İsa CAVADOĞLU

 

Durnalar

 

Bəsrəni, Bağdadı viran etdilər,

Siz mi düşdünüz qəmə, durnalar?!

Qərib-qərib üz tutursuz şimala,

Pənah aparırsız kimə, durnalar?!

 

yaman pəjmürdə olub dəstəniz?!

Şirin oxumağa yox həvəsiniz...

Hərdən qırıq-qırıq həzin səsiniz

Qəm notu gətirir simə, durnalar!

 

Bir vaxt vəsf eylədi Vaqif, Vidadi,

Zakir dərdini sizlərə dedi.

Yaxşı ki, bu günü onlar görmədi,

Gəzirsiz sərgərdan, səmə, durnalar!

 

Göydən alov yağır, yerdən ot bitir,

Şəhərlər dağılır, tarixlər itir,

Tanrı, imam köməyə yetir,

Sizə pənah olsun səma, durnalar!

 

Yenə qan-qan deyir hərbin maşını,

Müsəlman minbərə əyib başını.

İmdada çağırır Teyr quşunu,

Görünmür bir işıq-ləmə, durnalar!

 

Enməyin, dolanın kürreyi-ərzə,

İsanın ruhu da qoşulsun sizə,

Bəşər cavab versin iniltimizə,

Bais kimdir bu sitəmə, durnalar?!

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.31.