Ələddin İncəli

 

Qazaxda

 

Qazaxda Vaqiflə Vidadinin

qoşa heykəlini seyr edərkən

 

Qarabağ elinə köçəndə Vaqif

Vidadilə vidalaşdı Qazaxda.

Xanlığa baş vəzir keçəndə Vaqif,

Sevincindən aşıb-daşdı Qazax da.

 

Daş Göyəzən dumana büründü,

Duman qalxıb arxasınca süründü,

"Könüldən-könülə yollar göründü",

Dönüb bir az Şuşalaşdı Qazax da.

 

Dostlar bir-birini andıqca andı,

Dostlar bir-birinə yandıqca yandı,

Molla Vəli namaz üçün oyandı,

Əllərini göyə açdı Qazaxda.

 

Vaqifin arzusu qaldı gözündə...

Qətlə yetiriləndə "Cıdır düzü"ndə,

Buludlar çaxnaşdı göyün üzündə,

Ağladı yüz qələmqaşdı Qazaxda.

 

...Heykəltəraş dostum hey əlləşərək,

"Görüşdürəm" - dedi dostları gərək,

İki söz ustadı heykəlləşərək,

Ən nəhayət, qoşalaşdı Qazaxda.

 

 Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.30.