"Ədəbiyyat o qədər
ehtiraslıdır ki, bəzən
xəstə olanda
yarımçıq hekayəmi düşünürəm..."
"Fikir bucağı" layihəsinin
qonağı yazıçı İlham Əzizdir
- Xoş gördük, İlham bəy!
İşlər necə
gedir? İsti yay
günlərində nəsə yaza bilirsinizmi?
- Xoş
gördük! İşlər normal, stabildir.
Yay yazı baxımdan ən bəhərsiz fəsildir.
Rəngarənglik sükutu pozur. Yazmağa da sükut lazımdır. Əlimdə tamamlanmamış hekayələr var,
üzərində işləyirəm.
- Bu
yaxınlarda yeni kitabınız çap olundu. Təqdimat
da yeni formatda keçirildi. Ümumiyyətlə,
təşkilati işin gedişatından razı qaldınızmı?
- Təqdimat
deməzdim, format olaraq yeni idi. Sadəcə məkan
düz seçilmişdi. Təşkilatçılığı
da dostlar etmişdi. Əlbəttə,
razı qaldım. Ədəbiyyatşünasların,
şair, yazıçı və oxucuların bir yerdə
olanda auraları bayram ovqatı yaradır. Kitab
təqdimatlarının yazıçı üçün
stimul olduğunu düşünürəm.
- Nəyə görə bizim cəmiyyətdə
ədəbiyyata, musiqiyə daha çox axın var? Fizika, fəlsəfə,
astronomiya elminə maraq azdı?
- Ümumən,
Şərq irrasional toplumlardır. Tək biz
yox, bütün Şərq aləmi ədəbiyyata, musiqiyə
meyillidir. Cəmiyyətimizin yuxarıda
sadaladığınız elmlərə marağını
iqtisadi düşüncə və təhsilin səviyyəsi
təyin edir. O elmlərin lazım olduğu sahələr
yaxşı qazanc gətirsə, onda tamam fərqli vəziyyət
alınar. Qaldı ədəbiyyat, musiqi sevgisinə,
bunun həm tarixi kökləri var, həm də təbii
istedad özülü. Bir də, insan
sevgiyə möhtacdır, faniliyini bu yolla ovudur. Bu sahənin adamlarına da insanların sevgisi olur, bəlkə
sualın cavabı da burdadır.
- Bəlkə, yazıçı və
şairlərə cəmiyyət tərəfindən
münasibət fərqlidi, ona görə?
-
Aydındır ki, incəsənət adamına münasibət
fərqli olur. Çünki o adamlar bizim
içimizə, ruhumuza xitab edir. İnsanın
ən böyük hissi sevgi hissidi. Musiqi də,
ədəbiyyat da onu silkələyir, qabardır. Ədəbiyyat və musiqi adamı öz içiylə,
özüylə danışdırır. Hamımızın
özümüzlə danışmağa ehtiyacımız
var.
- "Xəsil adam"
hekayəsində bir rahatlıq var. Bu rahatlığı həm
dildə, həm də obrazlarda görmək olar. Ancaq oxucularla bağlı sanki narahatsınız...
- Vallah, mənim
yazdığım dilə köhnə deyənlər də
var. Mən yazanda obrazlarıma heç nəyi
qısqanmıram. O anda gələn cümlələr mənim
deyil, obrazlarımındı. Hekayə
alınırsa, o obrazlara minnətdaram. Mən
onlarla yazı prosesində danışıram,
savaşıram, küsürəm, barışıram. Oxuculardan heç bir narazılığım yoxdu.
Bizim ölkədə oxucu problemi də yoxdu.
Sadəcə, materialı ona çatdırmaq
lazımdır. Kitab nəşr olunandan
sonra müxtəlif peşə sahiblərindən xoş
sözlər eşitmişəm, bu da məni sevindirir.
- Uzun müddət maliyyə
sektorunda, müxtəlif vəzifələrdə
çalışmısınız. İnsanları
tanımaq necədi?
- Mən
tanımal adam deyiləm. Bəziləri
bir kəlmədən kimin hansı yuvanın quşu
olduğunu bilir. Bu da bir istedaddır.
Mən heç vaxt diaqnoz qoya bilməmişəm.
Bəlkə də bu, içimdə insana olan
sevginin nəticəsidir. Bir də
insanları tanımağa ehtiyac duymuram. Mən
onlardakı yaxşı nə varsa seçib, adekvat
davranmağa çalışıram. İnsanı
idarə edən ən böyük nəsnə ehtiyacdır.
Maliyyə bu ehtiyacın maddi tərəfidir, sənət
mənəvi. Hər iki sektora bələd
olmağıma baxmayaraq yenə də heç kimi axıra qədər
anlaya bilməmişəm.
- 2017-ci ildə ''İlham Əziz''
imzası ilə ədəbi fəaliyyətə
başlamısınız. Dövri mətbuatda hekayə,
resenziya, publisistik yazılar ilə çıxış
edirsiniz. Bu fəaliyyətin tarixçəsini və
səbəbini danışa bilərsinizmi?
- Ümumən,
proses uşaqlıqdan başlayıb. Atam riyaziyyat
müəllimi olmasına baxmayaraq bizim evə hər ay "Azərbaycan"
jurnalı gəlirdi. Mən 80-ci illər
bu jurnaldakı bütün yazıları acgözlüklə
oxumuşam. O dövrlərdə ədəbiyyatın
hörməti burdan bəlli olur ki, ölkənin adını
məhz ədəbiyyat jurnalına veriblər. Mən
həm də yaxşı oxucuyam. Azərbaycan
nəsrini çox sevirəm. Yazmağa 20 il
əvvəl də cəhd etmişdim. Hətta
bir-iki səhifə yazmışdım. Amma
mühitim o deyildi. Son illər ədəbi
mühitlə qaynayıb-qarışmağım cəsarətimi
artırdı. Bu mühitə
doğmalaşmağım da mənim təşəbbüsüm
olub. Fikirləşdim ki, bir az da keçsə gecikəcəm.(Gülür)
- Həyat haqqında
düşüncələriniz...
- Həyat
mənə görə, bizdən asılı olmayan,
sürprizlərlə dolu hekayədi. Kiminə
qısa danışırlar, kiminə uzun. Janrları da fərqlidi. Hamımız
bu hekayənin baş qəhrəmanıyıq.
- Bəs ölüm?
- O daha
ciddi anlayışdı. Ölüm qədər
məni ecaza gətirən heç nə yoxdur. O qədər
mübhəm, o qədər zərifdi ki, o barədə
çox danışıb sirrin aurasını pozmaq istəməzdim.
- Ədəbiyyatın əsas
mövzularından biri olan "sevgi" müasir dövr
oxucuları üçün necə təqdim
olunmalıdır?
- Sevginin
sovet, kommunist anlayışını birdəfəlik
unutmalıyıq. Pafos sevginin qənimidir. Sevgi mübaliğəsiz, çılpaq
yazılmalıdır. Sevgini nifrət və
xəyanətin sərhədlərində göstərmək əsas
məsələdir. Ömür boyu
böyük sevgilərin qürubunu izləmişəm. Bəlkə, sevgi materiya kimi ancaq ədəbiyyatda
daimi qalır. Böyük mənada
kişi-qadın sevgisini qəbul etmirəm.
- Keçmiş, yoxsa gələcək?
- Əlbəttə, keçmiş. Gələcək
parıltılıdır. Heç bir gələcək
sevinc, kədər, nostalji hissi qədər gözəl ola bilməz. Mən keçən
illərin, ayların dadını, qoxusunu tanıyıram.
Arada o tam, o qoxu burnuma gəlir, mən o dəqiqələrin
bitməsini istəmirəm. Keçmişini
görmək izləmək üçün çox uzaqlara
getməlisən, hər halda, elm də bunu deyir. Ədəbiyyat bizi aparıb kainatın o
başına atır və biz ordan keçmişi izləyib
yazırıq. Yazıçı
xatırlamalıdır. Xatirat
özlüyündə ədəbiyyatdır.
- İntellektual mətn necə
olmalıdır? Oxucunu maraqlandırsın,
ancaq yormasın...
- Ədəbi mətn öyrətməyə borclu deyil. İntellektual
mətn deyəndə səhv anlayırlar. Elə başa düşürlər ki, elmin,
texnikanın nailiyyətlərini yazmalısan. Sadəcə yeni proseslərdən xəbərdar
olmalısan. Romançının fizika,
kimya dərsi deməsi absurddur. Biz bu
qarğaşanın, inkişafın estetik tərəflərini
yazmalıyıq. Texnoloji bumun insanın təməl
hisslərinə toxunan yerlərində yaratdığı
yaraları göstərməliyik.
- Yaradıcılıqlarında bəşəri
qənaətdə olan yazıçılarımız kimlərdi?
Onları necə müəyyən etmək olar?
- Mənim
fikrimcə, Azərbaycan nəsrinin klassik
saydığımız nümunələrində bəşəri
qənaətlər yoxdu. Nəsrimizdə bəşəri
qənaətin yaşı 60-65 ildi. Dünya
haqqında, fanilik barədə yeni qənaətlər bu
dövr ərzində yazılıb. Məsələ
o qənaətlərin nə qədər düz və ya səhv
olmasından getmir. Məsələ
bunları yazmaq cəsarətindədir. İsa
Hüseynov, Yusif Səmədoğlu, Kamal Abdulla, Sərdar Amində
bu qənaətlərə rast gəlmişəm. Sərdardan bir sitat da gətirə bilərəm.
"Su sərgisi" romanında belə deyir: "Xəyallarımız
Allaha potensialımızı xatırladır".
- Yazıçı nəfəsini
hardan alır və nə vaxt o nəfəsin bitdiyi məlum ola bilər?
- Yazı
prosesi hərədə bir cürədir. Mən
şəxsən yazanda özümü unuduram. Hər hekayəni bitirəndən sonra da elə bilirəm
bitdi, bir də yaza bilməyəcəm. Amma
birdən nəsə baş verir, içim qarışır,
narahatlıq başlayır. Proses xaotikdir, heç bir
düsturu yoxdur. Ədəbiyyat o qədər
ehtiraslıdır ki, bəzən xəstə olanda
yarımçıq hekayəmi düşünürəm.
Deyirəm birdən ölərəm
yarımçıq qalar. Başqa heç
nə narahat etmir. Amma elə dostum var ki, mənim
hekayəmi tamamlaya bilər. Bu hiss məni
rahatlaşdırır.
- Özünüzü unutduğunuz
məqamlarda, yəni yazı prosesində nələri
xatırlayırsınız?
- Yazı
prosesi sirlərlə doludur. Səhərin
alaqaranlığında kimsə məni dümsükləyib
oyadır. Tamam başqa auraya
düşürəm. Cümlələr
navalçadan yağış süzülən kimi axıb, hər
yerimi isladır. Bəzən deyirəm tam
ayılıb yazaram, ərinirəm. Bir
azdan heç nə xatırlamıram. Mən
yazdıqlarımı görürəm. Hər
şeyi görüb yazıram. Bir cümlə
belə bu ab-havadan kənar yazsam, mətnin içində
yamağa dönüb məni girinc edir. Yaza-yaza
ağladığım vaxtlar olub. Sonra
özümü gülmək tutur ki, uydurduğun şeyə
niyə ağlayırsan? Mən
böyük ustadların unutduqlarını yazıram, mənə
elə gəlir. Onları da burdan sayqı və hörmətlə
anıram…
- Feysbukda göndərilən oxucu
suallarından: Vaqif İsaqoğlu: "Müəllifin bir
neçə hekayəsini oxumuşam. Maraqlıdı, bizim
müasir dövr yazıçılarından kimləri oxuyur?".
- Demək
olar ki, hamını oxuyuram. Gənclərdən Nadir
Yalçın, Məlik Rza, Orxan Həsəni, Vüqar Babazadə,
Fəridə, Məhəmməd Tanhu, Rəvan Cavid. Nəsildaşlarımdan
Şərif Ağayar, Mübariz Örən, Fəxri
Uğurlu, Aqşin Yenisey, Saday Budaqlı, Etimad
Başkeçid, Cavid Zeynallı.
60-cılar da nə yazsa.
- Ülvi Bahadır: "Onu
yazmağa vadar eləyən amillər hansılardır? Nələr
baş verdi ki, yazmağa başladı?".
- Uşaq
vaxtlarımda harda su görürdüm, pallı-paltarlı
atılırdım. Az qala yekə kişi
olanacan bu davam edib. Cəmiyyətdən
utanıb suya atıla bilmədiyim gündən yazmaq istədim.
Mənimçün ədəbiyyat sevdadır.
O mənim sevgilimdir. Razılığın
alıb ilk məktubumu yazmışam. Sirri
də məndə qalsın.
- Alpay Azər: "Roman yazmağa
özünü hazır bilirmi?".
- Yazacam,
Alpay, yazacam!
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.24.