Sevgidən keçən ömür...

 

Sübhan Kamaloğlunun şeirləri haqqında

 

Sübhan Kamaloğlunun şeirləri elə başdan-başa sevgidən yaranıb. Təbiətə olan sevgi, Vətənə olan sevgi insana olan sevgi. Mən onun şeirlərinə bu prizmadan yanaşıram. Doğma Azərbaycana olan sevgisi bütün misralarından boy verir desək, heç yanılmarıq. Əslində, sevə bilən ürəkdə bu şaxələr ağac kökünə bənzəyir. Torpağın altında yüz yerə şaxələnən ağac kökü necə torpağın hər tərəfində kök salırsa, sevməyi bacaran ürək eləcədi... O ürək kiçik bir əşyanı da sevə bilər, bir şəxsin simasında bütün insanları da sevə bilər, duya bildiyi bütün varlığı da...

Şairin çap olunmuş beş kitabında aparıcı mövzu Azərbaycan sevgisidir. Hələ illər əvvəl torpaqlarımız erməni tapdağı altında olanda şairin şeirlərində bir tərəfdən acı bir kədər vardısa, digər tərəfdən Azərbaycan ordusuna olan sevgi inam vardı.

 

Qara günlər tarixlərə yazıldı,

Min dərd oldu tarixindən asıldı.

Alınmaz qalalar niyə basıldı?!

Odlandım, qovruldum, Azərbaycanım!

 

Misralara sığmayan bu kədər şairi hiddətləndirir, onu torpaqlarımız uğrunda mübarizəyə səsləyirdi. O, tarixə boylandıqca doğma torpaqlarımızın illərdən bəri talandığını xatırlayır, mərd olan bu xalqın oğullarının qalibiyyətinə içində bir ümid qığılcımı alovlanırdı:

 

qədər bölündün, parçalandın sən,

Alındı torpağın, hey talandın sən.

Od aldın, alışdın, alovlandın sən,

Mərd oldun, mərd durdun, Azərbaycanım!

 

Bu arzuları misralara çevirəndə Vətən oğlu yalnız bir şair ürəyinin duyğularını poetikləşdirmirdi, Sübhan Kamaloğlu eyni zamanda bir hərbçi komandir olaraq da ordumuzun, Azərbaycan xalqının böyüklüyünü, qüdrətini, gücünü uzaqgörənliklə müşahidə edə bilirdi. Bu qüdrət onun şeirlərini daha da bənzərsiz edirdi. Onun misralarında bir komandir sözünün kəsəri, qəhrəman hərbçi qolunun gücü duyulurdu:

 

Əyilmə düşmənə, məğrur dayan sən,

Ulu bir millətin ümid yerisən.

Sübhanın ilhamı, sözü şeirisən,

Yenilməz bir odum, Azərbaycanım!

Mənim ana yurdum Azərbaycanım!

 

"Azərbaycanım!"

 

Şairin bu mövzuda yazılan şeirləri xatırlandıqca zəfərimizin 30 illik daşlı-kəsəkli, odlu-alovlu yol keçdiyi gözlərimiz qarşısında canlanır. Sözün sehri, sözün gücü ilə torpaqlarımız uğrunda canını əsirgəməyən igidlərin hünəri bir vəhdət təşkil edir.

Sübhanın "Sevgisiz ömür" kitabında yetərincə vətən, yurd, el-oba mövzulu şeirlər yer alıb. Qazax rayonunda dünyaya göz açan Sübhan Kamaloğlunun doğulduğu torpağa sevgisi, valideynlərinə olan hörməti elə-obaya bağlılığı diqqət çəkir.

Sübhan Kamaloğlunun şeirlərində daxili kədəri duymamaq mümkünsüzdür. İstər el-oba mövzusundakı şeirlərində, istərsə sevgi mövzusunda yazılan şeirlərində bir kədər, nisgil var.

Şeir isə kədərlə əkiz qardaşdır. Kədər olmayanda şeir tamamlanmır, hardasa bir yarımlıq, qeyri-səmimilik hiss olunur. Şairin çox səmimi şəkildə el-obası ilə dərdləşməsi kədər qarışıq bir duyğusallıq yaşadır:

 

Taleh mənə bu yazdığı yazının,

Yaz gəlməmiş qışına bax, ay ellər.

Tərsə düşüb eldən-elə atılan,

Üzüyümün qaşına bax, ay ellər.

 

 Dərdini vərəqlərə sığdıra bilməyən şair, ağrılarını Damcılı bulağa sığdırmaq istəyir. Müəllif şeirin sonunda oxucunu düşündürən məqamlar yaradır. "Bəlkə gedim o Damcılı bulağa, bulaqların daşına bax, ay ellər". Sonuncu misrada düşünürsən ki, şairin kədəri bulaq daşlarına da belə ağır gəlir. Bəlkə , o daşlar belə şair dərdinə dözməyib parçalanır. Əslində, kədərin rəsmi misraların dilindən oxucuya belə çatdırılır ki, bu da kədərin sözlə rəsmidir deyə bilərik.

Sübhanın poetik yaradıcılığında bir böyüklük, bir ahılıq nişanı da diqqət çəkir. Nəsihətamiz şeirlərində müasirliklə klassik deyim bir-birini tamamlayır. "Dostum", "Oğlum" başlıqlı nəsihət şeirləri bu baxımdan diqqətə layiqdir:

 

Çalış ki, hər işdən olasan halı,

Səni aldatmasın dünyanın malı,

Eşitmək istəmə hər qeyri-qalı,

Düşmənə etmə xəyanət, dostum.

 

"Dostum"

 

Gözü tox olmağı, dünya malına aldanmamağı oxucusuna nəsihət edən müəllif klassik şairlərimizin öyüd nəsihətlərindən yararlanaraq bu gün üzərində körpü qurur. Halallığın, dürüstlüyün insan üçün ən vacib şərt olduğunu dostunun simasında insanlara çatdırır.

Xəyanəti düşmənə rəva görməyən şair dostunu onun simasında insanları sədaqətli olmağa çağırır.

"Oğlum" şeirində oğluna verdiyi öyüd isə müasir zamanla daha çox əlaqələnir. Ədalətli, dürüst olmağı oğluna nəsihət edən şair sanki zəmanədən narahatdır. Kökümüzü, soyumuzu qiymətləndirən müəllif halallığı, zəhməti gənclərimizə nəsihət edir:

 

Dost olsan bir kəslə, kökünü yoxla,

Dolan, yalançının gözünü oxla.

Dediyim sözləri yadında saxla,

İpəyə, qumaşa, bez demə, oğlum.

 

"Oğlum"

 

Ədalətli olmaq, "yaxşıya yaxşı, pisə pis demək" babalarımızdan bizlərə miras qalsa da, müasir zamanda bu insani keyfiyyətlərin aşağı səviyyədə olması şairi düşündürür, rahatsız edir. Zəhmət halallıq şeirin əsas ideyasıdır:

 

Sübhan deyər ayaq saxla sərini,

Zəhmət çəkib axıt alın tərini.

Məclislərdə açma ürək sirrini,

Çalış, yaxşılara pis demə, oğlum.

 

Sübhanın şeirlərində acı bir nakam sevgi boylanır. Sevgisinə qarşılıq tapmayan qəhrəman, təbii ki, hicranın alovunda qovrulur. "Kaş sevməyəydim" deyə, təəssüflənən qəhrəman bəzi hallarda bu sevginin "Sinəsində közə dönmüş yanğı" olduğunu, bu ayrılığın onu hər zaman üzəcəyini vurğulayır:

 

Bu ayrılıq hey qəlbimi üzəcək,

Göz yaşımı yanağıma düzəcək,

Piyaləmə hicran, həsrət süzəcək,

Sanıram ki, sinəm üstə köz qaldı.

 

"Köz qaldı"

 

Müəllif sevgisini elə səmimi sadə dildə çatdırır ki, qəhrəmanın saflığı, bir uşaq qədər məhsum olduğu diqqət çəkir. Bu misralar oxucuda bir sevginin verdiyi kədərin içərisindəki şirinliyi xatırladır. Bu sevgi şeirlərində yanan bir ürək, sızlayan bir həsrət təcəssüm etdirilir:

 

Göz ağlasa can dincəlir deyirlər,

Ağladım, gözümün yaşı göynəyir.

Əlim çatmır, çox aralı düşmüsən,

Sənsiz ürəyimin başı göynəyir.

 

Qəhrəmanın dilindən verilən poetik ifadə onun bu sevgidən çəkdiyi ağrının çəkisini əks etdirir. Yarsız dünyanın bütün gözəlliklərini yaşaya bilməyən qəhrəman bu ömrün "onsuz" dəyərsiz olduğunu ifadə edir:

 

Sənsiz mən neynərəm aranı, dağı,

Bülbülsüz gülşəni, çiçəksiz bağı,

Sənsiz ürəyimin əriyir yağı,

Dağların torpağı, daşı göynəyir.

 

"Göynəyir"

 

Sübhan Kamaloğlunun Qarabağ mövzusunda yazdığı şeirlərdəki 30 illik kədər ağrı öz yerini qalibiyyət notlarına tərk elədi, illərdi şeirlərində kədər ağrı motivi bitdi. 2020-ci ilin sonuna doğru Qarabağ torpaqlarının azad olması, şəhidlərimizin qanı bahasına qazandığımız zəfər bütün yaradıcıların əsərlərində olduğu kimi, Sübhan Kamaloğlunun poeziyasında da zəfər sevincləri ilə təcəssüm olundu. "Zəfərin mübarək", deyən şairin poeziya çələngi şeirimizə qol-qanad verdi:

 

Salam, igid əsgər, yenilməz Ordum,

Məhv etdin düşməni, azaddır Yurdum,

Şuşa yaylağında toy-büsat qurdum.

Şadlanır, sevinir dağım-aranım,

Zəfərin mübarək, Azərbaycanım!

 

"Zəfərin mübarək, Azərbaycanım!"

 

Bu qələbə şairi tarixə dönməyə, keçmişimizə üz tutmağa çağırdı. 30 il apardığımız mübarizə şairin yaddaşında yenidən vərəqləndi. Azərbaycan xalqının mərdliyi mübarizəsi misralarında kök saldı:

 

Hər şey unudulsa tarix qalacaq,

Atanın qisasın oğul alacaq.

 

 "Vətən sağ olsun"

 

Bəli, tarix unudulan deyil, başda Ali Baş Komandanımız olmaqla, bütün oğullarımız ata nəsihətini uca tutdular. Azərbaycan qalib dövlət olaraq dünyaya səs saldı. poeziyamızın zəfər nəğməsi şairlərimizin yaradıcılığının ana xəttini təşkil etməklə bütünlükdə ədəbiyyatın diskursunu dəyişdirdi.

 

Mərziyyə Nəcəfova

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.27.