Oxunan və eşidilən şeirlər
Nigar Həsənzadənin
“Seçilmiş şeirlər” kitabı nəşr olundu
Şeirləri
bir çox dillərə tərcümə olunmuş rusca
yazan Azərbaycan şairəsi Nigar Həsənzadənin
öz ana dilimizdə çıxan bu ilk kitabını necə
səbirsizliklə gözlədiyini mən yaxşı bilirəm.
Doğrusu, bu şeirlərin dilimizdə
necə səslənəcəyi
məndən ötrü
də maraqlıdı.
Səs və söz
Böyük alman şairi Novalis poeziyanı təsviri sənətlə
musiqi arasında "keçid mərhələsi"
sayırdı. Bu baxımdan,
Nigarın bir-birindən
gözəl və gözlənilməz təşbehlərlə,
bənzətmələrlə dolu olan misraları
nə qədər rəngarəngdirsə, o qədər
də həmahəngdir.
Nigar şeiri yalnız yazmır, həm də deyir. Onun şeirləri yalnız oxunmur, həm də eşidilir. Nigarın öz fikrini bilmirəm, amma məncə, rus poeziyasında ona ən doğma olan şairlər Svetayeva və Axmadulinadır.
Keçən əsrdə Nigarla adaş bir gözəl
şairəmiz olsa da, bu gün
poeziyamız istedadlı
xanımlar sarıdan heç bir korluq çəkməsə
də, hansı şairənin və ya şairin onunla doğma olduğunu deməkdə, yəqin ki, çətinlik çəkərəm. Amma bu kitabdakı şeirlərin
tərcüməçisi Salam Sarvanın Nigardan çox fərqli bir şair olduğunu
tərəddüdsüz deyə
bilərəm.
Çiməcək, çiməcək öz
şəfəqində
Bir gecə
qəflətdən ayılmış
ürək.
Bütün sirlərimi bölüşdüm
daha,
Bütün açarları itirdim, demək.
Bu sətirləri yazan
Nigardan fərqli olaraq, bu sətirləri
dilimizə çevirən
Salam öz şeirlərində
poetik sirlərini daha çox sətir altında gizlətməyi, açarını
axtarıb tapmağısa
oxucunun ixtiyarına buraxmağı sevir. Amma birinin
sözə səxavətinə,
o birinin sözə xəsisliyinə baxmayaraq hər ikisi söz sehrbazı, söz ustasıdı.
Çoxdan deyilmiş bir fikir var ki,
şeir tərcüməsi
həm də yarışdı.
Mən əvvəldən müəllifə
uduzacağımı hiss elədiyim
şeirlərin tərcüməsinə
heç vaxt girişmirəm. Hətta o şeirləri həddən
artıq sevsəm də. Və sonradan o şeirləri
başqa şairlərin
tərcüməsində oxuyanda
bir daha özümün haqlı olduğumu görürəm.
Amma bu kitabda Salamın Nigarla yarışmaq iddiası yoxdu. Onun məqsədi
ifadə tərzinə
görə o qədər
də sadə olmayan bu metaforik
şeirlərdəki hər
bir poetik ifadəni, fikri, mənanı mümkün
qədər dəqiqliklə
Azərbaycan oxucusuna çatdırmaqdır. Hətta bəzən
bu həmin şeirlərin tərcümədə
ritminə, ahənginə,
musiqisinə xələl
gətirsə də.
Amma bu xırda xətalara, cüzi itkilərə baxmayaraq, məncə, bu kitab hər
iki şairin - həm müəllifin, həm də tərcüməçinin ədəbi
taleyində xoş bir hadisədir. Və bu
xoş hadisəyə
görə onların
hər ikisini təbrik etmək olar.
Ramiz RÖVŞƏN
Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.9.