"Hərdən başqasının nə
yazdığını
unutmalısan..."
"Fikir bucağı" layihəsinin
qonağı ədəbiyyatşünas və esseist, professor
Rüstəm Kamaldır
- Rüstəm Kamal necə
adamdır? Özünüzü necə səciyyələndirərdiniz?
-
Çox çətin sualdır. Hər səhər yalnız
güzgüyə baxanda özümü anlamağa və
tanımağa çalışıram. Allahım və
övladlarım qarşısında bircə şeylə
qürurlana bilərəm: özümə rəva bilmədiyimi
başqasına rəva bilmədim.
- Yazıçı taleyi nə deməkdir?
- Uca
Yaradanla, təbiətlə rəqabətə girib məğlubiyyətə
məhkum olan, Tolstoy kimi son nəfəsdə "mən
heç nə anlamıram" deyən bir insanın Sizif
taleyidi sanki...
- Yazıçı və şairlərin
öz kitablarını satmasına necə
baxırsınız?
- Səmimi
deyirəm: anlayışla. Kimisə qınaya bilmərəm.
Görünür, çıxış yolu yoxdur. Amma gərək
belə olmayaydı. Bu zaman bəzən Məhəmməd Hadi
ilə müqayisə aparılır. Hadi əlyazmasını
satırdı, indiki müəlliflər isə kitab
satışı ilə məşğuldur - əlyazmanın
və kitabın satılması fərqli mənəvi məsələlərdir.
Bəlkə də həmin hadisə Hadinin faciəli şair
obrazını yaratmaq üçün vacib idi...
- Tərcümə ilə
bağlı fikriniz.
- Tərcümə
ilə bağlı debatlar hələ qədim Romada
başlamışdı - yunan ədəbiyyatının
latın dilinə tərcüməsi məsələsində.
Bu gün də davam edir və heç vaxt ortaq nəzəri-praktik
məxrəcə gəlinməyəcək. Adı yadımdan
çıxıb.
İngilis
yazıçısı Cerom Ceromun bir hekayəsi var. Hekayənin
qəhrəmanı bir nənə ətrafda yüzlərlə
velosipedçi görsə də, velosepedə
inanmırdı. Mən həmən nənənin
günündəyəm. Poetik tərcümə prinsipcə
mümkünsüzdür, hardasa, nədəsə
orijinalın itməsidir. Hətta ən mükəmməl və
nümunəvi tərcümələr belə növbəti mərhələdə
yenidən tərcümə edilir.
İkincisi,
orta əsrlərdə olduğu kimi, şairin başqa dildə
olan şeirləri orijinalda oxuması məsləhətdir.
Böyük poeziya poetik dillərin toqquşmasında, kəsişməsində
- dialoqunda yaranır, tərcümələri oxumaqla yox.
Bir
yandan, sevindirici haldır ki, indi tərcümələrin,
xüsusən romanların sayı artıb və
artmaqdadır. Əcnəbi nəsrin kütləvi tərcüməsi
yad müəlliflərin daha çox oxunmasını və
tanınmasını şərtləndirsə də, yerli
müəlliflərin isə kitab bazarında "ofsayt"da
qalmasına səbəb olub.
- Doğrudur, bu gün ən
çox romanlar tərcümə olunur. Bu gün roman formasının dəbdə
olması bir faktdır.
- Hər ədəbi
janrın və ya formanın da öz dövranı var.
Janrın köhnəlməsi, muzey eksponatına çevrilməsi
var, yaxud əksinə Sonet çələngi kimi, dünyada
artıq roman da ilk forma kimi köhnəlir. Vizual
sənətlərin inkişafı və texnologiyaların
romanın mövqeyini zəiflədir. Kompüter
proqramlarında olduğu kimi, ədəbiyyatda da janr və təhkiyə
formatlarının dəyişməsi labüddür. Xüsusən virtual şəbəkələrin
inkişaf etdiyi, blogerlərin meydan suladığı bir
dönəmdə.
Bu gün Azərbaycanda romanı ayaqda saxlayan amillərdən
biri də dəbdir. Necə ki, balet, opera yazmayan bəstəkara
"natamam bəstəkar" kimi baxırlar, roman yazmayan
yazıçıya elə. Bu streotipdən
qurtulmaq lazımdır. Digər tərəfdən,
bizim bu forma ilə hələ tam həll olunmamış
münasibətimizdir. Oxucu və janr
problemləri təfəkkürlə bağlı məsələlərdir.
- Hansı ədəbi nümunələr
sizin dəyər sisteminizə daxildir? Bunu necə
müəyyənləşdirirsiniz?
- Mahiyyətində
pritça və ya pritçavarilik olan mətnləri sevirəm.
Mifoloji düşüncənin modelləşdiyi
mətnləri həvəslə oxuyuram. Roman
oxumağı sevmirəm. Nəsrə
poeziyanın bir növü kimi baxıram.
Əlbəttə, bəlli estetik-bədii meyarlardan
başqa, mənim mətndə aradığım digər dəyər
- əsəri oxuyandan sonra adamın içi
işıqlanmalıdır. Buddizmdə
"bodxisattva" deyilən bir anlayış var, səhv etmirəmsə,
"saflaşmış, işıqlı" mənasındadır.
Nirvana yolçusunun ən yüksək məsuliyyət
meyarı bütün canlı varlıqları sevmək
ölçüsüdür. Poeziya da, ədəbiyyat
da belədir, oxucuya sevgi, işıq ötürməlidir.
Ədəbiyyatın məsuliyyəti
işıq məsuliyyətidir.
- Bəs şair toplum, xalq
qarşısında məsuliyyət daşımır?
- Hamya məlum
olan bir fikri təkrarlamalıyam və yəqin ki, orijinal
olmayacam: şair yalnız zaman qarşısında məsuliyyət
daşıyır.
- Şairin siyasətlə məşğul
olması yaradıcılığına mane törətmir?
- Fikrimcə,
mane olur. Çili şairi Pablo Nerudanı
götürək. Elə ki, siyasətə
girişdi, poetik ruhu zəiflədi. Siyasətin
poeziya ilə təması arzuolunmaz haldır.
- Sizcə, orta məktəblərdə
bədii yaradıcılıq dərsləri
olmalıdırmı?
- Bu,
söhbətin mövzusudur. Səhv etmirəmsə,
qədim Çində məmur olmaq istəyən səxs nəzmdən
imtahan verirdi, inşa yazırdı. Puşkinə
liseydə musiqi, rəsm dərsləri ilə yanaşı, nəzm
sənətini də öyrətmişdilər. Demək olar ki, bütün hökmdarlarımız nəzm
sənətini də mükəmməl biliblər.
Məktəblərdə rəsm, musiqi dərsləri
keçirilir, amma ədəbi-bədii yaradıcılıq dərsləri
yoxdur. Musiqi məktəbləri var, amma ədəbi-bədii
yaradıcılıq məktəbləri yoxdur. Ədəbiyyat dərsliklərində uşaqlara nəyi
oxumağı və təhlil etməyi öyrədirlər
(indi o da yoxdur!) - əslində bu, elə
də vacib məsələ deyil. Bu ona
oxşayır ki, rəsm dərslərində böyük rəssamlardan
danışarsan, amma karandaş, fırça vermirsən.
- Rüstəm müəllim,
şairin xarakteri, yaşam tərzi və vərdişlər
ilə bədii mətnlərinin keyfiyyəti arasında nə
dərəcədə əlaqə ola bilər?
- Bu,
maraqlı sualdır və birmənalı cavab vermək olmur.
Horatsinin, Soljenitsının imperiya sevdası məni az maraqlandırır. Vaqif axund və
vəzir olub. Marlo casus olub. Xaqanindən donos yazan şairlər olub. Coys Dublinə nifrət edirdi. Tütçev
şeir yazmasından utanırdı. Fet
qaraqabaq təhkimçi idi, xiyar seleksiyası ilə məşğul
olurdu və s. - bütün bunların dolayısı ilə bədii
mətnin keyfiyyətinə dəxli olması məndə
şübhə doğurur...
- Yəqin
razılaşarsınız, ədəbi tənqidin
inkişafında müəyyən problemlər var.
- Bizdə
mükəmməl tənqidçilər var. Ümumiyyətlə,
bizim mədəniyyətdə tənqidi-fəlsəfi
refleksiyanın inkişafını əngəlləyən
amillər yalnız fəlsəfənin inkişaf etməməsi
ilə bağlı deyil. Ədəbi tənqidin
inkişafı şəhər mədəniyyətinin
inkişafı ilə də əlaqədar olsun gərək.
Yalnız şəhər sənətin səciyyəvi
fenomenini - tarixini yaradır. Ədəbi tənqid
yalnız şəhər mədəniyyətinin
inkişafı kontekstində mümkündür. Deyəsən,
bir az qəliz səsləndi...
- Necə
düşünürsünüz, şair son nəfəsinədək
yazmalıdır, yoxsa arada qələmi yerə
qoymalıdır?
- Bu fərdi
seçim məsələsidir. Ömrüboyu
yazmaq, yoxsa susmaq, yaxud başqa məsuliyyət tapmaq
lazımdır? Höte "Verter"dən
sonra (25 yaşında) fasilə verir. Şöhrətin
zirvəsində minerologiya və arxeologiya ilə məşğul
olur və bu sahələrdə də uğur qazanır.
Məsələn, çənə
sümüyün kəşf edir.
Arada bir nəfəsini dərməlisən, sözü
"arata qoymalısan". Aran-yaylaq
köçü kimi, için ritmini dəyişməlisən.
- Ədəbiyyat indi sanki
virtual məkanda daha çox oxunur.
- Bəli,
reallıq belədir. Ədəbi həyat indi
internetdə qaynayır. Ölüm-dirim
davası gedir. Gündə birini kumir
seçirlər. Virtual qruplaşmalar, avtoreklamlar... Bir sözlə, internetdə yoxsan, deməli,
heç yerdə yoxsan.
- Siz tanınmış ədəbiyyatşünas
olsanız da, son illər filoloji esse janrına daha çox
müraciət edirsiniz.
- Mənim
fraqmentar - esseistik düşüncə tərzimə
Nitsşe güclü təsir edib. Akademik
üslubda filoloji məqalələrdən bezib fəlsəfi-poetik
yazılara keçmək cəhdim hardasa onun filologiyaya
münasibətindən qaynaqlanıb. Bildiyiniz
kimi, Nitsşe karyerasını filoloq - antikşünas
professor kimi başlasa da, fəlsəfəni seçmişdi.
Hələ universitet illərində esse ən sevdiyim
janr olub. Esse yaradıcılığıma E.Çoranın,
S.Zontaqın, R.Bartın, E.Uaynbergerin, M.Epşteynin,
V.Şklovskinin təsirini də qeyd etməliyəm.
Esseni sərbəstliyinə, paradoksal, gözlənilməz
ümumiləşdirmə imkanlarına görə bəyənirəm. Mən personaj
və ya saxta dialoqları uydurmağı sevmirəm. Esse sənə improvizələr etməyə,
assosiativ-poetik gəzişmələr etməyə, məhdud
məkanda bir neçə üslubu "əritməyə"
imkan verir. Diqqətçəkməyən
bir detaldan, motivdən nəsə toxuyursan - adama ləzzət
edir. Essenin hardasa sərbəst şeirə
yaxınlığı da var...
- Cavan ədiblərə məsləhətiniz.
- Peşəm müəllimlik olsa da, öyüd-nəsihət
vermək həvəsim yox. Allaha
şükür, indi gənclər kifayət qədər
mütaliəlidir, yaxşını-pisi məndən də
yaxşı bilirlər. Məsələn,
məşhur Meksika yaxıçısı Xuan Pulfo çox
oxumağı məsələhət görürdü. Əlbəttə, mütaliə ədəbiyyatda
yerimizi, imkanlarımızı müəyyənləşdirməyə
imkan verir. Amma çox və parəkəndə
mütaliə də istedadın formalaşmasına əngəl
törədə bilər. Niyə? Əgər yaddaşımız özgə ideyalar ilə
doludursa, öz ideyalarımıza yer qalmır. Mənə elə gəlir ki, hərdən
başqalarının nə yazdığını unudub, bir qədər
kənara çəkilib, nəsə dəyərli bir şey
yarada bilərsən. Ağlıma gələn
ikinci məsləhətim - formanın məzmunu üstələməsinə
imkan verməmək. Şərqdə
(xüsusən divan ədəbiyyatında) forma
kanonlarının "hökmranlığı" süjetlərini
sərbəst işləməsinə mane oldu, məzmun forma qəliblərinin
köləsi oldu - nəticə də ortadadır.
- Rüstəm müəllim, bir
daha doğum gününüzü təbrik edirəm.
- Təşəkkür
edirəm. Tanrının lütfü ilə 60-a
çatdıq...
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.12.