Alehandro Hodorovski: "Haraya getdiyinizi bilmək
istəyirsinizsə, haradan gəldiyinizi
bilməlisiniz"
Aktyor, bəstəkar, komiks yazarı,
prodüser, psixoterapevt, rejissor olan Alehandro Hodorovski Prullanski
1929-cu il, fevralın 17-də Çilidə,
Tokopilla şəhərində, yəhudi-ukraynalı ailədə
doğulub. Xoşbəxt uşaqlıq
keçirməyən Hodorovski özünü oxumağa və
şeir yazmağa verib. Şeirləri məşhurlaşan
rejissorun qəfildən ətrafı çox genişlənib.
Teatr şirkəti quran Hodorovski dünya şöhrətli
teatr xadimləri ilə birgə işləyib, saysız
tamaşaya rejissorluq edib. Fransız multimedia sənətçisi
olan Hodorovski rejissor kimi daha məşhurdur. Sürreal, ezoterik yaradıcılığın
ustası kimi tanınır. "Köstəbək"
("El Topo") (1970) və Müqəddəs dağ"
("La montana sagrada") (1973) adlı avanqard filmləri ilə
məşhurlaşan Hodorovski, sürreal görüntülər,
mistisizm və dini mövzulu əsərləri ilə kult kino
həvəskarları tərəfindən daha çox sevilir.
Kolumbiya Universitetində ədəbi
tərcümədən dərs deyən müəllim, Nyu-York
və Mexikoda yaşayıb fəaliyyət göstərən
redaktor, tərcüməçi, ədəbi agent Elien
Kanın (Elianna Kan) Alehandro Hodorovski ilə müsahibəsini təqdim
edirik.
Elien Kan: - "Quşun ən
yaxşı oxuduğu yer" ("Donde mejor canta un
pajaro") kitabınız ilk dəfə İspaniyada 90-cı
illərdə nəşr olunub, elə deyilmi?
Alehandro
Hodorovski: - Bəli. O, "Yüz illin tənhalığı"
("Cien anos de soledad") kimi folklor janrında olan Latın
Amerikası və Varqas Lyosa romanlarına olan marağın kəskin
artdığı bir vaxtda nəşr olunub. Amma
mənim romanım yəhudilərin əcdadından bəhs
etdiyi üçün onun milliyyəti yox idi. Həm də o dövrdə məşhur olan magik
realizm (mistik realizm - tərc.) janrında deyildi. Mən realist mistisizm janrında yazmışdım.
Bu roman yazıldığı vaxt qəbul edilməliydi, ona
görə də mən "Quşun ən yaxşı
oxuduğu yer" kimi romanlar yazmağı kənara qoyub,
"Psixomagiya", "Metageneologiya" kimi müalicəvi
kitablar yazmağa başladım.
E.K.: - İlk dəfədir ki, yəhudi
mövzusunda bu qədər açıq
danışırsınız? Filmlərinizdə dini
ikonoqrafiyadan istifadə etmisiniz, baxmayaraq ki, onlar daha çox
katoliklikdən və digər mənəvi
bağlılıqlardan gəlir.
A.H.: - Bəli.
Atam yəhudi olduğunu gizlədib. O,
heç vaxt tam adını, "Hayme Hodorovski" ("Jaime
Jodorowsky") olaraq yazmayıb, həmişə "Hayme"
olaraq yazıb. O, özünü rus qiyafəsi altında gizlədib
və mən, on üç-on dörd yaşımda məktəbdə
bullinqə (irqinə, milliyyətinə, cinsi, dini və ya
başqa bu cür şəxsi seçimləri görə
uşaqlara yönəlmiş lağ etmə, təhqir, aqressiv
davranış - tərc.) məruz qalmağa başlayanda mənə
aydın olana qədər heç vaxt mənə yəhudi
olduğumu deməyib. O vaxtlar Çilinin yarısı
Antihitler koalisiyası, yarısı isə nasistlərin lehinə
bölünmüşdü. Atam
üçün Tanrı yox idi - insan sadəcə
ölüb çürüyəcəkdi. Bu qədər!
Atam ateist idi - Stalinist. O, dinə, hər
şeyə qarşı idi. Bu məni arxalana biləcəyim
hər hansı metafizikadan məhrum etdi. Heç
bir yəhudi təhsilim yoxdur və ya vəftiz edilməmişəm,
heç vaxt bayramları qeyd etməmişəm. Atam bütün bunları məndən gizlədib.
Mən həmişə milliyyətin yoxluğunu hiss etmişəm
və heç vaxt özümə aid bir şey, mənə məxsus
bir yer olmayıb. Ona görə də bu
romanı yazmağı özümə borc bildim.
E.K.: - Yəhudiliyinizi
araşdırmağa sizi ruhlandıran bir məqam olubmu?
A.H.: - Bu
mənim özümü, öz şəxsiyyətimi axtarmaq
prosesimin bir hissəsi idi. Atam ateist və dediyim
kimi, Stalinist idi. O, mədəniyyətə inanmayan bir
iş adamı idi. Məndə, heç bir
metafizik qüvvəyə inam, böyüyərkən
ölümcül olmağın narahatlığını
sakitləşdirəcək heç bir şey yox idi.
Özümə müəllim axtarmağa başladım və
nəhayət, bir Zen rahibini - beş il
meditasiya etdiyim bir Yapon rahibini tapdım. Bu
müddətdə, həmçinin yəhudi mənşəli
olduğumu kəşf etdim, Kabbala və Tövratı öyrənməyə
başladım. Haraya getdiyinizi bilmək istəyirsinizsə,
haradan gəldiyinizi bilməlisiniz. Atamın
niyə belə olduğunu, anamın niyə belə
olduğunu, valideynlərimin onları istəməyən bir
ölkədə sağ qalmağa
çalışdığını başa düşmək
üçün bütün bunlara qayıtmalı oldum.
Kim olduğumla üzləşməyə qərar
verdim.
E.K.: - Keçmişinizlə
üz-üzə gəlmək, Zen praktikasına, daha sonra tarot
və psixomagiyaya qərq olmaq - yəhudi dininin və ya mədəni
tarixinin sizinlə rezonans doğuran xüsusi elementləri var
idimi?
A.H.: -
Dörd yaşım olanda atam mənə deyirdi ki, nə vaxtsa
öləcəyəm, heç vaxt Allah olmayıb və
olmayacaq. Mən dini araşdırmağa
başlayanda dindar yəhudilər mənə son dərəcə
ağıllı görünürdülər, lakin elə bir
vəziyyət idi ki, bu zəka Kabbala ilə yanaşı, dindən
doğan mistik və çox böyük bir dəliliklə
müşayiət olunurdu. Allahla
başını xarab etmiş adamlarla dolu olan, dəlilər
aləmindən gəldiyim üçün diqqətimi çəkən
də məhz budur. Tarotu
araşdırmağa başlayanda İbrani əlifbasının
iyirmi iki hərfi kimi iyirmi iki Böyük Arkana kartının
olduğunu kəşf etdim. Tarotun Kabbala ilə,
yəhudi ənənələri ilə çox əlaqəsi
var idi, lakin bu, dini çılğınlığın
olmadığı bir dünya idi.
E.K.: - Kitabınızın proloqunda
belə yazırsınız: "Bu kitabdakı bütün
personajlar, yerlər və hadisələr real olsa da, xronoloji
ardıcıllıq dəyişdirilib. Bu
reallıq mifə çevrilənə qədər dəyişdirilib
və əfsanələşdirilib. Bizim
soyumuz (nəslimiz - tərc.) düşüncələrimizi,
duyğularımızı, istəklərimizi və maddi həyatımızı
məhdudlaşdıran bir tələdir, eyni zamanda dəyərlərimizin
böyük hissəsini içində saxlayan xəzinədir.
Bu kitab roman olmaqla yanaşı, uğur qazanarsa, bütün
oxucuların izləyə biləcəyi üçün
nümunə ola bilər,
bağışlamağı bacararlarsa, onlar da ailə xatirələrini
qəhrəmanlıq əfsanələrinə çevirə
bilərlər". Ailə xatirələrini əfsanəyə
çevirmək sizə nə verdi? Bu
proses necə idi?
A.H.: -
Düşünməyə başlayırsınız və nə
qədər irəli getdiyinizi görürsünüz. Özünüzü nə qədər sevdiyinizi, əqli
və mənəvi olaraq hansı səviyyəyə
çatdığınızı görürsünüz.
Öz-özünüzə deyirsiniz ki, əlimdən
gələnin ən yaxşısını etdim, aşa
bildiyim hər şey budur. Mənim əcdadlarım
da bu transsendensiya səviyyəsinə çata bilərdilər,
çünki onlar da insan idilər, lakin bacarmadılar. Bu, cütlərin bir-birini axtarması, sevgi axtarışı,
təhlükəsizlik axtarışı, sülh
axtarışı, özünü axtarmaq və tapmamaq
haqqında uzun hekayədir. Ona görə
də mən ailəmdəki bütün personajları öz
səviyyəmdə təsvir etməli oldum. Məsələn,
kitabda Allahdan bezmiş ata nənəm Tereza, sonda insanabənzər
primata (ape-man - meymun adam - tərc.) aşiq
olur. O, aşiq olmanın möcüzəsini kəşf edir. Mən ona heç vaxt sahib olmadığı sevgini
verirəm. Mən onu bu yəhudi ənənəsindən
azad etdim və onu başqa bir şeylə - daha heyvani
reallıqla qarşı-qarşıya qoydum. Ailə üzvlərimə heç vaxt sahib
olmadıqları nə varsa, mən onlara verirəm.
Onların tam olaraq nəyə nail ola biləcəkləri,
lakin heç vaxt əldə edə bilmədikləri
haqqında düşünürəm və bunu onlara verirəm.
Təsəvvür edirəm. Təsəvvür bir növ müalicə rolunu
oynadı. Öz dünyamı kəşf edən bu
proses həyatımı dəyişdi. İndi mənim
dünyamın təməli var. Mən artıq yəhudi
olduğumu gizlətmirəm. İndi bu
haqda danışmağa utanmıram. Mən, təxminən
qırx il, on üç-on beş
yaşımdan bu haqda danışmamışam. İnsanın haradan gəldiyini bilməməsi və
olduğu adamı sevməməsi çox güclü
nevrozdur. İnsanın soyu nədirsə, o
da odur. Ona görə də nəsil-nəcabətini
tanımaq və onu sevmək vacibdir.
E.K.: - Filmlərinizdəki personajlar,
adətən uydurma şəxsiyyətlərdir. Təxəyyülünüzü bunlar
üçün istifadə etməklə ailə tarixçənizdəki
boşluqları doldurmaq arasında fərq varmı?
A.H.: Hər
sənətin öz qaydaları və müxtəlif
formaları var, başqa heç nə yoxdur. Bütün
sənət eyni məzmuna malikdir - özünü ifadə edən
insan. Fərq yalnız formadadır, məzmun
hamısında eynidir. Bütün işlərim
inisiasiya işlərindən ibarətdir. Bu
isə Şekspirin tam əksidir.
E.K.: - Nəyi nəzərdə
tutursunuz?
A.H.: - Məsələn,
Hamleti götürək. Hamlet dəyişmir və
sonunda axmaq kimi ölür. La-Mançlı
Don Kixot kitabın sonuna qədər Don Kixot olmağa davam edir.
Bu kitablarda personajlarda heç bir inkişaf
getmir, ruhən dəyişiklik olmur. Əgər
insan dəyişə bilmirsə, bütün bu klassiklərin
mənası nədir? Kainat dəyişir,
kainat genişlənir. Hər şey daim dəyişir.
Deməli, insan da daş kimi dəyişməz
qalıb ömrü boyu olduğu şeydən
yapışırsa, bu faciədir. İnsan
axıcı olmalıdır, dəyişməli, inkişaf etməlidir
və hər an özünə sual verməlidir ki, mən niyə
əziyyət çəkirəm? Bu məni
niyə narahat edir? Niyə nəsə
axtarıram? Niyə mən filan şeyə
nifrət edirəm? Niyə
bağışlaya bilmirəm və niyə özümü
bundan azad edə bilmirəm? Mənim
bütün işim yavaş-yavaş, lakin əminliklə dəyişən,
özünü sübut edən və daha yüksək mənəvi
səviyyəyə çatan bir xarakterin inkişafını
təsvir etməkdir. Mənim
personajlarım müdriklik zirvəsinə çatırlar.
Belə bir müdrikliyə çatmaq, həyatdan
zövq almağa bərabərdir.
E.K.: - İşlərinizdə
özünüdərkə doğru səyahət, demək
olar ki, həmişə valideynlərlə bağlıdır,
razısınızmı? "Köstəbək" ("El
Topo") filmindəki oğul kişi olmaq
üçün anasının şəklini
basdırmalıdır. "Fando və Lis"
("Fando y Lis") filmində Fando da anasını dəfn
etməlidir.
A.H.: -
Sualınız məni güldürür. Biz bir
ata və bir anadan doğulmuşuq - həyatınız
ananızla cinsi əlaqədə olan bir ata tərəfindən
formalaşır və siz doğulursunuz. Həyat
özünü çoxaltmaq istəyir. Həyatın,
məncə, iki əsas motivasiya prinsipi var. Biri maddi, digəri
isə mənəvi. Maddi motiv ölməz
olmaq üçün çoxalmaqdır. Çoxalaraq
kainat qədər yaşamaq. Digər motiv
isə şüur yaratmaqdır. Biz
şüur yaratmaq üçün çoxalırıq.
Beynimiz bir möcüzədir. Möcüzəvi, inanılmaz bir şeydir.
E.K.: - İşləriniz tez-tez
insanları heyvanlardan nə fərqləndirir sualı
yaradır. Bu sizi niyə bu qədər
maraqlandırır?
A.H.: -
İnsanlar heyvandır! Bədənimiz
heyvandır. Heyvanlar necə olmaya bilərdi?
Sənətin mövcud olması
üçün təzadlara ehtiyacı var. Münaqişə
tələb edir. Mənim sənətimdə
şiddətin yeri sonradan sülhə və özünüdərkə
aparacaq prosesin bir parçası olmaqdır. Pis sənət zorakılıqdan yalnız izləyicini
və oxucunu narahat etmək üçün istifadə edir, yəni
həzz verən zorakılıq göstərir. Silahlı qəhrəmanlar, bir-birini təpikləmək,
soymaq, öldürmək, təcavüz etmək - bunlar
hörmət edilə biləcək zorakılıq
növü deyil. Hətta Bibliyada hamilə qalmaq
üçün ataları ilə cinsi əlaqədə olan
qızlar, bir-birini öldürən qardaşlar və s. kimi səhnələr
var. İncildə dəhşətli şeylər var, lakin
onlar kontrast yaratmaq üçün lazımdır. Əgər kontrast yoxdursa, yaradılış da
yoxdur.
E.K.: - İnsanın heyvani tərəfinə,
birinin digərinə fiziki zərər vurma qabiliyyətinə
baxışınız zamanla dəyişibmi?
A.H.: - Məncə,
heyvanlar möhtəşəmdir! Pişiksiz yaşaya
bilməzdim. Mənim pişiyim
möcüzədir. Mən heyvanları
sevirəm. Heyvani insan, heyvan kimi insan
aqressiv bir varlıq deyil - möhtəşəm bir şeydir.
E.K.: - Valideyn və oğul arxetiplərinə
əsaslanan hekayələr yaratmağı saxlayıb, nəhayət,
öz ailəniz və öz hekayənizlə məşğul
olmağa başlamaq üçün bu qədər uzun
müddət gözləməyinizin xüsusi səbəbi var
idimi?
A.H.: -
Onları bağışlayana qədər gözlədim. Onları bağışlamağım çox uzun
sürdü. Öhdəliklərini yerinə
yetirməyən valideynləri sevməməyə, onları
görməməyə haqqınız var.
Özünüzü azad etmək və öz həyatınızı
qurmaq hüququnuz var. Ancaq öz həyatınızı
yaşasanız belə, bütün bunlar sizin içinizdə
qalacaq. İçinizdə
daşıdığınızla barışmalı,
onları udmalı, özünüzün etməlisiniz. Hazırda çəkdiyim filmdə mənə
verdiyi hər şeyə görə atama təşəkkür
edirəm. Mənə verdiyi hər şey
mənə vermədiyi hər şeydir. Onun
sayəsində mən mistisizmi kəşf edə bildim,
çünki atam bunu mənə heç vaxt verməmişdi.
İnsanlığı kəşf edə bildim,
çünki atam mənə heç vaxt insanlıq verməyib.
Məni necə sevəcəyini bilməyən
anam sayəsində, mən nəhayət, bir qadını necə
sevəcəyimi kəşf etdim. Həyatımın
eşqini tapmaq üçün mənə yetmiş il lazım oldu! Əgər mən
bu bədəndə doğulmuşamsa, özümü dərk
etməliyəm. Bir az vaxt apardı,
amma məqsədimə çatdım. Bax, mənim
səksən altı yaşım var və ancaq bu yaxınlarda
atamın qəhrəmana çevrildiyi bir film çəkə
bilmişəm.
E.K.: - Bu necə baş verir?
A.H.: - Ona
görə ki, zaman keçdikcə onu
bağışladım, ona qəhrəman olmağın
yollarını göstərirdim. Bu, bədii
yaradıcılıqdır, mənim üçün ən önəmlilərindən
biridir. Hər kəs üçün.
Kimin ailəsi ilə problemi yoxdur ki?
E.K.: (Gülür).
A.H.: Kimdə
onlardan yoxdur?
E.K.: - (Gülür). Doğrudur.
Bütün bunlardan bir sənət əsəri yaratdıqdan
sonra son məqsədə çatdığınızı
hiss edirsiniz, yoxsa bu, sağalma prosesinin sadəcə bir hissəsi
idi?
A.H.: -
Bax, mən sənətkar doğulmuşam. Mənim fantaziyam
var, hər cür sənətlə məşğul ola bilərəm. Bu mənim
çağırışım idi. Pis-yaxşı,
mən sənətkaram. Beləliklə, sənət
yaradıram. Quş oxuyur, amma heç kim
ona oxumağı öyrətmir. Mən sənət
yaradıram, çünki bu mənim üçün vacibdir.
E.K.: - Bu kitab ingiliscə
yayımlanana və son iki filminiz çıxana qədər sənətçi
kimi yolunuz necə olub?
A.H.: - Mən
əziyyət çəkdim, əziyyət çəkdim. Atam üçün bütün sənətçilər
boş adamlar idi. O, iş adamı idi
və mənə iki şeyi öyrətdi - Allah deyilən
şey yoxdur və "ucuz al, baha sat". Ona görə də
öz-özümə dedim ki, baha
alacağam, ucuz satacağam. Təxminən on
yeddi yaşımda köhnə bir yazı
maşınının arxasında oturub şeir yazdım.
Dərhal dostların əhatəsinə düşdüm,
yeni Rembo (fransız şair Artur Rembo - tərc.) oldum. Sonra ekspressionist rəqsi, daha sonra kukla, marionet və
teatrı öyrəndim. Pantomima oynamaq istədiyimi
kəşf etdim. İyirmi üç
yaşımda Çilidə böyük bir teatr şirkətim
var idi. Sonra Parisə getdim. Parisdə təhsil aldım, Marsel Marso (pantomima
aktyoru - tərc.) üçün pyeslər yazdım. Mən səhnədə Moris Şevalyenin konsertini
idarə etmişəm. Sürrealistlərə
qoşuldum. Sarbonnada fəlsəfə təhsili
almışam. İstədiyimi etdim. Həmişə yaratmaq, irəliləmək və
yaratmaq istəmişəm. Sonra Panik Hərəkatını
yaratdım və "baş verənləri" həyata
keçirdim. Meksikada mən on il ərzində
yüzdən çox tamaşaya rejissorluq edərək teatrda
inqilab etdim. Və budur. Çox
şey etmişəm. Komikslər belə
çəkirəm.
E.K.: - Sizi teatra nə cəlb etdi?
A.H.: -
Teatr qəhrəmanlıqdır. O yox olur. Bir
tamaşa qoyursan və o yox olur. Heç nə
qalmır. Siz ekstaz davam etdiyi müddətdə
işləyirsiniz və bitəndə də bitir. Tarixə düşmür. Yalnız
onu görən bir neçə insan üçün xatirə
qalır, başqa heç nə yoxdur.
E.K.: - Filmlə müqayisə etsək?
A.H.: - Teatr şəhər
ritualıdır. Film qlobal bir ritualdır. Teatr indiki zamanda bir anlıq ritualdır. Film uzun müddət davam edir. Davam
edir, iz buraxır. Teatr bir şəhər
üçün olur. Film planet
üçün baş verir. Teatrın
dünyası canlı aktyorlara görə məhduddur. Amma filmdə hər şey var. Bu, mövcud olan ən
mükəmməl sənət formasıdır.
E.K.: - Amma ikisi də xəyaldır. Hamısı sünidir və hamımız bunu
bilirik.
A.H.: - Bu
sənətdir! Əlbəttə, teatr ət və
sümükdən ibarətdir. Film isə
işıqdır, hər şey işıqdan ibarətdir.
E.K.: - "Reallığın rəqsi"
filminizdə süniliyi gizlətməməyi seçdiniz.
Ananızı oynayan aktrisanın parik taxdığı
aydın görünür, hətta mahnı oxuyarkən parikin
başından sürüşdüyü səhnə də
var.
A.H.: - Sənətin
araşdırdığı şey sənətin nə olduğudur.
Bütün filmlər "Film nədir?"
mövzusundadır. Mən
tamaşaçıları bütün bunların reallıq
olduğuna inandırmağa çalışaraq onları dəli
etmək istəmirəm. Tamaşaçının
izlədiyi reallıq deyil, fimdir. Film
qeyri-realdır. Ancaq bu
qeyri-reallığın içində - heykəl kimidir.
Siz heykəli ət rəngində çəkmirsiniz,
ona süni nəfəs aldırmırsınız. Realist film məhz bunu edir. Ətin rənginə
boyanmış gipsdən süni nəfəs alan
heykəl yaradır. Mənim filmlərim belə
şeylərdir.
E.K.: - Bir filmi idarə edərkən
yazı ilə müqayisədə detalları daha
yaxşı idarə edə biləcəyinizi hiss edirsinizmi?
A.H.: -
Filmdə hər şeyi ifadə etmək üçün
istifadə edə biləcəyimiz bir çox vasitə var.
Lakin bu alətlər çox məhduddur, çünki onlar
çox bahadır. Təsvir
yaratdığınız zaman onun neçəyə başa gələcəyini
nəzərə almalısınız - bu, filmdəki əsas
məhdudiyyətdir. Siz iş adamı olmağa məcbur
olursunuz.
E.K.: - Deməli, rejissorun o qədər
də azad olduğunu düşünmürsünüz?
A.H.: -
Rejissor kimi azadlığım var, çünki müəllifi
olduğum filmləri çəkirəm. Amma
indi bu cür kinorejissorlar çox azdır, çünki pul
qazandırmır. Bu gün kino biznesdir.
Sənayeləşdirilib.
E.K.: - "Sonsuz poeziya"
"Reallığın rəqsi" filminin davamıdır və
bir daha ailə üzvlərinizin, ailənizin digər üzvlərinin
də oynadığını görürük, elədir?
A.H.: - Tokopilladan
Santyaqoya köçdük. Atamın fəhlə
məhəlləsində mağazası var idi. Film ordan necə çıxdığımdan, ilk
şeirimi necə yazdığımdan və o şeir sayəsində
bu kommersiya mühitindən necə
çıxdığımdan bəhs edir. Mən dəmir yolu xəttinin o tayında
yaşayırdım. Hər həftənin şənbə
günü relslər arasından keçib getmək istəyən
bir sərxoş işçini qatar vurub
öldürürdü. Nəhayət,
özümü yavaş-yavaş rəssamların, şairlərin
əhatəsində necə tapdığım və sənətin
məni necə azad etdiyi haqqında danışmaq istədim.
E.K.: - Oğlunuzu atanız rolunda
görmək necə hissdir?
A.H.: -
Onun və mənim üçün olduqca maraqlı idi. Filmlərimdə kino ulduzlarından mümkün qədər
istifadə etməməyə çalışıram -
qeyri-aktyorlardan istifadə edirəm ki, daha realist olsun. Bu
filmdə platonik eşq macərası yaşayan səksən beş yaşlı bir personaj var. Bu rolu oynamaq
üçün Nobel mükafatı almış suriyalı
şair Adonisə müraciət etdim. Portretini
çəkdiyim sənətçinin əsl şair, əsl sənət
adamı olmasını istəyirəm. Mən
reallığı film vasitəsilə axtarıram. Tarota baxan və tarot rəqsi edən bir personaj var,
ona görə də rolu məşhur rəqqasə Karolin
Karsona verdim. Kino ulduzlarını sevmirəm,
çünki onlar həmişə eyni rolları
oynayırlar. İstəyirəm ki,
tamaşaçılar filmdə real həyatda olan insanları
görsünlər.
E.K.: - Göstərmək istədiyiniz
saf eqodan daha üstün bir şeydir?
A.H.: -
Şübhəsiz ki, eqondan daha üstün. Kiminsə
eqosunu ekranda göstərmək mənə maraqlı deyil.
E.K.: - Sənətə çevriləndən
sonra xatirələrin, ailə tarixinin yükü
yüngülləşdimi?
A.H.: - Bu,
heyrətamiz bir şeyə çevrildi. Sənətkar
öz sənətinə çevrilir. Və bu prosesdə
qavrayışınız, münasibətləriniz dəyişir...
E.K.: - Özünüzü azad hiss
edirsiniz?
A.H.: - Mən
bunu yuxularımda görürəm. Əvvəllər
apokaliptik yuxular, canavarlar, kabuslar görürdüm. İndisə ən gözəl yuxuları
görürəm. Mənə nələrsə
öyrədirlər. Mən sənət
yaradıram, öyrənirəm, tarot kartlarını oxuyuram.
Mən özümdən həzz alıram.
Ölülərim məni ziyarətə
qayıdır, onlarla danışıram. Öz
üzərinizdə işlədiyiniz zaman daxili aləminiz
dolğunlaşır. Bu uzun bir prosesdir,
lakin buna dəyər. Siz ülvi hisslər
kəşf etməyə başlayırsınız - sevgi, səxavət.
Mərhəməti, insanlığı kəşf
edirsən. Bunların hamısı
mövcuddur, lakin biz onların olmadığına
inanırıq. Və zaman keçdikcə
yavaş-yavaş araşdırmağa başlayırsan.
O yerə qədər ki, daha toyuq əti yeyə bilmirəm! Süfrəyə bir boşqab toyuq qoyulanda o
toyuğa yazığım gəlir.
E.K.: - Özünüzü
bütün varlıqlarla - heyvanlarla, insanlarla bir hiss
edirsiniz...
A.H.: - Bəli!
Yazıq kiçik heyvanları yemək mənə
pis təsir edir. Həyat yoldaşım
Paskaliya (Pascale) məndən çox gəncdir. Onun səhhəti çox yaxşıdır və ət
yeyir. Buna görə də iki menyumuz var! O, bifşteks
yeyir, mən isə düyü!
E.K.: - Amma siz xoşbəxtsiniz.
A.H.: - Bəli,
bəli, bəli, bəli, bəli, bəli. Həyatı
mümkün olduğu qədər yaşamaq istəyirəm.
Səhər yuxudan durub öz-özümə deyirəm: Necə
də gözəldir! Daha bir gün. Nə olacaqsa olacaq, amma yaşamaq möcüzədir.
Zahirən qocalmaq, amma daxilən qocalmamaq heyrətamizdir.
Bu möhtəşəmdir! Yaşamaq
inanılmazdır. Mümkün qədər
uzun yaşamağa çalışacağam.
E.K.: - Bu, fantastikdir. Bəlkə
bizə zövq almağımız üçün daha
çox sənət əsəri verərsiniz?
A.H.: - Nə
mümkündürsə! Mən mümkün
olan hər şeyi etmək niyyətindəyəm. Suallarınız çox xoş oldu.
E.K.: - Karyeranız haqqında kifayət
qədər danışmadıq.
A.H.: -
İnsanlar həyat haqqında danışmaq istəyirlər,
həmişə eyni şeyləri təkrar-təkrar
danışmaq yox.
E.K.: - Demək istəyirsiniz ki, filmləriniz
haqqında kifayət qədər
danışmısınız?
A.H.: - Həddindən
artıq çox. İndi bütün bunlardan
bezmişəm.
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 9 iyul.- S.30-31.