"Bax gör şeir nəfəs
alır, yoxsa ölüb?"
Əziz estetika sevənlər, bir-birinizdən möhkəm yapışın, azsınız...
Yazıya
qoyduğum başlıq adi başlıq deyil,
insanlarımızın son 20 ildə şeirə baxış
bucağıdır. Bəli. Kimsə ölər,
biri digərinə üç-beş metr kənardan deyər ha,
"bax gör ölüb?" və o digəri də yerdə lal-sükut uzanan adama yaxınlaşmağa
qorxar ha, bax onun kimi. Yurdumun insanlarından kimsə nə zamansa cəsarətlənib, yerdə
uzanan şeirə yaxınlaşıb və
öldüyü qənaətinə
gəlib. Bu fikir birinci dəfə
kimin ağzından çıxıb, bilmirəm,
amma nədirsə, günümüzün virusundan,
pandemiyasından daha yoluxucudur. Hətta deyərdim ki,
şeir ölməyib,
diri-diri basdırıblar.
Pandemiya, virus dedim, yəni bu diaqnozu bizimkilər
icad etməyiblər.
Bəli, aşağı-yuxarı razıyam,
nəşriyyatlar, kitab
maqazinləri şeir kitablarına "xortlamış"
kimi yanaşırlar. Təcrübəmdə olmasaydı, bunu yazmazdım.
Kitab təqdimatımı
keçirəndən sonra
kitab maqazinlərindən
biri ilə danışmağa getdim ki, kitablarımı satışa qoyum.
- Şeir kitabıdır?
- Bəli.
- Açığı, bizdə
romanlara ehtiyac daha çoxdur. Xüsusən də detektiv.
Amma beş-üçünü verərsiz,
qoyarıq satışa.
Qazancın 60 faizi sizin,
40 faizi bizim.
- Hmm... Anladım.
Çalışaram gələn dəfə
detektiv şeirlər kitabımla gəlim.
Təşəkkür edirəm.
Olmuş hadisədir, siz mənə inanın.
Amma...
"Ağlın şeiri
elmdir, qəlbin elmi isə şeir".
Qorkinin özünü,
daha doğrusu, sənəti müdafiə
edərkən Leninə
dediyi bu fikirdən yola çıxsaq, demək ki, qəlbimiz elmsiz qalıb, cahilləşib. "Şeir
ölüb" deyənlər
də bu fikirlə razılaşıb
bunu etiraf etmiş olurlar.
Modern insanın "fəst
fud"larla yaşaması,
onun bütün həyatını bu qəlibin içinə salıb. "Fəst sevgi",
"Fəst iman",
"Fəst kədər",
"Fəst qürur",
"Fəst vicdan".
Hər şey ayaqüstü, tezbazar, gündəlikləşdiyinə
görə estetikasını
itirib. Məsələn,
dönərin, kotlet-çörəyin
nə estetikası ola bilər
ki?!
Cəmiyyət estetikliyini itirdiyinə görə şeir "ölü" tövrünə
məruz qalır. Çünki indi gündəmə çevrilən şeirlər,
daha dəqiq desək, "kütlə
şeiri" estetik deyil. Silikonludur, botoksludur, dodağı
dolğuludur, burnu hamınınkına oxşayır.
Kütlə formasızdır, ötəridir,
sürüşkəndir. Kütləvi olan nə varsa,
düzəldiləndir, istehlak
olunandır. Estetik olan
nə varsa, yaradılan və paylaşılandır. Ən əsası
isə, estetika fərdi dəyərlərlə
iç-içə olandır.
Bu mənada kütlənin
və kütləvi olan şeylərin bəşəri ideyalarla üzləşmək, hesablaşmaq
kimi bir narahatlığı yoxdur.
Ona görə də "kütlə şeirləri"
daha tez ayaq açır, daha tez parlayır,
daha tez sönür və əsl şeiri "ölü" vəziyyətinə
salır. "Fəst"ləşən
modern insanın estetikası
olmadığı üçün
estetika adına
nə varsa, ona "ölü" kimi yanaşır.
Kütləviləşən şeirlərə baxsanız,
görərsiniz ki, o şeirlər başqalarının
həqiqətlərindən yapışmaqdan doğulan
şeirlərdir. İnsanı şair edən
isə onu orijinallaşdıran öz
səhvləridir. Bəli, modern şeir ona görə
də bu xalqın canına hopmur. Modern şeirin
oxucusu iki-üç
min olar, ya olmaz.
Bir haşiyə
çıxım, mən
modern şeir deyəndə
intellektual şeiri nəzərdə tutmuram. Müqəddəs
kitabları talamaq, yunan mifologiyasından şeirlər çıxarmaq
intellektual görünmək
üçün bəs
etməsə də, hələ də buna sadiq qalanlar,
poeziyamızda ancaq bu yolla ümumbəşəriliyə
çata biləcəyini
düşünənlər var. Bir yığın informasiyaya bənzəyən
mexaniki, ruhsuz şeirlər (mətnlər)
hətta müəllifin
özünün bir yarpağını belə
tərpədə bilmirsə,
oxucunun hansı budağını silkələyə
bilər ki?!
Modernləşən, amma mahiyyətcə köhnə olan insana vətənpərvərliyi
"şəhidlər ölməz,
Vətən bölünməz"
misraları ilə çatdırmaq daha asandır, nəinki "vurulsan, həmişə irəli yıxıl, xilas et torpağı öz boyun qədər!"
misraları ilə.
Bax, keç, bax, keç...
Tezbazar.
Sosial şəbəkələrdə
ölüm haqqında
statusa kədərlənib
ardınca doğum günü olana təbrik yazdığımız
kimi.
Şeir yemək, paltar geyinmək, yatmaq kimi gündəlik vərdişə çevrilməsə,
olmayacaq. Çünki gündəlik olan
nə varsa, qalıcıdır. Kütləvi olan şeylər isə əksərən qalıcı olmur, bir dəfə istifadə edib tullayırsan kənara.
Bir ümid yeri:
Vizuallaşan dünyada yazı olan nə varsa,
ölümə məhkumdur. Amma ölülər
bir gün mütləq diriləcək.
Bu həqiqəti həqiqətən dərk
edənlərin sayı
artanda, şeir də yenidən diriləcək. Hələliksə,
əziz estetika sevənlər, bir-birinizdən
möhkəm yapışın,
azsınız...
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2022.- 16
iyul.- S.19.