Yeni nəfəs, yeni poetik pıçıltılar...

 

Zülfiyyə Yaqubun şeirlərini oxuduqca zaman məkan bir-birinə qovuşa-qovuşa hərəkətə keçir. Bu duyğuların cazibəsində keçmiş bu gündür... Nağıl kimi göy üzü yaxındır adama... Bu yaxınlığın dualarından sanki cənnət ətri gəlir. Dizlərini qucaqlayıb sirrini sözünə bağışlayan bəndənin şeiridi Zülfiyyənin nağılları... buna görə sevdadolu qəlbin atəşindən qopan misraları heyranlıqla oxumamaq olmur...

 

Sən qaranlıqda atəş...

Don vurmuş əllərimdən

                        ocaq əsirgəmirsən.

Sən həm sənsən,

                        Həm mən.

Bizi bizdən savayı

Kimdi duyan bir dənəm?

 

Qeyri-adiliklər duyğusu ilə müşayiət olunan onun tale pıçıltılarında kədər qarışıq sevinc, sevinc qarışıq kədər ot üstündəki parlaq şehə bənzəyir... Zülfiyyənin poetik ruhu təptəzədir, yenidir, diqqəti çəkəndir...

Bu istedadlı şairin şeirlərini "Ədəbiyyat qəzeti"nə ünvanlamağı özümə borc bildim. İnanıram ki, həmişə yeni imzalara, yeni nəfəsə himayədarlıq edən sevimli qəzetimizin oxucuları üçün bu təqdimat uğurlu olacaqdır.

 

İnqilab İsaq

Gəncə

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.29.