O, şairdir
Ədəbi
fraqmentlər
"Şairin
əsərlərini oxuyub yaşamaq - həmin əsərlərin
bütün zənginliyini, məzmununun bütün dərinliyini öz
daxili aləminə keçirmək, öz qəlbində
duymaq deməkdir. Gərək müəyyən
bir müddət şairin təsiri altına düşəsən,
onun gözləri ilə həyata baxasan, onun qulağı ilə
eşidəsən, onun dili ilə danışasan, belə
olmasa - şairi anlaya bilməzsən". Dahi
rus tənqidçisi V.Q.Belinskinin bu fikri şair-oxucu
qarşılıqlı münasibətini və sevgisini ifadə
etmək üçün ən dəqiq bir kriteridir. Hər şair öz şeirlərində
yaşayır, onun özü üçün qurduğu aləm
təkcə özünə aid olmur. O şeirlər kimlərinsə
ürəyinə yol tapmalıdır. Əlbəttə,
şair-oxucu münasibəti və sevgisi hər zaman baş
vermir, necə deyərlər, hər şair hər oxucu ilə
yalnız o zaman dil tapa bilir ki, oxucu onu düşündürən
suallara o şairin şeirlərində cavab tapa bilir. Bir də axı, şeir ürəklə
ağlın vəhdətini əks etdirirsə, kimsə ürəyinin,
kimsə də ağlının təşviqiylə hərəkət
edir, çünki oxucular arasında yalnız hisslər üzərində
qurulan şeirlərə meyil edənlər daha çoxdur,
amma yalnız rasional düşüncəyə istinad edən
şeirlər də çox yazılır. Böyük
şairimiz Məmməd Araz yazırdı: "Şeir fikirlə
hissin şərikli övladıdır. Hansının
ata, hansının ana olduğunu demək çətindir.
Bu, mürəkkəb təfəkkür
prosesidir. Yaxşı olar ki, ürək
ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə
böyüdüb tərbiyə etsinlər".
Mətləbdən uzaqlaşmayım, çünki
söz sözü çəkir. Çox da təfərrüata
varmadan mən bir şairin - Elnur Uğur Abdiyevin son illərdə
yazdığı şeirlərindən söz açmaq istəyirəm.
Bu şairi çoxdan tanıyıram, demək
olar ki, mətbuatda çıxan əksər şeirlərini
izləmişəm. Neçə il
öncə çapdan çıxan şeir kitablarını
da vərəqləmişəm, o şeir kitablarında Elnurun
poetik axtarışları hiss olunurdu. Yalnız hiss olunurdu. Elə şeirləri vardı ki, cismi yerində, amma
canı yox idi. Amma şairlik həm də
məsuliyyət - sözə ehya vermək, təzə fikir
söyləmək tələb edir və Elnur Uğur bu məsuliyyəti
dərk elədi.
Daş
altından qalxan otun
Ümidi var yaşamağa.
Hər
sobanın odun-odun
Ümidi var yaşamağa.
Yer
döşəmə, səma tavan,
Tən ortada boşluq hava.
Quş
qura bilirsə yuva,
Ümidi var yaşamağa.
Ən
böyük ağrı sevməkdi,
Ayrılığı
ilk kim əkdi?
Bilsən
ölmək dirilməkdi,
Ümidin var yaşamağa.
Yaşamağın - var olmağın mənası
haqqında yüzlərlə şeir yazılıb və
bundan sonra da yazılacaq. Amma Elnurun bu şeiri fikrin poetik ifadəsi
baxımından maraq doğurur. Elnurun digər
şeirlərində də belə
düşündürücü məqamlara tez-tez rast gəlirik.
Sırf düşüncədən doğan,
amma ifadə etmək istədiyi fikri şeirin bədii təsvir
ahənginə uyğunlaşdıran şeirlərdir bunlar.
Elə bil, Elnur onu narahat edən fikirləri
oxucunun öhdəsinə buraxır. O, həyatın,
gerçəkliyin müxtəlif anımlarına,
olaylarına müraciət edir.
Hər
gün səhəri gülərək açmaq,
vaxtın
intiharıdır.
Ölümü öldürmək yaşamaqdır.
Ölümü
öldürməyə nə top mərmisinin,
Nə qumbara qəlpəsinin gücü çatar.
Ölümü
öldürməyə bir göz qırpımı sevgi,
bir
ümid elçiliyi edər.
Hər
gün gecələr səni
yadına
salırsa xatirələr,
Yaşamağa
dəyər!!!
Bu şeir təkcə fikir söyləmək xatirinə
yazılmayıb, həm də fikrin ifadə tərzinə
görə də seçilir. Elə şeirdə
"Ayrılığı ilk kim əkdi" misrası.. "Ayrılığı
saldın" ifadəsini həmişə eşitmişik,
amma onu əkməyi ifadəsi yenidir. Şeirdə
"vaxtın intiharı", "sənin nəzərlərində
böyümək, ...maraqlı deyimlərdir.
Və əgər Elnurun hər şeirində bir və ya bir
neçə belə deyimlərə rast gəliriksə,
çox gözəl!
Elnurun şeirlərini bir neçə bölgüyə
ayırmaq olar.
Birinci bölgüdə şərti olaraq müstəqil fikirlərlə
aşılanan şeirlərdir ki, bu şeirlər Elnur
Uğurun müəyyən bir anlayış haqqında
düşündüklərini ifadə edir. Məsələn,
o, insan sevincini "göz yaşlarında boğulmaq",
"anadan təzə doğulmaq" "sevinəndə adam o qədər təmiz olur ki, qanadı olsa,
mələk deyərdim sevinənlərə" kimi ifadə
edir. "Bir gecənin şeiri"ndə sənsizlik
anlayışı lirik qəhrəmanın Ayla, ulduzlarla,
Günəşlə paralel olaraq təqdim edilir. Yəni demək istəyir ki, sənsizlik, əslində,
bundan doğan tənhalıq kainatı da darıxdırır.
Müstəqil fikirlərlə aşılanan
şeirlərində predmetləri mənalandırmaq,
onları təşbih və metafora ilə nümayiş etdirmək
diqqəti xüsusilə cəlb edir və əlbəttə,
şairin şairliyi elə bundadır. Və bir də Elnur
assosiativ şeirə də meyil edir. Məsələn,
"Sevdim" şeirini misal göstərə bilərəm.
Şimal
qütbü kimi soyuq biriydim,
Doğdun Günəş kimi, isitdin məni.
Əridim
su oldum, qar dənəsiydim,
Dağ boyda dərələr eşitdi məni.
Səni necə sevdim, necə, bilmədim?
Həqiqət cavabsız bu sualdadır.
O qardan əriyib
su olanadək,
Olanım, qalanım hələ əldədir.
Gör hardan haracan gətirdin məni?
Qar idim, doğradın damarlarımı.
Su kimi
axıram, baxırsan sudur,
Su qarın qanıdır, eh, qarın qanı.
Assosiativ təfəkkür obrazlı təfəkkürün
davamıdır və burada daha incə və zahirən daha mürəkkəb
ümumiləşdirmələr diqqəti cəlb edir. Mərhum şair-tədqiqatçı
Arif Abdullazadə yazırdı: "Burada bənzəyənlə
bənzədilən arasındakı "məsafə"
daha uzun olur, məna dərinliyi daha lakonik ifadə tərzinə
əsaslanır, ümumi məzmun, konkret hiss və fikir
çox zaman yada salmaq və düşündürmək ¸lu ilə yaranır". "Sevdim" şeirində də Şimal
qütbü və soyuqluq sevgililərə təşbih edilir
və buna əks mənzərə Günəş və isitmək
metaforası yaranır. Günəş və
istilik isə təbii ki, qarı və suyu əridəcək.
Sevən adamın
halı qar və su ilə təşbihlənir. Amma burada suyun qarın qanına təşbih edilməsi
"bənzəyənlə bənzədilən
arasındakı "məsafənin" daha uzun olmasıyla
şərtlənir. Su qarın qanı ola
bilərmi? Burada assosiativ təfəkkür
"ola bilər" sualına cavab verir. Və sonda "Böyük
sevgilərin qandır sübutu".
Elnur
Uğurun "Azərbaycan" jurnalının bir sayında
da bir neçə şeiri ilə tanış
oldum. "Şəhid qəbri" və "Abidə"
şeirlərində o, bu mövzuda yazılan şeirlərdən
fərqlənməyə can atır və hər iki şeirdə
təzə söz deməyə çalışır.
Harda
şəhid qəbri varsa,
Vətən oradan başlanır.
Vətən
hər sərhəddə bitir
Şəhid qəbrində canlanır.
Baxırsan
torpaq məzara,
Altı diri, üstü diri.
Bu məzar
sabaha qapı,
Bu məzar xalqın and yeri.
Yaxud:
Xocalı
- Şəhid şəhər,
Qar
üstə bir gəlinin qırmızı yaylığı,
Vətən
namusunun həyası
idi qızarırdı.
Səndən
keçənlər
Özündən keçə bilməyənlərdi.
Səndə
güllələyənlər
Əslində, ölümü güllələyənlərdi.
Elnur
Uğur bir şair kimi artıq özünü təsdiq etmək
mərhələsindədir və deyim ki, bu proses başa
çatır. Təbii ki, onun şeirləri
arasında müəyyən "xıltlar" da nəzərə
çarpır. Xüsusilə, müəyyən
bir fikrin mübahisəli məqamlarında qətiyyən
onunla razılaşmırsan.
Məsələn, "Sevmək" şeirində
yazır: "Ən gözəl intihar, yaşamaqdır" -
burada intiharla yaşamaq arasında heç bir uyarlıq
(birinin o birini təsdiq etməsi) yoxdur. Yaxud: həmin şeirdə "Sevginin
bir adı da kiçilməkdir elə" - mənfi bir
anlayışı sevgi ilə tən tutmaq olarmı? Guya "insanlar kiçildiyində böyüyürlər". Bir də
axı, Füzuli babamız "kiçilməkdən"
yox, "yox olmaqdan" söz açırdı ("Qəm
diyarında əcəl peyki güzar etməz mana, Yox sanıb
varım məgər
kim, etibar etməz mana". Fikrimcə,
onun "Eşq" adlı iki şeirində də bəzi
fikri sona vardırmamaq natamamlığı hiss edilir.
"Şeir gecəm"də fikir aydındır, amma sonda
pıçıltını "yaradanın söz görkəmi"
kimi mənalandırmaq məntiqə uyğun deyil...
Mən
Elnur Uğur Abdiyevin
bütün şeirlərindən söz aça
bilmədim. Amma onun bir çox şeirini oxumaq
kifayətdir ki, haqqında "o, şairdir" ifadəsini
işlədəsən.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.28.