Ömrün gözəl anları
Bu gün Azərbaycandan kənarda yazıb-yaradan, milli-mənəvi
dəyərlərimizə həmişə sadiq qalaraq vətəni
layiqincə təmsil edən yazarlarımız çoxdur.
Belə dəyərli
qələm sahiblərindən biri də uzun illərdir
Rusiyada yaşayan Azərbaycan və Rusiya Yazarlar Birliyinin üzvü,
Ümumrusiya və Beynəlxalq ədəbi mükafatlar
laureatı, Əməkdar mədəniyyət xadimi Knyaz
Qoçaqdır.
Knyaz Qoçaq haqqında danışmaq ona görə
xoşdur ki, o, bu gün doğma torpaqlardan minlərlə
kilometr uzaqda olsa da, qəlbi, ürəyi daim burda - doğma vətəndədir. Bunu onun
saysız-hesabsız şeirləri, esseləri, elmi və
publisistik məqalələri sübut edir.
Knyaz Qoçaq Azərbaycanın gözəl guşələrindən
olan Beyləqanın Şahsevən kəndində anadan olub. Orta məktəbi
də Şahsevən kəndində bitirib. Həmin məktəbi akademik Vilayət Quliyev,
(hazırda Bosniya-Hersoqovinada Azərbaycanın fövqəladə
və səlahiyyətli səfiridir), Azərbaycan ədəbiyyatının
tanınmış yazarı - bir çox dəyərli
romanların, povestlərin müəllifi Məmməd Oruc da
bitirib. Knyaz Qoçaq Məmməd Oruc
yaradıcılığına və şəxsiyyətinə
böyük önəm verir. Əslində, Knyaz
Qoçaq imzasını ilk dəfə Azərbaycan oxucusuna Məmməd
Oruc "Sibirin Knyazı" adlı məqaləsilə məhz
"Ədəbiyyat qəzeti"ndə tanıdıb.
Və bu gün "Ədəbiyyat qəzeti"
haqqında çox böyük ürəklə
danışır Knyaz Qoçaq. Qeyd edir ki, orda, uzaq Sibirdə qəzetin
öz oxucuları var, internet vasitəsilə çıxan bütün məqalələri
böyük həvəslə oxuyurlar. Əslində,
böyük fəxrdir ki, "Ədəbiyyat qəzeti"
uzaq Sibirdə tanınır, sevilir və oxunur. Qəzetin daimi oxucularından biri də Sibirdə
neft sektorunda çalışan, orda diaspora tədbirlərinin
təşkilatçısı Əsgər Əsgərovdur.
Əsgər müəllim hörmətli Azər Turanla İncəsənət
Universitetində bir yerdə təhsil alıblar - deyir Knyaz
Qoçaq və onu da əlavə edir ki, Əsgər Əsgərov
Azər müəllim haqqında həmişə xoş sözlər
söyləyir, onun tələbə vaxtı öz
savadıyla, yüksək mədəniyyətilə bir
çoxlarından
seçildiyini deyir.
Deməli, harda yaşayırsansa, orda vətən səninlədir. Əgər
ürəyində o sevgini qura bilmisənsə.
Knyaz Qoçağın taleyinə qürbətdə
yazıb-yaratmaq kimi çətin və şərəfli bir
missiya düşsə də, ürəyindəki vətən
sevgisi safdır, səmimidir.
O,
1986-cı ildə Tümen Dövlət Universitetinin Filologiya
fakültəsini bitirib. Bir müddət Azərbaycanda
çalışsa da, burada çox qala bilmədi. Qala da bilməzdi, çünki ədəbiyyatımızı,
elmimizi orada - məhz Sibir kimi ucqar bir ölkədə
tanıtmaq, təbliğ etmək lazım idi. Knyaz Sibirə
- yenicə qurulmuş Pıt-Yax şəhərinə gəldi
və burada qəzetlərin birində jurnalist kimi fəaliyyətə
başladı. Onun hazırladığı
materiallar həm yerli sakinlərin, həm də ədəbiyyat
adamlarının, söz yazarlarının diqqətini çəkirdi. Bu yazılarda Knyaz
müəllim Azərbaycan haqqında bizim yerləri bəlkə
o qədər də yaxşı tanımayan yerli əhaliyə
vaxtaşırı məlumatlar verirdi. Çox
keçmir ki, o, Pıt-Yaxda "Novaya Severnaya qazeta"
adlı bir qəzetdə çalışmağa
başladı. Artıq redaksiya heyətinin
üzvü idi. Heç şübhəsiz
ki, bir azərbaycanlı kimi bu, Knyaz Qoçağın gələcəyə
gedən böyük uğurlarından biri idi.
Knyaz Qoçaq 2002-ci ildə Xantı-Mansiysk Muxtar Dairəsi
Pıt-Yax şəhərinin fəxri vətəndaşı
seçilir. Onu da qeyd edim ki, Xantı-Mansiysk Muxtar Dairəsində
indiyə qədər heç bir jurnalist bu ada layiq
görülməyib.
Sonradan Knyaz Qoçağın yaradıcılıq əhatəsi
daha da genişlənir. Artıq Rusiyada onun imzasını
tanıyır və yazılarını digər qəzet və
jurnallarda dərc edirdilər. Soydaşımız
bu ilin iyin ayından Rusiyada çox məşhur olan elmi
populyar "Nauka i religiya" jurnalının redaksiya
şurasına üzv seçilib. Bu jurnal
ona çox doğmadır. Elə buna
görə də Knyaz Qoçaq jurnalı abunə
kampaniyalarında həmişə müdafiə edib, edir, hətta
bunun üçün müəyyən xoşməramlı
aksiyalar da keçirir.
"Nauka i religiya" jurnalının redaksiya
şurasında kimlər yoxdur? Tarix elmləri doktoru, Moskva Dövlət
Universitetinin professoru Dmitri Voloduxin, həmyerlimiz - filologiya elmləri
doktoru, professor, akademik Çingiz Hüseynov, "Literaturnaya
qazeta"nın keçmiş baş redaktoru
yazıçı Yuri Polyakov, şair, esseçi, tərcüməçi,
ədəbiyyat tarixçisi Mixail Sinelnikov kimi
tanınmış simalar dərginin redaksiya
şurasındadır. Belə məşhur yazarlarla
bir sırada addımlamaq, şübhəsiz ki, Knyaz Qoçaq
üçün çox qürurvericidir.
Bu
münasibətlə onu təbrik edənlər arasında
jurnalın texniki redaktoru Vladimir Praç, Dağıstan
Yazıçılar Birliyinin sədri, Xalq şairi Maqomed
Axmedov, Yaroslavl vilayəti Yazıçılar Birliyinin sədri
Məmməd Xəlilov, balkar şairi Mutalib Beppayev və
başqaları vardı.
2021-ci ildə oktyabr nömrəsində bu jurnalda Knyaz
Qoçağın yaradıcılığına həsr
olunmuş məqalə və silsilə şeirləri, həmçinin
"Bağda ərik var idi" ("V sadu bıl abrikos")
hekayəsi yer alır. Bu hekayə ədəbi mühitin diqqətini
cəlb edir. Qeyd edim ki, hörmətli yazarımız
Məmməd Oruc hekayəni Azərbaycan dilinə tərcümə
edib. Məmməd Oruc bu barədə
"525-ci qəzet"də məlumat verir.
Knyaz Qoçağın yaradıcılığına
digər Rusiya mətbuatında da geniş yer verilir. Onun yazıları
"Literaturnaya qazeta", "Literaturnaya Rossiya", "Den
literaturı", "Nezavisimaya qazeta", həmçinin
"Literaturnıy Azerbaydjan" "Podyom", "Muza",
"İstoki", "Akademiya poeziy", "Erintur" mətbu
orqanlarında və almanaxlarda çap olunub.
Oxucuda sual yarana bilər ki, bəs orta məktəbi ana
dilində bitirən Knyaz Qoçaq necə oldu ki,
yaradıcılığını rus dilində yazmaqla davam
etdirdi? Bu barədə
həmyerlimiz belə deyir:
"İllər öncə sevimli Xalq
yazıçımız Anarın rusca yazdığı esselərini
oxuduqdan sonra məndə rus dilində yazmağa çox
böyük maraq oyandı və bu esselər məni bu dildə
özünü ifadə etməyə öyrətdi".
Bəli, zaman sübut etdi ki, o, heç də
yanılmayıb. Onun rusca yazdığı şeir və
hekayələri oxucu kütləsi tərəfindən
böyük maraqla qarşılanır.
Düşünürəm ki, doğrudan da, müqəddəs
"Qurani-Kərim"də deyildiyi kimi, "insan can atdığı şeyə nail olur". (Nəcm surəsi, 53).
Allahın insana əmanət etdiyi
ömrü insan boş-boşuna keçirməməlidir.
Yaradıcı insanlar heç şübhəsiz,
Allahın nemət bəxş etdiyi o şəxslərdir ki,
öz potensiallarını xalqın xeyrinə sərf edirlər.
Knyaz Qoçaq Xalq yazıçısı Anarı
dünya intellektual nəsrinin görkəmli nümayəndəsi
adlandırır. Deyir ki, biz Azərbaycandan uzaqda qeyri millətlərin
bizim görkəmli yazıçı və şairlərə,
incəsənət işçilərinə verdikləri dəyərlərin
şahidi oluruq.
Bəs bizdə necə, öz yazarlarımıza, istedadlı
qələm sahiblərinə, incəsənət adamlarına
dəyər verə bilirikmi? Zənnimcə, yox.
Azərbaycandan kənarda isə bizim
yazıçıları oxuyurlar və dəyər verirlər.
Bir misal çəkmək yerinə düşər.
Tarix elmləri doktoru, professor, Moskva
Yazıçılar İttifaqının katibi, tənqidçi,
akademik Lola Zvonaryova Xalq yazıçısı Anarı əfsanəvi
Anar adlandırır. Anar müəllimin
daimi oxucusu olan akademik Zvonaryova Azərbaycanda olub, Xalq
yazıçısı Anarla şəxsən
görüşüb və bu böyük yazıçı
ilə görüşü ömrünün ən gözəl
anları adlandırır.
Lola xanım Knyaz Qoçaq haqqında xoş sözlər
söyləyib. Bir məqaləsində Lola xanım yazır:
"İndiki zəmanədə Knyaz Qoçağın ən
böyük missiyası, xidməti odur ki, rus oxucularına Azərbaycanın
qədim mədəniyyətini tanıtmaqda, dərinliyi ilə
anlamaqda kömək edir...".
"Azərbaycanın
qədim mədəniyyətini rus oxucusuna tanıtmaqda..."
Həqiqətən, dəyərli sözlərdir. Kənardan
Knyaz Qoçaq təvazökar görünsə də, əslində
gördüyü işlər onu gözümüzdə vətənpərvər
yazar kimi ucaldır.
Knyaz
Qoçağa ən böyük dəyəri Rusiya prezidenti verdi. Oxuculara məlumat verək ki, Rusiya
prezidenti Vladimir Putinin 1 aprel 2022-ci il tarixli
qərarı ilə Knyaz Qoçağın çoxillik
yaradıcılıq fəaliyyətinə görə ona
"Təşəkkürnamə" elan edilib
("Bloqadarnost") və bu mükafatı bu ilin iyunun 11-də
Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Natalya Komarova şəxsən
özü Knyaz müəllimə təqdim edib.
Knyaz Qoçaq yaşadığı vilayətdə orda
yaşayan soydaşlarımızdan ibarət "Diaspora ədəbi
axşamları" təsis edib və mütəmadi olaraq
onun başçılığı ilə yerli azərbaycanlılar
bu məclisə toplaşırlar.
44 günlük İkinci Vətən savaşında
orada yaşayan soydaşlarımızın, həmçinin
Knyaz Qoçağın gözü Azərbaycan
televiziyasında idi. Knyaz Qoçaq gecə-gündüz xəbərləri
izləyir, işgaldan azad edilən torpaqlar haqqında yerli
Tümen TV-də çıxışlar edir, əhaliyə məlumat
verirdi. Sonra "Diaspora ədəbi
axşamları" məclisində toplaşaraq Zəfər
gününü qeyd edirdilər.
Knyaz Qoçaq Azərbaycan ədəbiyyatını həmişə
izləyir, yaxşı əsərlərə, yazılara
münasibətini bildirir, diqqətini çəkən əsərlər
haqqında Rusiya mətbuatında çıxışlar edir. Dünya
şöhrətli yazıçı Çingiz Abdullayevin
yaradıcılığı Knyaz müəllimi həmişə
özünə çəkib. "Literaturnaya
qazeta"da yazdığı geniş məqalədə o,
Çingiz Abdullayevi müasir klassik adlandırıb. Onun fikrincə, Çingiz Abdullayev məşhur rus
yazarlarından daha canlı yazır. İsa Hüseynovu
Azərbaycan nəsrinin dahisi kimi qəbul edir, onun Nəsimi
haqqında "Məhşər", "Yanar ürək",
"İdeal" romanlarını ədəbiyyatımıza
başucalığı gətirən əsərlər kimi dəyərləndirir.
Yazıçı Elçin Əfəndiyev
haqqında da Rusiya mətbuatında məqalə ilə
çıxış edib. Knyaz Qoçaq Elçin
haqqında "o, həmişə əla
yaradıcılıq formasında olmağı bacaran
böyük yazıçıdır" - deyir.
"Elçinin "Baş" romanı və ondan əvvəlki
əsərləri mənim nəzərimdə nə qədər
Azərbaycan varsa o qədər qalacaq. Bu əsərlər
heç vaxt öz təzəliyini, təravətini itirməyəcək.
Arzum budur ki, bu il Bakıya gələndə
Elçin müəllimlə şəxsən tanış
olum, yaradıcılığının dühasına görə
baş əyim, deyim ki, ustad, Allah sizi ədəbiyyatımıza,
xalqımıza, Azərbaycan adlı diyarımıza çox
görməsin. Üç il əvvəl
Bakıda olanda Kitab Mərkəzindən, başqa
mağazalardan onun öz aktuallığını həmişə
saxlayan kitablarını alıb Rusiyadakı
yazıçı dostlarıma bağışladım. Elçin nəsrinə vurğun olan Yaroslavl vilayəti
Yazıçılar İttifaqının sədri Aslan
Dağıstanlıya, qardaşım qədər istədiyim
Məmməd Xəlilova bağışladım. Məmməd
Xəlilov dedi:
- Knyaz
müəllim, mənim üçün belə bir dahinin
kitabları hədiyyələrin hədiyyəsidir.
Bununla onu demək istəyirəm ki, Rusiyada bizim yazarlara
böyük dəyər verilir".
Knyaz
Qoçaq daha sonra "Literaturnaya qazeta"da Nurafiz
Hüseynlinin "Qanun" nəşriyyatında rus dilində
çıxmış "Slyozı moix ruk" - "Əllərimin
göz yaşı" kitabına "Put posle slov"
adlı resenziya dərc etdirdi. Və bu məqalə
Nurafiz yaradıcılığına bələd olanlar, onu
bir şair kimi sevənləri tərəfindən məmnuniyyətlə
qarşılandı. Tərcümə edənlər
Siyavuş Məmmədzadə və gənc yazar Nicat Məmmədovdur.
"Nicat rus və azərbaycanca yazır,
poeziyamızın cavan parlaq nümayəndəsidir. O, Qərb və Şərq
motivlərində Şərq ruhunu saxlaya bilmək məharətindədir,
ədəbi düşüncələrdə, poetik
müşahidələrində zərgər dəqiqliyinə
görə təkrarolunmaz yazardır" - deyir Knyaz
Qoçaq.
Tale
İbrahimbəyov qardaşları ilə şəxsən tanış olub dəfələrlə
görüşməyi, fikir mübadiləsi etməyi Knyaz
müəllimə nəsib etdi. Onun "əfsanəvi
kinossenarist" adlandırdığı kinorejissor, dramaturq
Rüstəm İbrahimbəyova vəfatından sonra həsr
etdiyi şeir Moskvada çıxan "Nezavisimaya qazeta"da dərc
olunaraq diqqət çəkdi, analiz edildi və rus şairi, tənqidçi
Aleksandr Çistyakovun məqaləsində müsbət qiymətləndirildi
Knyaz
Qoçaq Xəlil Rza Ulutürkün, Anarın, Bəxtiyar
Vahabzadənin, Sabir Rüstəmxanlının, Yusif Səmədoğlunun,
İsmayıl Şıxlının və başqa dəyərli
ziyalılarımızın xalqımızın milli
oyanışındakı xidmətlərinin danılmaz
olduğunu söyləyərək onların həm
yaradıcılığına, həm də şəxsiyyətinə
çox böyük dəyər verdiyini də dedi.
Ziyalı sözünün mənası nur, işıq
deməkdir. Ziyalı hər zaman xalqın görən
gözü, düşünən beyni olub. Knyaz Qoçaq bu gün bir ziyalı kimi öz
işıqlı əməlləriylə doğma yurddan kənarda
xalqına xidmət edir. Mənim bu məqaləni
yazmaqda da məqsədim 40 ildir Rusiyada yaşayıb-yaradan bir
azərbaycanlı yazarı oxucularımıza daha dərindən
tanıtmaqdır.
Nə qədər etiraf etməsə də, bir qürbətçilik
var içində. Yazılarında, esselərində və şeirlərində
o qürbətçiliyin ağrı-acısını duydum,
"ürəyimlə qızdırmışam
Şimalı..." - deyən yazıçının vətən
həsrətilə çırpınan qərib ürəyini
gördüm... Düşünürəm ki, bütün həssas
ürəkli yazıçı-şairlərin dərdi
bir-birinə oxşayır...
Şimal necə uzaqdır.
Mənsə
ağ bir varağam!
Təkcə
nənəm tanıyır
Məni nəvəsi
kimi,
Əl
qoyub kürəyimə
Ovsunlayır
qəlbimi,
Anamın
gözləritək,
Parlayır onun gözü.
Deyir ki, sən
tez-tez gəl,
Yollara düşsün izin...
O insan
xoşbəxtdir ki, yollara izi düşür. Və
özündən sonra yaxşı ad qoyub gedir.
Düşünürəm ki, bu gün Azərbaycandan kənarda
yaşayıb xalqın xeyrinə işlər görən
Knyaz Qoçaq kimi ziyalılarımız elə
sağlığındaykən özlərinə abidə
ucaldıblar: İnsanlıq abidəsi.
Tanrı belə soydaşlarımızı qorusun.
Südabə
SƏRVİ
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.26-27.