Sabahı gözəl Şuşam
Sükutlu gecəsi danışan,
mehriban baxışla barışan,
keçmişi sabahla yarışan,
səsi uzaq səslərə qarışan
şəhərim.
Qalası
barıt qoxulu,
evləri xatirə
yuxulu,
Cıdırı naxış toxulu,
səması ağ buludlu,
darıxan şəhərim.
Özü,
ətrafı gözoxşayan,
əllər Xarıbülbül
ovlayan,
məscidi qoşa
boylanan,
adı igidlər hoylayan
qəhrəman şəhərim.
Yolu Laçından dolanan,
küçəsi dolanbadolan,
gözü Ağdamda
olan,
yarı işıq, yarı qaranlıq,
papaq şəhərim,
varlığı yaşadan
şəhərim.
Arzuları qoşa-qoşa,
dünən Şuşa,
bu gün Şuşa,
sabahı
yenə gözəl Şuşa!
Qonaqlı-qaralı,
Dolan, boşalan şəhərim.
18.07.2022
Rəfail TAĞIZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
23 iyul.- S.25.