Həyatın hökmü
hekayə
Knut HAMSUN
(1849-1952)
Əsl adı-soyadı Knud
Pedersen olan görkəmli Norveç nasiri, şairi, dramaturqu və
sosial tənqidçisidir. O, təkcə
Skandinaviya ölkələri ədəbiyyatında deyil,
dünya söz sənətində də modernizm cərəyanının
parlaq simalarından biri sayılır. "Torpağın
şəhdi-şirəsi" adlı irihəcmli romanına
görə 1920-ci il üçün ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya müharibəsi illərində
faşistlərlə əməkdaşlıq yolunu seçdiyi
üçün dava bitdikdən sonra məhkəmə
qarşısına çıxarılıb, ancaq ahıl
yaşı və parlaq ədəbi fəaliyyəti nəzərə
alınıb, layiq olduğu həbs cəzası pul cəriməsi
ilə əvəzlənibdir.
Başlıca nəsr əsərləri
bunlardır: "Aclıq" (1890), "Misteriyalar" (1892),
"Pan" (1894), "Viktoriya" (1898), "Ot basmış
cığırlarla" (1949).
Bu əhvalatı
mənə yazıçı G. nağıl etmişdi:
Kopenhagen limanında Vestervol adlanan bir bulvar var - yeni
salındığı üçün hələlik əsasən
bomboş olur.
Orada evlər və fənərlər də
azdır, insanlar isə, demək olar ki, heç gözə dəymir.
Hətta indinin özündə, yəni yayda da, orada gəzişənlər
az tapılır.
Dünən axşam həmin bulvarda bu indi
danışacağım əhvalat gəldi başıma.
Mən arın-arxayın orada irəli-geri gəzişirdim. Qarşıdan
mənə tərəf bir xanım gəlirdi. İkimizdən başqa, deyəsən, bu həndəvərdə
bir kimsə yox idi. Fənərlər yansa
da, mən qaranlıqda onun cizgilərini heç cür
seçə bilmirdim.
"Çox yəqin, bu, adi "gecə quşudur"
- deyə düşünməklə, onun yanından yellicə
ötüb- keçdim.
Bulvarın o başına çatanda geri döndüm. Qadın da
artıq geri qayıtdığı üçün yolda
rastlaşdıq. Düşündüm ki: "Bəlkə
də o, burada kimisə gözləyir. Amma maraqlıdır:
kimi?".
Təkrar onun yanından keçib getdim.
Üçüncü
kərə qarşılaşanda şlyapamın ucunu azca
qaldırmaqla, ona üz tutdum:
-
Axşamınız xeyir! Çox yəqin, burada
birisini gözləyirsiniz?
Qadın diksindi. Yox... Hə də, yəqin, o, kimisə gözləyirmiş...
Bəlkə
də yolunu gözlədiyi o kişi gələnə
qədər mənim onunla birgə gəzişməmə
etiraz eləməz, hə?
Təşəkkürlər, qadın buna etiraz eləmədi.
Birlikdə
gəzişməyə, ordan-burdan danışmağa
başladıq onunla və bir ara mən bu
xanımın qoluna girməyə cəhd göstərdim.
Qadın isə bundan nəzakətlə imtina elədi.
Düzünə qalsa, orada gəzişməyi əyləncə
adlandırmağa heç adamın dili də dönmür, həm
də mən o qaranlıqda qadının
üz-gözünü hələ də seçə, görə
bilməmişdim. Saata göz atmaq üçün kibrit
yandırdım və onun şöləsi bir anlığa
qadının çöhrəsini işıqlandırdı.
- Onun
yarısıdır, - dedim.
Qadın üşüyürmüş kimi
büzüşdü. Mən də bu uyğun məqamdan istifadə edərək
soruşdum:
- Sizə
soyuqdursa, bəlkə bir yerə gedib, nə isə içək?
"Tivoli"yə gedəkmi? Ya da "Nasional"a?
O dilləndi:
- Amma
gördüyünüz kimi, mən buradan ayrıla, harayasa gedə
bilmərəm.
Diqqət yetirincə gördüm ki, o, üzünə
uzun bir matəm tülü salıbmış.
Qaranlıqda bunu seçə bilmədiyimə görə
üzrxahlıq elədim. Elə həmin an
niyə görəsə belə qərara gəldim ki, bu
qadın - sadəcə gecə sərgüzəştlərinə
düşkün biridir.
Ona dedim:
- Qoluma
girin. Belədə isinmiş olarsınız.
Bu dəfə o, təklifimə etiraz eləmədi.
Bulvar uzunu bir neçə dəfə var-gəl elədik. O, yenə də saatı
soruşdu.
- Ondur, -
dedim. - Harada yaşayırsınız ki?
- Hammel
Konqevayda.
Ayaq saxladım. O da dayandı. Təklif elədim:
- İzn versəydiniz sizi binanızın ta
qapısına qədər ötürərdim?
- Yox, buna
elə bir ehtiyac yoxdur, - dedi. - Buna dəyməz... Siz Bredqadda yaşayırsınız?
Heyrətlə
soruşdum:
- Bunu
haradan bildiniz ki?!
- Mən
sizi tanıyıram, - dedi qadın.
Kəlmə kəsmədən biz işıqlı
küçələrlə irəliləyirdik. O, yeyin getdiyi
üçün üzündəki uzun tülü külək
uçururdu. Mənə təklif elədi:
- Gəlin,
bir az yeyin gedək.
Hammel Konqevayın girişinə çatanda o mənə
tərəf döndü ki, təşəkkür eləsin. Mən
qapını açınca, qadın tələsmədən
binaya girdi, mən də qapını çiynimlə
saxlamaqla, onun ardınca içəri keçdim. Bunun ardınca, o özü mənim qoluma girdi.
Hər ikimiz ağzımıza su
alıbmış kimi susurduq.
Birlikdə üçüncü mərtəbəyə
qalxıb, dayandıq. O, açarla giriş qapısını, sonra daha bir qapını
açıb, təkrar qoluma girdi. Hansısa
otağa girdik onunla. Orada divar
saatının çıqqıltısı eşidilirdi.
Qəfildən qadın bir anlığa duruxdu,
qucaqlamaqla, məni cəld və çılğın bir
şəkildə öpdü.
Sonra mənə:
- Oturun, -
dedi. - Burada, divandaca oturun. Mən isə
işığı yandırım.
Maraqla ətrafıma göz gəzdirdim. Son dərəcə
geniş və yüksək zövqlə döşənmiş
bir qonaq otağında idim, buradan qonşu otaqlara qapılar
açılırdı. Ancaq hələ də
harada və kimin qonağı olduğumu heç cür anlaya
bilmirdim.
- Əcəb
rahat yermiş! Siz burada
yaşayırsınız?
- Hə,
bura - mənim evimdir, - dedi.
- Sizin
evinizdir? Burada valideynlərinizlə birgə
yaşayırsınız?
Qadın
gülümsədi:
- Yox,
canım, mən - yetkin bir qadınam. Siz bundan tamamilə əmin
ola bilərsiniz.
O,
paltosunu və tülünü çıxartdı.
Yaşı təxminən iyirmi iki ilə iyirmi dörd
arasında olardı, sağ əlinə taxdığı
üzük isə onun həqiqətən evli bir qadın
olduğuna dəlalət edirdi. Onu canalıcı bir
dilbər saymaq olmazdı, çünki həm üzü
çilliydi, həm də qaşları yox dərəcəsindəydi.
Ancaq qadının qanının
coşub-daşdığı aşkar sezilirdi, həm də
dodaqları göz oxşayırdı.
Bir istədim ondan adını, əgər varsa, ərinin
kimliyini, özümün isə harada olduğumu soruşum,
ancaq ağzımı heç açmağa macal
tapmamış o mənim marağımı öz
öpüşləriylə susdurdu. Sonra isə dedi:
- Adım
Hellendir. Nə isə içmək istərdiniz?
Mən bir zəng etməliyəm. Siz isə hələlik yataq otağına
keçin.
Yataq otağına keçdim. Qonaq
otağının işığı buraya da
süzülürdü. Bir cüt yataq
vardı burada. Hellen zəng vurmaqla, mənzilə
şərab gətirilməsini buyurdu. Şərab
gətirdikdən sonra qulluqçu qadının mənzili tərk
etdiyinə şahid oldum. Az sonra Hellen
də yataq otağına girdi və kandardaca ayaq saxladı. Mənə tərəf daha bir addım atandan sonra
çığıraraq, üstümə
şığıdı.
Bütün bunlar dünənki axşam baş verib.
Bəs dünən daha nələr olmuşdu? Hə, indi də
onları danışacağam sizə.
Oyandığım vaxt hava artıq
işıqlanmışdı. Gün
işığı çəkili pərdələrin
ardından otağa süzülürdü. Hellen də oyanmışdı. Dərindən
köks ötürməklə o mənə gülümsədi.
Əlləri bəmbəyaz məxməri
xatırladırdı, döşləri isə dimdik idi.
Ona nələrsə pıçıldadım,
bunun ardınca dodaqlarımız uzun və şux bir
öpüş üçün bir-birinə qovuşdu. Sonra səhər gündüz ilə əvəzləndi.
İki saatdan sonra mən yataqdan qalxdım. Hellen də əynini
geyindi. Qəfildən elə bir şey baş verdi ki, mən hələ də onun təsirindən
özümə gələ bilməmişəm - bu, qorxunc bir
mənzərə idi. Əlüzyuyanın
yanında dayandığım vaxt Hellen qonşu otağa
keçmək üçün qapını açanda, mən
də geri qanrıldım ki, onun ardınca baxım. Həmin an ayazlı külək üzümə
vurdu - demə, o biri otağın pəncərələri
laybalay açıq imiş. Otağın
tən ortasındakı uzun masanın üstündə isə
bir meyit vardı. Bəyaz geyimli, ağ
saqqallı mərhum kişi tabutun içində
uzanmışdı. Onun kəfənin
altından sezilən arıq dizləri qəzəbdən
düyünlənən yumruqları xatırladırdı
adama. Saralmış bənizi isə
adamı dəhşətə gətirirdi. Parlaq gün işığında mənim
qarşımda məhz belə bir səhnə
açılmışdı. Heç nə
deyə bilməyəcəyim üçün
üzümü geri çevirməyə məcbur qaldım.
Hellen geri döndüyü vaxt mən artıq əynimi
geyinmişdim və onu tərk etməyə
hazırlaşırdım. Mənə
sarıldığı vaxt buna hər hansı
qarşılıq vermədim. O da geyimli halda məni
qapıya qədər ötürmək qərarına gəldi.
Yanaşı addımladığımız
zaman sanki mənim dilim-ağzım tutulmuşdu.
Binanın
girişinə çatanda o, divara sığındı ki,
başqaları onu görüb-tanımasın və
pıçıldadı:
- Hələlik.
Düz
gözlərinin içinə baxaraq soruşdum:
- Bəlkə
sabaha qədər?
- Yox, bircə
sabah olmaz.
- Niyə
ki?
-
Əzizim, sabah mən bir qohumumun dəfnində
iştirak eləməliyəm. Vəziyyəti
başa düşərsən yəqin.
- Onda
birisigün?
- Hə,
birisigün olar. Sən qapımıza qədər
gəl, özüm çıxıb, səni girişdə
qarşılayaram. Xudahafiz.
Çıxıb
getdim...
Bəs bu
qadın kim idi axı belə? Bəs o mərhum
kim idi görəsən? O, həm
yumruqlarını möhkəm düyünləmişdi, həm
də ağzının kənarlarında qorxunc bir ifadə
donmuşdu! Birisigün isə qadın yolumu
gözləyəcəkdi - indi görəsən, onunla təkrar
görüşməyə dəyərdimi?
Mən
oradan çıxıb, birbaşa "Bernina" kafesinə
yollandım, əl altdakı adreslər kitabını istədim:
Hammel Konqevay binasındakı o mənzilin nömrəsinə
görə qadının adını öyrənə bildim. Kafedə bir qədər də ləngidim və ən
nəhayət, səhər qəzetləri gətiriləndə
onlardakı matəm elanlarına tələsik göz
atdım. Sütunun lap başında qalın hərflərlə
yazılmışdı: "Uzun sürən xəstəlikdən
sonra ərim bu gün 53 yaşında vəfat etdi". Elan srağagünkü tarixlə verilmişdi.
Uzun-uzadı oturub düşündüm. Evləndikləri
vaxt qadın ondan düz otuz yaş cavan imiş, sonradan o, uzun
sürəcək bir xəstəliyə yaxalanıb və
budur, artıq o, yoxdur.
Cavan dul qadın isə sərbəstliyə
çıxıb.
Tərcümə: Azad YAŞAR
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.29.