Eyvaz QƏLƏMÇƏLLİ

 

Vaqifi gördüm

 

M.P.Vaqifin anadan

olmasının 250 illik yubileyinə

 

Qoynuna girəndə doğma Qazaxın,

Laləzar bağında Vaqifi gördüm.

Vətənin mərd oğlu şair Vurğunun,

Könül otağında Vaqifi gördüm.

 

Aldı qanadına xəyalım məni,

Çəkildi göylərin dumanı, çəni.

Gəzəndə günəşli böyük ölkəni,

Ən uca dağında Vaqifi gördüm.

 

Xınalı əlləri incə belində,

Durub tamaşaya qız da, gəlin də,

Vidadi yanında, qələm əlində,

Kürün qırağında Vaqifi gördüm.

 

Qəlbimdə sevinci hər vaxtın, anın,

Seyrinə çıxanda elin-obanın,

Mal-qara bəsləyən neçə çobanın,

Neyli dodağında Vaqifi gördüm.

 

Hər yanı dolandım gəldim Şuşaya,

Şairdən söz açdı hər dilsiz qaya.

Keçərkən yanından bir xallı maya,

Ayna qabağında Vaqifi gördüm.

 

Daş üstə əyləşdim, düşündüm dərin,

Bu nazlı afətə dedim - Afərin!

Bu zaman qarşımdan gələn dilbərin,

Saçının tağında Vaqifi gördüm.

 

İncilər yaratdı o, söz bağında,

Başı bəla çəkdi qocalığında,

Hər dağın, yaylağın ucalığında,

Büllur bulağında Vaqifi gördüm.

 

Qələmçəlli deyər: - O, dağa bənzər,

Hər sözü-söhbəti qızıl, inci, zər,

Mən Odlar yurduna saldıqca nəzər,

Solumda, sağımda Vaqifi gördüm.

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.30-31.