"Çıxıb başmaq  seyrinə, edib seyri-çəmən, gəldim,

Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim"

 

Hörmətli baş redaktor!

Keçən ilin avqustunda Şuşada möhtərəm Prezidentimiz İlham Əliyevin böyük qayğısı fədakarlığı nəticəsində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Vaqif məqbərəsinin açılışı oldu. "Vaqif Poeziya Günləri"ndə biz iştirak etdik, sevindik qürurlandıq.

Məlum olduğu kimi, ilimiz "Şuşa İli" elan edilib. Şuşa Mədəniyyət paytaxtı kimi bu gün milli dəyərlərin daha da inkişafına xidmət edən səfərlərin, görüşlərin, söhbətlərin, konfransların, eləcə beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilib.

İndi yenə bu müqəddəs məkandayıq. "Vaqif Poeziya Günləri"nin iştirakçısıyıq.

Onu da demək istəyirəm ki, başqa maraqlı yazılarınızla yanaşı, son vaxtlarda M.P.Vaqiflə bağlı yazdığınız iki məqalə məni çox razı salıb.

İndiyədək "Görmədim" şeirinin bir bəndini yüz ildən sonra ilk dəfə müxəmməsə əlavə edib "Ədəbiyyat qəzeti"ndə çap etmisiniz. Çox sağ olun!

Səhvən bəzi tədqiqatçılara elə gəlib ki, "Qarabağ içrə bir şair Kəlumullah Musadır" misrasıyla başlayan qəzəl guya o vaxt Şuşada həmin ad altda yaşayıb-yaradan bir şairinmiş.

Siz bu mövzuda yazdığınız "Polemik rakurs, yaxud Şuşada Vaqifdən qabaq Musa Kəlimullah adlı şair yaşayıbmı?" məqalənizdə tutarlı dəlillərlə sübut etdiniz ki, əslində, bu şeirdə Vaqif özünü nəzərdə tutmuşdur.

Bu bir həqiqətdir ki, böyük şairlər öz qüdrətlərini hamıdan yaxşı bilirlər.

"Mən sehri-Museyi kəliməm" deyən Füzuli kimi, "Məsihtək nəfəsim, nitqimin qılıncı ilə gəlir Kəlim kimi himmətimlə lal dilə" deyən Xaqani kimi, "Əldə Musa kimi Firona qənim bir əl ağacım var" deyən Şəhriyar kimi!

Hörmətli Azər bəy!

Bu yaxın günlərdə çox istedadlı gənc şairimiz Fərid Hüseynin hazırladığı "Özü vəzir, sözü şah" adlı kitabı çapdan çıxacaq. M.P.Vaqifə həsr olunmuş şeirlər, rəsm əsərləri böyük şair haqqında dastan işıq üzü görəcək.

Orda qazaxlı şairlərin şeirləri yer alıb. O şeirlərin bir çoxu Qarabağ işğalda olan dövrdə AYB rəhbərliyinin dəstəyi ilə AYB Qazax bölməsinin Qazaxda keçirdiyi "Vaqif Poeziya Günləri"ndə səslənmişdir.

Həmin şeirləri Vaqif Poeziya bayramının keçirildiyi  günlərdə "Ədəbiyyat qəzeti"ndə cap etməyinizi xahiş edirəm.

 

Hörmətlə, Barat Vüsal,

AYB Qazax bölməsinin sədri,

Əməkdar incəsənət xadimi

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 iyul.- S.30.