Geniş yola çıxan incə yol
Elnarə Akimovanın “Uzun, incə
bir yolda...” kitabı haqqında
Adətən
500-1000 səhifəlik kitabları görəndə
gözüm qorxur, elə bilirəm, heç vaxt oxuyub bitirə
bilməyəcəm... Ancaq xoşbəxtlikdən
bu, bir başqa kitabdır - həcmi 494 səhifə olsa da.
Çünki bunu yazan başqa bir yazardır və
bunun yazıldığı da başqa, fərqli bir qələm
adamıdır.
Doktorluq
dissertasiyası üzərində çalışan zaman mən
guya Onun elmi məsləhətçisi olmuşam; halbuki Onun əsas
elmi məsləhətçisi - onu yüksək səviyyəli
ağıl-kamalla, dərin intellekt və tənqidçilik
istedadı ilə doya-doya səbil etmiş Tanrının
özü idi...
Qədim
Romada belə bir deyim vardı: docendo discimus, yəni öyrədərkən
öyrənirəm. Mən də əksər
şagirdlərimdən, tələbələrimdən,
doktorantlarımdan öyrənmişəm onları öyrədərkən;
ancaq ən çox da filologiya elmləri doktoru Elnarə
Akimovadan.
Nə öyrənmişəm?
Bəlkə də bir çox öyrəndiklərimi
öncələr bilirdim, sadəcə unutmuşdum və təkrar
edirdim; təkrar isə, əlbəttə, biliyin
anasıdır. Hələ bu söhbət qalsın.
Yəqin ki, başqa bir məqaləyə.
Bura Turan yoludu,
Tufan, boran yoludu.
Qələmlə
söz binasın
Tikib quran
yoludu...
"Turan
yolu" obrazında bir də "Azər Turan yolu"
obrazı var; o obraz ki, Aşıq Veysəlin məşhur gəraylısından
alınmış bircə misra bu mövzunun tən
yarısını ifadə etməyə yetmişdir!
Mən də bir neçə ay bundan öncə
Aşıq Veysəlin həmin obrazlı ifadəsindən
ilhamlanaraq bir qoşma yazmışdım. Öncə həmin
qoşmanı oxuyaq, sonra söhbətimizə davam edərik:
Cansıxıcı
əlli sözdən, arxadaş,
Canqutaran bircə sözün yaxşıdı.
Min pisliyə
gözlərini bərəltmə -
Bir
yaxşını görsə gözün yaxşıdı!
Ömür
səni gözləmir ki, dur, tələs!
Boş
getməsin, qiymətlidir hər nəfəs:
Şər
yolları bacardıqca qısalt, kəs,
Xeyir yollar incə, uzun yaxşıdı.
İnsan
gərək sinəsi ac, gözü tox,
Düşmənləri
qoy az olsun, dostu - çox.
Acı-şirin,
isti-soyuq - fərqi yox:
Bu dünyada qalsa izin yaxşıdı.
Dağlar
başı duman deyil, sis deyil,
Ürəyimə
çökən duman his deyil...
Can
yaxmağa kerosin də pis deyil,
Könül
deyir: yenə benzin yaxşıdı...
Mərdimazar
işdəkləri unut sən,
Xeyir işdən quştək qurşan qanad sən.
Öz
xalqını öz əlinlə donat sən,
Yad ipəkdən kəndi bezin yaxşıdı.
Yüksələndə
sərkərdənin gur səsi
Xalqa çatdı, oldu dərdin çarəsi.
Uca
xoşdur igidlərin nərəsi,
Anam çalan layla həzin yaxşıdı.
Sözün
varsa, üzə söylə, söz atma!
Düz söz varsa, yalannan söz düzəltmə.
Teymur,
çalış, sözü çox da uzatma,
Söz olmasa çünki rezin yaxşıdı.
Yolun uzunluğu onun məziyyətidir, bəs incəliyi? Allah eləməsin,
darlıq demək olmasın ki birdən?
Hərçənd
qutulmaq hələ yox darlığımızdan,
Ancaq bir
azadlıq doğulub varlığımızdan!
Bu da Şəhriyarın göstərdiyi bir yoldur -
darlıqdan qurtulmaq üçün azadlıq yolunun səmtini
göstərən incə-incə sözlərdir.
Hə, bizim şagirdlik və tələbəlik
dövrümüzdə bir canlı klassiklər var idi, bir də
canlı əfsanələr. Canlı klassiklər məlum:
Süleyman Rəhimov, Süleyman Rüstəm, Əli Vəliyev,
Rəsul Rza, Məmməd Rahim, Əliağa Vahid, Mir Cəlal,
Mehdi Hüseyn, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı...
"Canlı
əfsanə" kimi o ziyalıları görürdük ki,
paytaxtdan kənarda, əyalətdə yaşasalar da, heç
də paytaxtdakılardan az
tanınmırdılar, sevilmirdilər, hələ bəlkə
bəzi məziyyətlərinə görə onlardaan
üstün idilər. Belə ziyalıların
ilk sıralarında, şübhəsiz ki, Neftçalada
yaşayıb-yaradan İmamverdi Əbilov dururdu.
Haqqında söhbət açdığım Azər
Turan - Azər Əbilov da məhz İmamverdi Əbilovun maarif
və elm ocağından qopmuş parlaq
qığılcımlardan biridir. Həmin ocaqdan
başlanan uzun, incə bir yol bu gün özünün zirvəsinə
doğru inamla irəliləməkdədir. Həmin yolun hər qarışını, hər
dayanacağını, hər dincələcəyini, kölgəliyini,
daşını-kəsəyini,
gülünü-çiçəyini incədən incəyə
incələmək sevinci isə artıq adını çəkdiyim
filologiya elmləri doktoru Elnarə Akimovanın qismətinə
düşmüşdür. Bu 500 səhifəlik
kitabın ilk 100 səhifəsini oxuduqdan sonra gəldiyim
ekspromt qənaət-sual belə oldu: "Azər Turanın
bütün varlığındakı Vətən, Millət
sevgisinin sal qayalığı və Elnarə Akimova qələminin
tük zərifliyi necə uyuşub bir-birinə?".
Və bu şirnikləndirici suala cavab tapmaq həvəsilə
bu yazını yazmaq qərarına gəldim. Əvvəlcə
yarana biləcək belə bir özünəməxsus suala
cavab verim ki, "qələmin tük zərifliyi" deyərkən
mən nəyi nəzərdə tutmuşam və bu cür qələm
nəyə qadirdir?
Keçmiş
zamanlarda Şərqdə miniatürçü rəssamlar
fırçanı tükdən düzəldərdilər və
hətta belə bir obrazlı ifadə də var idi ki, filan
şair o qədər incə mənalar işlədir ki, sanki
qələmi ilə tük yarır...
Zənnimcə, Elnarə Akimovanın qələmi də
"Uzun, incə bir yolda..." kitabında məhz bu cür
incə mənalarla "tük yarmağa" nail olmuşdur.
Əsas məqsəd:
Azər Turanı bütün rakurslardan
işıqlandırmaqla tanımaq və tanıtmaq! Və bu məqsədi,
deyəsən, müəllifin özündən daha
yaxşı ifadə etmək mümkün deyildir:
"Bu kitabı yazmaq ideyası hardan yarandı məndə? Qarşımda
dopdolu bir ömür vardı. Azər Turan
ömrü. Danışdıqca kimliyini,
xatirələrini çözələdikcə
keçmişini, kitablarını oxuduqca alimliyini,
müşahidə etdikcə şəxsiyyətini
gördüm. Ədəbiyyatın onun üçün
nə qədər qutsal bir mənəvi ərazi olduğunu
hiss etdim, həyatından keçən insanların hər
birini yaddaşının ən təmiz qatında hifz edib əbədiyyət
məkanına gömdüyünə əmin oldum.
"Onların hər biri Azər Turanda yaşayır"
dedim. "Bəs bunca böyük işlərə
imza atan fədainin əməlləri niyə
kitablaşmasın?!" kimi məni narahat edən sual
önündə yazmaq qərarını verməklə cavab və
rahatlıq tapdım".
Çağdaş
ədəbiyyatşünaslıq elmimizin korifeyi, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin
bir narahatlığını həmişə dilinə gətirdiyini
görmüşəm: böyük şairlərin,
yazıçıların, alimlərin həyat və
yaradıcılığının son onillərdə
yazılmaması, əvəzində onların
yaradıcılığındakı ayrı-ayrı problemlərin
tədqiqata cəlb edilməsi...
Bu mənada
Elnarə Akimovanın kitabını həm də həmin
haqlı narahatlığa verdiyi uğurlu cavabı kimi qiymətləndirmək
olar: "Azər Turanın həyat və
yaradıcılığı".
"Məsləkim - tərcümeyi-halımdır!" - deyirdi
Abbas Səhhət.
Azər
Turanın da tərcümeyi-halını oxuduqca, eyni zamanda
onun məsləkinə - Vətən, Millət, Ədəbiyyət
sevdasına varırsan və bu iki şahrahı Elnarə
xanımın "uzun, incə bir yola" necə
sıxı-sıxı
sığışdırdığına heyran olmaya bilmirsən,
qarşısında hörmətlə baş əyməyə
bilmirsən...
Bu nə
işdir ki, bizi iynə kimi incəldib,
Salır iplik kimi hərdən bir uzun sevdaya?
Füzuli qəzəlinin orijinal obrazından
çıxış etsək, Azər Turanın Elnarə
Akimova qələmində təqdim edilmiş "uzun, incə
yolu" həm də sevda yoludur. Bu yolu şərəflə
keçmək hər aşiqə qismət olurmu və hər
sevdaya düşən də aşiq ola
bilirmi?
Məndə
Məcnundan füzun aşiqlik istedadı var!
Aşiqi-sadiq
mənəm, Məcnunun ancaq adı var!
Bu mənada,
əlbəttə, Azər Turan da "aşiqi-sadiq"dir,
"haqq aşiqidir" və təbir caiz olarsa, buna müəyyən
mənada (həm də mütləq müsbət mənada!)
"sevgi asılılığı"
da demək mümkündür. Yalnız
başdan-ayağa qədər öz sevgi obyektinə məftun
olan bir insan bu cür yenilməz bir sədaqət göstərə
bilər və bu, sadəcə bir göstəri, bir rola girmək
olmayacaq, qarşısındakını öz sevgisinə
ürəkdən inandıraraq heyran edəcək dərəcədə
səmimi olacaq.
Bir də,
təbii ki, bu sevgi yoluxucu olacaq - əvvəlcə Azər
Turandan müəllif yoluxacaq və bu kitab ərsəyə gələcək,
onun ardınca isə bu kitabdan oxucular yoluxacaq, belə-belə
"azlar" çoxalacaq, bütün dünyanı ülvi
bir sevgi qoynuna alaraq saracaq...
Arzuya bax,
sevgilim...
Əlbəttə
ki, belə olmayacaq, ancaq hər halda zülm alovlarında yanan
dünyaya bir damla olsa, göyərçin dimdiyindəki sərin
su kimi gələcək və bu, izsiz-tozsuz yox olub getməyəcək
və bir daha Elnarə xanıma istinad etməkdən
özümü bir dürlü tuta bilmirəm:
"Bu kitabı mənə bir də çağdaş ədəbi
mühit yazdırdı. Cavidləri, Müşfiqləri
sağlığında qiymətləndirməyib ölümə
tərk edən, Cəlillərin, Sabirlərin ciyərini qanla
dolduran, Əli bəy Hüseynzadəni 70 il görməzdən
gəlib qürbətin acı yellərinə verənlərin
xələflərinin Azər Turana qarşı da
acımasız davranışını, Salyeri
qısqanclığını, etiraf, təqdir, dəyərləndirməyi
ona çox görən münasibətini gördüksə,
bu kitabın səhifələri öz-özünə
yazıldı içimdə...".
Deyirəm
də... Bu sevginin böyüklüyünə, səmimiliyinə
yoluxmamaq mümkün deyil, əgər sənin içində
insanlıqdan hələ də bir qor qalıbsa, "div xislətlilərə"
(İmadəddin Nəsimi) ruhunu son neytronuna qədər təslim
etməmisənsə, ədalət duyğun zəlalət
duyğundan daha üstündürsə, nə səbəbdənsə
kiməsə etdiyiniz xəyanətə görə azacıq
da olsa xəcalət çəkə bilirsinizsə...
***
Deyəcəksiniz:
bəs kitab?
Həəə,
kitab... Kitab elə budur. Əgər
mən dursaydım Elnarə Akimovanın "Uzun, incə bir
yolda..." kitabını təhlil etməyə, elə onun
özü boyda bir məqalə yazmalıydım. Həm
də mənim üslubumu bilənlər bilir ki, sözü
çox "uuuzatmaqnan" (Mirzə Ələkbər Sabir),
şərbətə su qatmaqnan aram yoxdur.
Nizami Gəncəvi demişkən:
Çox
danışmaq bəlkə səbnə asandır,
"Çox oldu!" desələr, böyük
nöqsandır.
Ona görə də kitab haqqında, onun müəllifi
və təsvir və təhlil obyekti haqqında etkilənmələrimi
(ərəbcə buna "təəssürat" deyərlər)
dəyərli oxucularla bölüşməklə kifayətləndim.
Bilmirəm,
harada kəsiləcəkdir
Əsrin ortasından başlanan yolum.
Bir qəfil
qənbərə tuş gələcəkdir
Gündə
neçə daşla daşlanan yolum...
Bu da mənim yolumdur və hər kəsin öz yolu var: birləşən yollar, ayrılan yollar, kəsişən yollar... Əsas odur ki, "uzun, incə yollar" yarıda qırılmasın, sahibini mənzil başına çatdıra bilsin.
"Uzun, incə yolların" birləşməsindən, qovuşmasından isə milli şahrahlar, prospektlər yaranır, Vətəni, Milləti gələcəyə aparır. Yetər ki, yol sahibləri, yolçular "yaxşılardan" (Elnarə Akimova) olsunlar. Yenə Elnarə xanıma bir istinadla sözümü bitirmək istərdim: "Əminəm ki, indi olduğu kimi, gələcəkdə də Azər Turanın ədəbi şəxsiyyətinin mahiyyətinə varıb dəyər verən qeyrətli insanlarımız öz sözünü deyəcək. Çünki dünya heç zaman, amma heç zaman yaxşılardan xali olmayıb və olmayacaq".
P.S. Yenə qayıdıram bayaqkı sözümə ki, bu kitabdan yenə də Elnarə xanımdan mühüm informasiya aldım: Azər Turanı hərtərəfli tanımaq informasiyası, çağdaşımıza bəzən unutduğumuz qədirbilənlik borcumuzu ödəməyin mexanizmini öyrənmiş oldum.
Teymur Kərimli
Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.8-9.