Təhkiyənin sərhədləri və
sərhədsizliyi
Jerar Jenetin "Təhkiyənin sərhədləri"
adlı məqaləsi var, yazının bir yerində müəllif
nəqlin - hekayə-təhkiyənin onun özündən
baş alıb getməsi məsələsini çözməyə
çalışır. Biz bəzən oxuduğumuz mətndə belə bir xassə
ilə rastlaşırıq, xüsusən nağıllarda: təhkiyə
axıb gedir, baş alıb gedir, sən onun önünə
keçə bilmirsən... "Şərti
olaraq qəbul etsək ki, bizi yalnız ədəbi
yaradıcılıq sahəsi maraqlandırır, onda təhkiyəni
bir və ya bir neçə real, yaxud uydurma hadisəni
yazılı dilin vasitəsilə ardıcıl təsvir kimi
təsəvvür etmək çətin deyil. Belə
bir pozitiv və işimizə yarayan təyin aydınlıq və
sadəliyin məziyyətlərinə malikdir, ancaq onun ən
böyük qüsuru odur ki, o, özü-özünə
qıfıllanır və bizi də müəyyən çərçivədə
həbs edir...". Bu tərifdən yola
çıxanda bizə, doğrudan da, elə gələ bilər
ki, dünyada təhkiyədən, hadisələri
ardıcıl şəkildə düzüb-qoşub yazmaqdan
asan heç nə yoxdur və təhkiyə də hardasa
öz-özünə baş alıb gedir, yaranır,
addımlayır və sair...
Ancaq təhkiyənin,
yəni hekayə danışmaq və yazmağın müəyyən
sərhədləri var, bunun sadə bir
şey olduğuna aldanıb gözümüzü yumduğumuz
anda təhkiyə ilə bizdən gizlədilən nəsnələrin
dalınca düşməli və daha çox
düşünməliyik, yəni oxu, mütaliə... əyləncə
olmaqdan daha çox hər şeyi əyləncəli oyun
içində itirmək və tapmaqla bağlıdır.
İtirəndə tapacağına görə sevinirsən,
tapdıqda itirdiklərinə təəssüf edirsən...
İstənilən hekayəni götürün, oxuyun,
hadisələrin ardıcıl qaydada nəql edildiyi məqama
diqqət edin - məhz bu anda, onun sirlərlə dolduğu
anlarda hekayənin (təhkiyənin)
alınıb-alınmayacağı sualı həll olunur. Yəni Jerar
Jenetin də vurğuladığı və bizim də zənnimizcə,
şeirdə olduğu kimi təhkiyə mətnlərində
də aldatma məqamı olur və sən bunu daha sonralar fəhm
edə bilirsən, yaxud vaxt keçdiyinə görə bunun fərqinə
varmırsan. Nədir o aldatma fəndi?
Təhkiyənin başlanğıcında əsas məsələ
hadisələrin nəql edildiyi ardıcıllığı
elə qurmaqdır ki, gözlər ovlansın, nəqldə səlistlik,
sürət, lap lazım olan nöqtələrdə də
dayanmamaq... hekayəni qurmağın (yazılı diskursun) ilk
vazkeçilməz pirnsipidir. Məhz bu anda sanki gizli bir əl
gözlərimizi qapayır ki, hansı səviyyədəsə
çox ağrılı məqamlar diqqətimizdən kənarda
qalsın (bunlar onsuz da müəyyən işarələrin
köməyi ilə bu hekayələri oxuyan adamların həyatına
və taleyinə geri qayıdır...), ağrının, təəssüfün,
yaddaş ağrısının yanında çox sürətlə
ötüşüb keçmək nağılçının
(təhkiyəçinin) ilk və son aldatma tryukudur. Hekayə mətnlərində
gözbağlayıcılıq mimesisi bir göz
qırpımında digesisə çevirir, yəni
danışan şəxslə dinləyən auditporiya kəskin
şəkildə ayrılır. Bir
sözlə, hər bir hekayənin uğuru yuxarıda qeyd
etdiyimiz "gözbağlayıcılıq sehri" ilə,
aldatma mexanizmi ilə bağlıdır. Bu halda
uydurulmuş əhvalatlar da son dərəcə canlı və
real görüntülərlə nəql edilə bilər,
burda artıq nəyin yalan, düzməcə, nəyin
doğru olması gündəlikdə durmur, sən oxuyur və
onu daxili təcrübənə sığdırmağa cəhd
edirsən, hekayədə təhkiyənin çərçivəsi
ilə oxucunun daxili təcrübəsi üz-üzə gəlir,
toqquşur, əsas olay, hadisə məhz burda baş verir.
Xəyal Rzanın "Salavat" hekayəsi də həmin
aldatma fəndi, "gözbağlayıcılıq" ovsunu
haqqında danışmağa əsas verir. Bir cəhəti də qeyd
edək: elə hekayələr var ki, sən oxu zamanı həmin
hadisələrin ilk şahidi olursan, sanki birbaşa sənin
gözlərin önündə baş verir və bu
şahidliklə sona qədər irəliləmək sadəcə
zövq mənbəyinə çevrilir. Elə
hekayələr də var ki, nə qədər mükəmməl
qurulsa da, sanki bu hekayəti, əhvalat və onların bu şəkildə
ardıcıllığını sanki əvvəllər nəql
ediblər, indi sən artıq danışılmış
hadisəyə qulaq asırsan, yaxud onu yenidən oxuyursan
("Gözü bağlı şəkildə - !").
Özü də bir neçə dəfə
dinlənilmiş hadisəni növbəti dəfə oxuyursan.
Bunların arasındakı fərq isə bizim
gördüyümüz və anladığımız kimi
deyil. Yəni fərq sadəcə ilk
şahidliklə, çoxdan dinlənilmiş hekayə,
nağıl arasında deyil. Məsələ
belədir ki, ilk dəfə eşitdiyin əhvalatı istədiyin
şəkildə şifahi diskurs formasına salıb, onu zənginləşdirə,
əlavələr edə, artıra bilərsən. Dünya nə qədər sonsuz və genişdirsə,
həmin hekayə, diskurs tipi də o qədər geniş və
sonsuzdur. İkinci tip hekayəni isə hər dəfə
danışmaq, onu zənginləşdirib dünyaya tən
tutmaq istədikdə gərək bir daha və bir daha
yazılı mətnə baxasan, onu ürəyində oxuyasan,
elə zikr edirmiş kimi...
"Salavat " hekayəsi ikinci qəbildəndir.
Məsələ nədir, əhvalatın özəlliyi
nədədir?
Dünya ədəbiyyatında, şübhəsiz ki, bu tipli
süjetqurma fəndləri mövcuddur və bu konsept üzrə
çox sayda hekayə, yaxud romanlar var. Və bu da həqiqətdir
ki, bu tipli süjetqurma prinsip və fəndləri kimsə tərəfindən
kəşf olunmur, həm də sanki hazır formada
mövcuddur, "insan ruhunun kosmosundan" qırılıb
düşüblər və indi gəldikləri yerə
qalxmağa cəhd edirlər, yəni hekayədə müəllifin
qurduğuyla janrın özünün də immanent hərəkət
dinamikası var (poeziyada da belədir), bunların ikisinin şərti
olaraq görüşdüyü yer hekayənin, hər cür
qurğunun dağıldığı nöqtədir.
Hekayədə əsas məqamlar rəng, səs, qoxu,
işıq və qaranlıq metaforaları ilə əlaqəlidir. Vəziyyətdən
asılı olaraq bu metaforalar gah birlikdə, gah da
ayrılıqda işlənir, bəzən isə
aralığa dəhşətli bir sükut
çökür, rəng də, səs də, işıq və
qaranlıq da çəkilib gedir, yerdə bunları ovcunun
içində sıxıb xışmalayan əlacsızlıq
qalır. İnsan, hekayənin qəhrəmanı
işıqla qaranlıq, əlacsızlıqla ümid
arasında çırpınır, doğulacaq, ya öləcək
bilinmir, həm də elə məqamlar var ki,
öldüyün anda dirilir, dirildiyin anda gözlərini
yumursan. Hər şey həyatda
gördüyümüz kimidir, heç nədə heç
bir fərq yoxdur, bircə bilinməyən bir məkanda dar bir
borunun içində göyəmi, ulduzlaramı, o biri
dünyayamı ucalıb gedən nərdivanla yuxarı qalxmaq
məcburiyyətindəsən. Aşıq poeziyasında
"Bu çərxi fələyin nərdivanı var,
düşən ağlayarmış, qalxan gülərmiş..."
deyimi də burda mənasını itirir, çünki insan
hara qalxdığını, nəyə məcbur edildiyini
bilmir, belə bir əlacsızlıq ortamında əvvəl-əvvəl
heç nəyi xatırlamır, bütün dünya,
bütün yaşadıqları tər damcıları kimi
huşundan sürüşüb gedir, heç nəyi
xatırlamayan insanın zorla nərdivanla yuxarılara
dırmaşması dəhşətli anlar yaşadır, bir
məqam gəlir, yəni hər kəsi adi həyatda insan edən,
onu normal dəyərlərə qaytaran hərəkət yada
düşür və bundan sonra hər şeyin rəngi, hər
səsin ürəyin dərinlikləri ilə təbii əlaqəsi
üzə çıxır. Salavat çevrir.
Yuxarı dırmaşan adamın beyni saat kimi
işləyir, dayanmadan, sürətlə (hardayam, hara gedirəm,
bu belə davam etməməlidir, mən mütləq burdan
çıxmalıyam və sair), bütün bu gərgin anlar
onun yaddaş şırımlarını
qıcıqlandırır, özü də
insafsızcasına, elə bir şəkildə ki, birbaşa
uşaqlıqda babası və nənəsi ilə
bağlı anları xatırlayır. Nənəsinin
pilləkəndə oturub, salavat çevirib ağlaması,
babasının danışdığı hekayətlər...
yada düşdükcə insanda geri qayıdacağına (həm
də görməsə də çox doğma olan Salavata,
torpaqları yəqin ki, ağappaqdı, qəhrəmanın
Yer kürəsinin dışında gördüyü torpaqlar
kimi...) ümid oyanır, hər şeydən çox
ayağını torpağa basmaq eşqiylə
alışıb-yanır. Babasının
danışdığı hadisələr, hardan hara niyə
köç etmələri, vaxtilə babasının
yaşadığı Ərdəbilin Salavat kəndi... dar bir
macalda, əlacsızlıq mühitində yadına
düşür, bütün şüuru, bütün həyatı
bir çox gərgin nöqtənin içinə cəmlənir,
vaxtilə heç söhbət etmədiyi adamların
yanaqlardan sürüşüb dünyanın ən bol sulu
çaylarına qovuşan göz yaşlarını, havada
oynayan qanlı qılınc tiyələrini görür, nə
qədər dəhşətli mənzərələr
görsə də, geri qayıdıb yaddaşında qalan son
bir neçə damcını yaşamaq istəyir, geri
qayıdıb babasının danışdığı kəndə
getmək istəyir. "Babam deyirdi ki, bizimkilər
nə vaxtsa güneydə yaşayıblar. Ərdəbil ətrafında bir kənd
varmış - bizim kəndimiz. Bizimkilər
ordan Nadirin zülmündən qaçıb bura gəliblər
- quzeyə. Burdakı kəndin ilk sakinləri də
babamgil olublar... Nə idi o kəndin adı... Ərdəbildəki
kəndin. Lənət sənə şeytan! Nə idi? Nə? Beynimdə
burulğan baş verdi elə bil... əlli-ayaqlı
burulğanın içində yoxa çıxdım. Nə idi?
- Ola bilməzzz!
- bağırdım. Səsim borunun
içində əlli dəfə əks-səda verdi. İlk dəfə idi səsim
içimdən çıxırdı, bir də buna təəccübləndim.
Və var gücümlə bağırdım - SALAVAAAATT! Səsim yerdən göyə ucaldı sanki, əks-səda
verə-verə qalxıb borunun bitən yerindən səmaya
yayıldı. Salavat! İlahi, Salavat! Kəndin adı
Salavat idi! Dayanmadan əlimi üzümə
çəkib salavat çevirdim. Gözlərimdən
yaş süzülməyə başladı. Bu kəndin
adı uşaqlıqdan bu yana ilk dəfədir
yadıma düşürdü.
Nənəmi xatırladım. Həmişə pilləkəndə
oturub, dizlərini qucaqlayıb, gözlərini bir nöqtəyə
dikərək yırğalanardı. Aya
baxır, salavat çevirib, ağlayardı".
Bir də:
yuxu bildiyiniz şeylər realdır. Real
saydığınız şeylər yuxudur. O, ikisinin
arasından keçib öz yuxusunu, yəni reallığı
tapmaq, əldə eləmək, onu bağrına basmaq istəyir.
Ancaq nəhayət, çıxdığı yerdə
torpağı ovuclayır, qoxlayır, burda işıqla
qaranlıq sanki nəhəng pərdələrlə bir-birindən
təcrid olunub, kənarda çox böyük bir pəncərə
var, hardasa bura Yer kürəsi deyil, ilk dəfə olaraq o,
yaşadığı kürənin sərhədlərini
keçib, indiyə qədər qadağan olunmuş zonanı
seyr etmək fürsəti qazanıb. Torpaqdısa,
niyə ağdır? Öz-özünə
düşünür. Bütün rənglər
bir rəngdir, bütün səslər bir boğazdan
keçib durulur, hamı səssiz də olsa bir-birini
anlayır və sair.
Bir belə əlacsızlıq və
çaşqınlığın, dağ boyda gərginliyin
içində hər şey ilk dəfə yada
düşür. Sevinirsən, gözlərindən yaş süzülür,
doğulursan və ölürsən, hər şeyi bir
anın içində yaşayırsan, ilk dəfə yada
düşmüş an, anım... hər şey səni silkələyir,
Yer kürəsinin dışında, kosmosun hansı
qatındasa insan kimi tənhalığını, içini
çalxalayan, didib-gəmirən həsrətin mahiyyətini
ilk dəfə belə dərinliyinəcən dərk edirsən,
bu həm də hisslərin, duyğuların insanın dilinə
sahiblənib, susması qədər faciəvi və dəhşətli
bir şeydir. Yəni dilə mükəmməl
şəkildə yiyələnib susmaq özünə, xatirələrinə,
bütün doğma bildiyin adamlara, həyatda görmək istəmədiyin
insanlara da kənardan baxmaq şansı yaradır.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.25.