olduğunu dedim. Çünki bu gücü müharibə dövründəki yaşantılarında, şəhid həyat yoldaşına olan sevgisində tapa biləcəyini bilirdim. Onun facebookda paylaşdığı kiçik mətnlərinə istinadən yaxşı bir xatirə kitabı yazacağına inanırdım. Tərəddüdüm isə yox deyildi. Bu səbəblə Ramil Əhmədə Xalisənin yazdığı kiçik həcmli statusları oxuyub, - səncə, bu xanım kitab yaza bilərmi? - deyə soruşdum. Ramilin bir an belə tərəddüd etmədən, - yaza bilər, yazacaq, - deməsi məni daha da həyəcanlandırdı. Sonrakı aylar ərzində Xalisə və Ramil birlikdə çalışaraq bu kitabı ərsəyə gətirdilər. Hələ kitabın ümumi sxemi formalaşmadan öncə Ramilin tez-tez kitabdan sitatlar gətirməsi, bəzi həssas hissələrini oxuyub duyğulanması mənə təsir etdi. Kitab hələ hazır olmasa da biz xəyalən onu artıq nəşr etmiş, adını tapmış, üz qabığını dizayn etmiş, təqdimatını keçirmişdik.

Vətən müharibəsi haqqında belə bir kitabın nəşr olunmasını özümüzə mənəvi borc bilirdikbütün gücümüzlə əlimizdən gələni edirdik. Nəhayət, "Zəfərin Amili" hazır idi! Kitabı çapdan öncə maraqla birnəfəsə oxudum... Kitab məni sarsıtmışdı. Bir neçə gün təsirindən çıxa bilmədim. Kitab bu günə qədər müharibə haqqında oxuduğum heç bir əsərə bənzəmirdi. Bu, bəzəksiz, qatqısız real həyat hadisələrinin canlılığı, gündəlik yaşamın içindəki şeirsəl məqamları qabardan, günlük ritualların, vərdişlərin arasında diqqətimizi çəkmədən sovuşub keçən məqamların sehri ilə dolu, müharibənin içində bəzən yoxa çıxan, bəzən də ən qüvvətli halıyla qarşılaşdığımız insani dəyərlərin aliliyini gözlər önündə canlandıran orijinal bir xatirə kitabıdır. Müharibə incəsənətin, sənətin taleyüklü mövzularından biridir. Müharibə haqqında çoxlu hekayələr, romanlar, şeirlər, xatirələr yazılıb, filmlər çəkilib, musiqilər bəstələnib, rəsmlər çəkilib. Qarabağ müharibəsi də müxtəlif dövrlərdə ən fərqli janrlarla sənətin gözüylə yansıdılıb. Bu kitab həm müharibə haqqında yazılan əsərlərin içində, həm də heç bir müqayisə edilmədən özlüyündə bir neçə aspektdən ön plana çıxır.

Müəllifin bəzi sətirləri insanın içini silkələyir. Oxuduqca həmin sətirlərin poetik yükü ilə bərabər, sosial-psixoloji ağırlığı sanki daş olub insanın köksündə sallanır: "Biz artıq iki dinməz kədərik, o, öz dünyasında, mən öz dünyamda". Davamında iki dünya arasında var-gəl edən Xalisənin daxili psixoloji sarsıntısını və mübarizəsini görürük: "Kaş ki, bir az da ölümün bir ailəyə, bir evliliyə olan təsirindən danışardın mənə, əzizim. Demək onu yaşamadan anlatmaq olmurmuş, hətta ölümlə üz-üzə olsan belə! Yaşayan bilərmiş, o zaman mən deyim: Həyat yoldaşı insanın həyatında hər kəsin yoxluğunu əvəz edə bilən, amma heç kəs onun yoxluğunu əvəz edə bilməyən insandır. Onun ömür yolunun sona çatması ilə sənin də bu həyatla apardığın mübarizən sona çatır. Bu həyatda yaşamaq üçün heç nəyə cəhd etmirsən. Həyatla mübarizədən əl çəkirsən. Nə ürəkdən sevinə bilirsən, nə də kimləsə mübahisə edəcək, nə haqqını müdafiə edəcək, nə də bu həyatdan yaxşı nə isə umacaq halı olmurmuş insanın. Kaş ki, məni bir az da yoxluğuna, ölümünə hazırlasaydın. Bəlkə, bu qədər inciməzdim". Şəxsi ailə dramının ümumxalq faciəsi - "Bu ölkə başdan ayağa şəhidlər xiyabanıdır: Bir Vətən uğrunda canından keçən oğullar var, birvar bəxti şəhid qadınlar" kimi təqdim edilərək, müharibə qadının taleyini bəşəri problem kimi ortaya qoymuş olur. Kitabda Vətənin müqəddəsliyi hər bir sözün, ifadənin arxasından ən sadə çalarları ilə boylanır.

"Vətən şəhidimi tapşırdığım torpaqdır... Vətən sevgisini qurban verən ömürlük həsrətə məhkum olunan qadının nəmli gözlərinin çəkdiyi yoldur! Vətən balasını qurban vermiş ananın nisgilli ürəyidir! Vətən atasını qurban verib bir anda böyüyən körpənin uşaqlığıdır!

Vətən şəhidimin üzərinə qanı qarışan Qarabağ torpağıdır!

Vətən bizim birliyimizdir!

Vətən uğrunda canlar verilən Azərbaycandır!

Vətən əmanətdir!

Vətən hər şeydir!

Vətən Amildir!".

Ancaq şəhid qadının daxili iztirabı, vətəninə bağlılıqla bərabər sevgisinə həsrəti tükənmək bilmir - "Allahım, bitir bu həsrəti! Daha sənsiz günlərimi saymaq istəmirəm... Bu gün doqquz ay ötdü, səni torpağın qoynuna verdiyim gündən... İşdən bir az gec gələndə "Səninçün bir çıqqan çox darıxmışam" deyən sevdiyim, şirin dilinə qurban olduğum, nə olar, yenə də bir çıqqan çox darıx, qayıt gəl ömrümə... Mən sənin gedişinlə bir gün dönəcəyin günün arasındakı saatlar qədər darıxıram sənsiz". Kitabda şəhid həsrəti ovqatın və onsuz keçən zamanın hökmündən irəli gələrək ən müxtəlif formada metaforalara, bənzətmələrə çevirilir: "O qadın ki, indi səni yaşatdığı tək evi, yuvası ürəyinin içidir. Orada bitməyən savaş bu qadının sənsizliyə üsyanıdır, sevdasına həsrətidir. Daha mənim ocağım, ziyarətgahım sənin məzarındır. Məni dinləyən, anlayan isə şəkildən boylanan baxışlarındır". Bütün həyatını özünü peşəkar hərbçi kimi yetişdirməyə həsr edən şəhid Amilin ən böyük arzusu Şuşanı işğaldan azad etmək olub. O, sonuncu dəfə ailəsi ilə telefon əlaqəsi yaradanda əminliklə Şuşanı işğaldan azad edəcəyini və Şuşadan evə qayıdacağını deyib. Qanıyla, canıyla bu xalqı qalibiyyətə, zəfərə yetirən Amillərin sayəsində Şuşa bu gün azaddır. Bu kitabı Qarabağ savaşına, xalqımızın taleyinə və "Şuşa İli"nə həsr olunaraq yazılan ən dəyərli əsər kimi qəbul edirəm. Qarabağa mədəniyyəti qaytarmaq indi bizim əsas hədəfimizdir. Mədəniyyət naziri cənab Anar Kərimovun müvafiq tapşırığı ilə bu istiqamətdə işlər görülür və "Şuşa İli" çərçivəsində də bu sahədə önəmli uğurlar qazanacağımızı düşünürəm. Xalisənin taleyindən gələn bu kitabın mədəni-ədəbi hadisə olacağına, Vətən müharibəsi haqqında yazılan əsərlər içərisində hər zaman xatırlanacağına əminəm. Sonda fikrimi müəllifin öz sözləri ilə bitirmək istəyirəm:

"Bəlkə, yüz illər sonra müharibənin tarixini oxuyan insanlar 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsini Azərbaycanın tarixində yalnızca şanlı, zəfər tarixi olaraq dərk edəcək, amma hisslərin tarixini oxuyan hər bir insan onu öz içində hiss edəcək, göz önündə canlandıraraq, duyğularına qatacaq, bəlkə də bu talehsiz sevgilərə bircə damla da olsa göz yaşı tökəcək. Bir sözlə, başqa bədənlərdə, başqa xəyallarda o hisslər bir daha yaşanacaq, təsəvvür ediləcək. Mənim üçün maraqlı olan o günləri yaşayan digər qadınların da hiss etdikləridir. Sevdiklərimiz, əzizlərimiz ön cəbhədə əlində silah yüksək iradə və cəsarət nümunəsi göstərərək, düşmənin gülləsi altında "Öncə Vətən" deyib torpaqlarımızın azadlığı uğrunda hədəfə çatmaq üçün həmlələr edib, bir addım belə geri çəkilmədən atəşlər içində düşmənlə savaşarkən, ölümlə üz-üzəykən, bəs 44 gündə biz qadınlar öz içimizdə, hisslərimizlə necə savaşdıq, nələr yaşadıq? Bizim yaşadıqlarımız tarix deyilmi?! Qadınların əsl savaşı müharibə qurtarandan sonra başlayır. Bizim içimizdəki o savaşın sonu görünmür, insanın içindəki zülmətlə irəlini görməsi mümkün deyil, bu savaş bitərmi, bu zülmətin sonu aydınlıq olarmı, bilinmir. Çünki bizim içimizdə gedən müharibədə qarşı tərəf yoxdur, içindəki qaranlıqda nə ilə savaşdığın bilinmir, alın yazınla, taleyinlə, sevginlə, yalnızlığınla, küskünlüyünlə, həsrətinləmi, artıq bilmirsən. Sonra aylar, illər ötür, o savaşa elə öyrəşirsən ki, bir də görürsən o savaş, artıq sənin üçün bir həyat mübarizəsinə çevrilib".

 

Faiq XUDANLI

Fəlsəfə üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.23.