Tanrım, səbrinə qurban

 

Kimdi xoşbəxtlikdən ürəyi toxdu?

Uşaqtək inciyən indi çoxdu,

Bəxtindən küsənin ağlı ki yoxdu,

Küssən, bəxt gözəlləşir?

 

Bir an düşünmədik səfərimizi,

Dəyişdik yalanla öz yerimizi,

Tanrı bağışlamaz heç birimizi,

Biz günah etməsək .

 

Mən şübhələrimi qəlbdən silirdim,

Dərd bildiklərimə bəzən gülürdüm,

Bütün adamları adam bilirdim,

Aldadırdım özümü.

 

Görməkdən adamın gözü bezib,

Yüzündən soruşsaq, yüzü bezib

Dünyadan dünyanın özü bezib,

Tanrım, səbrinə qurban!

 

Ayrılıq nöqtə

 

Xatirələrindən silmisən məni,

Mən eləyirəm əldən gələni.

Unuda-unuda sevirəm səni,

Unudum, ya sevim?

 

O qədər yuxuma qatdın ki, haram,

Mən dualarında görmədim, varam,

Qəlbin isinmədi, ay soyuq adam,

Yay fəslində belə?

 

Mən səndən əvvəl tənhaydım, təkdim,

Bəlkə , özgəyə, yada gərəkdim,

10-15 il gözləyəcəkdim,

Heç dəyişməzdi.

Hər kəsdən, hər şeydən kənara gəldik,

Alınmır, soruşma biz hara gəldik,

Nəhayət, Tanrıyla qərara gəldik -

Ayrılıq nöqtə.

 

İlahi, heç bilirsən?..

 

İlahi, çək o qızın

Ağrısını canından.

Dünya dağılsa, getmə

Bircə anlıq yanından.

 

Ömrünü vermək olar

Kirpiyinə, gözünə.

Adını dua edib

Səpirəm göy üzünə.

 

Ən çox onun haqqıdı,

Kim edər ki etiraz?

Xoşbəxtliyi alnına

Böyük hərflərlə yaz.

 

Onunçün darıxmağın

Adı tamam başqadı.

Ləzzəti tam ayrıdı,

Dadı tamam başqadı.

 

Son an, son nəfəsimdə

Arzumdu, gərəyimdi.

İlahi, heç bilirsən,

O qız mənim nəyimdi?

 

Ən səmimi söhbət

 

Baxıb şəklinə dedim,

Dəyişmədin bu il .

Necə gözəl çəkdirsən,

Tənhasan hər şəkildə.

 

Heç nəylə ürəyini

Yəqin, ovutmamısan.

Əlimdə sübutum var,

Sən unutmamısan.

 

Bir sənin gülsün üzün,

Hamıdan üz çevirdim.

Heç kimə sirr deyil ki,

Sirrimi sənə verdim.

 

Ölsəm, gəl barışmağa,

Adam orda tək qalır.

Ən səmimi söhbətlər

Başdaşı ilə olur.

 

Çağır, lap özüm gəlim,

Baxma yollarım dağlıq.

Elə uzaq deyil

Sən olduğun uzaqlıq.

 

Yadımda olmur

 

O məsum, ərköyün xəyallarımız

Öyrəşdi həsrətin sərt qucağına.

Onun ağlasığmaz xatirələri

Sığdı bir otağın künc-bucağına.

 

Bütün vərəqlərdə, səhifələrdə

Hamını - doğmanı, yadı pozmuşdum.

O mənim əlimdən qaçıb gizləndi,

Mənsə əllərinə şeir yazmışdım.

 

Bəlkə, gecikmişdi xoşbəxtliyinə,

Dəli ayrılığa yoxsa tələsdi?

Ömrümü, qəlbimi neynirdi ki o?

Tək ona bəxtimi verdim... küsdü.

 

Mənə doğrusunu göstər insanın,

İnanıb seçməyim etibarsızı.

İlahi, bəndəyəm, yadımda olmur,

Sən tez-tez yadıma sal həmin qızı.

 

Tovuz kimi

 

Bu qızı ilk dəfə görürəm axı,

üçün doğmadır bu qədər mənə?

Bəlkə , özümdən xəbərsiz bir vaxt

Yol tapa bilmişəm onun qəlbinə.

 

Təkcə saçlarının qoxusu ilə

Bütün qoxuları poza biləsən.

Kaş əlində ola, elə bu anda

Özünü alnına yaza biləsən.

 

Adamı şair sevər, unudar,

Bu qız taleyindən gərək qorxmasın.

Ömrümü söykədim baxışlarına,

İlahi, tapşır qoy yana baxmasın.

 

Ona bəndə kimi baxımmı indi?

O da Tanrıdı, yeri, göyü var?

Sevməyə məcburam onu, neyləyim,

Onun tovuz kimi gözəlliyi var.

 

Ziya DİLSUZ

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.32.