Gəldim ki, bəlkə...
Ömrün
baharında qəm çiçəkləri,
Özüm öz əlimlə dərdim də, gəldim.
Həsrət
köynəyini qolumun üstə,
Ömrümü yoluna sərdim də, gəldim.
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Mən səndən
xəbərsiz gedərdim, ya da,
Uzaqdan-uzağa əl eyləyərdim.
Sən
olan yerlərə gətirib gəldi,
Tutub əllərimdən
sənsizlik dərdim
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Zamana
sığmayan zaman dilədim,
Göy ana qovuşa, yer ana bəlkə.
Taledən
bir anlıq aman dilədim,
Sığışa
bir ömür bir ana bəlkə,
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Gör nələr bəslədim, bitirdim gəldim.
Ömrü
sənsizlikdə itirdim gəldim,
Sonuncu ümidi gətirdim gəldim.
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Çəkmişəm
adını hər nəfəsdə mən,
Hər
bir nəğmədə mən, hər bir səsdə mən,
Gəldim
minnətinə son nəfəsdə mən,
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Deyəsən
gözlərim uzağı görmür,
Bir də
gözlərimdən itmə deyəsən,
Gəldim
ki, dilimdən qıfıl qırılsın,
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Dünyam dünyasını
necə dəyişdi
Sən
niyə dəyişdin, necə dəyişdin,
Ömrümü-günümü bitirdin mənim.
Mənim ümidimi öldürdün harda.
Harda gümanımı itirdin mənim.
Dəyişdin
gözümdə, göz görə-görə,
Mənim
gözlərimin nəydi günahı,
Mən
görən gülüşü harda itirdin,
Mən görən baxışı neylədin axı.
Sən necə nəğməydin, sən necə səsdin? -
Qırdın o mizrabı, qırdın o teli.
Əlin
necə gəldi, de necə qıydın,
Məni bu həyata bağlayan əli.
O sənli
dünyada gecələmişəm,
Gündüz ümidimi gecə dəyişdi.
İnana
bilmirəm mənim gözümdə,
Dünyam
dünyasını necə dəyişdi!?
Fəsillər kimisən, illər kimisən.
Dəyişər çox arzu, çox niyyət belə.
Dəyişər yerini axşam, sabahla.
Dəyişər yerini təbiət belə.
Dəyişər
dediyim quru səs deyil,
Dəyişər dediyim hələ bəs deyil.
Hər nə
var dəyişər dəyişər, amma
Dəyişən nə varsa müqəddəs deyil.
Özün
bilirsən ki, yaxşılıq itmir,
İtirməz gözündə su gördüklərin.
Son kərə sən mənə yaxşılıq eylə.
Denən ki, yalandı bu gördüklərin.
Dəyişdin
demişəm mən haqsız yerə,
Bax da baxışınla naxışla məni.
Deyim ki,
günahın mənim boynuma,
Deyim ki, sevdiyim Bağışla məni.
Gülayə,
gördüyün yuxuymuş denən,
Doğru de, yalan de, dayandır məni.
Sənin
günahların mənim boynuma,
Yetər ki, özünə inandır məni.
Dünyada sən boyda
ayrılıq varmış
Bir
ömür gözümdə güzgüləndi qəm,
Bir ömrün sevinci gözümdən gəldi.
Günahkar
gəzmədim mən yer üzündə,
Mənə gələn bəla özümdən gəldi.
Bir nəğmə
oxudum ayrılıqlara,
O nəğmə
illərin dilində getdi.
Səni
ayrılıqlar aldı əlimdən,
Ömrüm ayrılığın əlində getdi.
Səni
ayrılığa verdim əlimlə,
Ömrün eyvanından uçdun quş kimi.
Toplaya
bilmədim parçalarını,
Yuvası dağılmış qaranquş kimi.
Əlim
yaxasında qaldı göylərin,
Dağıldı gözümdən yuxular rəng-rəng.
Ayağım
altına daş yığıb hər gün,
Boyuna boylandım günəbaxantək.
Mənəm
günahkarı bu ayrılığın,
Mən özüm bilirəm bu dərd nə dərddi.
Mənə
sevgi adlı bu günahımın,
Həyat bədəlini ağır ödətdi.
Sualsız
cavabdır, cavabsız sual,
Sənsiz yaşadığım hər günün sonu.
Mən
hardan biləydim ayrılıq imiş,
Dünyaya sığmayan sevginin sonu.
Güldüyün
o gülüş sonuncu gülüş,
Sonuncu baxışmış baxdığın
baxış.
Mən
hardan biləydim, necə biləydim,
Dünyada sən boyda ayrılıq varmış.
Mənəm
günahkarı bu ayrılığın,
Mənəm bu sevginin günahkarı mən.
Sən
boyda ayrılıq olmazdı, bəlkə,
Səni
dünya boyda sevməsəydim mən!
Mən sevgimiz bitən yerdə
ölmüşəm
Məzarım
sevgimiz bitən yerdədi,
Gündə min yol mən bu dərdə ölmüşəm.
Sən
necə yaşadın bilə bilmədim,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Ömür nədir? - gültək
solan, sevdiyim,
Yarıgerçək, yarıyalan, sevdiyim.
Bir şəkildir məndən qalan, sevdiyim.
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Gözümdən
asdığım çilçıraq deyil,
Aldığım bu nəfəs haqdı, haqq deyil?
Hələ
nəfəs almaq yaşamaq deyil,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Ölüm
baxır hər bir yandan demişdim,
Can
çəkilir canım-candan demişdim.
Mən
ki, sənə sevən andan demişdim
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Varım-yoxum
itən yerdə ölmədim,
Ömrüm-günüm ötən yerdə ölmədim.
Ölüm gəlib yetən yerdə ölmədim.
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Dözə
bilsən döz, Gülayə, yarat sən,
Ürəyində yaz, Gülayə, yarat sən.
İndən
sonra yüz Gülayə yarat sən,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Sən olmayan yer
Bilmərəm
bu dünya neçə bucaqdı,
Əriyər, gözümdən yerə şam
düşər.
Günəş
batan yerdi sən olmayan yer,
Nə sabah açılar, nə axşam düşər.
Sən
olmayan yerdə göz yaşı, ağı,
Ömrün qürub çağı sən olmayan yer.
Aynasız,
qapısız qəm otağıdı,
Ölüm yatağıdı sən olmayan yer.
Köksümün
üstündə göynəyən ahım,
Çəkə bilmədiyim ağrım-acımdı.
Harda ki sən yoxsan, orda həyat yox,
İşgəncəm, zülümüm dar
ağacımdır.
Sən
olmayan yerdə dayanar zaman,
Sənsizlik içində nə səsim mənim.
Mənim
azadlığım, bəraətim sən,
Sən yoxsansa yoxdu, nəfəsim mənim.
Nizamı
pozular sənsiz həyatın,
İçər ürəyimdən su, dünya mənim.
Torpaq
ayağımın altından qaçar,
Yıxılar başıma bu dünya mənim.
Sən
olmayan yerdə sabah açılmaz,
Həsrətin axşamı, sabahı yoxdu.
Hər dərdin,
hər qəmin öz Allahı var,
Bircə sənsizliyin Allahı yoxdur.
Şeir
ağlayaram adına hər gün,
Öpüb də adının hər hərfini mən.
Necə
görmüşəmsə, elə deyərəm,
Sənə sənsizliyin tərifini mən.
Çiçək məzarlığı
Ömrünə
qar yağdı ağ çiçəklərin,
Baharda qar yağar, bilməmişəm mən.
Yatmadım
o gecə sabaha qədər,
Qəmli ağacların iniltisindən.
Ağaclar
heç belə üşüməmişdi,
Hələ ağlamamış çiçəklər
belə.
Sazaqda
titrəşən tumurcuqların,
Ahı ürəyimdə göynəyir hələ.
Çiçək
məzarlığı saldı sazaqlar,
Tufanlar
yolunu azdı o gecə,
Ağlayan
ağaclar ağ çiçəklərin,
Sonuncu nəğməsin yazdı o gecə.
Hönkürüb
ağlayan o ağacların,
Dağlandı sinəsi, dağlandı dağ-dağ.
Ağac
ağrısını, çiçək ömrünü,
Görsəm yuxularda görərdim ancaq.
O gecə
quşların dili tutuldu,
Üzünə boylandı göylər kar kimi.
Başını
aşağı salan ağaclar,
Donmuşdu o gecə günahkar kimi.
Donmuş
ağacların üzünə görən,
Necə baxacaqdı sabahlar indi.
Necə
sızıldaşır kim nə biləcək,
Necə ağrı çəkir budaqlar indi.
Gördüm
uşaqların qar sevincini,
Yenə xəyallarım dərbədər oldu.
Bizim kəndimizə
yağan o qarın,
Qurbanı günahsız çiçəklər oldu.
O gecə
dünyanın gözünə köçdü,
Ağ qarın altında əklili qaldı.
Hələ
tökülməmiş çiçəklərilə,
Gözümdə bir budaq şəkli qaldı.
Günahlı-günahsız
çox canlar alıb,
Bir yol ağlamayıb dar ağacları.
Bəlkə
bədəlini ödəyir hələ,
Hönkürüb ağlayan dar ağacları.
Öldüyüm gündür
Hər
gün həsrətinlə yol gedirəm mən,
Hər gün ürəyimdə yeridin, yetdin.
Səsini
ruhuma yağdı buludlar,
Məni həsrətinə bürüdün getdin.
Hər
gün ağrı çəkdiyim ayrılıqlara,
Hər gün ürəyimdə bir ağrı dindi.
Sənsiz
yaşadığım bircə gün varsa,
O da həsrətindən
öldüyüm gündür.
Süzdüm
gözlərimə sərxoşluğunu,
İçib
qərq olduğum səssiz dənizmiş,
Məni həsrətinə
tapşırıb getdin,
Sənin həsrətin də səntək əzizmiş.
Sərib
saçlarımı yollar boyunca,
Zamanı geriyə daşıyıram mən.
Gözlərin
arxada qalmasın daha,
Sənin həsrətinlə yaşayıram mən.
Düşüb
ayrılığın ayaqlarına,
Zamanı
geriyə daşıyıram mən,
Dənizə
atılan ağ çiçək kimi,
Sənin həsrətinlə yaşayıram mən.
Günəş
ağlayanda gözlərim yanır,
Sən olan yerlərə gəlirəm hər gün.
Sənin
həsrətinlə yaşayıram mən,
Sənin həsrətinlə ölürəm hər
gün.
Mən sənə sevgimin
rəsmini çəkdim
Bağışla,
dilimə gec gətirmişəm
İllərlə qəlbimdə yazdığım
şeiri.
Uzun gecələri
gözümdən asıb,
Hər səhər yuxusun yozduğum şeiri.
Mən sənə
sevgimi xonça bağladım,
Qollarım yetmədi boyunu quca.
Boyuna yetəsi
boyum yox mənim,
O qədər
böyüksən, o qədər uca.
Adın çəkildikcə
adlar içində,
Bir tarix boylandı hər ucalıqdan.
Hər nə
var yalandı səndən o yana,
Ucalıq görmədim sən ucalıqda.
Adına
güvəndim mən ömür boyu,
Sən varsan daha nə qəm demişəm.
Mənim
gözlərimdə Tanrılaşıbsan,
Sənə hər dinəndə qibləm demişəm.
Sən mənim
əzəldən ölümsüz ömrüm,
Ölümsüz yaşısan körpəliyimin.
Mənim
könül evim, mənim can evim,
Nağıl yaddaşısan körpəliyimin.
Sən atəş
nağılım, sən su nağılım,
Hər rəngdən bir çələng toxudun mənə.
Hansı əfsanəni,
hansı nağılı,
Mən hansı nəğməni oxuyum sənə?
Rəsmini çəkim, de, hansı qayanın?
Mən hansı otaqdan asım rəsmini?
De,
hansı zirvədən, de, hansı dağdan,
De, hansı budaqdan asım rəsmini?
Mən
hansı havaya oynayım denən,
Oduna qalanmaq havasındayam.
Alışmaq
öyrəndim pərvanələrdən,
Başına dolanmaq havasındayam.
Başına
dolandım misra-misra mən,
Səni çiçək-çiçək
könlümə əkdim.
Mən sənə
heç zaman şeir yazmadım,
Mən sənə
sevgimin rəsmini çəkdim!
GÜLAYƏ
Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.13.