Şairin yubileyi

 

Bir cavan təzədən gəlib ərsəyə,

Əcayib oğlandır, adı Məhəmməd.

                            M.P.Vaqif

 

Bu mənzuməni Məhəmməd bəy Cavanşirin öz əliylə yazdığı bir bayazdan götürdüm.

                         Salman Mümtaz

 

Molla Pənah Məhəmməd bəyin əlində giriftar və məqtul oldu.

             F.B.Köçərli

 

 Qapını döyəndə o sual etdi:

- Bura Yazıçılar Birliyidimi?!

Fikrindən keçəni ərzi-hal etdi,

- Qəbul edərsizmi bu hədiyyəmi?!

 

Tutqun baxışımda gəzdi nəzəri,

Açdı hədiyyəni:

- Buyurun, baxın.

Onun yaratdığı sənət əsəri,

Adına layiqdi Molla Pənahın!

Duydum sənətkarın xoş əməlini,

Duydum ki, zəhməti getməyib əbəs.

Sevinclə, heyrətlə sıxdım əlini,

Dedim, adınızı demədiniz bəs?!

 

Tutuldu narahat baxışlarımdan,

Bəlkə, bu sualım

                        yersiz, nahaqdı.

Adım Məhəmməddir! - dediyi zaman,

Başımda elə bil şimşəklər çaxdı.

 

Dindi xatirələr qan tökə-tökə,

Güldü Məhəmməd bəy

                        Cavanşir bu dəm,

Güldü o qəddar,

                        Güldü o ki var!

Elə bil Vaqifi oğluyla birgə,

Gətirib indicə boğazladılar.

 

Qəribə görüşdü, möcüzəydi bu,

Düşündüm fikirdən fikirə dalıb.

"Bəlkə, Məhəmməd bəy Cavanşir budu,

Bəlkə, tutduğundan peşiman olub?!".

 

Gördüyüm o qanlı zaman deyildi,

Titrəyib yerindən kədər qopmuşdu.

yaxşı əldəki al-qan deyildi,

Sənətkar əlinə rənglər hopmuşdu.

 

Məhkəmə günüydü bir cinayətin,

Hakimlik edirdi eşqim, sənətim.

Dedim ki, yaxşı o Məhəmmədin,

Yoluyla getməyib bu Məhəmmədim!

 

Doğrayıb kökümü... kökümə bir bax,

Bir pöhrə boy verib, yara yerindən.

Dedim ki, tarixin hökmünə bir bax,

Dedim ki, bu hökmə əhsən, min əhsən.

 

Baba Məhəmmədin kobud səhvini,

Bir nəvə Məhəmməd

                        alıb eyninə.

Düzəldib Vaqifin barelyefini,

Gəlmişdi Vaqifin yubileyinə.

 

İki yüz il əvvəl o dərd idi?

Tüpürüb namərdə, budu, mərd gəlib.

Vaqifi öldürən Məhəmməd idi,

Vaqifi dirildib... Məhəmməd gəlib!

 

Barat Vüsal

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.30.