Taypan

 

Hekayə

 

Uilyam Somerset Moem (1874-1965) görkəmli ingilis yazıçısı, dramaturqu, esseçisi, həkimi və hərbi casusu olub. Onun ədəbi məhsuldarlığını göstərən rəqəmlər vaxtilə çoxlarını heyrətləndirib - 78-dən çox kitab və 30-dan çox pyes. Yazarın nisbətən məşhur romanları sırasına "Teatr", "Ay və quruş" və "İnsan iztirablarının yükü" daxildir.

Bununla yanaşı, o, 300-dən çox hekayə də qələmə alıb, bu səbəbdən də adı dünya ədəbiyyatında Edqar Allan Po, Gi de Mopassan, Anton Çexov və O'Henri kimi məşhur hekayə ustalarıyla yanaşı çəkilir.

 

Qeyd: 1. Taypan (Çin dilində) - xarici ticarət firmasının Çindəki baş təmsilçisidir.

           2. Aspid ailəsini təmsil etməklə, dünyanın ən zəhərli ilanının adıdır.

 

Onun necə nüfuzlu bir insan olduğunu məndən yaxşı kim bilər axı?! Bu adam Çindəki nəhəng ingilis şirkətinin aparıcı filiallarından birinin rəhbəri idi. Həm də bu səviyyəyə sırf öz imkanları hesabına yüksəlmişdi: otuz il öncə Çinə ilk dəfə gələndə özü adi ofis məmuru olsa da, indi belələrini xəfif təbəssümlə süzürdü. Kasıbyana ata ocağı düşürdü yadına: Barnsdakı o qırmızı rəngli, kiçik ev eynilə özü kimi xırda evlərlə eyni cərgədə tikilmişdi və daha firavan bir həyata can atanlara hər hansı ümid-filan da aşılamırdı. Həmin evi o, özünün hazırda məskunlaşdığı, şirkətin həm yaşayış, həm də ofis binası kimi fəaliyyət göstərən, daşdan inşa olunan, iri eyvanlı, geniş otaqlara malik dəbdəbəli binası ilə müqayisə edirdi. Bu işi bitirincə isə istər-istəməz dodaqları qaçırdı onun. Doğma evini tərk etdikdən sonra o, uzun bir yol qət eləmişdi. Sent-Poldakı məktəbdə oxuyarkən evə qayıdıb, öz ata-anası və iki bacısıyla necə şam süfrəsi arxasında bir araya gəldiyi günləri o, dəqiq xatırlayırdı: bir tikə soyuq ətlə, xeyli yaxmacla, çaya daha çox süd qatmaqla doyurardılar qarınlarını... Bəs indi necə şam edirdi o? Dəbdəbəsi heç əskik olmurdu, hətta təkbaşına süfrəyə əyləşəndə belə, üç qulluqçu oğlan eyni vaxtda xidmətində dururdu. Öz ağasının bütün tələblərinə yaxından bələd olan baş xidmətçi onun canını xırda və mənasız məqamlardan xilas edirdi. Axşam süfrəsində həmişə şorba, balıq, əsas təam, qızartma, desert və pendir olduğundan ən son anda belə ağanın kimisə öz süfrəsinə dəvət eləməsi hər hansı sıxıntı doğurmurdu. O, ağız dadıyla yeməyi sevirdi, buna görə də qonaqsız süfrəyə oturmağı da özünə əsla dərd eləməzdi.

Öz karyerasında həqiqətən xeyli irəliləmişdi. Buna görə də vətənə qayıtmaq fikrindən uzaq idi. Son on il ərzində İngiltərəyə ayağını heç basmamışdı, məzuniyyətlərini isə ya Yaponiyada, ya da Vankuverdə keçirərdi, çünki oralarda Çində tanış olduğu köhnə dostlarıyla bir araya gələ bilirdi. Vətəndə isə sən deyən dost-tanışı qalmamışdı. Bacıları özlərinə uyğun, yəni məmur işləyən ərlər tapmışdılar, bacıoğluları isə məmurluqdan o yana adlaya bilməmişdilər və onlarla özü arasında ortaq heç bir cəhət qalmamışdı deyə, bu əzizləri, düzü, onun könlünü açmırdılar. Qardaşlıq borcunu yerinə yetirmək adıyla o, hər Milad bayramında sovqat olaraq bacılarına bir paltarlıq ipək parça, əl işi tikmə və ya bir qutu çay göndərərdi. Anasına isə yaşadığı müddətcə vəsait ayıracağına dair müəyyən öhdəlik götürmüşdü, buna görə də onu xəsis oğul saymaq da olmazdı. Ancaq İngiltərəyə dönəndən sonra pensiyaya çıxmaq fikrini heç yaxınına buraxmırdı: tanışları arasında belə edən və buna görə it kimi peşmanlayanlar hədsiz çox idi. O, Şanxay yaxınlığındakı hippodrom tərəflərdə məskunlaşacaqdı, çünki ömrünün qalan illərini rahat yaşamaq arzusunda idi deyə, vaxtını bricə və qolf oyunlarına, bir də şəxsi ponisinə həsr edəcəkdi. Ancaq pensiya yaşına hələ var idi, xeyli müddət gözləməli olacaqdı. Beş-altı ildən sonra Higgins vətənə qayıdınca, Şanxaydakı əsas ofisə özü rəhbərlik edəcəkdi. Hələlik isə elə burada da şad-xürrəm ömür sürürdü - həm gözəl vaxt keçirir, həm də pula qənaət eləyə bilirdi, Şanxayda isə belə fürsət hələm-hələm əlinə düşməyəsiydi, çünki burada əmr sahibi sadəcə özü idi. Verdiyi hər hökm qanun idi. Buradakı konsul da onun sözünü dinləyirdi. Hətta bir dəfə onunla sözləri çəpləşdiyi vaxt bundan zərər çəkən tərəf də, əlbəttə ki, konsul olmuşdu.

Taypan qədim döyüşçülər kimi çənəsini önə verdi. Az sonra isə gülümsədi, çünki onun kefinə bu ara heçcə nə soğan doğraya bilməzdi. İndi Honkonq-Şanxay bankının təşkil etdiyi ziyafətdən çıxıb, ofisinə tərəf gedirdi. O bankın ziyafətləri həmişə yüksək səviyyədə keçirdi. Həm yeməklər misilsiz olurdu, həm də içkilər. İçməyə o, bir cüt kokteyllə başlayar, daha sonra isə soterni, iki qədəh portveyni və yüksək keyfiyyətli, çoxillik brendini dadardı. Bütün bu sadalanan içkilər ona görünməmiş həzz bəxş eləyərdi. Bunun ardınca isə o, çoxdan bəri tərgitdiyi şeyi edər və piyada gəzintiyə çıxardı. Palankinli hamballar iki-üç addım məsafə saxlamaqla onun ardınca düşərdilər: nə bilmək olar, bir də gördün, ağanın könlünə təkrar palankinə əyləşmək düşdü. Ancaq ağa ayaqlarını çalışdırmaq fikrindən əsla dönməzdi. Son vaxtlar o, öz oturaq həyat tərzindən lap bezmişdi. Bədəni ağırlaşmışdı deyə, at çapmağa da həvəs duymurdu. Ancaq at minə bilməməyi o mənaya gəlməzdi ki, o, özü üçün poni də saxlaya bilməz...

Bal ətri çökən havanı ciyərlərinə çəkərək, indi o, yazda keçiriləcək cıdır yarışları barədə düşünürdü. İndi bir cüt heç minilməmiş ponisi vardı və bütün ümidi də onlara idi, ofisdə isə əla jokey sayılan cavan bir oğlan işə düzəlmişdi: indi gərək gözdə-qulaqda olaydı, çünki Şanxaydakı müdiri qoca Higgins o cavanı ələ almaq üçün hətta bir torba qızılından da keçməyə hazır görünürdü. Əgər o cavanı öz yanında tuta bilsəydi, iki-üç yarışda mütləq qələbə qazanacaqdı. Şəhərin ən yaxşı atlarına sahib olmaq hissi adamın içini qürur hissilə doldurur axı! İndi o da bu hiss ilə, sinəsini gərə-gərə küçələrdə yeriyirdi. Hava da əcəb gözəl idi! Adam belə bir dünyada yaşadığına şükür eləməliydi yəqin.

Məzarlığa çatanda o, ayaq saxladı. Öz səliqə-sahmanı və ciddiyyəti ilə bu məzarlıq yerli ingilis icmasının nə qədər firavan yaşadığını özündə aşkar şəkildə ifadə edirdi. Bu yer onun qəlbini həmişə dərin qürur hissilə doldururdu - belədə ingilis millətindən olmasıyla fəxr edirdi o. Şəhər kənarındakı bu ərazi vaxtilə ucuz qiymətə alınsa da, şəhər iqtisadi cəhətdən inkişaf edib böyüdükcə, onun qiyməti də günbəgün artmışdı. Hətta bəzi işbazlar məzarları başqa yerə köçürməklə, buranı inşaat ərazisi kimi satmağı təklif eləsələr də, ingilis icması buna əsla razılıq verməmişdi. Dünyadan köçən həmyerlilərinin bu adadakı ən bahalı ərazidə rahat uyuduqlarını düşünməkdən taypan əsl həzz alırdı. Deməli, dünyadakı hər şeyi pulla alıb-satmaq olmazmış. Hə, o lənətə gəlmiş pullarla! Taypanın sevimli deyimiylə, insanoğlu "qalıcı və vazkeçilməz" dəyərlər barədə düşünəndə, pulun-paranın ən vacib şey olmadığını, əlbəttə ki, anlayır.

O, öz gəzintisinə davam etməyə, məzarlığın içindən keçib-getməyə qərarlıydı. Baxımlı məzarlar hər iki cinah boyu cərgəylə düzülmüşdü, onların aralarıyla uzanan cığırların isə alağı da təmizlənmişdi. Hər şeydə bir firavanlıq sezilirdi. Əzəmətlə addımladıqca, o, başdaşlarının üzərindəki yazıları oxuyurdu. Bax, bu yanaşı duran üç məzarda 1908-ci ildə tayfunun çevirdiyi "Meri Bakster" adlı barkanın (yüklərin çaylarla nəqlinə yarayan bir gəmi növü - A.Y.) kapitanı, onun birinci və ikinci köməkçiləri dəfn olunubdur. Taypan o tayfunu yaxşı xatırlayırdı. Sonrakı məzarlarda isə iki missioner ailəsindən olan xanımlar öz uşaqları ilə birgə uyuyurdular: onları "Boksyor qiyamı" (digər adıyla "Yihetuan qiyamı" - xarici ölkələrin Çinin iqtisadiyyatına, daxili siyasətinə və dini həyatına hər cür müdaxiləsinə qarşı 1898 -1901-ci illərdə meydana çıxan milli hərəkatdır. Başlıca hədəfi - bütün xarici vətəndaşların ölkədən qovulub, çıxarılması imiş - A.Y.) əsnasında ucdantutma doğramaqla qətlə yetirmişdilər. Dəhşətli faciə idi bu! Hətta o, missionerlərə sən deyən rəğbət bəsləməsə belə, yenə də onları bu çinli donuzların doğramasına əsla göz yuma bilməzdi. Hə, bu xaç formalı başdaşındakı ad da ona yaxşı tanış idi. Zavallı Edvard Myulok - canlara dəyən adam olsa da, içməyi heç bacarmırdı, odur ki, axırda əyyaş olub, getdi. İyirmi beş yaşında canını tapşırdı. Bəyəm bircə o idi ki, əyyaş?! Taypan onlarla beləsini tanıyırdı. Budur ey, səliqəli xaçlar uzanıb gedir, hər birinin üzərində adları yazılan kişilər isə cəmi-cümlətanı ya iyirmi altı, ya da iyirmi yeddi il yaşayıblar... Hamısının da taleyi oxşar idi: Çinə gələn cavan ingilis indiyədək görmədiyi pullar qazanan kimi əyyaşlar ordusuna qoşulur, sonra isə özünə hər hansı hədd qoya bilmir.

Beləcə, içki məclisləri onları birbaşa məzarlığa ötürür. Çinin bu sahillərindəki keşməkeşlərə davam gətirməkdən ötrü insanoğlu gərək möhkəm sağlamlığa sahib ola, başını da itirməyə, əlbəttə, heyif o cavanlardan, ancaq taypan içki yarışlarında məzara sürüklənən o qədər tay-tuşunu yada saldıqca, hələlik duruş gətirdiyinə görə məmnun halda gülümsəməyindən də qalmırdı. Belə ölümlərdən biri onun yamanca karına gəlmişdi: son dərəcə bacarıqlı bir cavan onunla eyni firmada, amma daha yüksək vəzifədə çalışırdı. Əgər indiyədək yaşasaydı, onlardan hansının taypan olacağını bilmək əsl müşkülə dönərdi. Həqiqətən də, Allahın hikmətindən baş çıxarmaq olmur da... Hə, bu da missis Törnerin, o şux dilbər sayılan Vayolet Törnerin məzarıdır. Taypan vaxtilə bu qızla sevişirdi və günlərin bir günü onu itirəndə çəkilməz iztirablara qatlaşmışdı. İndi lal baxışları başdaşındakı rəqəmlərə zillənmişdi. Hə, indiyə qədər yaşasaydı, mərhumə yetkin yaşlarda bir xanım olacaqdı. Məzarda yatanlar barədə qapıldığı bu fikirlər onun içini yavaş-yavaş qürur hissilə doldururdu. Bu yatanların hamısını geridə qoymuşdu Taypan. Onlar ölüb-getmişdilər, o isə hələ də yaşayırdı: deməli, lənət şeytana, qalib tərəf o idi.

Məzar cərgələrinə təkrar göz gəzdirib, laqeydliklə hırıldadı və özünə təsəlli verərmiş kimi burnunun altında mızıldandı:

- Hər şeyə rəğmən, mən heç vaxt özümü axmaqlığa qoymamışam.

Dünyanı erkən tərk edən bu həriflərə xəfif bir nifrət hissilə dolmuşdu içi. Yoluna davam elədi. Qəflətən irəlidə qəbir qazan bir cüt kuli gördü. Niyə qazırdılar torpağı? Aid olduğu icmada bu günlərdə o, kiminsə ölüm xəbərini almamışdı axı.

Çaşqınlığa qapıldığı üçün o, içində doğan sualı ucadan səsləndirdi:

- Kimin üçün qazırlar bunu?

Kulilər isə ətraflarına baxmadan işləyir, dərin çuxurdan bel ilə qazıb-çıxardıqları gilli torpağı bir kənara atırdılar. Ömrünün tən yarısını Çində yaşasa da, bu ölkənin dilində bircə kəlmə də bilmirdi o - yola saldığı illər boyu bu vəhşi xalqın dilini öyrənməyə vaxt sərf eləmək əbəs bir iş sayılırdı - buna görə də taypan məzarı kimin üçün qazdıqlarına dair kulilərə ingiliscə sual verməli oldu. Onlar deyiləni anlamadılar. Çin dilində nələrsə hüdülədilər, taypan da onları kütbaş adlandırmaqla, yamanladı. Missis Brumun körpəsi bir az xəstələnmişdi, bəlkə o, rəhmətə gedib?.. Belə olsaydı, yenə də taypanın məsələdən xəbəri olardı, həm də ölçülərinə baxılarsa, bu qazılan uşaq məzarı sayılmazdı: bu kişi, həm də ucaboylu bir kişi üçün məzar idi. Canına bir vicvicə düşdü və yolunu məzarlığın içindən saldığına yamanca peşmanladı.

Burada daha bircə an da ləngiməsin deyə, əlüstü palankinə əyləşdi. Sanki az əvvəl ürəyi qanadlanan adam heç bu deyildi - taypanın alnında dərin bir qırış yaranmışdı.

Ofisə yetişən kimi tez özünün birinci köməkçisini çağırıb soruşdu:

- Piters, bilmirsiniz, bizimkilərdən kimsə ölüb ki?

Piters də heç nə bilmirdi. Şübhələrin əlindən rahatlıq tapmayan taypan ofisin çinli əməkdaşlarından birini məzarlığa göndərdi ki, məzarqazanlardan bir xəbər öyrənib, gəlsin. Özü isə göndəriləcək məktubları imzalamağa başladı. Geri dönən çinli əməkdaş ona bildirdi ki, məzarçılar artıq çıxıb getdikləri üçün heç nə öyrənə bilməyib. Taypanın içini anlaşılmaz bir qıcıq hissi bürüdü: haradasa və nəyinsə səndən xəbərsiz baş verməsini öyrənə bilməmək adamı məhz bu cür cırnada bilir. Yanında işləyən boy (xidmətçi oğlan - A.Y.) bu barədə mütləq nə isə biləsiydi, çünki qaz kimi ayıq biri idi. Onun ardınca adam saldı, ancaq tezliklə məlum oldu ki, yaxın günlərdə kiminsə öldüyündən o da bixəbərmiş.

Taypan öz-özünə dedi:

- Bir kimsənin ölmədiyini elə mən də bilirəm. Bəs onda o məzar kimin üçün qazılırdı elə?

Boya tapşırdı ki, durmayıb, məzarlığa getsin, oranın nəzarətçisindən öyrənsin ki, əgər heç kim ölməyibsə, niyə təzə məzarın qazılmasına icazə verib?!

- Ancaq getməzdən əvvəl mənə sodalı viski gətir görüm!

Məzarın qazılmasının özünü niyə bunca narahat etdiyini də anlamaqda aciz idi. Hər cür qara-qura fikri başından atmağa, uzaqlaşdırmağa çalışırdı. Viskisini içəndən sonra ürəyi rahatladı və işə kökləndi. İşini tamamlayandan sonra üst mərtəbəyə qalxıb, "Panç" jurnalını ("Punch" - 1841-ci ildə Britaniyada təsis olunan illüstrasiyalı və yumoristik məzmunlu həftəlik jurnal - A.Y.) vərəqlədi.

Bir neçə dəqiqədən sonra, yəni nahara qədərki müddətdə, kluba gedib, bir-iki partiya bric oynamaq fikrində idi. Ancaq heç yerə getmədi, oturub, boyun gəlişini gözlədi ki, bəlkə onun gətirəcəyi xəbər içindəki şübhələrə sərin su səpə. Az sonra boy qayıtdı, amma tək deyildi, məzarlıq nəzarətçisini də yanına salıb gətirmişdi.

Taypan oturduğu yerdən ondan soruşdu:

- Niyə məzar qazılırmış orada? Heç kim ölməyib axı.

Başını bulayan nəzarətçi dedi:

- Hes kim məzal qazmıl olda.

- Bu nə deməkdir? Axı iki kulinin bu gün təzə məzar qazdığını mən öz gözlərimlə gördüm.

Çinlilər bir-birinə baxdılar. Sonra boy cavab verdi ki, ofisə gəlməzdən əvvəl onlar birlikdə məzarlığı gəzib-dolaşıblar. Orada təzə məzar qazılmayıbmış.

Az qalırdı ki, taypanın dilindən: "Lənət şeytana, axı bunu mən öz gözlərimlə görmüşəm!" - sözləri çıxsın, ancaq o, özünün bu yersiz etirafının qarşısını güclə aldı və nəticədə üzü tamam pörtdü. Qarşısındakı çinlilər isə gözlərini qırpmadan ona baxırdılar.

 - Anlaşıldı. Hər ikiniz gedin! - deyə taypan təngnəfəs halda əmr elədi.

Onlar qapını o biri üzdən bağlayan kimi taypan əlüstü öz soyuqqanlı və təmkinli boyunu arxadan səslədi və yenə viski gətirməsini tapşırdı. Cib dəsmalıyla üzünün tərini quruladı. Stəkanı dodaqlarına aparanda əli titrəyirdi. Kim nə deyir desin: o, qazılan məzarı görmüşdü. Həm də öz gözləriylə görmüşdü. Çuxurdan qazılıb-çıxarılan nəmli gil topalarının şappıltısı hələ də qulaqlarında əks-səda verirdi onun. Necə ola bilərdi bu? Ürəyinin döyüntüləri də artmışdı. Halı özündə olmasa da, taypan iradəsini toplayaraq, onu əzən təşvişdən qurtuldu. Boş şeydir bu! Əgər orada qazılı məzar yoxdursa, deməli, o, hallüsinasiya görübmüş. Odur ki, indi durub, kluba yollanmağı məsləhətdir, işdir, əgər orada həkimlə rastlaşsa, özünü müayinə etməsini ondan xahiş də eləyə bilər.

Klubda hər şey əvvəlki kimi idi - yenə eyni adamlar cəm olmuşdu ora. Bir də axı, orada nə dəyişməliydi ki?! Hər necə olsa, tanış simaları görüncə, taypanın qəlbi fərəhlə doldu. Bir-birinin gözləri önündə günbəgün, dəqiqəbədəqiqə təkrarlanan bu həyat tərzi əksər insanda qəribə vərdişlər, özəlliklər formalaşdırır: məsələn, kimsə bric oynayarkən daim burnunun altında nələrsə mızıldanır, digəri isə pivəni çöplə içməyi bir adət halına gətirir. Əvvəllər taypanı cırnadan bu qəribə vərdişlər indi ona dərin etimad hissi aşılayırdı. Bu hisslər olmasaydı, halı lap fənalaşardı, çünki məzarlıqda gördüyü o mənzərə hələ də gözlərinin önündən çəkilib-getmək bilmirdi. Həmin gün oyunda da əli heç gətirmədi, oyun yoldaşı onu cırnatdığı üçün taypan tamamilə özündən çıxdı. Başqalarının özünə dikilən heyrət dolu baxışlarını hiss etdiyi üçün düşünürdü ki, belə getsə, ətrafdakıların gözündən düşə də bilər.

Qəflətən fərqinə vardı ki, bu andan etibarən klubda bircə an da ləngiyə bilməz. Məkanın qapısına doğru üz tutarkən, baxışları qiraət zalında oturub, "Tayms" qəzetini oxuyan həkimə sataşdı: ancaq özünü ona tərəf getməyə, məlum rahatsızlığı barədə danışmağa da məcbur eləyə bilmədi. İndi nəyin bahasına olur-olsun, boş məzarın mövcudluğundan şəxsən özü əmin olmaq arzusundaydı.

Bu niyyətlə də bir palankinə əyləşib, hamballara onu məzarlığa aparmağı buyurdu. Hər halda eyni hallüsinasiya iki kərə təkrarlana bilməzdi. Həm də oraya çatınca, məzarlıq nəzarətçisini də yanında götürəcəkdi - əgər məzar yox idisə, o da buna şahid olacaqdı, yox, əgər var idisə... Onda taypan həmin sarsağı yaxşıca basıb-döyəcəkdi!

Ancaq nəzarətçini iş başında tapa bilmədi: adam çıxıb getmiş, açarları da özüylə aparmışdı. Belə görünürdü ki, bu gün artıq məzarlığa girə bilməyəcəkdi. Məhz o ara fərqinə vardı ki, olan-qalan taqəti də bədənini tərk eləyir. Palankinin oturacağına çökdü və hamballara tapşırdı ki, tez onu evə çatdırsınlar. Axşam yeməyindən öncə bir yarım saat mürgüləməyə fürsət tapardı. Hədsiz yorulmuşdu. Bəlkə çarə də elə dincəlməkdə idi. Hallüsinasiyalar adətən gərginlikdən, ya da yorğunluqdan meydana çıxır axı.

Şam süfrəsinə hazırlaşmaqdan ötrü boyun gətirdiyi kostyumu geyinmək üçün yataqda dikələrkən bütün iradəsini toplamağa məcbur oldu. Geyinib-kecinməyə zərrəcə həvəsi yox idi, ancaq canını dişinə tutdu: son iyirmi il ərzində hər şam yeməyi süfrəsi arxasında parad kostyumunda əyləşməyi o, özü üçün dəyişməz adət şəklinə gətirmişdi və qoyduğu bu adətə özünün xilaf çıxması əsla yaxşı düşməzdi. Süfrəyə şampan şərabı verilməsini buyurdu və içəndən sonra nisbətən gümrahlaşdı.

Sonra boyu brendi ardınca göndərdi. İki stəkan bu içkidən gillədən kimi taypanın ruhu cisminə qayıtdı. Cəhənnəm olsun ey o gördüyü hallüsinasiyalar! Bilyard salonuna keçdi, orada iki qəliz kombinasiyalı kürəciyi birbaşa tora yönəltdi. Gözləri əvvəlki kimi tükü tükdən seçirdi, deməli, səhhəti qaydada idi. İçinə rahatlıq çökdüyü üçün gedib, yatağına uzandı və o dəqiqə dərin yuxuya getdi.

Bir ara qəflətən gözlərini açdı. Yuxusunda o açıq məzarı və bellə işləyən kuliləri görmüşdü yenə. Bəli, onları gerçəkdə gördüyünə hər hansı şübhə yeri ola bilməzdi. Əgər onları öz gözləriylə görmüşdüsə, hansı hallüsinasiyadan söhbət gedə bilərdi axı?! Gecə qarovulçusunun dəyənəyindən qopan kəskin səs gecənin sükutunu yardı və taypan diksinərək, yatağında dik atıldı. Onu dəhşət hissi bürümüşdü. Gözləri qarşısında şəhər küçələrinin ilanvarı dolanbacları, paqodaların adama qorxu və keyləşmə hissi aşılayan əyimli damları, onların ardından boylanaraq, dişlərini ağardan və üz-gözlərini əyən qorxunc iblislər canlandı. Burnuna dəyən, onu qıcıqlandıran bütün bu kəskin qoxulardan çiyrindiyini anladı. O çiyrinmə yerli sakinlərə - eyni cür göy əlbəsələrə bürünən kulilərə, kirli əyin-başlı dilənçilərə, yeyib-yatmış tacirlərə və əyninə qara cübbə geyinən, ağlında isə hansı niyyətlərin yuva saldığı bilinməyən hakimlərə də aid idi. Ətrafını bürüyən bu insanlardan ibarət kütlə onu sıxır, sanki ona meydan oxuyurdu. O, bu ölkəyə nifrət edirdi! Çinə... Axı nə üçün o buralara gəlmişdi?! Panika hissi onu bürüdü. Buradan, həm də bir an əvvəl qaçmaq lazım idi! Daha burada nəinki bir il, heç bir ay da qala bilməzdi o. Şanxayda-filanda da işləmək istəmirdi.

Səsini başına atdı:

- İlahi! Kaş indi orada, öz sakit və qədim İngiltərəmdə olaydım mən.

Vətən onu özünə çəkirdi. Əgər öləcəkdisə, barı öz vətənində öləydi. Bu sarıdərili, qıyıq gözləri təbəssümdən lap daralan çinlilərlə eyni torpaqda uyuyacağını düşünmək ona çəkilməz dərd kimi görünürdü. Qoy onu bu gün gördüyü o hazır məzarda yox, doğma vətənindəki qara torpağa tapşırsınlar. Bu torpaqlarda isə o, heç vaxt uyumaq istəməzdi. Heç vaxt! Qoy insanlar onun barəsində nə düşünürlər düşünsünlər - onun üçün nə fərq edəcəkdi ki?! Əsas odur ki, iş-işdən keçmədən, bacardıqca tez buralardan getsin.

Yatağından qalxaraq, firmanın rəhbərinə ünvanladığı məktubda yazdı ki, çox təhlükəli bir xəstəliyə yoluxubdur. Odur ki, yerinə başqa birini tapsınlar. O, daha dözəcək halda deyil. Təcili vətənə dönməlidir.

...Həmin məktubu ertəsi səhər taypanın düyünlənən yumruğundan güclə çəkib aldılar. Taypan yazı masası ilə kreslo arasında, döşəmənin üstə düşüb qalmışdı. Çoxdan keçindiyi üçün artıq bədəni tamam qacımışdı.

 

Tərcümə: Azad YAŞAR

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.14-15.