Son nəvalı qurd yuvası
Ötən illərin dərd-bəlasından
hekayə
Yuxarı Əskiparanın Vəzir çayının
Qala düzü sahilində bir malikanə nə müddətdi
özünün sükunətli ömrünü
yaşayırdı.
Orda arvadı qəbirdə, qızı ərdə,
oğlu şəhərdə bir dünya daşı,
özü şəklində qara daşa dönə-dönə
ömrünü sürürdü.
Bir zamanlar Mansır ağaya aid Şenliyin həmin
ocağı bu kəndin ən bəxtəvər, şən
ocağı olmuşdu. Sonra elə bil ki, bədnəzərə
gəlib cümlə xoş günlərini qatara
düzdürüb durnalar kimi köç etdirmişdi. Onu malikənənin arxasındakı bir cüt
dağdağan ağacı da həmin bədnəzərdən
qurtara bilməmişdi.
Evin sükunəti də onun xanımı Ayşənin
murazlarının gözündə qalmağı ilə
başlamışdı. İlkin övlad nübarı Atəş
(anası onu Ataş çağıra-çağıra əzizləmişdi)
murazın ən gün kimi parlağını
söndürüb gözünü
buludlandırmışdı.
Bu da oğlunun Peterburqda hüquq təhsilini başa vuran
ilə tuş gəlmişdi. Halbuki ata-ananın (ən
çox da axırıncının) dörd gözü həmin
vaxta dikilmişdi. Həmin yay Ataşla
Cavad ağanın su sonası qız balası Sonanın toyunu
çaldırıb subaylıqlarına son qoyacaqdılar (bu dəfə
də ən azı doqquz ay gözləri nəvə yoluna
dikiləcəkdi).
Həmin bəd xəbərin bəyquşuna Qəza
poçt rəisi, lopabığ İsa bəy oldu. Həmin xəbəri
də Mansır ağa bəndə avazı kimi yox, bayquş
ulaşması kimi dinləyəsi oldu.
- Ataş
balanız atasına od vurub...
Bu yerdə sözünü qəsdən kəsib
gözünü Mansır ağaya dikmiş, amma onun yanıb
yanmadığını kəsdirə bilməmişdi.
-
Sözünün mustafasını bərilə.
- Gədən
bir knyaz qızıyla evlənib, üstəlik də, o
qıza görə boynundan da xaç asıb...
Həmin gündən, boynundan xaç asılmış
oğluna görə Mansır ağanın boynundan əcəlinin
görünməz kəndiri sallandı. Həmin xəbəri
də canını dişinə tutub zövcəsi Ayşəndən
gizlətməyə çalışmışdı.
Son günlərin günəşli günlərində ərinin
sir-sifətinin gölgələndiyindən, huyu-hasiyyətinin
dəyişdiyindən arvadının dalağı
sancmışdı.
Odur ki, dəqiqədə
bir qızılquş kimi ərinin başının
üstünü alıb, sözləriylə dimdikləməyə
başlayırdı...
- Sən Vəkiloğlu dişinin altında nəsə
məndən gizləyirsən. Şahmar ilanlar zəhərini
gizlədər, de, yoxsa özünün canına, qanına
qarışar.
Arvadın
sözlərinin ağırlığı hər gün
artır (qızılquş dimdiyini bütövləyib itiləyirdi)...
- Bir həftə
əvvəl Ataş ata ocağına dönməli idi.
Payamıza daha sağsağan da qonub müjdəsini vermir...
- Səbrlə
bir az da halva çal görək...
- Sənə
ha öttüm, uşağı o kafirlərin içinə
ötürmə, özüm də orda ağranomluq oxudum,
sümüyünü it sümüyünə calamadım,
dedin. Başıma sulu dəsmal
bağladın.
- Bir az da səbr elə, gəlməsə tut
yarpağından bəslənmiş atlas örpəyini
başına salarsan. İkimiz də
dabanımıza tüpürüb arxasınca gedərik.
O mənim oğlumdusa...
- Oğul
dayısına çəkər, deyiblər. Şəkildə
də, xasiyyətdə də dayısını itələyib
yerində durmuşdu...
Bu sözlərinin üstünə gözlərindən
alaçarpa yay yağışı
tökdürmüşdü.
Ayşənin qardaşı Hacağa yaylaqda erməni Bədəlin
qızı Vartuşla oynaqlaşmış, boynundan bir
uşaq asılmışdı. Qəza
pristavının göz ağartması sonrası evlənib bəxtini
qara eləmişdi. (Ayşənin
qardaşı sonralar arvadını bir erməniylə
oynaşarkən hər iki xəyanətkarı
ölümünə bizliyib öldürmüşdü).
-
Atasından olsa da, anasından Ataşın dişi altda saxlanc
sözü olmaz.
-
Özü mənə Arançıda erməni Ardaşın
qızı Siranuşdan xoşlandığını söyləmişdi...
- Olmuya
özünü laxvan qarının yanına verib
sadı-pitiylə Ataşın atəşini
söndürdün.
- Əvvəl-əvvəl dayısını yadına
salıb onun yerini bilmədiyimiz qəbrinə and içdirdim
ki, bir də Sərxan kəndi tərəfə, Siranuş səmtinə
baxmayacaq. Bir az sonra da sandığımın cehizin
içindəki "Quran"ı çıxarıb əl
basdırdım.
Sonra, şübhələrini hələ də
canından çırpa bilməmiş ana iki əlini
başına vurmuşdu.
- Bu
şenliyin bütün ocaqlarının külü
başıma olsun, erməninkindən qurbarıb rus
haxçıxlarının yanına yolu salanda da niyə əlini
müqəddəs kitaba basdırmadım...
Ürəyindən
də keçirmişdi: Allahım, ağlına gələn
başıma gəlməsin. Bir rus
qancığı oğlumun suyunu süzdürüb boynundan
xaçdan qabaq bala asdırmış olmasın. Erməni Ardaşın qızı Siranuş da
onların yuvabaşlarından yaxşı olardı. Gözləri, qaşları bizimki kimi qara aparıb
Şah Abbasın məscidində müsəlman da eləmək
olardı.
...Axır
ki, Ayşə xanım ağaya oğlunun qələtindən
xəbər verən tapılmışdı. Bu
da pristavın dəftərxanasında eşik
ağalığı eyləyən kəndliləri Urus
Viloş olmuşdu. Düzdü, Ayşə
xanım ağa özü onu şirnikdirib ömrünün ən
acı xəbərini ortaya çıxartmışdı.
- Sənə
bir damazlıq düyə verəcəyəm bildiyini kişi kimi ovcuma qoysan. Bu
Mansır son zamanlar ödünü udub.
Düyə eşqinə oğlan da düyəvari
böyürməli olmuşdu.
-
Ataşınızdan sizlərə daha çətin oğul ola. Gedib bir rus knyazının qızını
alıb, qoltuğunun altda girib...
Mansır ağanı bir düyəyə, arvadına
keçi qiymətinə satdığına görə
Viloşu qamçı altına salıb öküz kimi
böyürdən tapılmışdı. Xətrini istəyən
kənd adamının ondan xəbərsiz həmin hərəkəti
də Mansır ağa üçün at qiymətinə
başa gəlmişdi. Ondan şübhələndiklərinə
görə bir neçə dəfə qəza mərkəzinə
at çapıb bığ altdan keçməli olmuşdu.
Ayşə xanım ağa həmin gündən əriylə
qanlıbıçaq olmuşdu. İllərlə can deyib, can
eşitdikləri ocaqda Mansır ağa arvadının son kəlmələrini
həmin şəkildə eşitmişdi.
- El
gözünə səndən ayrılmıram. Bundan sonra nə
mən sənə üz göstərəcəyəm, nə
də üzünü görmək istəyəcəyəm...
Üzünü gizlətmək üçünsə
qızı Hilalın otağına
daşınmışdı.
Elə o gündən arvadının
acığının soyumasını gözləyən Mansır
Coğazı keçib gündüzlərini Novlu bulaq ətrafındakı
çöllükdə keçirməyə
başlamışdı (əlini köhnə peşəsinə
qaytarıb cır meyvə ağaclarını salaq eləyib
öz ürəyini də həmin şəkildə
soyutmağa çalışmışdı.
Mansır ağanın qızı Hilal aşağı kənddən
Mikayıl ağanın oğlu Camalla nişanlı idi. Oğlunun
bekar hərəkətindən sonra Mikayıl ağa onunla iki kənd
arasındakı Vələs bulağı üstə
görüşüb əhvalına sərin bulaq suyu səpmək
istəmişdi.
- Məndən
üç bayram böyüksən? Yenə
axır-uxur kəlmə özününkü olacaq. Deyirəm,
uşaqların düyününü tezləşdirək.
Araya düşmüş qaramatı qara zurnaynan
qaçıra bildik bəlkə.
Bu dəfə də Ayşə xanım ağa
özünün birincisindən də ağrı-acılı
ikinci zərbəsini almışdı.
Toyuna həftə qalmış bir düyə qiyməti
atasını ayağa vermiş Viloşa qoşulub
qaçmış, hərəkətiylə atasını
öküz kimi böyürtmüş, anasını
yaralı cüyür kimi mələtmişdi.
Əskisi tüstülü Mansır ağa da ondan
xoşagəlməyən pristava görə içindən
yana-yana qalmışdı. (Üstəlik, ona görə
Viloşun kənddəki dədə-baba ocağına od vurmaq istəyənlərin hirsini də
Coğazın neçə batman suyuyla soyutmalı olmuşdu).
Aydan
arı, sudan duru hilalının da bir
batmışa qoşulub qaçıb başlarını
batırması da oğlundan sonra günəşi tutulmuş
xanım-xatın arvadın bu dəfə ayını
batırmışdı.
Axır ki, dünya adlı bir qəfəsdə
xanım-xatın bir ana son nəfəsini Allaha
tapşırdı. Oğul sarıdan günəşi,
qız sarıdan Ayı tutulandan sonra dünyasına tutula bilmədi.
Vəsiyyətini də üstünə gələn
şenliyin türkəçarası Laxvan qarıyla ərinə
çatdırdı.
- Eşidəm
biləm ki, üstümə gəlibsən, goruma torpaq
atıbsan, ömürlük o dünyamda alışıb
yanacağam...
Ayşəni Mansırsız goruna tapşırdılar. Arvadının
o dünyada yanmaması, bu dünyada özünün
külaltı köz kimi tüstülənməsinə bərabər
oldu.
Beləcə, Şura hökumətinin üstü ulduzlu
qırmızı papaqlı atlılarının yolu Yuxarı
Əskiparaya düşənə, orda atları kişnəyənə
kimi onun bir ocağı sükunətinə qərq olmuşdu.
Orda arvadı qəbirdə, qızı ərdə,
oğlu uzaq, qürbət şəhərdə olan bəxtiqara
saçı dümağ, Mansır ağa
yaşayırdı. (Əgər buna yaşamaq demək
olardısa).
Ona güvənən kənd əhli sınmasın deyə,
şenliyin xeyrində, şərində özünü
ağayana aparıb sındırmırdı. Nəhəng məzarına
dönmüş mülkünün içinə girən
kimisə üzünü Allahına tuturdu: Mənə bir az möhlət ver, sonra canımı al.
Özünü saxlaya bilməyib bir-iki dəfə
Ayşənin qəbrini ziyarət eləmək istəmişdi. Amma son ayaqda
Laxvanı qarının dediklərini yadına
salmışdı.
-
Qarayığval Ayşən xanım ağa dedi Mansırı
bağışlayıb-bağışlamamağım Molla
Oruca əyan olacaq.
Hər dəfə də Molla Oruca üz tutanda
üzünə gülüb içinə yağış
yatdırırdı. (Həmən gülüşlər qulaqlarına
ağlaşma səsi gətirirdi).
- Bir az da səbr elə...
Mansır
ağanın özünə calaq elədiyi bir-iki murazı
vardı:
Birinci murazı öz halvası
çalınmamış arvadının qəbrinə ayaq
açmaq istəməsi idi. Rəhmətliyin
yeraltı qoru, onun yerüstü vəkili Molla Orucun quru
gülüşü hələlik icazəsini vermişdi.
İkinci Murazı lap əlçatmaz idi. (Ora ancaq
tanrının göndərdiyi köhləni çapmaq
olardı).
Şura gələndə Viloş
arvad-uşağıyla Türkiyəyə
qaçmışdı. Qarsda yaşadığından xəbərdar
idi.
Ərzurumun gəldiyini aşa bilib ordada Hilalını
görüb dünyasına əl sallamaq istəyirdi.
Amma kəndin sağsağanına dönmüş
Çaşı Musa bir gözü arana, o birisi dağa
baxa-baxa Mansır ağaya söylədi.
- Bazarda
(qəza mərkəzində) ağaların,
qolçomaqların adını qara dəftərə
salıblar. Baş keçiddə simvar adam
var. İstəsən atlanıb gedərik. Qoçu Mustafa,
Tomtaoğlu Əmiraslan da ordan Osmanlı tərəfə
adladı. Bir papağını qabağına qoy onlar gəlməmiş...
Sözünün
arxasını demədi: Papağın boş qalmamış
qaç canını qurtar demək istəyirdi.
Demə, çaşı Musa bir gözü Molla Oruca, o
birisi Yuxarı Əskipara qəbiristanlığında ola-ola
həmin kəlmələrini də söyləyib ürəyini
boşaltmışdı.
- Bu
sözlərimə görə cinin tutmasın. Sən
də elə bil bu şura bu həndəvərə
allahsız bayrağını sancandan onların qaydasıyla
işləyirsən.
- Nədi
o gözüylə biri iki eləyən Musa, olmuya məni həm
kənd mollası, həm də NKVD paqonlusu kimi görürsən.
- Bu
fağır Mansır ağanın yolunu arvadının goruna
doğru çəpərləmisən, bəs deyilmi. Onu da adını söylədiyin NKVD-nın qara dəftərinə
salıblar. Bu gün, sabah o erməni
dığası yazığı hara, hansı, cəhənnəmə,
gora göndərəcəyi bəlli deyil.
- Ayə,
bu boyda kənd bir ağız olub deməsə də bəs
bütün Ceyrançol bilmirmi onun adı ağadı. O, kəndin
ağsaqqalıdı. Bütün malını,
varını camaat üçün alışma eləyib.
- Mənlik
nə var ki...
- Yəqin,
son günlər sir-sifətini görməmisən. Ayaq üstə
quruyub gedib... Arvadının qəbrinə yolunu aç...
- Hardan
görüm, mehrini meşəyə salıb, ağacları
calayır... Deynən gəlsin, özümlə
aparacağam...
Bax beləcə, Mansır ağa özünə qəbiristanlığa
ən uyğun vəkil tutub, Molla Orucla Ayşəninin məzarını
ziyarət eləyə bildi. İlk nüvarına
çatdı. Həm də arvadının qəbri
üstə çiçəkləyən cır nar kolunu
görəndə yüngülləşən kimi oldu... Göz yaşlarını içinə axıdandan
sonra özünü saxlaya bilməyib kəndin dini
ağasından soruşdu.
- A
Hacı, Mustafəlinin ağzı dualı balası bu da
Allahın işidimi, qəbirlərin çoxunun üstə
nar kolu bitib.
Bu kəlmələr mollanın sifətində təbəssüm
gülü açdı. Onlara qızartı
qarışdığından nar çiçəklərinə
bənzədi.
- Bu nar da
iydə kimi cənnət ağaclarından sayılır...
Sözünü axıra çatdırmadı. O biri gorlara küfür etmək
istəmədi. İstəməzdi ki, sözünün tərsindən
belə bir məna çıxsın: o birilər cənnətlik
olmayıb.
Mansır ağa sevincindən nar kimi çiçəklədi. Allahına
şükür elədi ki, Ayşənini cənnətlik eləyib.
Onun məzarı üstə nar çiçəklərindən
misilsiz bəzək vurub. Onların
çoxu xanımının saxlancı ləl-cəvahirata
sırğalara, boyunbağılara bənzəyir. Yüngülləşdi
ki, Ayşəni gor evinə Tanrının aydan arı gəlini
kimi köçüb. Sevincindən nə
dediyini özü də bilmədi.
- Olarmı
bu cır narları calayım?..
Həmin kəlmələr Molla Orucun sifətini təəccübə
çəkdi, alnını qırışdırdı. Mollanı
çətinə saldığını Mansır ağa
başa düşdü.
- Bu cənnət
ağaclarının meyvələri də deyirəm cənnətə
layiq olsun. İl boyu qəbiristanlıq da əsl
narlardan cənnət ehsanı paylasın.
Ağanın kəlmələri din ağasının
ağlını kəsdirdi.
...Mansır
ağanın arxasınca Şura "əzrayılının"
atlısı gəldi. Erməni millətindən olan rəis
ağanın kənd içrə hörmət-izzətindən
hali olduğundan kəndə simsar adam
göndərmişdi. Aşağı Əskiparadan
Əhmədlərin Oruca idi ki Mansır ağa toyuna qoyun-quzu
göndərmişdi. Ona rəis Mansur
ağasız geri ayaq qoymamağı
tapşırmışdı.
Kənd əhli çiynindəki poqonlara görə
simsar adama da inanmayıb ağanı ələ vermək istəmədi. Naəlac
poqonlu axır üzünü kənd mollasına tutdu.
- Oruc əmi,
qorxulu bir şey yoxdu. Dilindən iltizam alıb
buraxacaqlar. Səninki kimi (Molla Orucu da ora
aparıb, mollalıq etməyəcəyi barədə dilindən
kağız alıb buraxmışdılar).
Sözünə qüvvə kimi mollanın cübbəsinə
birə də salmalı olmuşdu.
- Mansır
tapılmasa Molla Oruca gəl...
Son kəlmələr yollarını qəbiristanlığa
salmışdı. Nar kolları arasında gün altda işləyən
Mansır ağa özü də həmin an
nar ağacına bənzəyirdi. (Calağından
hələlik əsl narı özündə (üzündə)
bitirmişdi).
...Yol boyu
xeyli dinib danışmadılar. Məzəmin
yoxuşunu aşandan, yol ətrafı ağaclar seyrələndən
sonra mənzillərinə sözdən körpü
saldılar (elə bil ağaclarında Şura zamanı dəyişdiyindən
xəbər üçün qulaqları olduğundan çəkinirdilər).
- Sən
bilən, yolumu ordan o yana salacaqlarmı. Belə bir şey olsa hara gənitdiklərini Molla
Oruca pıçıldayarsan.
- Rəhmətlik
qağam deyirdi ki, yada arxalanma, inanma, aldanma...
- Bir az xırdalayarsanmı?
- Bu rəis
Mikayıl ağanın oğlu Cumalı oxumaq adıyla
çağırıb Sibirə göndərdi. Bütün Ceyrançölün gözünü
qırıb, qulağını burub özünün,
gözü, qulağı eyləyib. Yəqin,
haqqında o ki var ovuclarına qoyublar
böyür-başındakılar.
Rəisin otağına girəndə erməninin zəndlə
ona baxıb gülümsədiyi Mansır ağanı
yüngülləşdirmədi, yada inanma, arxalanma, aldanma kəlmələrini
nar çiçəklərivari sırğa kimi
qulaqlarından asdı.
Rəis
böyür-başındakılara komanda verdi.
- Bura
sizlik olmadı, marş...
Sonra yerindən durub Mansır ağanın qənşərinə
gəldi. Onunla ikiəlli görüşüb əyləşdirdi.
- Deyəsən,
məni tanımadın, Uzuntalalı dostun Xorenin oğluyam,
aclıq ili bizə tay-tay un verib
qışdan yaza çıxartmısan. Üstümüzdə
Qazançı dağından ağır minnətin var...
Uzuntala ermənisinin kirvələrinin oğlu
çıxması, Ceyrançöl şivəsiylə
danışması, onu gülərüzlə
qarşılaması Mansır ağanın gözü
önünə Yuxarı Əskipara qəbiristanlığındakı
nar çiçəklərini gətirdi. Talenin axır
ki, üzünə güldüyünü
düşünüb sevincindən nar kimi çiçəkləməyə
başladı.
Yegiş (Xoren kirvələrinin oğlu)
qarşısındakı qovluqların içindən birini
sivirib çıxardı. Açıb
üstü gertli kağızların birini Mansır
ağanın qabağına qoydu.
- Bu
kağızla yuxarıdan Mansır Vəkiloğlunun da kəndiri
kəsilib. Ataların dedikləri hamısı necə də
öz yerini tapır, çörək kəsəni heç xəncər
kəsmir...
Kağızı oxuyandan sonra ruhu avazımış (yəni
üzünün nar çiçəkləri bozarmış)
Mansır ağa ürəkləndi. Qarşısındakının
üzünə-gözünə baxıb bu yad millətin vəzifəyə
qonmuş övladına arxalana, inana biləcəyini,
yanılmayacağını müəyyənləşdirməyə
çalışdı. Qarşısındakının
sir-sifəti öz təbiiliyi ilə çilvələnirdi.
Üstəlik, bu dəfə onu Meçəl
oğlu Avdıya da oxşatdı.
- Xoren
atamın qardaşağasını görüm necə bu dəyirmanın
gözündən diri atdırıb ölü
çıxarmayacağam... Mütlək, lap
poqonlarımın sökülməsi hesabı olsa da bnu etməliyəm.
Mansırın heç dilindən iltiram da almadılar. Onu kənddən
gətirən adamla da şenliyə yola saldılar. Ayrılarkən rəis səsini yavaşıdıb
söylədi.
- Kirvəliyimizdən
bir adam xəbər tutmasın. Yuxarılarla danışıb bu qərarı ləğv
etdirməyə çalışacağam.
- Qolunu çırmalayıb
var gücünü işə sal. Muşduluğunu
gözləyəcəyəm.
- Şad
xəbər olan kimi özüm kəndinizə
atlanacağam...
Gözündən diri çıxdığı bir dəyirmandan
həmin gün Mansır ağanın qolu Sibirə yox,
Yuxarı Əskipaya düşdü.
Halbuki kənddə ondan söz düşəndə,
Çaşı Musanın bir gözü Bayıl türməsinə,
o birisi də Sibirə baxmışdı.
Geriyə yolçuluqları zamanı Mansır ağayla
simsarı arasında bir yolun əvvəlində, bir də
axırında kəlmə kəsmələri oldu.
- Bu
uzuntala zırıltısının sözü nə oldu, əmi?
- Bir az möhlət verdi... Bir-iki nar
kolum qalmışdı, onlara da gülövşə
calağı vuraram.
-
Mikayıl ağanın oğlu Camala da həmin möhlətdən
vermişdi. Hayıf ki, atını ya Ağbaba, ya Başkecid
tərəfə yəhərləmədi...
Əslində eloğlusu həmin kəlmələrlə
əvvəl dediklərini (arxalanma, aldanma, inanmanı) təkrarlayırdı. Mansır
ağaya xəbərdarlığını eləyirdi ki, hələlik
də çiyinlərindəki poqonlara görə əlindən
bu gəlirdi.
...Rəis
dediyi kimi yolunu Yuxarı Əskiparaya bir bazar axşamı
saldı. Adamlarından ikisini keşikdə qoyub
Vəkiloğlu ocağına girdi. Xeyli
müddət kirvə oğluyla başbaşa söhbətləşdilər.
Məlum oldu ki, güllələnmək
hökmünü dəyişmək mümkün deyil.
Amma...
- Bircə
yolu var, sənə başqa adla sənəd düzəldəcəyik...
Tiflisdən Peterburqa, oğlunun yanına yola salacağıq.
Başbaşa verdikləri zaman göz-gözə də
gəlmişdilər. Mansır ağa da Xorenin oğluna şək-şübhə
yeri qalmamışdı. İkinci
murazından söz açmışdı. Rəisə də aydın olmuşdu ki,
qarşısındakın artıq tifağı
dağılıb. Bu biçarənin
arvadı ondan küsülü yolunu kənd qəbiristanlığına
salıb. Təsəllisi də üstə
bitmiş nar ağacı olub. Onu da, o biri
kolları da əlindən gələn peşəsiylə
calaqlayıb kənd qəbiristanlığında nar ehsanı
dəstgahı açıb.
Qızı əvvəl başqasına qoşulub
qaçıb, sonra da başqa ölkəyə
yır-yığış ediblər. Oğlu da həm
nişanlısını, həm vətənini, həm dinini
atıb bir knyaz qızı ilə evlənib. İndi də
Petroqradda hökumətləri yıxılandan sonra
başlarına nə gəldiyini bir özləri, bir də
allahları bilər (bu ya güllə qəzası, ya ən
yaxşı halda mühacirət cəfası ola
bilərdi).
Axır ki, qarşısında, kəndin kəlləcarxındakı
evin, arvadı qəbirdə, qızı ərdə, oğlu
uzaq şəhərdə (və ya qürbətdə) olan bir
biçarəsi boyun büküb dayanmışdı.
-
Bunların kərvəsi nə olacaq, kirvə oğlu?
- Bir
başıbağlı.
Mansır ağa bir küpə qızıldan söz
getdiyini qızılquş kimi göydə aldı.
- Mən əlimdə,
ayağımdakını toxumluq damazlıq üçün kənd
əhlinə dağıtmışam. Əlimdə
bircə Tiflis canişinin verdiyi möhürlü
kağızda qalıb.
- Baxma,
qurd yuvası sümüksüz olmaz. Həm də
özünə qan bahası verirsən. O qızıllar
kəsilən yerə, oğlunun yanına yola salınırsan.
Onu da bil ki, o küpdən mənə heç
qızıl diş saldırmaq üçün bir onluq da
lazım deyil.
Bu dəfə gözü önünə nar
çiçəkləri qızıl onluq kimi
göründü. Mansır ağa qəbiristanlıqda nar
"çiçəkləri" ilə
bağışlanır, şenlikdə onluq çiçəkləri
ilə can qurtara bilirdi.
Elə bil bu dəfə o dillənmədi. Qızıl
onluqlar cingildədi.
-
Yaxşı, görüm neynəyirəm...
-
Hökmün icrasına əmr verilib. Bu işə
rus əsgərləri baxır. Hər dəqiqə
çapıb elə həyətində səni güllələyə
bilərlər. Odur ki, mənim adamım səni
aparıb, Sərxan kəndi səmti meşədə gizlədəcək.
Kənddəkilərə də zurna
çaldıracaqlar ki, Başkecid tərəfə atlanmısan.
- Küpəni düzəldib
başdakı otağın pəncərəsi altına
qoyacağam.
- Sənədlərini
özüm gətirəcəyəm. Tiflisə
də Qod tərəfdən özüm aparıb yola
salacağam.
Mansır ağanın malikanəsini axır ki, qurd
yuvası adlandıran tapıldı. O da öz murazı naminə ora (pəncərənin
taxtası altda) onların istədiyi
"sümüyü" qoydu.
Rəisin adamı Sərxan meşəsində onu qurd
yuvasına bənzəyən bir mağaraya yerləşdirdi. İnsafən
yemək, içməyini vaxtlı-vaxtında yetirdi. Hər gün qurd yuvasından aşağılara
boylanıb xilaskarının yolunu gözlədi. Kəndlərinə bitişik olsa da həmin meşədə
qəribsəyirdi. Bir zamanlar onların
olmuş bu yerlərin ağacları da bu dığalar
köç salanda elə bil dəyişilib, erməniləşmişdi.
Axır ki, "xilaskarı" gəlib
çıxdı. Sənədlərini verib
könlünü aldı. Yeğiş ona
atasının adını soyadını vermiş, sənədə
ağanın öz şəklini
yapışdırmışdı.
- Di
düş qabağa, yolçu yolda gərək.
Mansır ağa heç iki addım atmamışdı
ki, gülləyə gəldi. Dönüb
arxasında əli naqanlı Xoren kirvələrinin oğlu
Yegişi gördü. Yadlaşmış
ağaclar arasında bir nar ağacı qurumağa,
çiçəkləri solmağa başladı. Var
gücünü toplayıb Yuxarı Əskiparaya
(bütün dünyaya) eşitdirmək istədi: Kaş bu
namərd, nakişi, cır adamları da calaq eləmək
mümkün olaydı.
***
...Nə yaxşı həmin gülləyə qədər Ayşəsinin qəbri üstə nar çiçəkləriylə güllənə bilmişdi. O biri murazları gözündə qaldı. Peterburqa yetişib oğluna, nəvəsinə kənardan baxa bilmədi. Heç olmazsa xəbər tutmadı ki, oğlu bolşeviklərə qoşulub, üzərindən bütün ildırımları keçirib. Qız balasına anası Ayşənin adını qoyub. (Tiflisdə uşaq zamanda Ayşən xanım ağanın çəkdirdiyi şəkildən uzaq Peterburqda bir qız balası dünyaya göz açıb).
Hilal balası əriylə çırpına-çırpına Qara dənizi keçib yolunu ay-ulduzlu məmləkətə də sala bilmədi. Qız balasının oğluna onun adını qoyduğundan xəbərdar olmadı. Öz uşaqlığı ilə görüşə bilmək alnına yazılmayıbmış. Arvadı qəbrdə, qızı ərdə, oğlu uzaq şəhərdə olan bir zamanların ən bəxtəvəri, son günlərin ən biçarəsi Mansır Vəkiloğlunun...
Bu, qurd yuvasının son nəvası oldu. Həmin ibratamiz kəlmələr
murazına çatmayan adamdan əvvəl-əvvəl
Əskipara, sonra da paralanmış, aralanmış dünya
camaatına çata bilmədi: Bekara adamlara da calaq
vurulaydı kaş...
Vaqif NƏSİB
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.30-31.