Görüş

 

Yaz gəldi

köhnə sevgililər

quşla budaq

çiçəklə arı

görüşdü bağda

ayrılığın hesabını sormadan bir-birinə...

 

Şəfəq qürub

 

Günəş ya doğurdu,

ya batırdı dənizin üzərində

divardakı rəsmdə

vaxt ki, əhvalı şəndi

doğurdu günəş qıpqırmızı üfüqdə.

Qəmə batdısa

batırdı günəş

axşam düşürdü

evində.

 

***

 

Borclarımın siyahısını yazdığım dəftərin

səhifələrində

şeirlərimin qaralamaları...

Şeir yazmaq da borcumdur mənim.

 

***

 

"Allah xatirinə verirsən", - deyə

minnət qoyur

ovcuna pul basdığım dilənçi

qırılan qürurunu

xilas eləməyə çalışır beləcə...

Rüşvət vermiş,

nəyisə satın almış kimi hiss edirəm

sözlərinin qarşılığında

əl tuturmuş kimi yox...

 

***

 

Çobanaldadan yağış

qızı da aldatdı

qaçıb mindi avtobusa

bir az da tez ayrıldı sevgilisindən.

 

Dalınca baxdıq dayanacaqda

cavan oğlanla mən

qız getdi

darıxdırıcı oldu dayanacaq.

Oğlanın darıxmağı mənə keçdi

indi

mən durduğum yerdən baxanda

gənclik gözəldi!

 

Kiçiklik

 

Nəhəng qədim

çinar ağacıyla durmuşam yanaşı

çox balacayam, xırdayam yanında.

Onun əlçatmazlığı

mənim kiçikliyim incitmir əsla.

Əksinə, sevgi duyuram

sırmaşıram ağaca

necə ki, anasının ətəyinin dibində

arxayın dayanır bir uşaq.

Necə ki, anasının qıçlarına sarılır

boylanır altdan yuxarı sonsuz bir sevgiylə...                                        

 

Azər Nəsiboğlu

 

Mart ayıdır,

soyuqdur

söykənmişəm heykəlinin daşına

İncəsənət Gimnaziyasının önündə

gözləyirəm.

Yorğun səbirsizəm...

qorunuram həm soyuq,

            həm şıltaq küləkdən

qəfil içimi isidir kövrək bir duyğu

 

canlı divar olmuşdun

milyonların qabağında illər öncə

beləcə,

Azər Nəsiboğlu!

 

O Gülbahar

 

Dəbdir

klassiklərin şəkillərini vururlar

                        dəftərlərin üzünə

ya diqqət çəkməyə,

ya ehtiram xətrinə.

 

Cavid Əfəndinin şəkli olan dəftəri

bilmir əlindən hara qoysun

gənc tələbə qız.

Ən pak yeri axtarır nəzərləriylə

Masasında.

 

Şəkli qorumaq üçün

şəffaf üz çəkir dəftərə.

Mürəkkəb ləkəli,

            mürəkkəb qoxulu gül əlləriylə

sığal çəkir şəklin üzünə sonra

salavat çəkən kimi öz üzünə

təzə ayın qənşərində.

 

Ürəyində pıçıldayır tez-tez:

"Cavid Əfəndinin ruhu köməyim olsun!".

Sonra... sonra

hər dəfə daha ürəklə girişir

yazıb-oxumaq işlərinə

o Gülbahar.

 

Sevinc ELSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.21.