Modernizm: dünən,

bu gün, yoxsa sabah?  

 

Bir sənətçinin, düşüncə adamının qayğılandığı əsas məsələlərdən biri yeni çağı, yeni ənənələri qəbul etmək, onlar üzərində nəzəriyyə qurmaq, yeni təməllər atmaqdı. Sənətin zaman-zaman öz içərisindən elastik olaraq dəyişməsi, dövrünə, cəmiyyətə mövcud şərtlərə görə şəkil dəyişməsi qaçılmazdır. Modernləşmə bu baxımdan sənətin praqmatik formalarının meydana çıxdığı vaxtlardan mövcud olan anlayışdır. Bu isə Orta əsrləri, Renessans dövrünü, hətta XVII əsri qabaqlayan zaman fasiləsidir. Yəni, modernləşmə anlayışının kökləri cərəyan olaraq modernizmdən daha əvvələ dayanır. "Modern həyatın rəssamı" "Estetik qayğılar" əsərləri ilə modernizm modern olmaq anlayışını (bundan sonra "moda") birləşdirən Bodler keçici, zamana uyğun, populist sənətdən sonsuzluq qazandıracaq detalları özülləri tapmağın yeni dünya üçün qədər önəmli bir xarakter daşıyacağını deyirdi. Sonrakı dövrlərdə modernizm daha radikal bir cəbhə quracaq hətta öz yaratdığı ənənələrə qarşı duracaqdı. Modernizm təkcə bir zaman, bir cəmiyyət üçün xarakterik cərəyan deyil. Əslində, onun qaydalarını yeni dövrün şərtləri dəyişir. Tutaq ki, 80-lərin modernizm anlayışı ilə günümüzün modernizm anlayışı arasında bu iki dövrün məişətində, sənətində gözə çarpan bütün nəhəng dəyişikliklər qədər fərq var.

Modernizm anlayışının qaydalarını yazan, onun böyük tədqiqatçısı Grinberq modernizm moda sözləri arasındakı əlaqəni izah edərkən modernizmin daha radikal özünə qapalı bir termin olduğunu vurğulayır. Modern sənət öz dövrünü sonrakı zamanda mövcud olacaq şərtləri şəkilləndirə bildiyi halda, modernizm sadəcə bir zamana, bir dövrə görə aydınlanır. Bu baxımdan modern olmaq anlayışı ilə modernist sənət anlayışı arasında fərq var.

Günümüzdə qədər postmodernizm, metamodernizm, post-postmodernizm kimi törəmə anlayışlar var olsa da, hər birinin mənbəyi modernizm olaraq qalmaqdadır. Modernizmin inkarçı mövqeyi digərlərinin karnaval estetikasından daha maraqlı daha məhsuldardır. XXI əsrin reklam əsri, piar əsri olduğunu nəzərə alsaq, bu əsrdə moda modernizm anlayışının daha çox iç-içə keçdiyini görə bilirik. Moda dəyişkən özünü zamana uyğunlaşdıran, bununla belə dövr keçdikcə yenidən ənənəyə qayıdan bir anlayış, modernizm isə heç bir halda özündən əvvəlki estetikanı qəbul etməyən, yeni estetik dəyərlər yaratmağa çalışan anlayışdır.

Çağdaş sənət həmişə tənqidə məruz qalan, tənqidçilərin gözardı edə biləcəyi bir məfhum olub. Parisdə Salon sərgilərindən, akademik toplumun yığıncaqlarından, söhbətlərindən özünü arındırmış, kiçik bir cəmiyyət qurmuş modernizm həvəskarlarının o dövrdə qarşısında duran tək əngəl xalq, orta sinfin nümayəndələri ilə əlaqə qura bilməməsi idi. Bir az sonra öz içlərindən məhz bu cərəyanın nəzəri qaydalarını yazan, manifestini quran tənqidçiləri seçərək, çağdaş sənətin, günümüzün dili ilə desək, reklamını qurdular. Müharibədən sonrakı dövr isə bu prosesi daha da sürətləndirdi. Artıq modernləşmə təkcə sənət səviyyəsində yox, din, siyasət, ictimai-sosial işlər, memarlıq sahələrində özünü göstərdi. Xalqın inac bəslədiyi salon sənəti, akademik müşavirələr yeni tələbləri qane etmirdi. Keçən əsrin 60-cı illərində bu tələb-təklif dövriyyəsi yenidən işə düşdü, postmodernizm cərəyanının yaranmasına səbəb oldu. Lakin həddindən artıq xaos, dəyərlər sisteminin yoxa sayılması bu cərəyanın ömrünü uzun etmədi. Yenidən modernizmin əsaslarına qayıdan sənət qarşısındakı yeni çağın, süni intellektin hakim olduğu, kompüter erasının başlanğıcında dayanan, sözün əsl mənasında göylə, kosmosla əlləşən dövrün insanları üçün onların həyat tərzinə uyğun nümunələr çıxarmağa başladı. Bəzən həddindən artıq bəsit, ifadə etdiyini bilmədiyimiz rəsmlər, heykəllər, filmlər belə izləyicinin istəyinə uyğun yaradılmış olur. Kommersiya xarakterli romanların, filmlərin, sənət portallarının yaradılması da sənətin getdikcə bəsitləşməsi ya kapitalizmə uduzması anlamına gəlmir. Modernləşməsi, zamanın tələbinə uyğunlaşması kimi qiymətləndirilir. Sənət yeni moda, yeni dəb göstərir, eyni zamanda özü bu təcrübənin bir materialı olur.

 

Bu günün sənət anlayışı aşağıdakı qrafikə uyğun meydana gəlir:

İstehsalçı - Reklam - İstehlakçının tələbi - İstehsal nümunəsi.

 

Günümüzdə istehsalçının öz təxəyyülünü reklam edə bilməsi kimi bir komfortu var. Yəni nümunə yaratmadan öncə onun necə bir təsir göstərəcəyini müəyyən edə bilir. Bunun eynisini böyük nəşriyyatlar da edir, kino agentlikləri . Reklam izləyicidə ya ümumi mənada istehlakçıda zövq yarada bilirsə, təqdim olunacaq nümunəyə maraq yarada bilirsə, qrafikdəki üçüncü mərhələ başlayırsa, sənət nümunəsi indiki haldan sonra yaradılmağa başlayır. Modernləşmə modernizmə gətirib çıxardığı halda ona qarşı gələnlərin sayı da artır. Çünki modernizm birmənalı şəkildə özündən əvvəlkiləri inkar etməyə başlayır.

Məsələn, dünyanın aparıcı kino sektorları, mükafat rəsmiləri ilə keçən ilin sonunda "Netflix" arasında baş verən mübahisələr, "Oscar" mükafatı digər amillər çağımızın modernləşmə müddətinin modernizmə keçdiyini sübut edir. Hər şeyin sürətlə, bir göz qırpımında keçdiyi dövrümüzdə bu prosesin sürətlə keçəcəyinə şübhə yoxdur. Növbəti mərhələ hansıdır? Onu müəyyən etmək çətindi.

 

Rəvan CAVİD

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.31.