Marcori Perlof: "İnsanlar müasir
poeziya
haqqında mühakimə yürütməkdən
qorxurlar"
Dövrümüzün aparıcı poeziya tənqidçilərindən biri olan Marcori Perlofun (Marjorie Perloff) 2007-ci ilin aprelində Texas A&M Universitetində "Amerika poeziyası" mövzusunda keçirilən konfransda dilçi Enrike Mallenə verdiyi müsahibəni təqdim edirik. Müsahibədə M.Perlof
dilçi Mallenlə şeirin dilin proseslərinə təsirindən,
poeziyada sözlərin əhəmiyyəti və mənasından,
kontekstdən və qrammatik ziddiyyətlərdən nümunələr
vasitəsilə bəhs edir.
- Sizcə, müasir
"eksperimental" poeziya nədir?
- Əvvəla,
qeyd etmək istərdim ki, "eksperimental" sözünə
heç bir əhəmiyyət vermirəm, çünki bu,
sözügedən şeirin sadəcə bir eksperiment
olduğunu və buna görə də uğursuz ola biləcəyini nəzərdə tutur. Təsəvvür edin, Bodleri (fransız şair
Şarl Pyer Bodler - tərc.) "eksperimental"
şair adlandırırlar, ya da Rembonu (fransız şair Artur
Rembo - tərc.)... Mən daha çox "radikal",
"müxalif" və ya bizə daha çox tanış olan "avanqard" deyimlərinə
üstünlük verirəm.
- Müasir poeziya
Vitgenşteynçi (avstriyalı filosof Lüdviq Vitgenşteyn
- tərc.) "qrammatikaya
inamsızlıq" və "sualını mətnçiliyə
çevirən poetika" vasitəsilə mədəni dil təcrübələrini
tənqid edən "eksperimental strukturalist poeziya"
olmalıdır, demisiniz. Bu barədə ətraflı
məlumat verə bilərsinizmi?
- Bəli.
Hesab edirəm ki, indiki çap
dünyasının birbaşa ardıcıl cümlələri
ilə şeir yazmaq bu gün mümkün deyil.
Ətrafımızda o qədər çox dil var ki, bunlar bizi
az qala bombardmana tutur. Ona
görə də poeziyanın vəzifəsinin hakim dil
praktikalarını məhv etmək olduğunu, onu
sorğu-sual etməli və ona mədəni tənqid gətirməli
olduğunu düşünürəm. Digər
tərəfdən, məncə, ayrı qalmağın və
ya sintaksisi tərk etməyin təkbaşına mənası
yoxdur. Böyük tənqidçi Hyu Kenner istehza ilə
qeyd edirdi ki, hər şey kimi, avanqard da yorucu ola
bilər. Bunu xatırlamaq həmişə
faydalıdır. Bu gün, dildəki
bağlayıcıları çıxarıb söz
sırasını pozanda maraqlı şeir yarana biləcəyinə
inanan adamlar var. Bunun əksinə, Vitgenşteynin (avstriyalı
filosof Lüdviq Vitgenşteyn - tərc.) mənə dəqiq
öyrətdiyi bir şey varsa, o da sadə görünən
bir cümlənin kontekstdən asılı olaraq olduqca
maraqlı ola bilcəyidir. Nümunə
aldığım insanlardan biri Samuel Bekketdir və o,
"Vatt" romanında "Cənab Knot qolunu yerə
atdı", kimi sadə cümlələrdən istifadə
edir. Qolunu yerə atmaq nə deməkdir? Bu barədə necə danışmaq olar?
- Elə isə xüsusi bir ifadəyə
diqqət yetirməliyik?
- Bu, əsasən
kontekst məsələsidir. Məncə,
kontekst həyati əhəmiyyət daşıyır. Bir şeyi kontekstə necə qoya bilərik? Bir ifadə bu və ya digər kontekstdə nə mənaya
gəlir? Bir kontekstdə tamamilə ağlabatan ola bilər, digər kontekstdə isə yox. Vitgenşteynin ağrı haqqında fikirləri buna
gözəl nümunədir. "Ağrım
var" deyəndə nəyi nəzərdə tutduğunu
harda bilirsən? Mən səni aldada bilərəmmi?
Ağrılarımın şiddətini, təbii
ki, əgər mən ağrıyıram deyib səni
aldatmıramsa, heç vaxt bilməyəcəksən. "Oxumaq" sözü də eynidir. "Sənə bu hekayəni oxuyacağam" dediyim
vaxt, bəlkə də bu hekayəni əzbərləyib
beynimdən köçürdüm. "Oxumaq"
əslində nə deməkdir? Ən sadə sözlər
və cümlələr belə olduqca mürəkkəb ola bilər.
- Növbəti sualım Gertruda Stayn
və "qrammatik hərəkət"
adlandırdığımız şeylə
bağlıdır. Sizin açıqlamanıza
görə, Staynın "Yumşaq düymələr"
("Tender Buttons") əsərində təqdim etdiyi yenilik
"sözlərdəki görünən şeylərin
strukturunu ön plana çıxarmaqdır".
- Əlbəttə. Staynın işlətdiyi üslubda
qrammatik uyğunsuzluğu Corc Oppen, Lui Zukofski və Çarlz
Bernşteyndə görə bilərik; lakin Stayn özünəməxsusdur. Onun "Qızarmış
kartoflar" adlı şeiri var, ümumilikdə üç
sözdən ibarətdir: "Üçün kartof
qızartması" ("Roast potatoes for"). Kimin
üçün və ya nə üçün? Bu kartof qızartması nahar üçündür,
yoxsa mənim üçün? Buradakı
"for" sözü "four" sözünə, yəni
fransızcadakı "soba" sözünə işarədirmi?
"Pommes du four": "Kartof qızartması"? Siz Staynda inanılmaz şifahi strukturlar tapa bilərsiniz.
Ancaq hamısı qrammatikadan kənar deyil.
Məsələn, Gertruda Staynın məşhur sirli
sitatını götürək: "Ağ bir ovçu az
qala dəlidir". Bunun nə demək olduğunu heç kim bilmir. Əvvəlcə,
adamın ağlına gəlir ki, "Heminqueydən bəhs
edir". Elə ötən gün 16 yaşlı
böyük nəvəm atası və bibisiylə Oaxaka səfərindən
danışarkən dedi: "Atam məni dəli edir. Böyük papaq geyinir. Xarabalıqlara
gedərkən belə geyinmək uyğun deyil". O,
atası ilə çalxantılı münasibətdə
olduğu yaşdadır. Onun dediyi "Atam məni
dəli edir" ifadəsi idi. Ona dedim ki: "Bilirsənmi,
bu sitat mənə Gertruda Staynın "Ağ bir ovçu az
qala dəlidir" misrasını açdı. Hazırda atanın görünüşü məhz
belədir. Staynın cümlələri
insanı valeh edir, onların sirri bizi izləyir.
Eyni zamanda, dəqiqlik haqqında, Ezra Paund kimi demək
olarsa "tam dəqiqlik" haqqında danışa bilərik. Siz dilçi
olduğunuz üçün bu sizin maraq dairənizə girir,
xüsusən də Paundun tezində dediyi kimi, ən
qrammatikaya zidd və modern şeirdə belə dəqiqlik deyə
bir şey olmalıdır. Əgər
şeirdə söz işlədirsənsə, o sözü
işlətmək üçün səbəbin
olmalıdır. Siz heç bir sözü
boşuna işlədə bilməzsiniz. Bu
yaxınlarda Amerika Poeziya İcmalı ("American Poetry
Review") jurnalında qocalıq və yetmiş yaşına
çatmağın çətinliklərindən bəhs edən
bir şeir oxudum. Şair "Və bilirsən,
yaddaşın yox olur" kimi bir cümlə qurmuşdu.
Sonra da belə əlavə etmişdi "Amma
yenə də hər gün günəş yox olur və ertəsi
gün yenidən geri qayıdır". Lakin
reallıqda günəş yox olmur, sadəcə, xüsusi
yerlərdə gözlə görünmür. Burada "yox olmaq" birləşməsi tam da
yerində deyilmiş söz deyil.
- Eyni zamanda, "Yeni poetika
üçün başqa mənbələrdən alınan
söz və ifadələrin
uyğunlaşdırılması yayılmış
metoddur", demisiniz. Bu vacibdirmi?
- Əlbəttə.
Məsələn, Çarlz Bernşteynin keçən il Brayn Ferneyholf ilə yazdığı bir
opera üçün bəstələnmiş "Kölgə
zamanı" ("Shadowtime") mahnısının sözlərini
götürək. Bu sözlər mətndən
asılı olmayaraq da oxuna bilər və Valter Benjaminin həyat
və yaradıcılığından bəhs edir. Çarlzın burada etdiyi şey Benjaminin həqiqətən
də istifadə etdiyi sözləri götürüb mətninə
daxil etməkdir. Bu mətnin kiçik bir
hissəsində Çarlz Benjaminin məşhur "Marseldə
sirr" yazısından on cümlə götürür və
onları dəyişdirib yaxın mənalı sözlərlə
əvəz edərək yeni mətn yaradır. Müasir yazıda çoxlu sitat və
intertekstuallıq var.
- Bu kontekstdə ağla gələnlər
arasında Pikassoya qarşı plagiatlıq ittihamları da
var, onun digər rəssamların fikirlərini
oğurladığı deyilirdi. Amma bir çox
rəssamlardan parçalar götürüb orijinal şəkildə
emal edəndə yeni bir formasiya yaranmazmı?
-
Maraqlı sualdır. Düşünürəm
ki, bu əslindən daha da irəli getdi. Yəni şair
və rəssamların başqa əsərlərindən
sitatlar götürüb onları yeni üslubda təqdim
etdiyini deyə bilərsiniz, lakin bu gün yeni yaranan mətnin
hamısını hardansa götürülmüş mətn,
ya da yeni formada çərçivəyə
salınmış uyğunlaşma ola
bilir. Borxes də belə edib, yəni bu, yeni
şey deyil. Təbii ki, əksər oxucular belə mətnləri
sevmir. "Filankəs heç bir orijinal söz
işlətmir", dediklərini eşitmişəm; lakin mənbə
mətnin surətini çıxarmaq asan deyil.
- Stayna qayıtsaq, Gertruda Staynın
Pikassodan təsirləndiyi, kubizmdən bəzi fikirlər
götürərək ədəbiyyata tətbiq etdiyi
düşünülür. Amma indi bunun birtərəfli
olmadısı barədə fikirlər var. Deyilənə
görə, Pikassonun ingilis dilini oxuya bilməməsinə
baxmayaraq, o, eyni dərəcədə Stayndan təsirlənmiş
ola bilər.
- Eynilə,
Marsel Düşan kimi bir çox insana təsir edib. "Qeyri-müəyyənliyin poetikası" (1981)
(Poetics of Indeterminacy) əsərimdə Pikasso vasitəsilə
Staynın kubizmini yazdım, lakin bu terminin onun
yaradıcılığına aid olub-olmadığına
artıq əmin deyiləm. Staynın
Pikassodan ilham aldığı açıq-aydın
görünür, lakin Marsel Düşan Stayndan təsirlənməyə
daha yaxşı nümunədir. Biz bilirik
ki, Düşan onun əsərlərini oxuyub yüksək qiymətləndirib,
lakin Pikasso bu əsərlərə baxmayıb belə. Pikasso onu böyük himayədar kimi
görürdü. Pikasso Staynın salonunu
sevirdi və Stayn onun rəsmlərini alırdı. Düşan onu başa düşürdü,
çünki onların estetikası oxşar idi. Stayn, necə ki "yumşaq düymələri"
kontekstdən çıxarıb şeirdə işlətmişdi,
Düşan da "butulka rəfi" və ya "paltar
asılqanı" kimi adi əşyaları kontekstdən
çıxarmışdı. Bu da,
şübhəsiz ki, estetik inqilab idi.
- ABŞ-da poeziya tənqidinin
hazırkı vəziyyəti haqqında nə
düşünürsünüz?
- Məncə,
vəziyyət o qədər də ürəkaçan deyil.
Əllinci və altmışıncı illərin əksinə
olaraq, bu gün məsələ artıq "çiy" və
"bişmiş", meynstrim və müxalif kimi məfhumlar
ətrafında getmir. Ona görə də hər
kəs şeirin hər növünə qarşı "ədalətli"
olmağa çalışır. Nəticədə,
diskurs ümidsiz və tənqiddən tamamilə uzaq qalır.
Bununla yanaşı, nəzəriyyəçilər artıq poeziyadan, heç olmasa çağdaş poeziyadan danışmaq istəmirlər. İnsanlar müasir poeziya haqqında mühakimə yürütməkdən qorxurlar. Xüsusən də azlıq şairlərini tənqid etməkdən qorxurlar. Bu, acınacaqlı haldır, çünki Latın Amerikasında böyük əsərlərin yarandığı düşünülsə də, Amerikada yazılan şeirlərin də yaxşı olduğunu söyləməliyik. Halbuki digər Amerikada, sərhədin cənubunda hansı cür şeir olduğunu bilmirik.
Hazırladı:
Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 16
iyul.- S.24.